Müəllif: İlqar VƏLİZADƏ
İyunun 11-dən 13-dək İngiltərənin cənubunda yerləşən Kornoull qraflığının sahilində, Kabis-Bey kurort şəhərciyində G7 ölkələrinin sammiti keçirilib. Bu, təxminən, son iki ildə «Böyük yeddilik» ölkələrinin ilk əyani sammitidir. Güman olunduğu kimi, toplantıda pandemiyadan sonra iqtisadiyyatın bərpası, dünyada epidemioloji vəziyyət, iqlim dəyişikliyi ilə bağlı problemlər, İranla nüvə sövdələşməsinin vəziyyəti, Rusiyaya qarşı atılmalı olan addımlar və s. müzakirə edilib.
Məqsədə çatmaq üçün istənilən yol məqbuldu?
2021-ci ilin G7 sammiti Böyük Britaniyanın sədrliyi ilə keçib. O, aparıcı inkişaf etmiş dövlətlərin COVID-19 pandemiyasından sonra öz iqtisadiyyatlarını bərpa etmək üçün birləşməsinə, həmçinin daha ekoloji təmiz və çiçəklənən gələcəyin qurulmasına hesablanmışdı. Hər halda, tədbirin təşkilatçıları belə deyirlər.
Bununla yanaşı, qarşıya bu hədəflər qoyulub: pandemiyasonrası bərpa prosesində dünya liderliyinə yiyələnmək, eyni zamanda gələcək pandemiyalar qarşısında dayanıqlılığın möhkəmləndirilməsi; azad və ədalətli ticarəti dəstəkləməklə gələcək çiçəklənməyə töhfə vermək; iqlim dəyişiklikləri ilə mübarizəni davam etdirmək və planetin biomüxtəlifliyini qorumaq; ümumi qlobal dəyərləri müdafiə etmək.
Sammitlə yanaşı, Böyük Britaniya il ərzində G7 ölkələrinin müxtəlif nazirləri arasında istər virtual, istərsə də Krallığın ayrı-ayrı bölgələrində əyani görüşlər təşkil etmək niyyətindədir. İstər ali, istərsə də nazirlər səviyyəsində keçiriləcək belə görüşlərdə iqtisadiyyat, ətraf mühit, səhiyyə, ticarət, texnologiyalar, inkişaf və xarici siyasət məsələləri müzakirə olunacaq.
İl ərzində 7 nazirlər treki təşkil olunacaq. Onların hər birində gündəmin əsas məsələləri müzakirə ediləcək və bu zaman məqsəd bir olacaq – postkovid dövründə qlobal vəziyyətin bərpasında beynəlxalq səylərə rəhbərlik.
Məsələn, maliyyə, ticarət, rəqəmsal texnologiyalar nazirlərinin görüşlərində əsas diqqət azad ticarətin dəstəklənməsinə yönəldiləcək. Səhiyyə nazirlərinin görüşü gələcək pandemiyalar dövründə insanların sağlamlığının qorunmasına və qlobal dayanıqlılığa ümumi yanaşma ortaya qoymalıdır. İqlim sahəsi və ətraf mühitə məsul nazirlər ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər hazırlamalıdırlar. Nəhayət, xarici işlər, dayanıqlı inkişaf və daxili işlər nazirlərinin görüşlərində diqqət ümumi dəyərlərin, o cümlədən demokratiya və insan haqlarının müdafiəsinə yönəldiləcək.
Xatırladaq ki, G7 formatı özündə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ kimi dövlətlərin liderlərini birləşdirir. Bu tədbirlərdə Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə təmsil olunan Avropa İttifaqı müzakirələrə qonaq qismində qatılır. Son sammitə ev sahibliyi edən Britaniya bu hüququndan istifadə edərək, toplantıya qonaq kimi Avstraliya, Hindistan, Cənubi Afrika və Cənubi Koreya liderlərini də dəvət etmişdi.
Qonaqların seçimi təsadüfi deyil. Dəvət hazırda Böyük Britaniyanın yalnız iqtisadi-ticari baxımdan deyil, həm də siyasi dialoq nöqteyi-nəzərindən əsas tərəfdaşları olan dövlətlərə göndərilmişdi.
Bununla yanaşı, müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün seçilən vasitələr heç də həmişə məqbul sayılmır. Məsələn, əksər dövlətlərin öz məqsədlərinə çatmaq üçün çox vaxt iqtisadi sanksiyalara əl atdığı məlumdur. Rusiya, Çin, İran və digər ölkələr belə hallarla dəfələrlə üzləşiblər. Görünən isə odur ki, yaxın gələcəkdə bu siyahı daha da böyüyə bilər. Halbuki dünyanın bir hissəsinin bərpası başqa bir hissənin maraqlarına zərbə vurmaqla təmin olunursa, bu, heç də ən uğurlu strategiya deyil.
Bundan başqa, Beynəlxalq Ticarət Palatası (ICC) artıq xəbərdarlıqla çıxış etmək zərurəti hiss edib. Qurum bəyan edib ki, «yeddilik» liderləri COVID-19 pandemiyası ilə mübarizə üsullarını kökündən dəyişməzlərsə, onların addımları dünya iqtisadiyyatı üçün ciddi xərclərə yol aça bilər.
Peyvənd millətçiliyi təhlükəlidir!
«Böyük yeddiliyin» son sammiti ərəfəsində yayılmış hesabatlar göstərirdi ki, Böyük Britaniya ilə ABŞ inkişaf etməkdə olan ölkələrə qarşıdakı 2 ildə, təxminən, 600 milyon doza peyvənd vermək niyyətindədirlər. Lakin ICC (45 milyondan artıq müəssisənin institusional nümayəndəsi) xəbərdarlıq edir ki, bu öhdəlik koronavirusun dünya iqtisadiyyatına vurduğu zərərin aradan qaldırılması üçün atılmalı olan əsas birgə addımlara uyğun gəlmir. Qurumun baş katibi Con U.Denton sammit ərəfəsindəki çıxışında kifayət qədər maraqlı fikir səsləndirib. Onun sözlərinə görə, Britaniya ilə ABŞ-ın G7 sammiti ərəfəsində etdiyi bu jest müsbət sözlərə layiq olsa da, qlobal nöqteyi-nəzərdən yanaşdıqda o, koronavirusun yayılmasının qarşısının alınması baxımından uşaq addımından başqa bir şey deyil.
«Başqa sözlə desək, yalnız bu il sınaqdan keçmiş 12 milyard doza peyvəndin istehsal olunduğunu nəzərə alsaq, bəyan olunan rəqəm dənizdə bir damladır. Belə görünür ki, dünyanın ən zəngin ölkələri özlərinin təkrar peyvənd olunmaları üçün dozaları əllərində toplayıb saxlayacaqlar – hər halda, belə riskin olduğu görünür. Bu isə COVİD-19-un yeni «növləri»ni nəzərə alsaq, onların öz vətəndaşları üçün bumeranq effekti verə bilər, - deyə o, bildirib.
ICC G7 liderlərinə müraciət edərək, onları pandemiyanın tədricən tam nəzarətə götürülməsi, dünyanın hər yerində hər kəsin peyvəndlənməsinin təmin edilməsi üçün dəqiq və məqsədyönlü «yol xəritəsi»nə sadiq qalmağa çağırıb. Bununla yanaşı, Denton deyib: «Əgər G7 inkişaf etməkdə olan ölkələrlə real həmrəylik nümayiş etdirmək istəyirsə bütün artıq peyvənd dozasını bölüşdürməli, peyvəndlərin, pandemiyaya qalib gəlinməsi üçün lazım olan digər alətlərin, o cümlədən testlərin, müalicənin tədarükünə mane olan ticarət əngəllərini aradan qaldırmalıdır».
BVF mütəxəssislərinin hesablamalarına görə, peyvənd istehsalının genişlənməsinin dəstəklənməsi, inkişaf etməkdə olan ölkələrdə peyvəndləmə prosesinin sürətləndirilməsi üçün 50 milyard dollar vəsait lazımdır. Pandemiya üzərində tez bir zamanda qazanılacaq qələbənin gətirəcəyi potensial gəliri nəzərə alsaq, bu, o qədər də ciddi rəqəm deyil. Beləliklə, G7 hökumətləri üçün COVID-19 böhranından sonra iqtisadiyyatın bərpasına ciddi zəmanətin yeganə yolu bütün dünyanın peyvəndlənməsi istiqamətində birgə səylərə investisiyanın yatırılmasıdır.
Çin hamını mehribanlaşdırır?
Sammitdə müzakirə olunmuş siyasi məsələlər arasında Çinin qarşısının alınması əsas xətlərdən olub. Əksər Qərb analitiklərinin fikrincə, bu gün Çinin getdikcə artan nüfuzuna qarşı birgə mübarizə «yeddilik» ölkələri üçün bir nömrəli vəzifədir. Ucuz, uzunmüddətli, üstəlik, hər hansı siyasi öhdəliyə bağlı olmayan kreditlər hesabına reallaşdırılan «Bir kəmər, bir yol» strategiyası Afrika və Asiya ölkələrində simpatiya ilə qarşılanır, bu bölgələrdə Pekinin nüfuzunu ciddi şəkildə artırır. Bu isə dünyanın aparıcı dövlətlərinin həmin ölkələrə resurs iqtisadiyyatı ilə təsir imkanlarını azaldır. Çin üzrə aparıcı amerikalı ekspertlərdən olan Metyu Henderson hesab edir ki, «Bir kəmər, bir yol» strategiyası bütün dünyaya ABŞ-ın rəhbərliyi altındakı aqressiv kapitalizmə yumşaq, eqalitar, uğurlu alternativ kimi təqdim olunur.
«Çin isə bu strategiyadan zənginliyini artırmaq üçün istifadə edir və burada yalnız bir hədəf var – Çin Kommunist Partiyasının iqtisadi, siyasi və hərbi hegemonluğunun bütün dünyada artırılması», - deyə amerikalı ekspert bildirib.
«Bir kəmər, bir yol» strategiyası çərçivəsində yaradılmış infrastrukturun böyük hissəsi Çin üçün bazara rahat çıxışı təmin edir. Eyni zamanda, o, sadə müxtəlif dövlətlərdə Çindən borc asılılığı yaradır.
Eyni zamanda, dünyanın iki nəhəng iqtisadiyyatlarının – ABŞ-la Çinin müqayisəsi də davam edir. XIX əsrdə ABŞ-ın iqtisadi güc kimi peyda olması dünyada Vaşinqtonun nəzarətində vahid nəqliyyat infrastrukturun yaradılması ilə əlaqəli olub. Söhbət Süveyş kanalından tutmuş, Hindistana, Argentinayadək uzanan dəmir yollarınadək, həmçinin teleqraf sistemindən gedir. Çin isə hazırda öz infrastrukturunu yaratmaqla məşğuldur – indi o, daha böyük yüksək sürətli dəmir yolu şəbəkəsinə sahibdir, nəinki bütünlükdə dünya. Pekinin ölkə hüdudlarını aşaraq Avrasiya, Rusiya, Cənub-Şərqi Asiya və Avropanı əhatə edən strategiyasının reallaşmasında dönüş nöqtəsi məhz budur.
Maraqlıdır ki, «böyük yeddilik» ölkələri arasında heç də hamı Çinə skeptik yanaşmır. Ona qarşı aşkar düşmən mövqedə olanlar isə lap azdır. Məsələn, Avropa ölkələri arasında Çinlə yaxşı münasibətlərə malik xeyli ölkə var, İtaliya isə hətta «Bir kəmər, bir yol» layihəsinin iştirakçısıdır. Odur ki, son sammit iştirakçılarının Çinə qarşı olan strategiyaya birmənalı dəstək verəcəklərini düşünmək sadəlöhvlük olardı.
Nüfuz sammiti
«Böyük yeddilik» ölkələrinin sammiti ilə bağlı müxtəlif qiymətləndirmələr olsa da, istər tənqidçilər arasında, istərsə də əks tərəfdə, demək olar ki, hamı bir ortaq rəyə malikdir – son sammit bu formatın itirilmiş nüfuzunun geri qaytarılması istiqamətində atılmış ciddi addım sayıla bilər. Məsələ ondadır ki, son illər G7 nüfuzunu sürətlə itirməkdə idi. Bunun fonunda isə G20 platforması getdikcə daha çox populyar, daha nüfuzlu birliyə çevrilir. Əksər analitiklər haqlı olaraq düşünürlər ki, G20 (dünyanın 20 ən böyük ölkəsinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin forumu), hətta Aİ son illərdə nüfuz baxımından G7-ni arxada qoyub. G7-də yer almayan Braziliya, Çin, Hindistan, Meksika və Cənubi Afrika da daxil olmaqla, yeni fövqəldövlətlər məhz G20-də birləşiblər. Bu, dünyanın ümumi ÜDM-in, təxminən, 80%-i, dünya əhalisinin isə beşdə üçü deməkdir.
Əksər müşahidəçilər iddia edirlər ki, 2007-2008-ci illərin qlobal maliyyə böhranı zamanı G20 daha effektiv fəaliyyət göstərib. Birliyə üzv dövlətlərin liderləri ilk dəfə 2008-ci ildə «Lehman Brothers» investisiya bankının iflasından sonra Vaşinqtonda görüşüblər. Böhrandan sonrakı illərdə belə konsensusa nail olmaq asan başa gəlməsə də, G20 sammitləri yenə də iddialı hədəflərin müəyyənləşdirilməsinə səbəb olub. 2014-cü ildə Avstraliyanın təşkil etdiyi sammitdə liderlər öz iqtisadiyyatlarını 2,1% artırmaqla bağlı plan qəbul etsələr də, buna nail ola bilməyiblər. 2016-cı ildə Çinin Xançjou şəhərində ABŞ prezidenti Barak Obama və Çinin rəhbəri Si Cinpin ölkələrinin iqlim problemləri ilə bağlı Paris sazişinə qoşulduğunu elan etmələri üçün G20 sammitindən istifadə ediblər.
Bir sözlə, görünən odur ki, üzvlərinin sayı, qlobal əhatəsi baxımından G20 daha çox problemin həllinə qadirdir, nəinki G7. Amma «İyirmilik» çərçivəsində qərarların qəbulu və onların reallaşdırılmasına nəzarət daha çətindir.
Böyük Britaniyada keçirilmiş sammit aktual qlobal iqtisadi problemlərlə bağlı fəaliyyətin koordinasiyası imkanlarını və hüdudlarını açıq şəkildə ortaya qoyub. Əlbəttə ki, 2008-ci ildə «İyirmilik» üzvləri dünya iqtisadiyyatını xilas etmək üçün 1 trilyon dollarlıq yardım paketi razılaşdırmışdısa, son G7 sammitinin postpandemiya böhranından çıxılmasına yönəlmiş addımı bundan xeyli məhduddur. Bəs, sammit ideoloji qütbləşmənin, qlobal rəqabətin getdikcə dərinləşdiyi dünyada yeni əməkdaşlıq ruhunun müjdəçisi ola bildimi? Bu sual da açıq qalır…
MƏSLƏHƏT GÖR: