Müəllif: Nigar ABBASOVA
Son bir neçə ayda Avropa ölkələrini bürümüş qaz həyəcanı oktyabrın əvvəlində öz zirvəsinə çatıb. Avropada qazın birja qiyməti qaz anbarlarında ehtiyatların azalması, isitmə mövsümündən əvvəl yanacağa tələbatın artması və təklifin azlığı fonunda oktyabrın 6-da 1000 kubmetr üçün 1950 dollar səviyyəsini keçərək, yeni bir rekord vurdu. Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans elə həmin gün bildirib ki, Avropa İttifaqında enerji resurslarına tələbat son 25 il (!) ərzində maksimuma çatıb və bu da qiymətlərin bu qədər kəskin sıçrayışına səbəb olub.
Günahkar axtarışı
Beləliklə, Avropanın yeraltı qaz anbarlarında (YQA) qaz ehtiyatları on illik dövr üzrə ən aşağı doluluq səviyyəsində idi - 75% doldurulmuşdu, halbuki ötən ilin eyni vaxtında doluluq 94% olmuşdu. Energetika məsələləri üzrə Avropa komissarı Kadri Simson bu həcmin Avropanın qışı keçirməsi üçün kifayət edəcəyinə əmin etsə də, ekspertlərin fikrincə, Avropa qaz bazarında "qiymət çılğınlığının" müddəti daha çox təbiət amilindən asılı olacaq. Əgər qış nisbətən isti keçərsə, onda ehtiyatların və qiymətlərin səviyyəsinin normallaşmasına ümid etmək olar. Əks təqdirdə, bütün gələn il boyunca Avropada "mavi yanacağın" qiyməti yüksək olaraq qalacaq.
Rusiya Avropa İttifaqı bazarındakı vəziyyəti sabitləşdirmək imkanını "Şimal axını-2" qaz kəmərinin tam keyfiyyətli işə salınmasında görür, lakin kəmər hələ də test doldurulması mərhələsindədir və həm də sertifikatlaşmadan keçməlidir. Kreml mümkün başqa bir variant kimi, mövcud boru kəmərləri ilə qaz nəqlinin həcmini artırmağı sayır.
Ancaq bu, yalnız Avropa İttifaqının və ya regionun ayrı-ayrı ölkələrinin müvafiq xahişlə Rusiyaya üz tutsalar və əlbəttə ki, müqavilələr bağlasalar, mümkün olacaq - başqa heç cür mümkün deyil. Yeri gəlmişkən, Macarıstan artıq qaz qiymətlərinin artması fonunda Rusiya ilə yeni müqavilə imzalayıb. Ola bilsin ki, Rusiya boru kəməri qazının digər Avropa istehlakçıları da onun yolu ilə gedəcəklər.
Yeri gəlmişkən, bir sıra Avropa siyasətçiləri açıq şəkildə məhz Moskvanı bazarda ajiotaj tələbatı yaratmaq üçün qəsdən Avropa istehlakçılarına qazı az göndərməkdə günahlandırırlar. Halbuki Avropanın ən böyük qaz şirkətləri bildirirdilər ki, "Qazprom" uzunmüddətli müqavilələr üzrə öhdəliklərini yerinə yetirir. Buna baxmayaraq, Rusiya - enerji nəhəngi ixracatı artırıb-artırmayacağı barədə müzakirələrin mərkəzində qalır.
Sentyabrın ortalarında Avropa parlamentinin bir qrup deputatı Avropa Komissiyasından bazardakı indiki vəziyyətdə «Qazprom»un rolunu araşdırmağı xahiş etdi. Parlamentarilər rekord qiymət artımlarında şirkətin günahkar ola biləcəyini və bundan "Şimal axını 2" qaz kəmərinin işə salınmasına icazə alınmasını sürətləndirmək üçün istifadə etdiyini iddia edirlər.
ABŞ-ın enerji naziri Cennifer Granholm, öz növbəsində, bildirib ki, Vaşinqton Rusiyanın Avropadakı qaz böhranındakı rolunu "yaxından" izləyir. O, əlavə edib ki, ABŞ "Qazprom" un bu işdə iştirak edib-etmədiyini və şirkətin bazarı manipulyasiya edib-etmədiyini qiymətləndirmək də daxil olmaqla böhranın həllinə kömək etmək üçün yollar axtarmağa çalışır.
Rusiya yeni müqavilələrə hazırdır
Bununla yanaşı, oktyabrın 7-də keçirilən hərracda yanacaq nəzərəçarpacaq dərəcədə ucuzlaşdı - Avropada qazın min kubmetrinin qiyməti 1000 dollardan aşağı düşdü. Ekspertlər qiymətlərin aşağı düşməsinin səbəblərindən birinin Rusiya prezidenti Vladimir Putinin energetikanın inkişafı üzrə iclasda qiymətləri sabitləşdirməklə bağlı Avropaya kömək vəd etməsi olduğunu düşünürlər.
Düzdür, daha öncə V.Putin Avropa Komissiyasının qaz nəqli ilə bağlı uzunmüddətli müqavilələri məhdudlaşdırmaq və yanacaq ticarətində birja mübadiləsinə yönəlmək qərarını tənqid etmişdi. "Bu gün bu siyasətin yanlış olduğu tamamilə aydındır",- deyə V.Putin bildirib.
O, bildirib ki, belə bir siyasətin çox sayda qeyri-müəyyənliklər üzündən qaz bazarının xüsusiyyətlərini nəzərə almır. Rusiya lideri bunların sırasında böhrandan sonrakı enerjiyə tələbatı artıran sürətli iqtisadi yüksəlişi və qışın soyuq keçməsi səbəbilə yeraltı qaz anbarlarında təbii qaz ehtiyatlarının azalmasını sadalayıb. V.Putinin fikrincə, başqa bir amil, havanın istiliyi və sakit hava üzündən küləkdən enerji istehsalının azalması olub. “Nəzərə almaq lazımdır ki, son on il ərzində Avropada enerji balansı kəskin şəkildə dəyişib. Bölgənin bir çox ölkəsi havadan asılı külək enerjisinə görə kömür və nüvə stansiyalarından imtina edib",- deyə o vurğulayıb.
İclasın yekununda Rusiya lideri Sankt-Peterburq Birjası vasitəsilə dünya bazarında qaz nəqlinin artırılması təşəbbüsünü dəstəkləyib.
Ekspertlər əmindirlər ki, zamanla bu cür addımlar Avropada enerji xammalı qiymətləri ilə bağlı vəziyyəti sabitləşdirməyə kömək edəcək. Bununla belə, analitiklər regionda qaz qiymətlərinin keçənilki dəyərlərə enməsini gözləmirlər, buna görə də tədbirlərin ani təsir edəcəyinə ümid etmirlər, çünki ixracatın artmasının özü də mərhələli prosesdir.
Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak da vurğulayıb ki, bazarda qaz qiymətlərinin cari səviyyəsi sağlam deyil, yalnız fundamental amillər nəticəsində deyil, həm də spekulyasiyalar hesabına yaranıb, o, vəziyyətin tez bir zamanda sabitləşdirmək lazım olduğunu bildirib: təchizatçılar üçün ani mənfəət, qiymət uyğunsuzluğunun uzunmüddətli potensial zərərlərini üstələməyəcək.
"Belə şəraitdə bir çox istehsal müəssisələri, özəlliklə, qaz-kimya zavodları bağlana bilər və bu, artıq baş verir, bunu elə həmin Böyük Britaniyada, Avropa ölkələrində və digər ölkələrdə görürük. Belə qiymətlərdə bərpa olunan enerji mənbələrinə keçid intensivləşir və təbii ki, daha səmərəsiz hasilat layihələrinə sərmayə qoymaq arzusu artır. Buna görə də, əlbəttə ki, bazar daha sürətli sabitləşməlidir”, - deyə A.Novak bildirib.
Britaniya böhranı
Bununla yanaşı, rusiyalı nazirin yuxarıda qeyd etdiyi kimi, Böyük Britaniyada işlər, həqiqətən də, Avropa İttifaqından daha pisdir - son 1,5 ay ərzində yüksək qaz qiymətləri üzündən Krallıqda beş enerji şirkəti artıq bağlanıb. Daha dördünün müflisləşməsi barədə xəbərlər tezliklə meydana çıxa bilər. Analitiklər güman edirlər ki, ilin sonuna qədər ölkədə yalnız 10 enerji şirkəti qala bilər - 2021-ci ilin əvvəlində isə 70-ə yaxını işləyirdi.
Böyük Britaniya Avropanın ən böyük qaz istehlakçılarından biridir, Britaniyanın elektrik enerjisi sənayesinin və buna görə də bütün iqtisadiyyatın bu enerji daşıyıcısından asılılıq dərəcəsi çox yüksəkdir. Belə ki, Britaniya Neft və Qaz Şirkətləri Assosiasiyasının (OGUK) məlumatına görə, 2021-ci ilin birinci rübündə, ölkədəki elektrik enerjisi istehsalının 35%-ində qazdan istifadə edilib.
Müqayisə üçün: Avropanın ən böyük "mavi yanacaq" istehlakçısı və "Qazprom"un ən önəmli ixrac bazarı olan Almaniyada eyni dövrdə bu rəqəm 2 dəfə aşağı - 16% idi, Fransada isə qazın payı heç 6%-ə də çatmır – Avropa İttifaqının ikinci ən böyük iqtisadiyyatı əsasən nüvə enerjisinə güvənir. Avropa İttifaqının elektrik enerjisi sənayesində qazın payı 2020-ci ildə orta hesabla 20% təşkil edib.
Böyük Britaniyada evlərin 85%-i, Almaniyada - 48%, Fransada - mənzil sektorunun 39%-i qazla qızdırılır.
Böyük Britaniyanın qazdan bu qədər yüksək asılılığı ölkənin kontinental şelfində, ilk növbədə, Şimal dənizində yarım əsrdən çox gerçəkləşdirilmiş fəal neft və qaz hasilatının birbaşa nəticəsidir. Öz sahillərində iri yataqları istismar etmək imkanı olduğuna görə britaniyalılar geniş yeraltı qaz anbarı sistemi yaratmağa ehtiyac duymayıblar – Avropa İttifaqındakı qaz anbarlarının ümumi tutumu Böyük Britaniyadakı qaz anbarlarının tutumundan, təxminən, 80 dəfə çoxdur.
Böyük Britaniyanın qaz bazarının artan asılılığı həm də onunla bağlıdır ki, o, tələb olunan həcmlərin qısamüddətli satınalınmasına, uyğun olaraq, spot qiymətlərlə alınmasına fokuslanıb. Bu bazarda isə qiymətlər son vaxtlar ağlasığmaz yüksəkliklərə qalxıb: keçən ilin sonunda 1000 kubmetr üçün 200 dollar səviyyəsindən bu ilin 30 sentyabrında, demək olar ki, 1180 dollara yüksəlib.
Belə vəziyyətdə, bir qayda olaraq, «Qazprom» və digər təchizatçılarla sabit qiymət formulu ilə uzunmüddətli müqavilələr bağlayan Almaniya şirkətləri və qitənin digər enerji şirkətləri özlərini (ən azından indiyə kimi) hazırda çətin duruş gətirən britaniyalı idxalçıları nisbətən xeyli üstün mövqedə görürlər.
Eyni zamanda Avropa İttifaqı ölkələri artıq növbəti inflyasiya dalğalarına hazırlaşır - analitiklərin fikrincə, 2022 -ci ildə Avropanın qaz və elektrik enerjisi bazarlarında bu, mümkündür.
Azərbaycanın planları
Avropada qaz çatışmazlığı Azərbaycandan da "mavi yanacaq" ixracı həcminin artmasına səbəb olub. Eyni zamanda, OPEK+un qərarı ilə Azərbaycan da avqust ayından bu yana neft hasilatını ayda 7 min barel/sutka artırmaq üçün «xeyir-dua» alıb. Dünya bazarlarında neft və qazın yüksək qiymətləri ilə yanaşı, xammal ixracının həcminin artmasının Azərbaycan iqtisadiyyatına hansı təsir göstərəcəyini təxmin etmək çətin deyil. Belə ki, «FitchGroup»a daxil «FitchSolutions»un proqnozuna görə, ölkə ümumi daxili məhsulun (ÜDM) artımı 2021-ci ildə 2,5%, 2023-cü ildə isə 3,3% olacaq. Agentliyin məlumatına görə, 2021-2022-ci illərdə Azərbaycan ÜDM-in artmasını yüksək xarici tələbat, o cümlədən neftə və qaza dayanıqlı tələbat stimullaşdıracaq.
Azərbaycan qazının Avropaya ixracı uzunmüddətli müqavilələr əsasında həyata keçirilsə də, bu müqavilələrdə spot komponentini də istisna etmək mümkün deyil. SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov da bunu dolayısı ilə təsdiqləyib. Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi «Independent Commodity Intelligence Services»ə verdiyi müsahibəsində, təbii ki, qiymətləri şərh etməyib, lakin bildirib ki, Azərbaycan spot qazı artıq İtaliya bazarında satılır və vurğulayıb ki, SOCAR alıcılarını "bazar şərtlərinə uyğun olaraq çeviklik" təqdim etməyə çalışır.
TAP AG boru kəməri şirkəti bildirib ki, 31 dekabr 2020-ci ildən 16 sentyabr tarixinə qədər 5 milyard kubmetr Azərbaycan qazı Trans-Adriatik qaz kəməri ilə Avropaya (İtaliya, Yunanıstan və Bolqarıstan – “R+”) göndərilib. Amma bu, əslində, Azərbaycan Energetika Nazirliyinin bu il ixrac üçün planlaşdırdığı həcmdir.
Bununla yanaşı, Bakı artıq Avropaya ixrac həcmini artırmağa hazır olduğunu bildirib, lakin Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bunun üçün yeni sazişlərə ehtiyac var.
“Biz təbii qazımızı Avropaya ixrac etməyə ötən ilin son günü - dekabrın 31-də başladıq. Həmin vaxtdan etibarən ixracımızın profili artmaqdadır. Biz uzun illər, 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıyıq və hər hansı fasilə olmayıb. İndi isə təbii qazın etibarlı təchizatçısı kimi biz öz rolumuzu oynayırıq. Bizim təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir. Biz Avropa istehlakçılarına göndərdiyimiz qazı artıq müqavilə əsasında satmışıq. Buna görə, əgər Avropa istehlakçılarından əlavə tələbat olarsa, biz danışıqlara başlamalıyıq, çünki siz əvvəlcə qazı satmalısınız, sonra onu hasil etməlisiniz. Adətən, qaz biznesində fəaliyyətin ardıcıllığı belədir ”, - deyə İlham Əliyev İspaniyanın «EFE» xəbər agentliyinə müsahibəsində bildirib.
O, texniki və kommersiya səbəblərinə görə bu qış Azərbaycan qazının Avropaya ixrac həcmini artırmağın mümkün olmadığını bildirib. "Lakin əgər indi başlasaq, fikrimcə, biz növbəti qış üçün hazır olacağıq. Həcmlərin artırılması üçün potensial var”, - deyə Azərbaycan lideri bildirib.
Azərbaycan Prezidenti həmçinin xatırladıb ki, ölkənin qaz ehtiyatları 2,6 trln. kubmetr səviyyəsində qiymətləndirilir . “Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq", - deyə o vurğulayıb.
Yeri gəlmişkən, hakimiyyətin qaz ixracının coğrafiyasını Balkanlar və Şərqi Avropa ölkələri hesabına genişləndirmək üzrə planları var. " Gələcəkdə biz təchizatımızın coğrafiyasını Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirə bilərik. Bu, istehlakçılar və bizim üçün, o cümlədən şirkətlər və hər kəs üçün enerji təhlükəsizliyi baxımından yaxşı olardı”, - deyə İ. Əliyev bildirib.
OPEK ekspertləri ehtimal edirlər ki, yaxın 25 ildə qaza tələbat artacaq. Təşkilatın proqnozlarına görə, 2045-ci ildə qlobal enerji balansında qazın payı indiki 23.3%-dən 24.4%-ə yüksələcək və bütün enerji növləri arasında ikinci yeri tutacaq (2020-ci ildə neftdən sonra kömür ikinci yerdə olub).
Kartel həmçinin ehtimal edir ki, 2021-2022-ci illərin qışının soyuq olacağı təqdirdə, rekord qaz qiymətləri enerji istehsalında alternativ yanacaq kimi neft məhsullarının istifadəsinə təkan verə bilər.
Bu proqnozları və Azərbaycanın potensialını nəzərə alaraq, Azərbaycan qazının asanlıqla yeni alıcı tapacağını güman etmək olar. Məsələnin texniki tərəfinə gəlincə, bu zaman Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətini iki dəfə artırmaqla bağlı, çox güman ki, heç bir problem olmayacaq. Son enerji böhranının fonunda Cənub Qaz Dəhlizinin və bütövlükdə Azərbaycan qazının dəyəri önəmli dərəcədə artır.
MƏSLƏHƏT GÖR: