Müəllif: Kənan RÖVŞƏNOĞLU
ABŞ ordusunun Əfqanıstandan çıxarılması gözlənildiyi kimi Talibanın bu ölkədə yenidən fəallaşması ilə müşayiət olunur. Əslində hələ 2020-ci ildə fevralın 29-da Dohada ABŞ və Taliban arasında müqavilə imzalananda bu gedişat bəlli idi.
Çünki Vaşinqton 20 ildən sonra Qətərdə Talibanla Əfqanıstanda sülh razılaşması imzalamaqla Talibana legitimlik və ən əsası mənəvi-psixoloji üstünlük qazandırmış oldu. Bu müqaviləyə əsasən Taliban və əfqan hökuməti arasında sülh əldə olunur, məhkumlar azad edilir və ABŞ ordusu Əfqanıstanı 14 ay ərzində tərk etməli idi. Proses ləngisə də, bu ilin yazında prezident Bayden qoşunları Əfqanıstandan çıxaracağını elan etdi. Bunun üçün simvolik tarix də müəyyən olundu: 11 sentyabr. ABŞ ordusu 20 il əvvəl 11 sentyabr hadisəsindən az sonra Əfqanıstana hücum etmişdi.
İndi isə ABŞ ordusu Əfqanıstanı tərk edir və Taliban yenidən bu ölkəni işğal edir. bu vəziyyət təxminən 32 il əvvəl SSRİ qoşunlarının Əfqanıstanı tərk etdiyi dövrü xatırladır. Xarici qüvvələr çıxır və üsyançılar irəliləyir, yerli hökumət isə müqavimət göstərə bilmir. 34 vilayət və 407 rayondan ibarət olan Əfqanıstanda hazırda 160-dan çox rayona Taliban qüvvələri nəzarət edir. İyul ayı ərzində Taliban qüvvələri hücum edərək Əfqanıstanın Özbəkistan və Tacikistanla bütün sərhədini demək olar ki, nəzarətə götürüb. İyulun əvvəlində Taliban qüvvələri İranla sərhəddə yerləşən İslami-Qala və Pakistanla sərhəddəki Spin Boldak sərhəd-keçid məntəqələrini ələ keçirib. Bu zaman çoxlu sayda Əfqanıstan ordusu əsgəri İrana və Tacikistana sığınıb. Bundan başqa çoxlu sayda əsgər silahlarını ataraq Talibana təslim olub.
Talibanın gücü
İndi Əfqanıstanda olanlarla bağlı ən çox müzakirə olunan mövzu Talibanın yenidən güc qazanmasının səbəbidir. Nə baş verdi ki, Taliban bu qədər güc qazandı? Məsələ ondadır ki, Əfqanıstanda baş verənlər müəyyən mənada İraqda baş verənlərlə oxşardır. 2001-ci ilin oktyabrında Əfqanıstana hücum edən ABŞ ordusu Talibanı məğlub etmək üçün çox böyük əziyyət çəkmədi. Bir neçə gün ərzində Kabil və digər iri şəhərlərə nəzarəti itirən Taliban rəhbərlik və əsas qüvvələri ilə birlikdə Pakistana qaçdı. Bir qismi isə ölkənin əsasən cənubunda yaşayan və Əfqanıstan əhalisinin 40 faizə yaxınını təşkil edən Puştun tayfalarına geri döndü.
Amma çox tezliklə Talibanın “dirilməsi” üçün şərait yarandı. Yeni qurulmuş Əfqan hökumətinin ölkəyə gözlənilən sülh və ədaləti, rifahı gətirə bilmədiyi üçün Talibanın qayıdışına münbit şərait yarandı. Ucqar əyalətlərdə yenidən fəallaşan taliblər sadə əhalinin şikayətləri əsasında ədalət mühakimələri qurur, oğruların əllərini kəsir, namus cinayətlərinə görə edamlar həyata keçirməklə korrupsiya və rüşvətə boğulmuş Əfqanıstanda sıravi insanlar arasında yenidən nüfuz qazanırdılar. Həmin vaxt Kabildə və iri şəhərlərə formalaşan Əfqanıstan hakimiyyəti rüşvət və korrupsiyaya batmışdı. 2010-cu ildə Kabil Mərkəzi Bankından 900 milyard dollardan çox vəsaitin yoxa çıxması Əfqanıstanda böyük miqyasda oğurluğu və hakimiyyət korrupsiyasını dünyaya nümayiş etdirdi. Bütün bu zamanda Taliban artıq Əfqanıstana geri dönmüşdü və həm koalisiya qüvvələri, həm də Əfqan ordusu üçün böyük təhlükəyə çevrilmişdi. Mərkəzi şəhərlərdə, iri yaşayış məntəqələrində ABŞ və koalisiya qüvvələrinin dəstəklədiyi Əfqanıstan hökuməti, dağlarda, kiçik kəndlərdə isə Taliban hakim idi. Və müvafiq olaraq ildən ilə Taliban daha da güclənirdi.
Təbii ki, burda xarici faktorlar da vardı. ABŞ-ın Əfqanıstan bataqlığında məğlub olmasını istəyən dövlətlər Talibana dəstək verir. Eyni zamanda Taliban liderləri də 20 əvvəlki kimi daha sərt şüarlar səsləndirmir, güzəşt və qarşılıqlı anlaşmaya hazır olduqlarını nümayiş etdirirlər.
Əfqanıstanın əhəmiyyəti
Asiyanın coğrafi olaraq mərkəzində yerləşən Əfqanıstan 2 min il əvvəl də, bu gün də dünyanın əsas əhəmiyyətli coğrafiyasında keçid ölkə rolunu oynayır. Makedoniyalı İsgəndər, Roma İmperiyası, Monqol-Tatar orduları, Teymur və onlardan sonra Əfqanıstana ordu yeridən bütün orduların hədəfi bu sərt iqlimli dağlıq ölkə olmayıb. Əfqanıstan Qərbdən gələnlər üçün Şərqə-Hindistana keçid, Şərqdən gələnlər üçünsə Qərbə - Avropa və Yaxın Şərqə keçid rolunu oynayıb. 19-cu əsrdə isə Böyük Britaniya Əfqanıstanı Orta Asiyaya çıxış, ruslar isə Hindistana keçid olaraq görürdülər. SSRİ Əfqanıstana 1979-cu ildə hərbi müdaxilə etsə də, Moskva hələ 1950-ci ildə Əfqanıstanın şimali ilə cənubunu birləşdirən Hindquş dağındakı Salanq aşırımında 3,7 min metr uzunluğunda tunel inşa etdi. 14 ilə başa gələn tunel Əfqanıstanın işğalı üçün əsas nəqliyyat layihəsi olmaqla yanaşı Şimaldan cənuba və əks istiqamətə bu gün də əsas yoldur.
Amma həddən artıq çoxlu maraqların toqquşması, sərt iqlimi və artıq bütöv nəsilləri müharibədə formalaşmış Əfqanıstan hücum edən ölkə üçün bir bataqlığa çevrilir. Dünyanın ən güclü ordusuna və modern silahlarına sahib ABŞ 20 ildən artıqdır ki, Əfqanıstanda müharibə aparır. Bu, ABŞ tarixinin ən uzun müddətli hərbi kampaniyasıdır.
Lakin Tramp və indi isə Bayden ordunun Əfqanıstanda daha çox qalmasının ABŞ üçün hər keçən gün daha böyük itki olduğunu anlayırlar. Çünki ildən ilə Talibanın güclənməsi, ABŞ-ın işğalçı olaraq qəbul olunduğu Əfqanıstanda qalmasını daha da çətinləşdirir. Üstəlik ABŞ-ın regional rəqibləri Talibanla anlaşması bu riski daha da artırırdı. 2020-ci ilin yayında ABŞ mətbuatı Rusiya kəşfiyyatının Əfqanıstanda amerikalı hərbçiləri öldürməsi üçün Talibana mükafat verməsi ilə bağlı kəşfiyyat hesabatı haqqında yazdılar. Rusiyanın Vaşinqtondakı səfirliyi məlumatı təkzib etsə də, bu xəbərin özü belə Vaşinqtonun Əfqanıstanda Rusiya ilə qarşı-qarşı gəldiyini göstərirdi. Üstəlik həmin vaxt Rusiya və Əfqanıstan arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümü münasibəti ilə keçirilən tədbirə Talibanın dəvət edilməsi artıq Rusiyanın Əfqanıstan siyasətində Talibanın yer aldığını göstərirdi.
Digər tərəfdən, Vaşinqtonun Pakistanla münasibətlərinin pisləşməsi ABŞ-ın Əfqanıstanda manevr imkanlarını ciddi şəkildə zəiflədir. Çünki Əfqanıstan üzərində, xüsusən də Taliban üzərində Pakistanın ciddi təsiri var.
Nəticə etibarı ilə zəngin təbii ehtiyatları, coğrafi mövqeyi Əfqanıstanı bu gün də dünya üçün cəlbedici edir. Amma bu gün klassik formada ordu ilə Əfqanıstanda qalmaq daha böyük ziyandır.
Bundan sonra olacaqların mümkün ssenariləri
Qurban bayramında Taliban və Əfqanıstan hökuməti atəşkəs və çətin vəziyyətdə olan bölgələrə yardımın çatdırılması üçün yol açılması ilə bağlı razılıq əldə etdilər. Amma bu atəşkəsin nə qədər davam edəcəyi məlum deyil, çünki buna qədər bir çox atəşkəs razılaşmaları tez pozulub. Taliban geri çəkilmək niyyətində olmadığını göstərir və aydın məsələdir ki, Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirməyə çalışacaq. Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətin bir neçə mümkün ssenarisi var.
Birinci mümkün variant Talibanın daha çox irəliləyib Əfqanıstanın böyük bir hissəsini ələ keçirməsi və 1996-cı ildə olduğu kimi Əfqanıstanda Talibanın şəriət dövlətini qurmasıdır. Əlbəttə, 1996-cı ildə olduğu kimi, indi də Talibanın bütün Əfqanıstanı nəzarətə alması mümkün deyil, amma son hücumların coğrafiyası göstərir ki, Taliban məhz ölkənin sərhədlərini, xüsusən də şimal sərhədlərini nəzarətə götürmək istəyir. Bununla da digər qüvvələrin xariclə bağlarını qoparmaq, Əfqanıstan üzərində böyük ölçüdə hakimiyyəti təmin etməkdir.
İkinci mümkün ssenari Kabil hökuməti ilə Taliban arasında razılaşma və hakimiyyət bölgüsünün aparılmasıdır. Bunun necə olması bir qədər çətindir, amma Talibanın daha güclü olduğu regionlarda qalması və hərbi gücünün leqallaşdırılması və Talibanın ölkənin siyasi oyunçusu kimi tanınmasıdır. Amma bunun üçün BMT və beynəlxalq qurumların Talibanı terror siyahısından çıxarması və sanksiyaları götürməsi lazımdır. Yeri gəlmişkən, iyul ayında Taliban rəhbərliyi bununla bağlı Rusiya və BMT-yə müraciət edib.
Üçüncü mümkün ssenari Əfqanıstanda vətəndaş müharibəsinin dərinləşməsi, İŞİD və əl-Qaidənin fəallaşması və ölkənin sonu görünməyə terror və xaos müharibəsinə yuvarlanmasıdır. Bu proses Əfqanıstanın faktiki olaraq bir neçə hissəyə bölünməsinə, bir neçə hakimiyyətin yaranmasına səbəb ola bilər. Yeri gəlmişkən, artıq Əfqanıstanda Cənubi Türküstan deyilən, şimal rayonlarının ayrıla biləcəyi ilə bağlı fəaliyyətlər müşahidə olunur.
Bu ssenarilərdən hansının reallaşması isə ABŞ-ın və beynəlxalq təşkilatların rolundan asılı olacaq. ABŞ artıq ölkənin əsas hərbi-hava bazası olan və bir zamanlar 10 min hərbçinin saxlanıldığı Baqram bazasını əfqanlara təhvil verib. İndi isə əsas diqqət Kabil hava limanına çevrilib.
Kabilin demək olar ki, mərkəzində yerləşən keçmiş prezident Həmid Kərzayın adını daşıyan Kabil hava limanı dənizə çıxışı olmayan, dağlıq ölkəni xariclə bağlayan əsas vasitədir. 1992-ci ildə Şimal Alyansı qüvvələri Kabili ələ keçirəndə Əfqanıstanın xarici aləmlə yeganə əlaqə vasitəsi Kabil hava limanı idi. Amma Məhəmmdə Nəcibulla Kabil hava limanına vaxtında çata bilmədiyi üçün ölkəni tərk edə bilmədi. Gizləndiyi BMT rezidensiyasında 1996-cı ildə ələ keçirilib edam edildi.
Qərb ölkələri indidən Nəcibullanın aqibətindən dərs çıxarıb. Bir tərəfdən Kabildəki diplomatik nümayəndəliklərin əməkdaşları köçürülürsə, digər tərəfdən Kabil hava limanının müdafiəsi möhkəmləndirilir. Çünki qeyd etdiyimiz kimi, hava limanı Kabilin və böyük mənada Əfqanıstanın dünyaya sonuncu çıxış qapısıdır.
Türkiyənin Əfqanıstan strategiyası
ABŞ və Türkiyə prezidentləri arasında iyunda keçirilən görüşdə əldə olunan razılaşmaya əsasən ABŞ ordusu Əfqanıstanı tərk etdiyi müddətdə Kabil hava limanının təhlükəsizliyini Türkiyə ordusunun Əfqanıstandakı sülhyaratma missiyasının kontingenti qoruyacaq. Söhbət sülhyaratma taborundan, yəni təxminən 500 nəfərlik hərbi hissədən gedir. Müsəlman ölkə olması faktoru, Türkiyənin Əfqanıstan və müsəlman dünyasındakı nüfuzu, eləcə də hava limanlarının qorunması və işlədilməsində təcrübəsinə görə bu seçim edilib. Türkiyə prezidenti bildirib ki, onlar Kabil hava limanının mühafizəsi işinə soyuq baxmırlar. Amma Ankaranın da öz şərtləri var. Bunlar: Diplomatik olaraq Türkiyənin dəstəklənməsi, təchizat və maliyyə dəstəyidir. Əgər bunlar olarsa Türkiyə hava limanının mühafizəsini öz üzərinə götürməyə hazırdır. Belə görünür ki, Vaşinqton bu məsələdə Ankara ilə anlaşıb. Çünki indi Vaşinqton üçün bu mövzuda alternativlər yox kimidir. Ya da ən azı Türkiyə qədər etibarlısı yoxdur.
Aydın məsələdir ki, Türkiyənin Kabil hava limanı kimi strateji bir məkana nəzarət etməsi Ankara üçün çox ciddi üstünlükdür. Türkiyə faktiki olaraq Əfqanıstanda yeganə leqal xarici güc olaraq qalacaq, üstəlik siyasi proseslərə təsir imkanları artacaq. Başqa sözlə Mərkəzi Asiyada siyasi iştirak qazanacaq.
Amma bunun ciddi riskləri də var.
İlk növbədə Türkiyənin NATO adına Kabildə qalmasını Taliban qəbul etməyəcək. Artıq qruplaşma mövqeyini bəyan edib və bildirib ki, sentyabrda, yəni bütün koalisiya qüvvələri çıxdıqdan sonra Əfqanıstanda qalacaq ölkənin qüvvələrini “işğalçı” olaraq qəbul edəcəklərini və uyğun şəkildə rəftar edəcəklər. Yəni başqa sözlə Taliban Türkiyə qüvvələri Kabildə qalacağı təqdirdə onlara qarşı savaş elan edəcəyini bildirir.
Türkiyə prezidenti Talibanla danışıqlar masasına əyləşib müəyyən ortaq razılaşma əldə edəcəklərinə ümid etdiyini deyib. Sirr deyil ki, Talibanın əsas dəstəkçisi olan Qətər və Pakistanın Türkiyə ilə yaxın əlaqələri var. Ankara bu əlaqələrdən Talibanla danışıqlarda istifadə edəcəyinə ümid edir. Lakin artıq indidən Pakistanda bəzi qrupların Türkiyə ilə bağlı soyuq bəyanatları göstərir ki, Taliban və onun dəstəkçiləri ilə dil tapmaq asan olmayacaq.
Türkiyənin Əfqanıstanda daha bir “kartı” ordakı türk və islamçı qruplardır. Türkiyənin hazırkı iqtidarının Əfqanıstandakı siyasi liderlərlə yaxın əlaqələri var. Bunların arasında nüfuzlu siyasətçi və səhra komandiri, Hizbi İslami Hərəkatının lideri, keçmiş baş nazir Gülbəddin Hikmətyar, keçmiş vitse-prezident, özbək icmasının lideri general Əbdürrəşid Dostum və bəzi hazara liderlər var. Bu şəxslər və onların təmsil etdiyi icmalar Talibana qarşıdır. Türkiyə gələcəkdə bu qüvvələrin ittifaqını yarada və Talibana qarşı qoya bilər. Amma bu kifayət qədər riskli və məsrəfli bir işdir.
Nəticə etibarı ilə Əfqanıstanda baş verənlər ötən əsrin 90-cı illərini xatırladır. Amma bu o demək deyil ki, hər şey 90-cı illərdə olduğu ssenari ilə davam edəcək. İndi dünyanın mənzərəsi və oyunçuları, eləcə də oyun qaydaları xeyli dəyişib. Dəyişməyən dünyanı Əfqanıstana cəlb edən maraqlardır. Bu maraqlar isə on illərdir Əfqanıstanda qan və müharibəyə səbəb olub.
MƏSLƏHƏT GÖR: