25 Noyabr 2024

Bazar ertəsi, 02:57

ŞƏFFAF İQTİSADİYYATIN QARANLIQ TƏRƏFİ

Yaxud Avropa İttifaqı vəsait oğurluğu və çirkli pulların yuyulması ilə necə mübarizə aparacaq?

Müəllif:

01.07.2021

Avropa İttifaqı (Aİ) uzun illər quruma üzv dövlətlər arasında subsidiya və birgə maliyyələşdirmə formasında bölüşdürdüyü maliyyəni qoruya bilməməsi üzündən tənqidlərə məruz qalıb. Gömrük və ƏDV ilə bağlı fırıldaqlar hər il Avropaya 30-60 milyard avroya başa gəlir. Oğurluq, korrupsiya və çirkli pulların yuyulması nəticəsində isə qurum hər il daha 500 milyon avro itirir…

Bu vaxtadək belə fırıldaqlarla, vergidən yayınma halları ilə mübarizə Avropa Fırıldaqçılıqla Mübarizə Bürosu (OLAF) tərəfindən aparılıb. Lakin qurumun aşkarlanan pozuntularla bağlı iş qaldırmaq səlahiyyətinin  olmaması onun əl-qolunu bağlayıb. OLAF bunun üçün milli hökumətlərə müraciət etməli, yalnız onların hansısa tədbirlər görəcəyinə bel bağlamalı idi.

Məsələn, 2017-ci ildə qurum Böyük Britaniyanın ünvanına ciddi ittiham irəli sürmüşdü. İttihama görə, krallıq bir neçə il ərzində (2013-cü ildən başlayaraq) Çinin cinayətkar qruplarının Aİ-yə Britaniya vasitəsilə ixrac olunan məhsulların qiymətini sistemli şəkildə ucuzlaşdırmaq imkanı yaradırmış. Brüsseldə bildirirdilər ki, bu fırıldaq Aİ-yə 3 milyard avrodan artıq zərər vurub. Lakin Böyük Britaniya bu dələduzluğa qarşı heç bir tədbir görməyib və bununla bağlı heç bir cinayət işi açılmayıb.

Amma milli hökumətlər Aİ büdcəsi ilə bağlı fırıldaqçılıq halları ilə əlaqəli araşdırmalara başlasalar belə, onların səlahiyyətləri öz sərhədlərini aşmır. Aİ-nin müvafiq səlahiyyətlərə malik strukturlarının isə (OLAF, Avroyust, Avropol) bu işdə onlara heç bir yardım göstərə bilmir.

Avropa büdcəsinin müdafiəsi ilə bağlı məsələ ötən ilin yayında Aİ-nin tarixinin ən nəhəng maliyyə maketini razılaşdırmasından sonra xüsusi aktuallıq qazanıb. Söhbət 1,8 trilyon avroluq paketdən gedir. Bu məbləğin təxminən 1 trilyonu Aİ-nin qarşıdakı 7 il üçün nəzərdə tutulmuş büdcəsidir. Daha 750 milyard avro koronavirus pandemiyasından sonra Avropanın bərpasına xərclənməlidir.

 

Suverenliyə müdaxilə

Hələ 2010-cu ildə Avroyust (milli məhkəmə orqanlarının işinin koordinasiyası məqsədi ilə yaradılıb) Aİ-də trans-sərhəd cinayətkarlığı ilə bağlı problemlərin həlli üçün Avropa Prokurorluğunun yaradılmasını təklif etmişdi. O zaman bu mövzu ətrafında danışıqlar çox uzun və ağır keçmişdi. Çünki əksər dövlətlər bunu öz suverenliklərinə müdaxilə kimi qiymətləndirirdilər.

Lakin sonda milli hökumətlərin təkbaşına lazımi gücə malik olmadıqları fikri qalib gəlib. Məsələ ondadır ki, Aİ-nin bir neçə üzvünün iştirakı ilə baş vermiş qarışıq işlər praktik olaraq, açılmır.

Nəticədə, 2017-ci ildə 27 Aİ üzvündən 20-si qurumun maliyyə maraqlarına qarşı fırıldaqçılıqla mübarizəyə dair PIF direktivini dəstəkləyib – o, vahid Avropa Prokurorluğunun (European Public Prosecutor's Office - EPPO) yaradılmasını nəzərdə tutur.

Aİ üzvləri PIF direktivini 6 iyul 2019-cu ilədək öz milli qanunvericiliklərinə tətbiq etməli idilər. Amma bu proses də çox uzanıb. EPPO Avropa ölkələrinin bu işin öhdəsindən nə qədər effektiv gəldiklərinə dair hesabatı Avropa Parlamentinə yalnız bu il iyulun 6-da təqdim edəcək. Hazırda EPPO-nu 27 Aİ üzvündən yalnız 22-si tanıyıb. Macarıstan, İrlandiya, Polşa və Danimarka bu qurumda iştirakdan imtina edib, İsveç isə ona 2022-ci ilədək qoşulacağını bildirir.

 

Təcili iş

Avropanın baş prokuroru vəzifəsinə namizədin müəyyənləşməsi də çətin olub. 2019-cu ilin fevralında keçirilmiş səsvermədə fransalı Jan-Fransua Bonert lider olsa da, elə həmin ilin oktyabrında bu posta Laura Kyoveşinin namizədliyi təsdiqlənib.

Namizədin dəyişməsinin həm siyasi, həm də qismən praktik səbəbləri var. Kyoveşi vaxtı ilə Rumıniyanın Korrupsiya ilə Mübarizə üzrə  Milli İdarəsinin rəhbəri kimi, özünü iqtisadi cinayətkarlıqla amansız mübarizə aparan şəxs kimi tanıdıb. Həmin dövrdə o, ölkənin tanınmış siyasətçilərinə, hakimlərinə, iş adamlarına qarşı cinayət işlərinin açılmasına nail olub. Eyni zzamanda onun mənşəyi də az əhəmiyyət daşımır. O, Mərkəzi və Şərqi Avropa ölkələrinin EPPO-ya mümkün qərəzli ittihamlarının qarşısını alacaq.

Maraqlıdır ki, Rumıniya hökumətində və məhkəmə sistemindəki nüfuzlu qüvvələr Laura Kyoveşinin Avropanın ilk baş prokuroru postunu tutmasına mane olmaq üçün əllərindən gələni ediblər. Hətta ona qarşı təcili olaraq cinayət işi də qaldırılıb – Kyoveşi vəzifə səlahiyyətlərindən sui-istifadədə «şübhəli bilinir»miş.

 

Hüququ var

Kyoveşinin komandası işə hələ ötən il başlamalı idi. Lakin 22 Aİ ölkəsi prokurorların seçimini ləngitdiyindən, EPPO-nun Lüksemburqda fəaliyyət göstərəcək ofisinin rəsmi açılış mərasimi yalnız iyunun 1-də baş tutub.

Vahid prokurorluğun mərkəzi aparatında baş prokurorla yanaşı, 2 müavin də yer alacaq (bunlar İtaliyadan olan Danilo Çekkarelli ilə almaniyalı Andres Ritterdir). Artıq 22 avropalı prokuror (22 ölkədən) da müəyyənləşdirilib. Onlar işlərin gedişinə nəzarət edəcək, ittiham aktlarını təsdiqləyəcəklər. Vəkil edilmiş daha 140 prokuror isə yaşadıqları ölkələrdə işlərin araşdırılması ilə məşğul olacaqlar.

EPPO-nun səlahiyyətlərinə Aİ-nin maliyyə maraqlarına toxunan cinayətlərin araşdırılması daxildir: xərclər və gəlirlərlə bağlı fırıldaqçılıq; ƏDV ilə əlaqəli fırıldaqçılıq (əgər bu işdə Aİ-nin 2 və daha artıq üzvü iştirak edirsə və məbləğ 10 milyon avronu aşırsa); Aİ büdcəsindən oğurluqla əldə edilmiş çirkli pulların yuyulması. Bundan başqa, Aİ-nin maliyyə maraqlarına toxunan aktiv və passiv korrupsiya, yaxud qeyri-qanuni mənimsəmə, həmçinin məqsədi Aİ büdcəsinə qarşı cinayətin törədilməsi olan cinayətkar qrupda iştirak da buraya aiddir.

Əgər EPPO ekspertləri hər bir konkret halda Aİ vəsaitinin düzgün istifadə olunmadığına dair dəlillərin kifayət qədər olduğu qənaətinə gələcəksə, iş faktın qeydə alındığı ölkənin milli məhkəməsinə göndəriləcək. Bununla yanaşı, Aİ Baş Prokurorluğu hansı ölkənin trans-sərhəd cinayətilə bağlı araşdırmanı daha yaxşı aparacağını müəyyənləşdirmək və işi məhz həmin ölkəyə göndərmək hüququna da malikdir.

Bundan başqa, EPPO-nun Aİ üzvü olan ölkələrdən hər birinin məhkəməsində şübhəlilərə qarşı ittihamlar irəli sürmək, eyni zamanda, müsadirə etmək və axtarış aparmaq səlahiyytləri də var.

 

İlk iş

Avropa Prokurorluğunun baxacağı ilk işlərdən biri Çexiyanın baş naziri Andrey Babişin də adının hallandığı məsələdir. İttihama görə o, nəinki qanunları pozaraq öz binzes-imperiyası üzərində nəzarəti əlində saxlayıb, həm də səlahiyyətlərindən istifadə edərək, özünə məxsus şirkətlərə Aİ subsidiyalarının ayrılmasına nail olub. Brüssel artıq bu ödəmələri dayandırıb və 11 milyon avronun geri qaytarılmasını tələb edir.

Çexiya Respublikasının ən zəngin şəxsləri siyahısında beşinci yerdə olan Andrey Babiş ittihamları rədd edir. O, ölkəsinin anti-korrupsiya qanunlarına əsasən, «Agrofert» holdinqini hələ 2017-ci ilin fevralında iki fonda verdiyini bildirir. Həmin vaxt Babiş hələ maliyyə naziri idi. Araşdırmalar isə göstərir ki, o, hələ də «Agrofert»in sahibidir.

Avropa Komissiyası Almaniyaya qarşı da cinayət işi qaldırıb. O, almanların Aİ qanunlarını milli qanunvericilikdən üstün tutmasını tələb edir. Almaniya Konstitusiya Məhkəməsinin 2020-ci ildə çıxardığı qərarda bildirilir ki, Avropa Mərkəzi Bankının stimullaşdırıcı tədbirlər paketi Almaniyanın federal qanunlarına cavab vermir.

Almaniya məhkəməsi ölkə hüququnu Aİ qanunlarından yüksək tutmaqda günahlandırılır. Bu, bütünlükdə Aİ-nin hüquq sisteminə təhdiddir.

Bu, əlbəttə ki, Almaniyaya sadəcə, mesajdır – o, məhkəmə iyerarxiyasına əməl etməyə çağırılır. Amma bu, həm də başqa ölkələrə xəbərdarlıqdır. Çünki Almaniyanın qərarı Polşa və ya Macarıstan kimi dövlətləri «oyada» bilər. Onlar Brüssel ilə qanunların prioritetlik dərəcəsi ilə bağlı davamlı mübahisə edirlər. Belə bir halda bu cür dövlətlər Aİ-nin ali məhkəməsinin nüfuzunu şübhə altına ala, milli qanunvericiliyin Avropa qanunlarından üstün olmasının vacibliyində israr edə bilərlər.

Odur ki, Avropa Komissiyası qanunun şamı, o cümlədən Almaniya kimi dövlətlər üçün də eyni olduğunu nümayiş etdirir.

 

Mafiya ölməzdir?

Avropa İttifaqının ilk baş prokuroru Laura Kyoveşi əmindir ki, «təmiz ölkə yoxdur». O, EPPO-nun bütün ölkələrdəki korrupsiya problemlərini həll edə bilməyəcəyini, lakin Aİ-nin pullarını hamıdan yaxşı qoruyacağını bildirir.

Amma bu işə xeyli ciddi maneə var. Birincisi, Aİ-nin 5 üzvü – Danimarka, Macarıstan, İrlandiya, Polşa və İsveç EPPO-nun işində iştirak etməyəcək. Bu isə yeni qurumun imkanlarını kifayət qədər məhdudlaşdıracaq.

İkincisi, maliyyələşmə məsələsidir. EPPO-nun optimal ştat cədvəlinin müəyyənləşdirilməsi üçün kifayət qədər maliyyəsi yoxdur. Qurum illik 55 milyon avroluq büdcə tələb etsə də, ona yalnız 44 milyon avro ayrılıb. Kyoveşi bildirir ki, «əgər «Mersedes» sürən cinayətkarın arxasınca velosipedlə düşəcəksinizsə, o, şübhəsiz ki, üstünlüyə malik olacaq».

Üçüncü maneə: prokurorlar, güman ki, təqiblərlə, hədələrlə qarşılaşacaqlar. Bundan başqa, Kyoveşi əmindir ki, EPPO-nun guya öz səlahiyyətlərini aşdığını iddia edən məhkəmə qərarlarına da rast gəlinəcək.

Dördüncüsü, EPPO faktiki olaraq, tanış olmadığı ərazidə işləyəcək. Aİ-nin vahid Cinayət məcəlləsi olmadan cinayət işlərinin açılmasında iştirakçıların qanunlarına, məhkəmə sistemlərinə əsaslanmaq lazım gələcək. Bu halda hər hansı üzv dövlət EPPO-nu onun milli suverenliyini pozmaqda da günahlandıra bilər.

Eldar Ryazanovun «İtalyanların Rusiyada qeyri-adi macəraları» filmini izləmiş şəxslər «mafiya ölməzdir» ifadəsini yaxşı xatırlayır. Milli məhkəmələr bu problemin öhdəsindən gələ bilmir. Ümumavropa prokurorlar komandasının bu işi bacarıb-bacarmayacağını zaman göstərəcək.



MƏSLƏHƏT GÖR:

222