Müəllif: Natiq NAZİMOĞLU
Ukraynadakı vəziyyət beynəlxalq siyasətin ən kəskin problemlərindən biri olaraq qalır. Donbasdakı münaqişə ilə yanaşı, Krım ətrafında da beynəlxalq böhran dərinləşməkdədir. Kiyevdə avqustun 23-də keçirilmiş «Krım platforması» təsis forumu bunun təsdiqidir. Hadisə Rusiyanın sərt reaksiyasına səbəb olub. Bu mənada, onun Kiyev forumuna qatılmış Türkiyə ilə münasibətlərinə mümkün təsiri maraq doğurur.
Kiyev forumu
«Krım platforması»nın yaradılması ideyasını ilk dəfə, təxminən, 1 il əvvəl Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında dilə gətirib. O zaman dövlət başçısı beynəlxalq birliyi «Krımın işğaldan azad edilməsi üzrə platforma» yaratmağa çağırmışdı. Təşəbbüsün bilavasitə reallaşdırılması isə Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunub – Kiyev müstəqillik gününün avqustun 24-də qeyd edir.
Zelenski Kiyevdə təşkil olunmuş təsis forumunun əsas hədəfini belə ifadə edib: ««Krım platforması» fəaliyyətini Krım Ukraynanın tərkibinə qaytarılanadək davam etdirəcək. Biz bu sammiti sammit keçirmək xətrinə təşkil etməmişik. Krım daha 7 il gündəmdən kənarda qalmamalıdır».
Prezidentin bəyanatındakı son tezis olduqca maraqlıdır. Zelenski bununla dünya birliyinin Krım məsələsinə lazımi diqqəti göstərmədiyini deyir. Yəni Donbas münaqişəsindən fərqli olaraq, Krım məsələsi praktik olaraq, qlobal siyasətin gündəmində deyil. Görünən odur ki, Kiyev bu vəziyyəti dəyişməkdə israrlıdır. Zelenskinin sonrakı sözləri də bunu təsdiqləyir: «Biz anlayırıq ki, müstəqil dövlətimiz təkbaşına Krımı heç bir zaman geri qaytara bilməyəcək. Bizim beynəlxalq səviyyədə ciddi dəstəyə ehtiyacımız var. Ukraynaya aid yarımadanın işğalına son qoyulması üçün yeni səviyyədə dəstək almalıyıq. Səylərimiz Rusiyanı danışıqlar masası arxasına əyləşməyə, yarımadamızın geri qaytarılması üçün müzakirələrə başlamağa məcbur etməlidir».
Təsis forumunda dəvətli dünya liderlərinin əksəriyyəti iştirak etməsə də, Kiyev tədbirə kifayət qədər diqqət çəkə bilib. Foruma 46 ölkə və beynəlxalq təşkilat təmsilçilərinin qatılması bunu göstərir. Onların arasında 9 prezident, 4 baş nazir, 14 XİN başçısı və ya onların müavinləri də olub. Digər iştirakçı dövlətlər forumda parlamentin spikeri və Ukraynadakı səfirləri ilə təmsil olunublar. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin tədbirə qatılmalarını isə Avropa institutlarının Kiyevə ciddi dəstək jesti kimi qiymətləndirmək olar.
Forumun yekununda qəbul edilmiş bəyannamədə bildirilir ki, «Krım platforması»nın məqsədi «Krımın müvəqqəti işğalına dinc yolla son qoyulması», «Ukraynanın bu ərazi üzərində beynəlxalq hüquqa uyğun olaraq tam nəzarətinin bərpası»dır. Zelenski isə deyir ki, bəyannaməni forumda iştirak etməmiş dövlətlər də imzalaya bilər: «Orada Rusiya Federasiyası nümayəndəsinin də imzası üçün hər zaman yer olacaq».
Lakin Moskvanın «Krım platforması»nın yaradılmasına reaksiyası göstərir ki, Moskva üçün «Krımın Ukraynaya qaytarılması» mövzusu qapanıb. Hələ Kiyev forumunun keçirilməsi ərəfəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Krım platforması»nı «süni yaradılmış rusofob aksiya» adlandırmışdı. Forumun açılışından dərhal sonra isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə bu tədbirə «antirusiya tədbiri kimi yanaşırlar».
Bir müddət sonra Moskva artıq praktiki məzmunlu mesajını da göndərib: Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, istənilən dövlət və təşkilatın «Krım platforması»na qatılması Moskva tərəfindən «Rusiya ilə dostluğa uyğun gəlməyən addım, onun ərazi bütövlüyünə birbaşa qəsd» kimi qiymətləndiriləcək.
Rusiya tərəfinin bu mövqeyini nəzərə alsaq, Rusiya ilə Qərb, xüsusilə bu qarşıdurmada Ukraynanı dəstəkləyən Avropa ölkələri arasında münasibətlərin daha da gərginləşəcəyini proqnozlaşdırmaq olar. Bu mənada, möhkəm tərəfdaş münasibətlərinə əsaslanan, lakin müəyyən ziddiyyətlərin də olduğu Rusiya-Türkiyə dialoqunun perspektivini ayrıca qiymətləndirmək lazımdır. Bu iki dövlətin münasibətində ziddiyyətli məqamlardan biri məhz Ukrayna məsələsidir.
Ukraynanın bütövlüyü prinsipi
«Krım platforması» təsisi forumunda Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edib. Onun bəyanatı Ankaranın Krım probleminə yanaşmasını aydın şəkildə ortaya qoyur. «Bu forum Krımın Ukraynaya qaytarılmasına aparacaq dinc, uzun bir yolun başlanğıcıdır, çünki Krım Ukraynadır» deyən nazir fikrini belə davam etdirib: «Forum Krımın geri qaytarılmasında, Ukraynanın beynəxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasında vacib rol oynayacaq». Çavuşoğlu Türkiyənin «digər tərəfdaş ölkələrlə birlikdə Ukraynanın bütövlüyünü müdafiə etməyə hazır olduğunu» da bildirib.
Ankaranın bu məsələdə belə qəti mövqe nümayiş etdirməsi yenilik deyil. O, Krım böhranının lap əvvəlindən Ukraynaya birmənalı dəstək verib. Çıxışında bunu da xatırladan M.Çavuşoğlu deyib: «Krımın qanunsuz qəsbindən 7 il keçir. Bizim Ukraynanın ərazi bütövlüyünə dəstəyimiz sarsılmazdır. Beynəlxalq hüququn bu cür aşkar pozulmasına qarşı bizim səsimiz digər səslər arasında daha ucadan çıxır. Buraya həmrəyliyimizi, mübarizəmizə sadiqliyimizi təsdiqləmək üçün toplaşmışıq».
Ankara ilə Kiyev arasında isti, dost münasibətləri Ukraynanın müstəqillik qazandığı andan inkişaf edir. SSRİ-nin dağılmasından sonra Türkiyə Ukrayna üçün yalnız mehriban qonşu yox, həm də yaxın dost olub. Ukrayna suverenliyinin möhkəmləndirilməsində, müstəqil dövlət kimi potensialının güclənməsində hər zaman Ankaraya arxalana bilib. 2014-cü ildə Ukrayna ilə Rusiya arasında münaqişə başlayan andan Türkiyə Ukraynanın ərazi bütövlüyünə dəstək verib. Tərəflər arasında dostluq, tərəfdaşlıq münasibətlərinin vacib hissələrindən biri də hərbi sahədə strateji əməkdaşlıqdır. Ankara Kiyevə «Bayraktar TB2» hücum dronları tədarük edir, Ukrayna Hərbi Dəniz Qüvvələri üçün «korvet» sinfinə aid gəmilərin tikintisilə bağlı müzakirələr aparır. Ukrayna isə öz növbəsində, Türkiyə ilə birlikdə «An-178» nəqliyyat təyyarələri istehsal etməyi düşünür, təyyarə və helikopter istehsalı üzrə ixtisaslaşmış «Motor Siç» şirkətinin 50 faizini Ankaraya satmağa hazırlaşır.
Bəs, bütün bunlar Ankaranın Moskvaya meydan oxuması anlamına gəlirmi? Təbii ki, yox! Türkiyə Rusiyaya və bütün dünyaya göstərir ki, onun beynəlxalq arenadakı siyasəti sırf özünün milli maraqlarına əsaslanır.
Türkiyə beynəlxalq və regional məsələlərdə müstəqil oyunçu, proseslərin əsas iştirakçısı statusunu getdikcə gücləndirir, lakin onun xarici siyasəti heç bir halda dost dövlətlərə qarşı yönəlmir. Türkiyənin dostları arasında Ukraynanın olması heç bir halda Rusiyaya qarşı yönəlməyib. Bunun bir sadə səbəbi var: Rusiya özü Türkiyənin ən yaxın tərəfdaşlarından və dostlarındandır. Üstəlik, onların strateji əməkdaşlığı müxtəlif önəmli beynəlxalq arenalarda uğurlu nəticələrini verməkdədir – Suriyada, Liviyada, Cənubi Qafqazda və s.
Belə bir vəziyyətdə Ukrayna problemi Ankara ilə Moskvanın arasını vura bilərmi? Bilməz. Niyə? Səbəblər çoxdur.
«Ciddi fikir ayrılıqları» və «güclü təməl»
İlk diqqət yetirilməli olan məqam Rusiyanın NATO üzvü olan Türkiyə ilə strateji əməkdaşlığının getdikcə genişlənməsidir. Paradoksal olsa da, faktdır: Rusiya ilə NATO arasında dialoqun səviyyəsi minimum həddə düşüb, əvəzində Moskva ilə Ankara arasında tərəfdaş münasibətləri getdikcə dərinləşir. Bundan başqa, ABŞ və NATO-nun bütün mümkün təzyiqlərinə, hətta Amerikanın sanksiyalarına baxmayaraq, Rusiya ilə hərbi-texniki əməkdaşlığı məqsədyönlü şəkildə genişləndirir. Maraqlıdır ki, Kiyev forumunun keçirildiyi gün yaxın zamanlarda Türkiyəyə Rusiyadan «S-400» zenit-raket komplekslərinin tədarükünə dair yeni müqavilənin imzalanacağı xəbəri yayılıb.
Daha bir vacib məqam enerji sahəsində Türkiyə-Rusiya birgə layihələrinin reallaşdırılmasıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ciddi səs-küyə səbəb olmuş «Krım hadisəsi»ndən cəmi bir neçə gün əvvəl rusiyalı həmkarı Vladimir Putin ilə telefonda danışıb. Ərdoğan həmkarına bildirib ki, Ankara «Türk axını» kəməri vasitəsilə Rusiya qaz nəqlinin artırılacağını gözləyir.
Gələk Rusiya-Türkiyə münasibətlərində konkret olaraq Ukrayna məsələsinin yerinə. Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstəyini ifadə edən Ankara eyni zamanda göstərir ki, onun mövqeyi Qərb ölkələrinin antirusiya mövqeyi ilə eyniləşdirilməməlidir. Ankara ABŞ və Aİ-nin Rusiyaya qarşı apardıqları böyük qlobal oyunda alət deyil. Bu üzdən də, ondan Rusiya ilə münasibətlərini pozacağını gözləmək olmaz. Türkiyə Ukrayna ilə Rusiya arasında münaqişənin daha da dərinləşməsi məqsədi ilə Kiyevə təsir göstərmək fikrində də deyil.
Bütün bunlarla yanaşı, o da nəzərə alınmalıdır ki, Türkiyənin Krımla bağlı mövqeyində vacib tarixi məqam, həmçinin önəmli etnik amil var. Çavuşoğlu Kiyev forumunda əbəs yerə deməyib ki, «Krım platforması» «həm də insanların məsələsidir». O, ilk növbədə, yarımadanın köklü əhalisi olan Krım tatarlarını nəzərdə tutub. Bu xalqın nümayəndələri Türkiyədə də yaşayır.
Ümumiyyətlə, Krımın taleyi tarixən Türkiyə ilə bağlı olub. Krım tatarlarını isə türklərlə qan, dil birliyi, mədəni və dini bağlar birləşdirir. Belə bir vəziyyətdə Türkiyə Krım tatarlarının faciəvi taleyinə biganə qala bilərmi? O, 2014-cü ildən 30 mindən artıq Krım tatarının öz vətənlərini – Krımı tərk etdiklərinə dair xəbərləri necə sakit qarşılasın? Bir sözlə, Ankaranın Krım problemi ilə bağlı mövqeyi bu xalqın maraqları ilə birbaşa bağlıdır. Bu xalqın böyük hissəsi isə gələcəklərini məhz Ukraynanın tərkibində görür.
Bundan başqa, Türkiyə Krımla bağlı mövqeyini ifadə edərkən birmənalı olaraq, Rusiyanın Kipr probleminə münasibəti ilə analogiya da aparır. Məlum olduğu kimi, Moskva Şimali Kipr Türk Cümhuriyyətini tanımır, «vahid Kipr dövləti»nin yaradılmasını tələb edir. Belə olan təqdirdə, o, Ankaranın «Krımın Rusiyaya birləşdirilməsini» dəstəkləməsini necə gözləyə bilər?
Bütün bu amillər göstərir ki, Ankara Ukrayna siyasətində Rusiyaya hansısa təhdidlərin yaranması məqsədini güdmür. Müvafiq olaraq, Ukrayna məsələsində Moskva ilə Ankara arasında müəyyən fikir ayrılıqları yaradan məqamlar onların ikitərəfli tərəfdaşlığının inkişafına mane olmamalıdır. Bu tərəfdaşlığın inkişafında, şübhəsiz ki, həm Moskva maraqlıdır, həm də Ankara. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun «xüsusi» bəyanatı bunu bir daha təsdiqləyib. Rusiya-Türkiyə münasibətlərində «ciddi fikir ayrılıqları»nın olduğu, Krım mövzusunu da buraya aid edən Peskov deyib: «Rusiya-Türkiyə münasibətləri ümumilikdə tərəfdaşlıq xarakteri daşıyır və söhbət heç də deklarativ xarakterli münasibətlərdən getmir. Bizim münasibətlərimiz, həqiqətən, real, güclü iqtisadi-ticari və investisiya əməkdaşlığı təməlinə əsaslanır».
Bu bəyanat, şübhəsiz ki, həm də «Krım məsələsi ilə bağlı ciddi fikir ayrılıqları üzündən» Moskva-Ankara münasibətlərinin pozulmasına ümid edən dünya güclərinə ciddi mesajdır. Amma bu ssenarini, ilk növbədə, ikitərəfli tərəfdaş münasibətlərinin gücləndirilməsi strategiyasını reallaşdıran Rusiya ilə Türkiyənin özü qəbul etmir.
MƏSLƏHƏT GÖR: