Müəllif: Natiq NAZİMOĞLU
Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin praktik olaraq eyni vaxtda Konya, Bakı və Laçın rayonunda keçirdikləri birgə hərbi təlimlər sentyabrın ortalarında başa çatıb. Əsas diqqətin müasir hərbi texnika və digər hərbi vasitələrdən çətin relyef şəraitində istifadə bacarıqlarının artırılmasına yönəldiyi manevrlər regionda mövcud vəziyyətin inkişafı kontekstində böyük əhəmiyyət kəsb edirdi. İki qardaş ölkənin Azərbaycanın Laçın rayonunda xüsusi təyinatlı qüvvələrin də iştirakı ilə keçirdikləri birgə təlim xüsusilə nümunəvi sayıla bilər.
Diqqəti ilk çəkən məqam bu təlimin keçirildiyi yerdir. Təlim Laçın dəhlizinin bilavasitə yaxınlığında təşkil olunmuşdu. Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamənin tələblərinin əksinə olaraq, bu dəhliz vasitəsilə Azərbaycan ərazisinə erməni hərbi qüvvələrinin daşınması davam edir. Halbuki həmin ərazilər Rusiya sülhməramlılarının nəzarətindədir. Bakı bu vəziyyətin qəbuledilməz olduğunu dəfələrlə bəyan edib. Bəyanatlarda bildirilir ki, bu vəziyyətdə Bakının öz suverenliyinə, ərazi bütövlüyünə qəsdə güc yolu ilə birdəfəlik son qoymaqdan başqa yolu qalmır. Bu mənada, Laçın rayonunda təlimlərin keçirilməsi həm də Azərbaycanın bu dəhlizdən qanunsuz əməllər üçün istifadə edən Ermənistanın qarşısını hərbi yolla almaq əzminin göstəricisi sayıla bilər.
Azərbaycanla Türkiyənin Laçın rayonunda birgə hərbi təlim keçirməsinin məqsədəuyğunluğunu göstərən ikinci vacib məqam Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olmaq cəhdlərilə bağlıdır. Xatırladaq ki, bu nəqliyyat dəhlizinin açılması da məlum 10 noyabr bəyannaməsində əksini tapıb. O, Azərbaycanın qərb rayonlarını onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirməlidir.
Bakı bu təlimləri keçirməklə göstərir ki, 44 günlük müharibənin sonunda Ermənistanın kapitulyasiya aktı olan bəyannamənin İrəvan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsinə istənilən vasitə ilə nail olmaq əzmindədir.
Bununla yanaşı, Laçın rayonunda keçirilmiş birgə hərbi təlim Rusiya sülhməramlı qüvvələrinə də açıq ismarıcdır. Məlum olduğu kimi, sülhməramlılar sözügedən üçtərəfli bəyannamədə nəzərdə tutulmuş məsələlərin həyata keçirilməsini təmin etməlidir. Orada isə Azərbaycanın Qarabağ regionunun Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissələrində erməni hərbçilərinin qalmasını nəzərdə tutulmur. Azərbaycan öz ərazisi olan Laçın dəhlizindən istifadəyə ona görə razılıq verməyib ki, onun vasitəsilə Xankəndi və ətraf ərazilərdəki erməni hərbçilərinin təchizatı həyata keçirilsin. Odur ki, Bakı bundan sonra da əlindən gələni edəcək ki, müharibədə darmadağın olunmuş düşmən son dərəcə məhdud ərazidə olsa belə, qeyri-qanuni hərbi mövcudluğunu davam etdirə bilməsin. Əgər bu qanunsuzluğa Rusiya sülhməramlıları son qoya bilmir və ya qoymaq istəmirsə, Azərbaycan bu vəzifənin öhdəsindən şəxsən gəlməyə hazırdır.
Laçın rayonundakı taktiki manevrlər və ümumiyyətlə, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin artmasının həm də aşkar ümumregional əhəmiyyəti var. Bu, Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra yaranmış yeni regional reallığı əks etdirir. Həmin reallığın əsas amillərindən biri isə məhz Azərbaycan-Türkiyə müttəfiqliyinin güclənməsi, Bakı ilə Ankaranın iştirakı ilə regional əməkdaşlıq formatının praktik şəkil almasıdır. Buraya, əlbəttə ki, başa çatmış Qarabağ münaqişəsi regionunda uzunmüddətli sülhə, çoxtərəfli əməkdaşlığa nail olmaq istiqamətində Rusiya ilə birlikdə göstərilən səylər də daxildir.
Yeri gəlmişkən, Ermənistanın Azərbaycan-Türkiyə birgə təlimlərini regional təhlükəsizliyə təhdid kimi təqdim etmək cəhdləri təəccüblü deyil. İrəvanda bildirirlər ki, Azərbaycanla Türkiyənin Laçın rayonunda birgə hərbi təlim keçirməsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə uyğun gəlmir, sülh və təhlükəsizliyə təhdid yaradır. Bakı isə müxtəlif hərbi təlimləri sırf öz sərhədləri çərçivəsində keçirdiyini deyir və bunun hər bir dövlətin suveren hüququ olduğunu xatırladır.
«Regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi yox, Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi, digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altında saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdamaqdır. Əgər Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir», - deyə Azərbaycan XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.
Tarixi təməl
Son hərbi təlimlərin Bakının Azərbaycan və Türkiyə ordularının birgə səylərilə azad edilməsinin 103-cü ildönümü ərəfəsinə təsadüf etməsinin bir də rəmzi mənası var. 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunan zaman Bakı və Bakı quberniyası daşnak-bolşeviklərdən qurulmuş Bakı Sovetinin hakimiyyəti altında idi. Onlar isə türk-müsəlman əhaliyə qarşı soyqırımı siyasəti aparırdılar. Belə bir vəziyyətdə Azərbaycan hökuməti anlayırdı ki, Bakısız milli suverenliyin təmini mümkün deyil. AXC-nin ilk rəhbəri, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, «ölkəmizin müstəqilliyini geri qaytarmaq fikrindən heç zaman vaz keçməyən Azərbaycan xalqı Bakını geri qaytarmaq arzusundan da imtina edə bilməz. Bu, Azərbaycan üçün yalnız ərazi məsələsi deyil, həm də dövlətin yaşaması üçün şərtdir…».
Lakin yeni yaranmış dövlətin nəinki Bakını azad etmək, Azərbaycanın müvəqqəti paytaxtı elan olunmuş Gəncəyə hücuma başlamış Bakı Soveti qoşunlarına müqavimət göstərmək gücü belə, yox idi. AXC-nin nüfuzlu xadimlərindən biri, gələcək baş nazir Nəsib bəy Yusifbəyli deyirdi: «Belə vəziyyətdə, bu cür müdafiəsiz qaldığımız bir vaxtda xarici müdaxilə üçün müraciət etməkdən başqa yolumuz yoxdur. Bu mənada, buraya gələcək xarici qüvvənin dost və qardaş Türkiyə olmasına sevinməliyik».
Azərbaycanla Osmanlı Türkiyəsi arasında müttəfiq münasibətlərinin əsası 1918-ci il iyunun 4-də Batumidə imzalanmış dostluq müqaviləsi ilə qoyulmuşdu. Sənəddə hərbi yardım haqqında da maddə var idi. Demək, Türkiyə üzərinə AXC-nin ərazi bütövlüyünün təmini məsələsində ona hərbi yardım göstərmk öhdəliyi götürmüşdü. Görkəmli Osmanlı sərkərdəsi Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu da bu məqsədlə yaradılmışdı. Onun tərkibində Azərbaycana məxsus, general Əliağa Şıxlinskinin komandanlıq etdiyi Müsəlman korpusu və azərbaycanlı könüllülərdən ibarət ayrı-ayrı dəstələr də yer alırdı. Qafqaz İslam Ordusunun Azərbaycan hissəsinin Baş Qərargah rəisi sonralar AXC Silahlı Qüvvələri Baş Qərargahına rəhbərlik edən Həbib bəy Səlimov idi. Nuru Paşanın qərargahında isə mülki idarə təşkil olunmuşdu. Ona Nuru Paşanın siyasi məsləhətçisi, Azərbaycan milli hərəkatının görkəmli nümayəndələrindən olan Əhməd bəy Ağayev (Ağaoğlu) rəhbərik edirdi.
Azərbaycan-Türkiyə ordusunun Bakıya yolu Kürdəmir, Göyçay və Şamaxıdakı müzəffər döyüşlərdən keçirdi. Bakı Soveti bu həmlənin qarşısında duruş gətirə bilməmişdi. Əvvəlcə Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi, ardınca daşnak-eser-menşevik «Sentrokaspi Diktaturası» süquta uğradılmışdı. Azərbaycanın müstəqilliyinə qarşı vuruşan düşməni qüvvələri məğlubiyyətdən onlara yardıma gəlmiş keçmiş çar polkovniki Lazar Biçeraxovun kazak qoşunu və general Layonel Denstervilin komandanlıq etdiyi Britaniya ekspedisiya korpusu da xilas edə bilməmişdi.
Qafqaz İslam Ordusu Bakıya həlledici hücuma sentyabrın əvvəlində başlayıb. Artıq sentyabrın 15-i günün sonuna yaxın Denstervilin qoşunlarının olduğu gəmilər Bakı buxtasını tərk edib. Onların ardınca «Sentrokaspi Diktaturası» hökuməti də qaçmağa üstünlük verib. O günlərdə Nuru Paşa Gəncədə yerləşən Azərbaycan hökumətinə yazırdı: «Allahın köməkliyi ilə hissələrimiz Bakını götürdü». Osmanlı imperiyasının Bakıdan sevindirici xəbər almış hərbi naziri Ənvər Paşa dərhal o günlərdə İstanbulda Türkiyə rəhbərliyi ilə danışıqlar aparan M.Ə.Rəsulzadəyə zəng etmişdi: «Təbrik edirəm, Əmin bəy. Bakı azaddır».
M.Ə.Rəsulzadə sonralar özünün «Azərbaycan Cümhuriyyəti» kitabında yazırdı: «Dəhşət dolu altı aydan sonra müsəlman əhali sakitləşmişdi. Müqəddəs gün olan Qurban bayramında Bakı yenidən əsl sahiblərinə qayıtmışdı… Bakının azad edilməsi möcüzəyə bərabər idi».
Bakının azərbaycanlı əhalisi Türkiyə qoşunlarını xilaskar kimi qarşılamışdı. Qafqaz İslam Ordusunun komandanlığı isə öz növbəsində, şəhərin azad edilməsində iştirakının Azərbaycan hökumətinin iradəsi olduğunu bildirirdi.
AXC-nin baş naziri Fətəli xan Xoyski Bakının azad edilməsinin əhəmiyyətindən danışarkən demişdi: «Bizim də azad yaşamaq haqqımız var. Tarixin gedişini heç nə dəyişə bilmədi: nə zirehli texnika, hidroplan, aeroplan, kanonerka, tikanlı məftil, nə minalar və digər texniki qurğular, nə ingilislər, nə də digər qüvvələr və onların himayədarları. Düşmənin əlli minlik qoşunu və texnikası kiçik bir gücün qarşısında duruş gətirə bilmədi. Qoy bu, öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurmaq istəyənlərə dərs olsun».
Bakının azad olunması Azərbaycan xalqının millət-dövlət statusunda azadlıq və müstəqilliyə olan haqqını daha da möhkəmləndirdi. Bundan başqa, bu, Azərbaycanla Türkiyə arasında dövlətlərarası strateji müttəfiqliyin təməlini qoydu və indi bu münasibət müasir dövrün də geosiyasi reallığıdır.
Sarsılmaz qardaşlıq
Türkiyə Cümhuriyyəti 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətdir. Ankara Azərbaycanın müstəqilliyinin ilk anlarından ona tam dəstək verib ki, bu da Ermənistanın hərbi təcavüzü şəraitində xüsusilə əhəmiyyətli idi. Bu təcavüz nəticəsində Azərbaycanın Qarabağ regionunun dağlıq hissəsi və ona bitişik rayonları işğal edilmişdi.
Azərbaycan-Türkiyə müttəfiqliyinin prioritet istiqamətlərindən biri ilk dövrlərdən hərbi və hərbi-texniki sahədə əməkdaşlıq olub. Birgə müdafiə proqramlarının icrası, hərbi təlimlərin keçirilməsi, Azərbaycan və Türkiyə hərbçilərinin müxtəlif beynəlxalq sülhməramlı missiyalarda çiyin-çiyinə dayanması bunun təsdiqidir. Azərbaycanla Türkiyə arasında strateji dialoq ildən-ilə məhz bu cür tədbirlərlə daha da güclənib.
2018-ci il sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi münasibəti ilə şəhərin mərkəzində – Azadlıq meydanında Azərbaycan və Türkiyə ordularının paradı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev həmin paraddakı çıxışında deyib: «Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu Zəfər bayramı ümummilli liderimiz Heydər Əliyevin «Bir millət, iki dövlət» kəlamının fəlsəfəsini yetərincə əks etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu göstərir. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir».
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə çıxışında bu fikirlərə yer vermişdi: «Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda əziz şəhidlərimizin bizə əmanəti olan «Bir millət, iki dövlət» deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik».
Azərbaycan və Türkiyə liderlərinin nə qədər haqlı olduqları özünü 2020-ci ildə baş vermiş 44 günlük müharibədə bir daha göstərib. Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistan qoşunlarını darmadağın edib, düşməni Azərbaycan ərazisindən qovub, ölkənin ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı özü müqəddəs olan bu savaş vaxtı qardaş Türkiyə dövlətinin və xalqının siyasi-mənəvi dəstəyini hər an hiss edib. Artıq 2020-ci il dekabrın 10-da keçirilən birgə parada Azərbaycan Prezidenti İlham Əliyev deyib: «Bu gün Azərbaycan-Türkiyə birliyi təkcə xalqlarımız üçün deyil, həm də bölgə və bütövlükdə dünya üçün çox böyük önəm daşıyır».
İkitərəfli müttəfiq münasibətlərinin inkişafında yeni mərhələ işğaldan azad olunmuş Şuşada 2021-ci il iyunun 15-də imzalanmış bəyannamədir. Türkiyə prezidenti Ərdoğanın Qarabağın mirvarisi, Azərbaycanın mədəniyyət paytaxtı sayılan bu şəhərə əlamətdar səfəri, iki qardaş ölkə liderlərinin orada müttəfiqliyə dair Şuşa Bəyannaməsi imzalaması aydın şəkildə göstərir ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi Qələbə bütünlükdə regionda geosiyasi mənzərəni kökündən dəyişib. Azərbaycanla Türkiyə Şuşa Bəyannaməsini imzalamaqla, müttəfiqlik münasibətlərini rəsmiləşdirib. Bununla da, bu münasibətlər müasir dövrün tələblərinə və çağırışlarına cavab verən, Bakı ilə Ankaranın regional və beynəlxalq məsələlərdə rolunun daha da güclənməsinə hesablanmış yeni mərhələyə qədəm qoyub.
MƏSLƏHƏT GÖR: