25 Noyabr 2024

Bazar ertəsi, 01:03

İSTİNADLAR ARTIR

Ukrayna ilə Rusiya arasında münaqişənin qızışması riski aktuallığını itirmir

Müəllif:

01.08.2021

Yazdan bu tərəfə Rusiya-Ukrayna münasibətləri getdikcə daha da gərginləşir. Yayın əvvəllərində bir qədər sakitlik hökm sürsə də, görünən odur ki, vəziyyət yenidən qarışır. Bu, bir sıra hadisələrlə, o cümlədən müasir Ukraynanın müstəqilliyinin 30 illiyinə hazırlıq işləri, Rusiya Dövlət Dumasına qarşıdan gələn seçki və s. ilə əlaqəlidir.

 

«Proqram məqaləsi», yoxsa müdaxilə?

Demək olar ki, bütün müşahidəçiləri, ilk növbədə, Kremlin saytında iyulun 12-də dərc olunmuş məqalə təəccübləndirib. Rusiya prezidenti Vladimir Putin «Ruslarla ukraynalıların tarixi birliyi haqda» adlı məqaləsində Ukrayna-Rusiya münasibətləri ilə bağlı bütün düşüncələrini ortaya qoyub. Yazıda çoxsaylı tarixi paralellər aparılır. Onun əsas məğzi isə konkretdir: «Ukrayna məhz Rusiya ilə tərəfdaşlıq halında əsl suveren dövlət ola bilər».

«Bizim mənəvi, insani, sivil əlaqələrimiz yüzilliklər boyu formalaşıb, eyni mənbədən gəlir, ümumi sınaqlardan, nailiyyət və qələbələrdən keçib», - deyə Putin bildirir. O, «antirusiya layihəsi»ndən narahatlığını gizlətmir, Qərbi açıq şəkildə bu iki qonşu arasında tarixi əlaqəni pozmaq cəhdində günahlandırır.

Rusiya prezidentinin interpretasiyasında, Ukraynada baş verənlərin hamısının kökü Qərbdən gəlir. Kremlin nə demək istədiyini Qərbdə də yaxşı başa düşüblər. Hər halda, Putin fikirlərini kifayət qədər açıq və konkret ifadə edib, odur ki, məqalədə yer almış fikirləri fərqli şərq etmək mümkün deyil. Bu üzdən, kremlpərəst ekspertlər Putinin yazısını «proqram məqaləsi» kimi şərh etsələr də, əksər qərbli ekspertin fikrincə, bu, müstəqil dövlətin işlərinə müdaxilə cəhdidir. Və Moskva davamlı və israrla Kiyevin hesabına öz strateji hədəflərinə çatmağa çalışacaq.

Daha sərt müqayisələrə də rast gəlinir. Məsələn, deyirlər ki, Rusiya Ukraynanın «anşlyus»una çalışır, Putin Rusiya imperiyasını bərpa etmək istəyi çərçivəsində Şərqlə Qərb arasında qarşıdurmanın yeni mərhələsini hazırlayır və artıq Donbasın ilhaqını daha ciddi şəkildə nəzərdən keçirir. Kremlə müxalifətdə olan rusiyalı politoloqlar da belə düşünürlər, hətta bir qədər də irəli gedirlər. Onların fikrincə, Putin, bəlkə də, «Rusiyanın Ukraynaya ərazi iddialarına haqq qazandıraraq, gələcək müharibəyə ideoloji don geydirmək istəyir». Rusiyaya məxsus hərbi qurğuların Ukrayna sərhədi yaxınlığında saxlanılması bu narahatlıqları daha da artırır. Qeyd edək ki, həmin qurğulardan Rusiyanın qərbində Belarusla birgə sentyabrda keçiriləcək «Qərb-2021» miqyaslı birgə hərbi təlimində istifadə olunacaq. Bəzi məlumatlara görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinin məqaləsinin dərcindən dərhal sonra onun silahlı qüvvələrin siyasi məşğələlərinə daxil edilməsinə göstəriş verib.

Bütün bunların fonunda Rusiya tarixində ilk dəfə Avropa İnsan Haqları Məhkəməsinə dövlətlərarası şikayət ünvanlayıb. Moskva Ukraynanı Avropa Şurasının insan haqları və əsas azadlıqlar haqqında Konvensiyasını pozmaqda, o cümlədən rusdillilərə, Rusiya şirkətləri və sahibkarlarına qarşı ayrı-seçkilikdə, fərqli düşünən insanları təqib etməkdə, millətçilərin təşviqində, Ukraynanın cənub-şərqində yaşayan insanların seçkilərdə iştirakına mane olmaqda, diplomatik nümayəndəliklərə hücumlarda, dinc insanların ölümündə və s. günahlandırır. Yeri gəlmişkən, maraqlıdır ki, Kiyevin davranışları onun bu şikayətin mümkün hüquqi nəticəsində narahat olmadığını göstərir. Ukraynalılar onu Rusiyanın təbliğatından başqa bir şey saymırlar. Qeyd edək ki, Kiyev özü Rusiyanı insan haqları və əsas azadlıqlar haqqında konvensiyanın bir sıra maddələrini, məsələn, yaşamaq hüququ, söz azadlığı, hərəkət azadlığı və s. kimi müddəalarını pozmaqda ittiham edir.

 

Amerika-Almaniya razılaşması və Ukrayna

Bütün bunların fonunda iyulun 21-də Birləşmiş Ştatlarla Almaniya arasında yeni razılaşmanın əldə edildiyi məlum olub – daha Vaşinqton Rusiyanın «Şimal axını-2» qaz kəmərinin tikintisinə mane olmayacaq. Qeyd edək ki, bu layihə Rusiya sahillərindən Baltik dənizi vasitəsi ilə Almaniyayadək illik ötürücülük gücü 55 milyard kubmetr olacaq iki boru xəttinin çəkilməsini nəzərdə tutur. ABŞ Dövlət Departamenti bəyan edib ki, Vaşinqtonun sanksiyaları «Şimal axını-2» layihəsinin icrasına mane ola bilməyib və son qərar Aİ ilə strateji əməkdaşlığın davam etdirilməsi niyyəti ilə qəbul edilib. Əsas səbəb, həqiqətən də, budur. Geosiyasəti kənara qoysaq, Almaniya üçün Rusiya qazı, həqiqətən də, daha sərfəlidir. Amerikalıların isə «Köhnə dünya»da öz biznes maraqları var: öz maye qazını reallaşdırmaq. Beləliklə, hər şey bir köhnə məşhur fikirdə deyildiyi kimidir: şəxsi məsələ deyil, sadəcə biznes!

Amma bunu Rusiyaya münasibətdə demək olmaz. Bu yerdə ortada yenə də Ukraynanın maraqları var. O, «Şimal axını-2» layihəsini öz milli təhlükəsizliyinə birbaşa təhdid sayır. Vaşinqtonla Berlin məhz bu üzdən Rusiyanın bu istiqamətdəki fəaliyyətini nəzarətdə saxlayacaqlarını vəd ediblər. Onlar bildirirlər ki, Moskva Ukraynanı qaz tranzitindən məhrum etməyə, yəni «enerji resurslarından iqtisadi və siyasi təzyiq vasitəsi kimi istifadəyə» çalışarsa, yeni sanksiyalarla üzləşəcək. Almaniya öz növbəsində, Ukraynada ilk növbədə «yaşıl enerji»nin inkişafına yardım edəcəyini bildirir. Bundan başqa, Berlin 2024-cü ildən sonra Rusiya qazının Ukrayna ərazisi ilə idxal olunmasına dair müqaviləni uzatmaq üçün lazımi addımları atacaq.

Lakin əksər Qərb siyasətçiləri və politoloqları Merkel ilə Baydenin bu qərarından narazı qalıblar. Məsələn, ABŞ-ın Respublikaçılar Partiyasından olan senator, beynəlxalq münasibətlər komitəsinin üzvü Ted Kruz bu qərarı «Putinin bir nəsil sonra üçün qazandığı geosiyasi qələbə, ABŞ və müttəfiqləri üçün isə faciə» adlandırıb. «Politico» nəşri yazır ki, Putinin «Şimal axını-2» uğrunda gedən döyüşdə qələbə qazanması NATO-nun düşmənin qarşısının alınması imkanlarına zərbədir.

Britaniyanın mühafizəkar «Telegraph» qəzetinin iqtisadiyyat şöbəsinin redaktoru Embrouz Evans-Pritçard isə layihəni «Molotov-Ribbentrop qaz kəməri» adlandırıb: «Kədərli mənzərədir: Ukraynanın taleyini Vaşinqtonla Berlin həll etdi».

Təbii ki, ABŞ prezidenti və Almaniya kanslerinin qərarını Ukrayna hökuməti də tənqid edir. Görünür, Kiyev onların vədlərinə inanmır. Yerli KİV yazır ki, Ukrayna Vladimir Zelenskinin Vaşinqtona gözlənilən səfəri zamanı daha ciddi zəmanətlər ala bilər. Səfərin avqustun sonlarında baş tutması gözlənilir. Zəmanətin vacibliyini Ukrayna baş nazirinin Avropaya və Avro-Atlantik məkana inteqrasiya üzrə müavini Olqa Stefanişina bəyan edib: «Kiyevə ərazi bütövlüyü və suverenliklə bağlı razılaşma yox, zəmanət lazımdır».

Kiyevin Vladimir Zelenskinin təşəbbüsü ilə avqustun 23-də Ukraynada keçirilməli olan «Krım platforması» sammitinə də böyük ümidləri var. Bu platformanın yaradılmasında məqsəd 2014-cü ildə Krım yarımadasında nə və niyə baş verdiyini ukraynalılara, krımlılara və dünya ictimaiyyətinə izah etməkdir. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bütün ölkələri öz maraqlarını müdafiə etmək üçün «Krım platforması»na qoşulmağa çağırıb. Lakin artıq ABŞ prezidenti Co Beyden ilə vitse-prezidenti Kamala Harris tədbirə şəxsən qatılmaqdan imtina ediblər…

 

Bəs sonra?

Ukraynanın cənub-şərqində münaqişənin qızışması mümkündürmü? Məsələ aktuallığını itirməsə də, xoşbəxtlikdən, hələ ki, təsdiq olunmur. Amma eyni zamanda, inkar da edilmir. Görünən odur ki, tərəflər öz geosiyasi «stavka»larını artırmaqla məşğuldur. Hər halda, Rusiya tərəfi kifayət qədər birmənalı bəyanatlar səsləndirir və addımlar atır. Ukraynadan da son dərəcə konkret siqnallar gəlir. Məsələn, iyulun 26-da baş nazirin müvəqqəti işğal olunmuş ərazilər və daxili köçkünlər üzrə sabit müavini Yuri Qrımçak «Obozrevatel» telekanalının efirindən Ukraynanı ordunu Donbasın azad olunmasına hazırlamağa çağırıb. Şübhəsiz ki, Rusiya ilə Ukraynanın hərbi potensialı müqayisəyəgəlməzdir. Amma fakt faktlığında qalır: son zamanlar Ukrayna ordusu daha müasir və daha təchizatlı gücə çevrilib və Moskva bütün hesablamalarında bunu nəzərə alır.

Gərginliyi artıran daha bir amil Rusiyanın parlament seçkisinə hazırlaşması, Ukraynada isə asta hökumət dəyişikliyi prosesinin getməsidir. Məsələn, bu yaxınlarda Ukraynanın qüdrətli daxili işlər naziri Arsen Avakov vəzifəsini itirib. O, iyulun 13-də vəzifəsindən istefa verib və bunun səbəbini açıqlamayıb. Bəzi dairələr ondan istefaya getməsini ABŞ-ın istədiyini bildirir. Çünki Avakov istefasından cəmi bir gün əvvəl Birləşmiş Ştatların Kiyevdəki diplomatik nümayəndəsi Corc Kent ilə görüşübmüş. Əslində, Zelenski Avakovdan yaxa qurtarmaq arzusunu heç zaman gizlətməyib. Çünki ölkədə hakimiyyətin böyük bir hissəsi məhz sabiq nazirin əlində cəmləşmişdi. Güman olunur ki, indi prezident yaxın zamanlarda müdafiə, ədliyyə, mədəniyyə nazirlərini, həmçinin Mərkəzi Bankın rəhbərini də dəyişmək niyyətindədir. Onun bu yolla 2024-cü ildə yenidən prezident seçilməyə çalışdığı deyilir. Halbuki, Zelenski 2019-cu ildə hakimiyyətə gələn zaman ikinci müddətə prezident seçilmək niyyətinin olmadığını deyirdi.

Donbas sakinlərinin Rusiyada keçiriləcək parlament seçkisinə qatılması da öz-özlüyündə gərginliyin artması riskini yaradacaq.

Beləliklə, hadisələr bizi Ukrayna ətrafında keyfiyyətcə yeni vəziyyətə doğru aparır. Yəqin ki, bu ilin qarşıdakı 6 ayında bu, əsas mövzu olaraq qalacaq. Təəssüf ki, bölgədə tammiqyaslı hərbi qarşıdurma riski də davam edəcək…



MƏSLƏHƏT GÖR:

225