25 Noyabr 2024

Bazar ertəsi, 00:35

TARİXİ DƏYİŞƏN DÖYÜŞ

2021-ci il yaddaşlarda Türkiyə ilə Yunanıstan arasında çəkişmələrlə zəngin il kimi qala bilər

Müəllif:

15.09.2021

Türkiyə ilə Yunanıstan arasında sahilyanı sulardakı yataqlarla bağlı mübahisələr bir ildən artıqdır ki, bitmək bilmir. Mübahisəli ərazilərə hərbi gəmilərin göndərilməsi ilə münaqişə az qala «qaynar nöqtə»yə qədəm qoyacaqdı. Lakin sonda siyasi iradə və sağlam düşüncə qalib gələ bilib. Amma bu, NATO-da müttəfiq olan bu iki ölkə arasında ilk münaqişə deyil. Onların uzun tarixi olan qonşuluğu ikitərəflimünasibətlərdəki böhranlarla «zəngin»dir.

 

«Afrodita adası» və nifaq səbəbi

Yunanıstanla Türkiyə arasında son ziddiyyət ərazi suları ilə bağlıdır. Sahilyanı sularda nəhəng karbohidrogen ehtiyatlarının aşkarlanması, onsuz da, mövcud olan qarşıdurmanı daha da qızışdırıb. Buna formal səbəb kimi Türkiyəyə məxsus «Oruç Reis» geoloji kəşfiyyat gəmisinin Yunanıstanın kiçik Kastelorizo adasına göndərilməsi göstərilir. Qeyd edək ki, bu ada Türkiyə sahillərindən bir neçə kilometr cənubda yerləşir.

Ankarada bildirirlər ki, Egey dənizindəki bu kiçik yunan adasının müstəsna iqtisadi zona hüququ yoxdur və bu üzdən Türkiyə həmin regionda geoloji kəşfiyyat apara bilər. Ölkənin enerji resurslarına ehtiyacı var və üstəlik, Türkiyə özünü Şərqi Aralıq dənizi regionunun aparıcı fövqəldövləti hesab edir. Odur ki, Ankara bu mübahisədə güzəştə getməyi düşünmür.

Bu ilin yanvarında Yunanıstan, İsrail və Kipr arasında Avropaya qaz kəmərinin çəkilməsi ilə bağlı razılaşmanın imzalanması vəziyyəti daha da qəlizləşdirib. Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq tənqidlərə baxmayaraq, Şərqi Aralıq dənizində neft-qaz yataqlarının axtarışını davam etdirəcəklərini bəyan edib. Üstəlik, Türkiyə Liviya hökuməti ilə mübahisəli ərazilərdə şelfin birgə istismarı ilə bağlı razılaşma da imzalayıb. Yunanıstan isə öz növbəsində, Ankaranın iddialarına qarşı çıxmaq üçün Misir və Fransa ilə virtual koalisiya yaradıb. Nəticədə, regionda sülh yenidən ipdən asılı vəziyyətə gəlib.

Belə bir vəziyyətdə Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənən Yunanıstan Türkiyəni «sancmaq» üçün fürsəti əldən vermir. Ayacofya muzeyinə məscid statusunun qaytarılması ətrafındakı isteriya, ABŞ-dan yeni «F-35» qırıcılarının alınması (Türkiyə üçün nəzərdə tutulmuş təyyarələri Yunanıstan alıb), Bosfor boğazından yan keçəcək yeni kanalın tikiləcəyi haqda xəbərlərin yayılması vaxtı da belə olmuşdu. Ankaranın cavabı da asimmetrik idi: Yunanıstanla sərhəd mütəmadi olaraq suriyalı və əfqanıstanlı qaçqınlar üçün açılırdı. Bununla əlaqədar olaraq, Yunanıstan iki ölkənin quru sərhədində divar vasitəsilə çəpərləmə işlərinin tam başa çatdırıldığını bəyan etdi.

Gərginlik zaman-zaman iki ölkənin liderləri və diplomatlarının bəyanatları ilə də artır. 2021-ci ilin aprelində Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın Ankaraya səfəri qalmaqalla yadda qalmışdı. İki ölkənin XİN başçılarının birgə mətbuat konfransında əməlli-başlı söz atışması baş vermiş, lakin sonda nazirlər sakit şəkildə nahara yollanmışdılar.

 

Əlamətdar il

2021-ci il yaddaşlarda Türkiyə ilə Yunanıstan arasında çəkişmələrlə zəngin il kimi qala bilər. Bu il həm də onunla əlamətdardır ki, Yunanıstanın Osmanlı imperiyasından müstəqilliyini elan etməsindən düz 200 il keçir. Düz 100 il əvvəl isə Türkiyə elə həmin Yunanıstandan müstəqillik qazanıb.

1821-ci ildə Avropa ölkələri tərəfindən qızışdırılan yunan vətənpərvərlər mərkəzi hökumətə qarşı silahlı qiyam qaldırmış, az sonra Avropada yunanlara rəğbət göstərən çoxsaylı insan və adi inqilabçılar da onlara qoşulmuşdu. Məsələn, dahi ingilis şairi Bayron məhz Yunanıstanın müstəqilliyi uğrunda gedən döyüşlərdə həlak olub. Həmin vaxt başlamış çoxillik mübarizə Yunanıstanın müstəqil dövlətə çevrilməsi ilə yekunlaşıb. Lakin müstəqilliyin əldə olunması ilə yunan ictimaiyyətinin böyük hissəsi «Böyük ideya» xəstəliyinə tutulmuşdu – söhbət faktiki olaraq, Qədim Yunanıstana aid olmuş torpaqların ələ keçirilməsindən gedirdi. Həmin «əzəli yunan torpaqları» isə Kiçik Asiyanın qərb sahillərinə və bilavasitə osmanlıların paytaxtı İstanbuladək (Konstantinapol) uzanırdı.

Bu ideya, təbii ki, türkləri qane edə bilməzdi. Odur ki, türklər bu vəziyyətlə qəti mübarizəyə qalxmışdılar. Həmin vaxt yunan millətçilərinin Qərbi Avropa və Balkan ölkəsi tərəfindən dəstəklənməsi, həmçinin Türkiyənin özündəki ciddi böhran yunanlara ciddi şəkildə kömək etmiş, tərəflər arasında 1897-ci ildən 1923-cü ilədək baş vermiş 4 müharibə Yunanıstan ərazisinin Osmanlı dövlətinin hesabına əhəmiyyətli dərəcədə böyüməsi ilə nəticələnmişdi.

1921-ci ildə artıq türk dövlətinin mövcudluğu belə, sual altında qalmışdı. Birinci Dünya müharibəsindəki məğlubiyyətdən sonra monarxiyanın süqutu və xarici müdaxilə türk ictimaiyyətinin həyatını alt-üst etmişdi. Hakimiyyət vakuumu və ruh düşkünlüyü yaradan əhval 20 milyon Osmanlı türkünün başını qaldırmasına imkan vermirdi. Xalqın tam xaosdan qaçmasına, ardınca isə xalq kütlələrinin düşmənlə mübarizəyə qalxmasına yalnız Mustafa Kamal paşa Atatürkün rəhbərlik etdiyi zabit korpusunun vətənpərvərlik hissini itirməməsi və əzmi kömək olub.

Amma buna rəğmən, müvəffəqiyyətsizlik hələ də yaxında idi. 1921-ci ilin iyununda Qərbi Türkiyəni işğal etmiş yunan ekspedisiya korpusu Afyonqarahisarda qələbə qazanaraq, gənc respublikanın paytaxtı Ankaraya doğru hərəkətə başlamışdı. Balkan və dünya müharibələrində möhkəmlənmiş 120 minlik yunan ordusu artıq uğura çox yaxın idi: onun qələbə yürüşü yalnız müasir Ankara ətrafında dayandırıldı. Sakarya uğrunda gedən döyüşlərdə Türkiyənin dövlət kimi mövcud olub-olmayacağı həll edilirdi. Məhz həmin vaxt türklər ayağa qalxaraq, keçmiş «türk əsgəri» obrazını bərpa edə bildi. İngilis tarixçi R.Qrant Sakarya döyüşünü əbəs yerə «dünya tarixini dəyişmiş döyüşlər»ə aid etmir. Türkiyədə həmin günlərin hadisələri hər il milli bayram kimi qeyd olunur.

Cəmi bir il sonra artıq möhkəmlənmiş Türkiyə ordusu ölkə ərazisini yadelli işğalçılardan azad etdi. Məşhur amerikalı yazıçı, həmin illərdə Yunanıstan-Türkiyə sərhədində hərbi müxbir kimi çalışmış Ernest Heminquey «ellin»lərin çoxsaylı qələbələrindən yazır, lakin qeyd edirdi ki, «qələbəni hər zaman sonuncu qazanan əldə edir».

Köhnə qonşular arasında müharibəyə Lozanna sülh müqaviləsi ilə son qoyulub. Müasir Türkiyənin sərhədləri də məhz bu sənədlə təsdiqlənib. Tərəflər əhali mübadiləsi də həyata keçirib və nəticədə, milyondan artıq yunan və təxminən, 600 min türk əcdadlarının torpaqlarını tərk etmək məcburiyyətində qalıb.

Qeyd olunan hərbi əməliyyatlar zamanı yunan millətçiləri minlərlə türkü qətlə yetirib. Amma yunanlar da «Kiçik Asiya müsibəti»ni hələ də xatırlayırlar. Bütün bunlara baxmayaraq, tərəflər barışıq üçün özlərində siyasi iradə tapıb: diplomatik əlaqələr qurulub, iki ölkə liderləri – Atatürk ilə Venizelos Nobel sülh mükafatına namizəd belə, göstəriliblər.

 

Kipr məsələsi

Tərəflər arasında nisbətən sabitləşmiş münasbətlər bir də Kipr böhranı üzündən gərginləşir. İkinci Dünya müharibəsindən sonra həm Türkiyə, həm də Yunanıstan eyni vaxtda NATO-ya üzv olsalar da, onların arasında müttəfiq münasibətləri, demək olar ki, alınmır. Səbəb isə Osmanlı imperiyasının parçalanmasından sonra Britaniyanın himayəsi altına keçmiş Kipr olur. Çünki «Afrodita adası» əhalisinin, təxminən, 70%-ni təşkil edən yunanlar «enozis» arzusundan (materik Yunanıstanla birləşmək) əl kəçmir. Britaniyalılara qarşı partizan dəstələri yaradan yunanlar sonda adanın müstəqilliyinə nail olur. Bu zaman adada yaşayan milli azlıqların, ilk növbədə, türklərin hüquqları tez-tez tapdanmağa başlayır. Vəziyyət 1974-cü ildə millətçi «qara polkovniklər» xuntasının hakimiyyətə gəlişi ilə daha da ağırlaşır. Mötədil rəhbər olan Makariosu devirən hərbçilər adanın başına ekstremistliyi, anti-türk əhvalı ilə tanınan Nikos Sampsonu gətirir. Nəticədə, Türkiyə Kiprə ordu yeridərək, etnik türklərin yaşadığı əraziləri 2 həftəyə yunan hərbçilərindən təmizləyir. Bununla da, adanın paytaxtı Nikosiya iki hissəyə bölünür. Şimali Kipr Türk Cümhuriyyətinin tarixi və Yunanıstanla Türkiyə arasında yeni gərginlik belə başlayır.

Ötən illər ərzində vəziyyətin nizamlanması, adanın bir dövlətdə birləşdirilməsi üçün saysız-hesabsız cəşdlər olub. Birləşməklə bağlı ən real cəhd 2004-cü ildə BMT-nin sabiq baş katibi Kofi Annanın planı əsasında baş verib. Plana əsasən, adada hakimiyyət paritet əsaslarla, lakin yunanların 4:2 nisbətində üstünlüyü ilə formalaşdırılmalı idi. Dünya birliyi adada keçiriləcək referendumun nəticələrinə əməl ediləcəyinə, bütün qaçqınların geri qayıdacağına, vahid dövlətin Avropa İttifaqına qəbul olunacağına zəmanət də vermişdi. Lakin adanın yunan əhalisinin 87%-nin planın əleyhinə səs verməsi ilə Annan planı iflasa uğrayıb. Buna rəğmən Kiprin yunan hissəsi Aİ-yə qəbul edilib, Şimali Kipri isə bu günədək yalnız Türkiyə tanıyır.

 

«Yunan gölü» və türk boğazları

Türkiyə ilə Yunanıstan arasında daha bir gərginlik dalğası dəniz hüququ ilə balı BMT Konvensiyasına dəyişiklik nəticəsində baş verib. 1990-cı illərin əvvəllərində qüvvəyə minmiş yeni qaydalara əsasən, ərazi sularının eni 6 dəniz milindən (11 km) 12 dəniz milinədək (22 km) artırılıb. Bu, Egey dənizini faktiki olaraq, Yunanıstanın daxili gölünə çevirdiyindən, Türkiyə yeni qaydalara etiraz edib. Məsələ ondadır ki, Lozanna sülh müqaviləsi ilə Egey dənizindəki adaların, demək olar, hamısı (bir neçəsi istisna olmaqla) Yunanıstanın nəzarətinə keçib. Bununla yanaşı, bəzi iri adalar (Lesbos, Xios, Samos və Dodekanes arxipelağının adaları) bilavasitə Türkiyənin materik sərhədləri yaxınlığında yerləşir. Bu, Türkiyəyə nə dəniz, nə də hava məkanını genişləndirmək imkanı verir. Bu zonaların istənilən mümkün genişləndirilməsi proporsional olaraq Yunanıstana daha çox fayda qazandıracaq, nəinki Türkiyəyə. Afinanın iddiaları hipotetik olaraq Egey dənizini Yunanıstanın daxili gölünə çevirə bilər. Bu halda ondan yalnız yunanlar faydalanacaq. Bunun baş verməməsi üçün tərəflər ədalət prinsipi əsasında razılığa gəlməlidir. Amma bu, mümkün olmur və Afina ilə Ankara müasir tarixdə iki dəfə (1987 və 1996-cı illərdə) müharibənin bir addımlığından dönüblər.

2021-ci ilin əvvəllərindən tərəflər fəal dialoq aparır. Türkiyə və Yunanıstanın xarici işlər nazirləri arasında iki görüş ali səviyyədə dialoqun müjdəçisi idi və belə dialoq NATO-nun iyun sammitinin kluarlarında baş tutub. «Permanent müharibə, yoxsa sülh?» sualına məhz həmin görüşdə cavab verilib: prezident R.T.Ərdoğan və baş nazir K.Misotakis rabitə kanallarını açıq saxlamaq, Egey dənizində 2020-ci ilin yayında yaşanmış gərginliyi təkrarlamamaq haqda razılığa gəliblər. Tərəflərin nə qədər səmimi olduğunu zaman göstərəcək. İstənilən halda, onlar qarşılıqlı ziddiyyətlərin aradan qaldırılması üçün hələ çox səy göstərməli olacaqlar.



MƏSLƏHƏT GÖR:

206