25 Noyabr 2024

Bazar ertəsi, 03:42

MARAQLARIN DİALOQU

ABŞ və Rusiya liderlərinin görüşünün nəticəsi görünmür

Müəllif:

01.07.2021

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden iyunun 16-da Cenevrədə bir araya gəliblər. Bu, ayın ən önəmli geosiyasi xəbəridir. Liderlərin təkbətək görüşə razılıq vermələrinin özü artıq bir hadisə kimi təqdim olunurdu. Amma gözlənildiyi kimi, müzakirələrin böyük hissəsi qapalı aparılıb və onların hansı mövzular haqda danışdıqlarını yalnız güman etmək olar.

 

Düşmən, rəqib, yoxsa dost?

Amma detallı reportajlar, təhlillər, həmçinin Moskva-Vaşinqton münasibətlərinin gələcəyi ilə bağlı proqnozlar kifayət qədərdir. Burada minor «hər şey pisdir və daha da pis olacaq» fikrindən, major «hələ də ortaq nöqtələr və ümid var» kimi düşüncəsinədən ən müxtəlif versiyalara rast gəlinir. Bununla yanaşı, ümumi tondan asılı olmayaraq, əksər nəşrdə ənənəvi fikir üstünlük təşkil edir – Rusiya ilə ABŞ strateji rəqiblərdir. Amma bu yanaşma, bəlkə də, tam doğru deyil. Bir tərəfdən Rusiya ABŞ üçün heç də tək və yeganə rəqib deyil – Qərb dünyasında ona bərabər güclü rəqib kimi baxılmır. Digər yandan isə Amerika Rusiya üçün az qala əsas ideya düşməni kimi təqdim olunsa da, Moskva Vaşinqton və digər Qərb paytaxtları ilə hər zaman əməkdaşlığa və dostluğa hazırdır.

Məsələ ondadır ki, dünyanın aparıcı fövqəldövlətlərinin böyük ittifaqlarda birləşərək rəqib saydıqları güclərə qarşı mübarizə apardıqları dövr arxada qalıb. İndi maraqlara əsaslanan lokal ittifaqların dövrüdür. Amma bu halda belə, hər kəs öz oyununu oynayır. İndi əksər gücləri bir-birindən asılı olan maraqlar birləşdirir – geosiyasi, iqtisadi, maliyyə, logistik, ekoloji, təhlükəsizlik, humanitar və s. Bugünkü internet, qloballaşma, rəqəmsallaşma dövründə zəif sahələr çoxdur. Müasir dünyada «əsas məsələlər» bir-birinə o qədər sıx bağlıdır ki, rəqibi yıxmaq cəhdi bu cəhdi edənin özünün yıxılma riskini xeyli artırır.

Sanki Rusiya ilə ABŞ arasında dialoqun bərpası deyilənlərin təsdiqidir. Liderlər onu görə görüşüblər ki, mövqelərin dəqiqləşdirilməsi, «qırmızı xət»lərin yenilənməsi, alver edilməsi vacib idi. Odur ki, KİV-in görüşün əsas nəticəsi kimi ilk plana çıxardığı strateji silahlanma və ya kibertəhlükəsizlik kimi mövzular əslində, heç də əsas mövzular deyil. Onlar, əlbəttə ki, çox vacibdir, lakin bu sahədə vəziyyət o qədər də kritik deyil. Çünki bu sahələrdə lap əvvəldən qarşılıqlı maraqlar var. Çünki qarşıdurmanın yaranacağı təqdirdə hər iki tərəf ciddi itkilərlə üzləşə bilər. Odur ki, bu məsələlərdə istənilən halda hansısa kompromis əldə olunacaq. Sadəcə, məsələ ictimaiyyətə fərqli şəkildə açıqlana bilər.

Bütün bunlar sadəcə, alətlərdir. Onlar dünyanın qalan hissəsi üçün son dərəcə güclü və təhlükəli alətlər kimi görünə bilər, amma fikir ayrılığının əsas səbəbi heç də bunlar deyil.

Tərəflərin diplomatik münasibətləri yenidən «işə saldıqları» haqda xəbər də son dərəcə ciddi «nailiyyət» deyil. Birincisi, bu münasibətlər heç də reanimasiyaya ehtiyac duyulacaq dərəcədə pozulmamışdı. İkincisi, bu, istənilən halda baş verəcəkdi.

Beləliklə, əsas səbəblər haqda rəsmi mənbələr açıq danışmır. Əvəzində, sosial şəbəkələr müxtəlif fərziyyələrlə doludur. Bəzi müşahidəçilər hesab edir ki, ABŞ Rusiyaya Moskvanın hansısa güzəştləri qarşılığında münasibətlərdə müəyyən sabitlik təklif edib. Bəs, amerikalılar ruslardan nə istəyə bilər(hər halda, Ağ Ev Kremlin gedə biləcəyi güzəştlərlə bağlı boş xülya qurmur)? Amerika prezidenti «Rusiyanın əsas müxalifətçisi» ilə bağlı çox bədbin görünsə də, Vaşinqtonu çətin ki, cənab Navalnının taleyi, həqiqətən də, ciddi narahat etsin. Ağ Ev Ukraynanın cənub-şərqində baş verənlərdən də dəhşətli dərəcədə narahat deyil. Cenevrədə bu mövzuda hər hansı konkret və ciddi bəyanatın səsləndirilməməsi də bunu göstərir. Tərəflər bu məsələni sonraya saxlamaq qərarına gəlib. Mövzu Zelenskinin ABŞ-a edəcəyi sfər zamanı aktuallıq qazanacaq, Moskvanın isə o vaxtadək düşünmək üçün zamanı olacaq. Ukraynadakı münaqişə Kiyevin, Moskvanın, Avropa İttifaqının problemidir, Ağ Evin yox! O, Ağ Evin əlində Kremlə təzyiq aləti ola bilər, Vaşinqtonun problemi həqiqətən deyil. Eyni sözü Rusiyanın cənub-şərqində yerləşən nəhəng, vahiməli qonşusu Çin haqda demək olmaz…

 

Vacib «alət»

Vaşinqtonun Pekini təhlükəli rəqib saydığı hər kəsə məlumdur. Belə bir vəziyyətdə ABŞ-a Rusiya ilə də qarşıdurma qətiyyən gərək deyil – əksinə! Amma burada da amerikalıların hansı yolu seçəcəklərini dəqiqləşdirmək lazımdır. Vaşinqtonun Pekinlə mübarizə məqsədilə hansısa ittifaq yaratmaq və Moskvanı da oraya cəlb etmək fikri yoxdur. Bu, ötən əsrlərə aid strategiyadır. Çinin qarşısının sistemli və hərtərəfli alınması üçün Ağ Evin müasir planı var (hətta deyəsən, belə plan müəyyən fərqlərlə hər bir administrasiyada olur)          . Amerika Moskvaya bu planın bir hissəsi, bəzi məqamlarda isə hətta son dərəcə vacib hissəsi kimi baxır. Bunu Kremldə də yaxşı bilirlər. Çinin Birləşmiş Ştatların nəhəng hərbi-siyasi resurslarını öz üzərinə çəkməsi ruslara sərf edir və Putin, yəqin ki, bu vəziyyətdən maksimum faydalanmağa çalışır. Bu vəziyyəti artıq Rusiya ABŞ-a təzyiq üçün öz «alət»inə çevirə bilər. Təbii ki, həm də Çinə təzyiq üçün…

Moskvanın Avropa İttifaqı daxilindəki ziddiyyətlərlə öz maraqları üçün oynayacağına heç bir şübhə yoxdur. Hər halda, Vaşnqtonun NATO-dakı avropalı müttəfiqlərinin heç də hamısı Pekinin Qərbin nüfuz dairəsi üçün ciddi təhdid olduğu fikrini qəbul etmir. Əksinə, bəzi Avropa ölkələrində Çin sərfəli tərəfdaş sayırlar, bəzi ölkələri isə ümumiyyətlə başqa problemlər narahat edir.

Görünür, Putinin Cenevrə görüşündən dərhal sonra liberal alman qəzeti olan «Die Zeit»də nəşr olunmuş məqaləsi də buna hesablanıb. «Keçmişə rəğmən, açıq olmaq» başlıqlı yazıda Rusiya lideri Almaniya elitasına müraciətlə sübut etməyə çalışır ki, Moskva ilə əməkdaşlıq sərfəlidir, amma bunun üçün ABŞ və NATO-dan müstəqil davranmaq lazımdır. Rusiya Amerika-Çin rəqabətində vacib balanslaşdırıcı elementə çevrilmək, eyni zamanda, özünün Böyük Avrasiya layihəsini irəli çəkmək istəyir.

Görünən odur ki, bu yanaşma Almaniya kansleri Angela Merkelin də ürəyincədir. Lakin onun Rusiya ilə dialoqun bərpası çağırışı Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları tərəfindən rədd olunub və ciddi müqavimətlə üzləşib. Üstəlik, Moskvaya qarşı belə aşkar addım ABŞ və NATO-nun da planlarına daxil deyil. Bu baxımdan, Rusiyanın Şimali Atlantika alyansını öz təhlükəsizliyinə əsas təhdid saymasını anlamaq mümkündür. Nüfuzlu «Forbes» jurnalının da iyunun sonlarında yazdığı kimi, «Vladimir Putinin iki əsas hədəfi var: bir vaxtlar Sovet İttifaqının tərkibində olmuş ölkələrə Moskvanın faktiki nəzarətini təmin etmək və Avropa ilə ABŞ arasındakı sıx əlaqələri qırmaqla, Rusiyanı qitədə əsas gücə çevirmək». Bax, bunu Qərb dünyası öz təhlükəsizliyinə təhdid sayır.

Digər tərəfdən aydındır ki, hazırda Rusiya daxilində baş verənlər onun beynəlxalq aləmdəki mövqeyini xeyli zəiflədib. Söhbət koronavirusun yeni dalğasından, məhdudiyyət tədbirlərinin yaratdığı narazılıqlardan, həmçinin yaxınlaşmaqda olan seçkidən gedir. Bəzi müşahidəçilər düşünür ki, belə vəziyyətdə Rusiya üçün xarici məsələləri gündəmə gətirmək, vətənpərvərlik əhvalını «işə salmaqla» xalqı ümumi düşmənə qarşı birləşdirmək daha sərfəli olacaq. Kollektiv Qərbin Rusiyaya təzyiq üçün ən müxtəlif vasitələrə əl atdığını nəzərə alsaq, vəziyyətin nəzarətdən çıxacağını istisna etmək olmaz. Halbuki, bu, heç kimə lazım deyil. Buna ən parlaq nümunə kimi, bu yaxınlarda Britaniyanın «HMS Defender» esminesi ilə bağlı Qara dənizdə baş vermiş insidenti göstərmək olar. Bununla yanaşı, Rusiyanın Sakit okean donanmasının iyunun 7-dən 24-dək təlim keçirdiyi ərazidə, Kurildən, təxminən 4,6 kilometr cənub-şərqdə «xarici hərbi aviasiya»nın bir neçə dəfə rusiyalı hərbçilərin «əsəbi ilə oynadığı»na dair də xəbərlər var. Bundan əvvəl isə dünya Rusiya-Ukrayna sərhədində qoşunların təhlükəli yerdəyişməsini müşahidə etmişdi.

Bütün bunların fonunda iyunun 28-də «See Breeze» adlı Amerika-Ukrayna birgə təlimlərinə start verilib. Təlimlərdə Türkiyə, İsrail və ərəb ölkələri də daxil olmaqla, 32 dövlətdən hərbçilər iştirak edir. Beş min hərbçi, 32 gəmi, 40 təyyarə, 18 xüsusi əməliyyat və dalğıc komandası Rusiyanın Qara dənizin böyük hissəsində hökmranlıq etməsinin qarşısının necə alına biləcəyi ilə bağlı məşq keçir…

Putin-Bayden görüşünün nəticələri haqda bilməli olduğumuz əsas məqamlar məhz bunlardır. Yaxud bir rusiyalı jurnalistin Cenevrə danışıqları haqda diplomatikcəsinə yazdığı kimi, «Putin Bayden ilə görüşdə aşkar qələbə qazanıb. Ən azı, onun nədə uduzduğunu heç kim bilmir».



MƏSLƏHƏT GÖR:

194