25 Noyabr 2024

Bazar ertəsi, 00:19

SON HƏDD

Əfqanıstandakı böhran qlobal iqtisadi layihələrə hansı təhdidləri yaradır?

Müəllif:

01.09.2021

Əfqanıstanda son aylar sürətlə pisləşən vəziyyət prezident Əşrəf Qəninin başçılıq etdiyi hökumətin fiaskosuna, radikal «Taliban» hərəkatının hakimiyyətə gəlməsinə səbəb olub. Əsgər və zabitlərinin xüsusi treninqlərdə iştirak etdiyi, təlimlərə qatıldığı, dünyanın aparıcı dövlətlərinin tədarük etdiyi silah-sursatla təchiz olunduğu ən azı 300 minlik nizami ordunun radikal qruplaşmaya necə məğlub olduğu çoxları üçün hələ də müəmma olaraq qalır. Söhbət bir hərəkatın peşəkar hazırlığı olmayan komandirlərin rəhbərlik etdiyi hərbi birləşmələrinə məğlub olmaqdan gedir.

 

Qəni hökumətinin son günləri

ABŞ qoşunlarının Əfqanıstandan daha çox qaçışı xatırladan sürətli çıxışı son aylarda ölkə ərazisinin, təxminən, 80-85%-nə nəzarəti ələ almış «Taliban» hərəkatında inanılmaz əminlik yaratmışdı. Taliblərin taktikası kənd regionlarına nəzarəti ələ keçirmək və ölkənin xarici sərhədlərinə çıxış əldə etmək idi. Məlum olduğu kimi, Əfqanıstanın dənizə birbaşa çıxışı yoxdur. Odur ki, ölkənin bütün vacib məhsullarla təminatı onu qonşu dövlətlərlə birləşdirən quru yolları ilə həyata keçirilir. Taliblər hökumət qüvvələrini tam məğlubiyyətə məhz bu təchizat yollarını bağlamaqla uğradıblar.

İyulun sonları, avqustun əvvəllərinə olan məlumata görə, hökumət qüvvələri ilə «Taliban» yaraqlıları arasında döyüşlər ölkənin qərbində və cənub-qərbində yerləşən 3 əsas şəhər ətrafında gedirdi: Herat, Ləşgərgah və Qəndəhar. Bunlar yalnız ən böyük yaşayış məntəqələri deyil, həm də vacib nəqliyyat qovşaqlarıdır. Əfqanıstanın şərqinə doğru kommunikasiyalar məhz bu bölgədən paylanır. Bu şəhərlərin ətrafında yaradılmış blokada halqası son dərəcə sürətlə daralıb və nəticədə, onlar ərzaq məhsulları təchizatından məhrum olublar. Bu şəhərlər Kabilin devrilməsindən cəmi bir neçə sutka əvvəl ələ keçirilib. Beləliklə, ölkənin şərqində bütün kommunikasiyalara nəzarət taliblərin əlinə keçib.

Hökumət qüvvələri son anadək əsasən türk xalqları olan özbəklər və həzaraların yaşadığı bölgələri əllərində saxlaya biliblər. Bu isə vətəndaş müharibəsində etnik amilin rolunu göstərir. Özbəklər marşal Dustumun rəhbərliyi ilə Özbəkistan-Əfqanıstan sərhədinə nəzarəti əllərində saxlayırdılar. Bu, taliblərin avqustun əvvəllərinədək ələ keçirə bilmədiyi yeganə sərhəd bölgəsi idi.

Şiə olan həzaralara gəlincə, hər zaman İranın himayəsində olan bu etnik qrup taliblərə daha ciddi müqavimət göstərib. Onlar «antitalib döyüşçüləri hərəkatı» çərçivəsində fəaliyyət göstəriblər. Hələ 1990-cı illərin sonlarında taliblər həzaralara qarşı aqressiv davranışlarla yadda qalmış, onların yaşadığı bölgələrdə talanlar, edamlar törətmişdilər. Bugünkü həzara müqavimətçilər həmin günləri yaxşı xatırladıqlarından, keçmişdə yaşananların təkrarlanmaması üçün taliblərə daha ciddi müqavimət göstəriblər.

Həzaraların yaşadığı, ölkənin mərkəzində yerləşən rayonlar Kabil və Əfqanıstan özbəklərinin sıx yaşadıqları bölgələrlə kommunikasiyalarla bağlı idi. Bu, hökumət qüvvələrinin Əfqanıstanın mərkəzinə nəzarəti nisbətən uzun müddət əldə saxlamasına imkan verib. Son anadək Kabil iki ölkə – Özbəkistan və Pakistanla fasiləsiz kommunikasiyalara malik olub. Bununla yanaşı, İslamabadla Kabil arasındakı dialoqda problemlər olduğundan, Əfqanıstan hökuməti daha çox Özbəkistanla əlaqələrə arxalanırdı. Bu isə Daşkəndin Əfqanıstan ətrafında baş verənlərdə rol və əhəmiyyətini artırırdı.

Maraqlıdır ki, belə bir şəraitdə Əfqanıstana yük daşımalarında vacib bənd olan Azərbaycan da öz əhəmiyyətini qoruyub saxlayıb. Türkiyə, Gürcüstan, Azərbaycan və Türkmənistandan keçən «Lazurit dəhlizi» Özbəkistan ərazisinə də keçir və bununla da, Əfqanıstanın Avropa ölkələri ilə əlaqəsini təmin edir.

 

Hər şey geridə qaldı… Bəs, gələcək?

Bütün bunlar 15 avqusta, daha dəqiqi, həmin günün ikinci yarısınadək davam edib. Məhz həmin gün artıq sabiq prezident Əşrəf Qənini aparan təyyarə naməlum istiqamətdə uçub və özü ilə yalnız dövlət başçısını deyil, Əfqanıstan tarixinin bütöv bir dövrünü də aparıb…

«Taliban»ın hakimiyyətə gəlişindən sonra hərəkata maraq kəskin şəkildə artıb. Əksər sadə insanlarda bu, hər şeyi bilmək marağından irəli gəlirsə, müxtəlif dövlətlərin, xüsusilə qonşu ölkələrin nüfuzlu siyasi dairələrində bu maraq praktiki xarakter daşıyır.

«Taliban» isə bütün mümkün vasitələrlə istər ölkə daxilində, istərsə də xaricdə özünün siyasi legitimliyini təmin etməyə çalışır. Məlum olduğu kimi, «Taliban» BMT-nin beynəlxalq terrorçu saydığı təşkilatların siyahısındadır. Odur ki, taliblərlə heç bir hökumət rəsmi əlaqə qura bilmir. Qeyri-rəsmi əlaqələr isə tam gücü ilə işləyir və bu, heç də yeni məsələ deyil. «Taliban» liderləri anlayırlar ki, onların indiki halında Kabilin tanınmamış hökuməti ilə heç kim əlaqə yaratmayacaq. Demək, Əfqanıstanın hər hansı beynəlxalq layihədə iştirakından, ölkəyə investisiyaların yatırılmasından, kreditlərin ayrılmasından söhbət gedə bilməz. Məhz bu üzdən onlar tezliklə «milli birlik hökuməti» quracaqlarını, hökumətdə ölkənin aparıcı siyasi qüvvələrinin təmsil olunacağını bildirirlər.

Bəs, bunu etmək çoxmu asandır? Əşrəf Qəninin ölkədən qaçmasından sonra Əfqanıstanın vitse-prezidenti Əmrulla Saleh özünü müvəqqəti dövlət başçısı elan edib və taliblərlə silahlı mübarizənin davam etdiriləcəyini bildirib. Əfsanəvi Əhməd Şah Məsudun oğlu Əhməd Məsud da ona qoşulub. Məsud taliblərin Əfqanıstan daxilində və xaricindəki düşmənlərini Pəncşirdə onu dəstəkləməyə, düşmənə müqavimət göstərməyə çağırıb.

Baş verənlər fonunda minlərlə insan daha rahat həyat şəraiti üçün xaricə üz tutmağa başlayıb. Yüzlərlə əfqan ölkəni həmişəlik tərk etmək üçün Kabil aeroportuna hücum çəkib. Digərləri isə özlərini və ailə üzvlərini mümkün repressiyalardan qorunmaq üçün silaha sarılmağa hazırdırlar.

Beləliklə, Əfqanıstan yeni vətəndaş müharibəsinin astanasındadır. Taliblərlə mübarizə aparan qüvvələrə xarici dəstəyin olacağına isə şübhə yoxdur. Odur ki, bu savaş hələ uzun illər davam edə bilər…

Müharibə oldu-olmadı, yaşamaq lazımdır!

Çoxları üçün maraqlı olan bir məqam da var: Əfqanıstanın da qoşulması nəzərdə tutulan miqyaslı layihələrin taleyi necə olacaq? Qəni rejimi yalnız ABŞ-ın hərbi dəstəyinə arxalanırmış. Onun fiaskosu Əfqanıstanda istənilən təhlükəsizlik sisteminin effektivliyinə inamı yox edib. Əksər layihələr üçün isə məhz təhlükəsizlik əsas şərtdir.

Məsələn, TƏPH layihəsinə nəzər salaq. Söhbət Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərindən gedir. Onun reallaşdırılmasına artıq kifayət qədər vəsait xərclənib. Nəzərə alsaq ki, layihənin əhəmiyyətli hissəsi məhz Əfqanıstan ərazisindən keçir, indiki şəraitdə onun təhlükəsizliyinə kimin zəmanət verə biləcəyi aydın deyil. Xatırladaq ki, son dövrlərədək dəyəri 10 milyard dollar qiymətləndirilən TƏPH layihəsi ilə Hindistana ildə 33 milyard kubmetr Türkmənistan qazı nəql olunmalıdır. Boru xəttinin uzunluğu 1814 kilometrdir (Türkmənistan – 214, Əfqanıstan – 774, Pakistan – 826 km). Onun çəkilməsinə hələ 2015-ci ilin dekabrında başlanılsa da, xüsusilə indiki şəraitdə işlərin nə zaman başa çatacağını söyləmək çətindir. Əvvəllər taliblər guya bu layihənin reallaşdırılmasında maraqlı olduqlarını bildirirdilər. Amma layihə iştirakçıları rəsmən terrorçu sayılan hərəkatla necə işləyəcək?

Daha bir layihə Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolu layihəsidir ki, onun taleyi də qeyri-müəyyəndir. Halbuki, o, ölkə tarixində ilk transəfqan dəmir yolu magistralı sayılır. Bu yeni dəmir yolu Mərkəzi və Cənubi Asiyanı birləşdirməli, ölkəyə əlavə xarici investisiyaların cəlbi üçün imkanlar açmalı idi. Amma indi bu dəmir yolunun özünün inşası üçün belə, investisiya tapmaq mümkün olmayacaq.

Eyni sözləri «Lazurit dəhlizi» adlandırılan beynəlxalq nəqliyyat marşrutu layihəsi haqda da demək olar. Xatırladaq ki, bu layihəyə siyasi dəstək «İstanbul prosesi» ilə verilmişdi. Əfqanıstanla Türkiyənin regional təşəbbüsü olan bu layihənin ideyası 2011-ci ildə ortaya çıxıb. Bu format Əfqanıstanda və ümumilikdə regionda sabitliyə, dayanıqlı sülh və çiçəklənməyə nail olunmasını hədəfləyən siyasi dialoq və regional əməkdaşlıq meydanına çevrilməli idi. «İstanbul prosesi»nin iştirakçıları Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan və BƏƏ-dir. Təşəbbüs çərçivəsində son konfrans 2021-ci il martın 29-30-da Düşənbədə keçirilib. Amma indi…

Bəli, indi bu iztirablı bölgg odla su arasında yaşayır – bir yanda taliblər, digər yanda ağır sosial-iqtisadi problemlər. Əslində, Əfqanıstan haqda danışarkən «yaşayır» ifadəsini işlətmək də asan deyil. O, daha çox sağ qalmağa çalışır… Halbuki, söhbət saysız-hesabsız zənginlikləri olan səxavətli torpaqdan gedir. Belə ki, bu zənginliklər onu çiçəklənən bölgəyə çevirə bilərdi. Amma təəssüf ki, indi əfqanlar bunları yalnız xəyal edə bilər…



MƏSLƏHƏT GÖR:

203