25 Noyabr 2024

Bazar ertəsi, 02:51

YUMŞAQLIQ və AQRESSİVLİK

ABŞ və Avropanın Çinə münasibəti fərqlidir

Müəllif:

01.10.2021

«Müttəfiqlər belə davranmır», «Arxadan zərbə», «Yəqin ki, artıq Avropa İttifaqı ilə ABŞ arasında münasibətləri dayandırmağımızın, yeniləməyimizin vaxtıdır»…

Koalisiya qüvvələrinin Əfqanıstandan razılaşdırılmadan və xaotik şəkildə çıxarılması Avropada o qədər mənfi emosiyalar yaratmamışdır, nəinki AUKUS adlı üçtərəfli müdafiə alyansının yaradılması. İndi Aİ liderləri ABŞ prezidenti Co Baydeni açıq şəkildə trans-Atlantik alyansdakı tərəfdaşlarına etinasızlıqda ittiham edir. «Alyansın əsas prinsipləri loyallıq və şəffaflıqdır», - deyə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib: «Biz şəffaflığın, loyallığın olmadığını görürük».

 

Vacib region

Kabilin süqutundan 1 ay keçməmiş ABŞ, Böyük Britaniya və Avstraliya təhlükəsizlik sahəsində üçtərəfli tərəfdaşlığa başladıqlarını elan ediblər. AUKUS razılaşması bir sıra sahələrdə, o cümlədən kəşfiyyat və kvant texnologiyaları sahəsində informasiya və texnologiya mübadiləsini nəzərdə tutur. Amma burada ən vacib məqam atom sualtı qayıqlarının inşasında Kanberraya yardımın nəzərdə tutulmasıdır. Onların Avstraliyada peyda olması ABŞ-ın bu regionda nüfuz dairəsini genişləndirməsi baxımından həlledici əhəmiyyət daşıyır. Üstəlik, bu, tarixdə Birləşmiş Ştatların öz nüvə texnologiyalarını bölüşməyə razılıq verdiyi ikinci haldır. İndiyədək bu, yalnız Böyük Britaniya ilə olmuşdu – 1958-ci ildə.

Avstraliya Hərbi Dəniz Qüvvələri «Tomaqavk» da daxil olmaqla, uzaq mənzilli qanadlı raketlərlə də gücləndiriləcək. Bununla yanaşı, razılaşmanın iştirakçıları Avstraliyanın nüvə silahı əldə etməyəcəyini bildirirlər.

Asiya-Sakit okean regionunun artan iqtisadi, demoqrafik və siyasi çəkisi onu beynəlxalq düzənin formalaşmasında, qlobal problemlərin həllində əsas oyunçulardan birinə çevirir. AUKUS-un əsas hədəfi Çinin bu regionda güclənməsindən və qlobal iddialarından irəli gələn təhdidlərin (ABŞ-da belə hesab edirlər) qarşısının alınmasıdır.

Dünyanın ən böyük hərbi-dəniz donanmasına malik (gəmilərin tonnajına yox, sayına görə) Çin Cənubi Çin dənizi kimi mübahisəli ərazilərdə getdikcə daha inadkar gücə çevrilir. Beynəlxalq ticarət üçün vacib dəniz yollarının oradan keçdiyini nəzərə alsaq, bu, narahatlıq yaratmaya bilməz. Üstəlik, söhbət heç də tək ABŞ-ın narahatlığından getmir.

Bununla yanaşı, AUKUS-un yaradılması göstərir ki, Vaşinqtonun Çinin önünü kəsmək cəhdlərinin təməl daşlarından biri də Hind-Sakit okean zonasıdır.

Lakin yeni üçtərəfli razılaşma həm də ABŞ ilə Aİ-dən olan tərəfdaşları arasında qarşılıqlı məyusluğun nəticəsidir. Vaşinqtonda hesab edirlər ki, Aİ Çinə həddindən artıq yumşaq yanaşır. Avropalılar isə əksinə, Birləşmiş Ştatların Pekinlə münasibətdə hədsiz aqressiv davrandığı qənaətindədirlər. Bu üzdən də, Aİ Hind-Sakit okean regionu (HSR) ilə bağlı öz strategiyasını hazırlamağı və bu bölgə dövlətləri ilə əlaqələri dərinləşdirməyi düşünür.

 

Aİ-nin strategiyası

Aİ üçün HSR-in strateji əhəmiyyəti getdikcə daha vacib əhəmiyyət kəsb etməyə başlayır. O, bu bölgənin aparıcı investoru və ən böyük ticarət tərəfdaşlarından biridir. Beynəlxalq ticarətin 70%-dən çoxu (mal və xidmətlər) və birbaşa xarici investisiya axınının 60%-dən artığı Avropa ilə HSR-in payına düşür. Bu üzdən, Avropa İttifaqı, təbii olaraq, bu bölgə ilə siyasi və müdafiə bağlarını möhkəmləndirəcək strategiyaya sahib olmaq istəyir. Amma maraqlıdır ki, Brüssel bunu AUKUS-un yaradılmasından cəmi bir gün sonra bəyan edib.

Üçtərəfli razılaşmadan fərqli olaraq, Aİ-nin strategiyası daha çox region dövlətləri ilə ticarət, səhiyyə, informasiya, infrastruktur və ətraf mühit sahələrində əməkdaşlığa əsaslanır. Eyni zamanda, burada «dəniz kommunikasiyalarının və azad gəmiçiliyin müdafiəsi məqsədi ilə Aİ ölkələrinə məxsus hərbi-dəniz qüvvələrinin bölgəyə geniş şəkildə yerləşdirilməsi imkanlarının öyrənilməsi»ndən də bəhs olunur.

Doğrudur, skeptiklər düşünürlər ki, bu strategiya Aİ-nin bu bölgədə nüfuz dairəsini ciddi şəkildə genişləndirməsinə kifayət etməyəcək. Buna ən parlaq nümunə cəmi 3 ay əvvəl təsis olunmuş Aİ-ABŞ Ticarət və Texnologiyalar Şurasıdır.

 

Almaniya ilə Fransa narazıdır

Şura Aİ ilə ABŞ-ın əsas qlobal ticarət, iqtisadi və texnologiya məsələlərinə yanaşmalarını koordinasiya etməli idi. Amma hələ AUKUS peyda olmamış belə, Vaşinqtonla Brüsselin yeni təşəbbüslə bağlı fikirləri haçalanırdı. Vaşinqton bu formata ümumi texnoloji və ticarət standartlarının yaradılması, Çinə qarşı vahid mövqedən çıxış edilməsi üçün əla imkan kimi yanaşırdısa, Avropa düşərgəsi Pekinin yeni razılaşmanın əsas hədəfi olduğu rəyinin yaranmaması üçün əlindən gələni edirdi. Aİ ölkələri, xüsusilə Fransa ilə Almaniya Pekinlə ciddi iqtisadi əlaqələrə malik olduqlarından, Çinə hədsiz təzyiq göstərilməsinə tərəfdar deyillər.

Bundan başqa, ötən ilin sonlarında, Baydenin prezidentliyə başlamasına az qalmış Aİ Çinlə İnvestisiyalar haqqında Hərtərəfli Saziş (CAI) də imzalayıb. Üstəlik, Brüssel buna Aİ-nin bir çox üzvünün sərt etirazlarına rəğmən gedib. İtaliya, Polşa, Belçika, İspaniya və digərləri Almaniya ilə Fransanı sənədi Berlinin Avropa İttifaqı Şurasına sədrliyinin son günlərində və Co Baydenin prezidentliyə başlamasına cəmi bir ay qalmış imzaladığı üçün tənqid edirdilər. Bu razılaşmaya qarşı əsas arqument isə orada qul əməyi və investisiyaların qorunması ilə bağlı öhdəliklərin yer almaması idi. Bundan başqa, tənqidçi ölkələr düşünürlər ki, bu, ABŞ və Çinlə münasibətlərdə Aİ-nin mövqeyini zəiflədəcək.

Bir çox Avropa ölkəsi Fransanın ticarətlə bağlı öz problemlərini Aİ-nin gündəminə çevirmək cəhdlərindən də narazıdır. Məsələn, indi Aİ-nin Avstraliya ilə imzalanması ilin sonuna planlaşdırılan ticarət razılaşması baş tutmaya bilər. Səbəb Fransanın Kanberra ilə imzaladığı nəhəng müqaviləni itirməsindən qəzəblənməsidir.

 

Dünyanın yeddinci dövləti

Avstraliya AUKUS razılaşmasını imzalamaqla, yeni seçimini ortaya qoyub – o, Çinin deyil, ABŞ-ın tərəfindədir. Bu, bir Asiya-Sakit okean regionu dövləti üçün kifayət qədər cəsarətli addımdır. Çünki onun ixracının 40%-i Pekinin payına düşür, üstəlik, Çin Avstraliya iqtisadiyyatına 100 milyard dollardan artıq investisiya qoyub.

Lakin ABŞ və Böyük Britaniya ilə təhlükəsizlik razılaşması Avstraliyaya öz müdafiəsini modernləşdirməsi üçün ciddi impuls verir. O, dünyada ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Çin və Hindistandan sonra atom sualtı qayıqlarına malik yeddinci dövlətə çevriləcək. Atom sualtı qayıqları adi mühərrikli sualtı qayıqlardan dəfələrlə sürətlidir və onları müşahidə etmək çətindir. Onlar aylarla suyun altında qala, uzaq məsafələrə raket zərbələri endirə bilir, hərbi təchizat baxımından geniş imkanlara malik olurlar. Bu üzdən, Avstraliyanın Fransa ilə dizel yanacağı ilə işləyən sualtı qayıqların inşasına dair müqavilədən imtinası tamamilə anlaşılandır. Yeri gəlmişkən, həmin müqavilə ilə bağlı problemlər onun imzalandığı 2016-cı ildən başlamışdır. Razılaşmada əsas mübahisə «Barracuda» sinfinə aid 12 sualtı qayığı kimin inşa edəcəyi ilə bağlı idi. Kanberra onların yerli sakinlərin 90%-lik iştirakı ilə Avstraliyada tikilməsini tələb edir, fransızlar isə buna qəti etiraz edərək, Avstraliya sənayesinin buna hazır olmadığını bildirirdilər. Beləliklə, müqavilənin icrası uzanırdı ki, bu da onun dəyərinin ilkin 31 milyard avrodan 56 milyard avroyadək artmasına səbəb olmuşdu. Başqa problemlər də var idi. Lakin Fransa nədənsə Avstraliyanın alternativinin olmadığını düşünərək, onlara məhəl qoymurdu. İndi məlum olur ki, Paris yanılıb. Artıq bu ilin əvvəlində Kanberranın müqavilədən çıxmağa hazırlaşdığına dair xəbərlər yayılmışdı. Halbuki o, bu işə 1 milyard dollardan artıq vəsait xərcləmişdi, üstəlik, razılaşmanı tərk edəcəyi təqdirdə, «dəbbə pulu» da ödəməli olacaqdı. Avstraliya qərarını rəsmən açıqlamağı yalnız bir səbəbdən ləngidirdi – o, həyat qabiliyyətli alternativ tapmalı idi. Təbii ki, bunu Fransa da bilməyə bilməzdi. Beləliklə, Parisin AUKUS razılaşmasına və qarşı tərəfin onunla müqavilədən imtinasına əsəbi reaksiyası başadüşüləndir.

Amma nəzərə alsaq ki, cəmi 7 ay sonra Fransada prezident seçkisi keçiriləcək, bəlkə də Emmanuel Makronun qəzəbi, ilk növbədə, daxili auditoriyaya hesablanıb.

 

Yenilənmə

Aİ liderləri AUKUS razılaşması üzvlərinin onların rəyini nəzərə almamasından nə qədər narazılıq etsələr də, bu alyans ətrafındakı mübahisələr bir vacib yeni reallığı ortaya qoyub: ABŞ ilə Çin arasında qarşıdurma getdikcə artacaq və avropalıların bu vəziyyətə uyğunlaşmaqdan başqa yolu yoxdur. Məhz bu yerdə Aİ ilə Çinin əməkdaşlığa yanaşmaları arasında fundamental asimmetriya ortaya çıxır. Avropa infrastrukturuna və yüksək texnologiyalarına Çin investisiyalarının artması Pekinin qazanc əldə etmək niyyətilə deyil, geosiyasi hədəfləri ilə bağlıdır. Çinin ticarət və investisiya əməliyyatlarına yanaşması məhz bu amilə əsasən müəyyənləşir. Avropa şirkətlərinin qarşılarına qoyduqları məqsədlər, onların Çin bazarlarına düşmək cəhdləri isə sırf pul qazanmaq istəyinə bağlıdır.

Avropanın geosiyasi iddialarının nə qədər real olduğu yaxın gələcəkdə ortaya çıxacaq. Bəlkə də, yenilənmə elə onların özlərinə lazım oldu.



MƏSLƏHƏT GÖR:

180