Müəllif: NURANİ
Ermənistanda siyasi yenilənmə prosesi gedir. Bir yandan ölkədə parlament seçkisi arxada qalıb və seçkinin nəticəsi Nikol Paşinyanın hakimiyyətdə qalacağına zəmanət verib. O, artıq ilk xarici səfərə yollanmağa da macal tapıb – gözlənildiyi kimi, Paşinyan seçkidən sonra ilk xarici səfərini Moskvaya edib. Lakin yeni parlamentin, həmçinin hökumətin formalaşdırılması prosesi hələ başlamayıb. Konstitusiya Məhkəməsi seçkidə məğlub olmuş müxalifətin, ilk növbədə, Robert Koçaryanın başçılıq etdiyi «Ermənistan» blokunun şikayətlərini araşdırır. Yeni parlamentdə aparıcı müxalif qüvvə məhz bu blok olmalıdır – təbii ki, mandat qazanmış şəxslər qanunverici orqanın işinə qatılmağa qərar verər və bununla da seçkinin nəticəsini tanıyarlarsa.
Bəli, Paşinyan hakimiyyətini qoruyub saxlayıb. Amma onun komandasında ciddi dəyişikliklər gözlənilir. Bu, özünü, ilk növbədə, ən həssas, incə sahələr sayılan orduda və diplomatiyada göstərəcək. Söhbət heç də qalib gəlmiş baş nazirin vətəndaşlara verdiyi «vendetta» və «kadr qırğını» vədlərindən getmir.
«Kadr qırğını», yoxsa «kadr böhranı»?
Nikol Paşinyanın heç kimi və heç nəyi dəyişməməsi nəzəri baxımdan belə, mümkün deyil. Çünki hələ seçki ərəfəsində ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyi bütünlükdə istefaya gedib: nazir Ara Ayvazyan və üç müavini – Avet Adons, Artak Apitonyan və Armen Gevondyan. XİN-in mətbuat katibi Anna Naqdalyan da istefa vermiş şəxslər sırasındadır. Amma Paşinyan xarici işlər nazirinin səlahiyyətlərini icra edəcək şəxsi təyin etməyə də tələsmir. Bu, xüsusilə Ayvazyan və müavinlərinin istefasının motivləri fonunda kifayət qədər simtopotik görünür.
Rəsmi versiyaya görə, Ara Ayvazyan Nikol Paşinyanın məğlubiyyətçilik siyasəti ilə qətiyyən razı deyilmiş. Digər versiyaya görə isə Ermənistan diplomatiyası bayağı şəkildə şişirdilmiş gözləntilərin tələsinə düşüb.
Bu mənada, Ermənistanın üçüncü prezidenti, Xocalı soyqırımının iştirakçısı Serj Sarqsyanın fikirləri maraqlıdır. «Konfliktoloqlar bilir ki, sesessiya münaqişələrinin mütləq əksəriyyəti ona görə yeni müstəqil dövlətin legitimləşməsi ilə bitmir ki, keçmiş metropoliya buna razılıq verir. Səbəb məsələ ilə bağlı konsensusun beynəlxalq ictimaiyyət səviyyəsində əldə edilməsi olur», - deyə S.Sarqsyan bildirib. Yəni o, planı açıq şəkildə ifadə edib: qoy beynəlxalq ictimaiyyət konsensusa gəlsin, Azərbaycana aid Qarabağı Ermənistana versin, Bakının qollarını bursun və hər şey yaxşı olacaq.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın məsləhətçisi olmuş Jirayr Libaridyan isə BBC-yə səs-küy yaratmış müsahibəsində həmvətənlərinə xəbərdarlıq edib: «İnsanlar istəkləri ilə əldə etməli olduqlarını qarışdırırlar. Sizə heç kim heç nə verən deyil». Ermənistanda diplomatlar da bu cür şişirdilmiş gözləntilərin girovundadırlar. Lakin Ermənistanı müharibədəki darmadağından sonra diplomatik darmadağın da gözləyir. Doğrudur, Ermənistanda bu haqda açıq danışmağı xoşlamırlar. Amma seçki üzündən və ya digər səbəbdən veriləcək heç bir fasilə kapitulyasiya şərtlərinin icrasının vacibliyini aradan qaldırmayacaq.
Ermənistandakı yeni kadr təyinatlarının daha bir cəhəti var. Azərbaycanlı deputat və politoloq Rasim Musabəyov «Facebook» sosial şəbəkəsindəki səhifəsində yazıb: «Düşünürəm ki, Moskva səfəri zamanı Paşinyana xarici işlər və müdafiə nazirləri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri və digər vacib postlarda kimləri görmək istədiklərini çatdırıblar. Yəqin ki, Ermənistanın baş nazirinin ətrafından bu postlara kimlərin təyinatının nəzərdə tutulduğuna dair informasiya sızıb və söhbət Kremli qəti şəkildə qane etməyən şəxslərdən gedib. Bu üzdən Rusiya hadisələri qabaqlamaq qərarına gəlib».
Həqiqətən də, bəziləri XİN başçısı postuna namizəd kimi Ermənistan parlamentinin xarici siyasət komissiyasının rəhbəri, Paşinyanın köhnə silahdaşı Ruben Rubinyanın adını çəkirsə, başqaları Moskvanın bu vəzifədə baş nazirin müavini səlahiyyətlərinin icraçısı Mqer Qriqoryanı görmək istədiyini bildirir. O, Ermənistan, Rusiya və Azərbaycan arasında yaradılmış regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun İrəvan tərəfindən həmsədridir.
Daha bir maraqlı dedi-qodu Ermənistan Təhlkəsizlik Şurasının katibi Armen Qriqoryanın tezliklə vəzifəsindən istefa verəcəyi haqdadır. O, vaxtı ilə Soros Fondu ilə sıx əməkdaşlıq edib və bu, Qriqoryanın rusiyalı həmkarları ilə ünsiyyətində ciddi problemlər yaradır – Rusiya tərəfi məxfi məlumatları ona ötürməyə xüsusi həvəs göstərmir. Qriqoryanı bu vəzifədə hazırkı müdafiə naziri, Azərbaycan şəhərlərinin yaşayış məntəqələrinə zərbələrin endirilməsi kimi «strateji ideya»nın müəllifi Vaqarşak Arutunyanın əvəzləyəcəyi deyilir.
Və bir daha «havadan asılı qalmış» çevriliş haqda
Ordu sıralarında mümkün dəyişikliklər isə xüsusi və çox incə mövzudur. Üstəlik, hərbi xidmətdə olmamış Paşinyanın ordu rəhbərliyi ilə münasibətləri o qədər də yaxşı deyil. Xatırladaq ki, postmüharibə dövründə Ermənistanda artıq hərbi qiyam cəhdi olub və ona Baş Qərargahın sabiq rəhbəri Onik Qasparyan cəhd edib. O zaman proses Qasparyanın istefaya göndərilməsi ilə bitsə də, yaşananların izləri qalmaqdadır. Bundan başqa, əksər ekspertlər əmindirlər ki, o vaxt Qasparyanın qiyam cəhdi həm də korpus komandirlərinin onu dəstəkləməməsi üzündən baş tutmayıb.
Lakin seçkidən sonra Ermənistanda başqa xəbər müzakirə olunmaqdadır. Ermənistan silahlı qüvvələrinin üçüncü korpusunun komandiri, KTMT-nin sabiq baş katibinin oğlu, general-mayor Qriqori Xaçaturov vəzifəsindən kənarlaşdırılıb. Məlum olduğu kimi, Paşinyan hələ baş nazirliyinin ilk dönəmində Yuri Xaçaturova qarşı məhkəmə açdırmışdı. Orduda növbəti «təmizləmə dalğası» Paşinyanda ciddi narahatlığın olduğunu göstərir: Ermənistan «havadan asılı qalmış çevriliş» şəraitində yaşamağa davam edir. Paşinyan üçün daha da təhlükəlisi isə orduda Robert Koçaryanın da arxalana biləcəyi şəxslərin olmasıdır.
Unudulmuş iqtisadiyyat
Mümkün daxili siyasi qarşıdurmaları təhlil edən zaman ən əsas məsələni unutmaq olmaz. Ermənistanın yeni hökuməti, ilk növbədə, ağır iqtisadi və sosial problemləri həll etməlidir. Ölkədə sosial-iqtisadi vəziyyət onsuz da yaxşı deyildi. İndi isə Ermənistan Azərbaycanın işğal altındakı ərazilərinin talanından əldə etdiyi ciddi faydalardan da məhrum olub. Yalnız qızıl mədənlərinin itirilməsi Ermənistanın dövlət büdcəsi üçün ciddi zərbədir. Ekspertlər hələ qışda bildirirdilər ki, ermənilərin Qarabağda uzun illər əkib-becərdikləri 7 min hektarlıq ərazinin yalnız 2 min hektara yaxın hissəsi Rusiya sülhməramlılarının nəzarətində olan hissədədir. Bu, əvvəlki ərazinin təxminən 30%-i deməkdir. Erməni tərəfinin hesablamalarına görə, son illərdə Azərbaycanın işğal altındakı rayonlarında təxminən 132 min hektar şumluq ərazi olub. İndi ermənilər onun 70%-nə nəzarəti itirib. Əvvəllər Ermənistana kənd təsərrüfatı məhsulları Qarabağdan daşınırdısa, indi sülhməramlıların nəzarətində olan ərazi heç orada yaşayan insanların qidalanmasına kifayət etməyəcək.
Daha bir problem var. Ermənistan çoxsaylı HES-ə də nəzarəti itirib. Demək, əgər əvvəllər Qarabağdan Ermənistana 300-330MVt elektrik enerjisi nəql olunurdusa, indi Xankəndinin özünə elektrik enerjisi ixrac edilməlidir.
Əlbəttə ki, postmünaqişə nizamlanması prosesinin irəli aparılması, kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatına müəyyən canlanma gətirəcək. Amma bunun üçün, ilk növbədə vaxt, ikincisi isə siyasi iradə lazımdır. Burada isə bir çox erməni liderinə, o cümlədən Paşinyana xas olan populizm köməyə gəlməyəcək.
MƏSLƏHƏT GÖR: