25 Noyabr 2024

Bazar ertəsi, 03:10

QARŞILIQLI YORĞUNLUQ

Aİ ilə Qərbi Balkan ölkələri arasındakı münasibətlərdə qeyri-müəyyənlik dərinləşir

Müəllif:

15.10.2021

Avropa İttifaqının (Aİ) son dəfə sıralarına yeni üzv (Xorvatiya) qəbul etməsindən 8 il keçir. O vaxtdan Brüssel bu istiqamətdə «genişlənmə Aİ-nin əsas siyasətidir» fikrini təkrarlamaqdan başqa heç bir iş görməyib. Yəni reallıq deyilənlərin əksini göstərir. İndi bu vədlərə Qərbi Balkan dövlətləri də inanmır. Onlardan bəziləri, məsələn, Şimali Makedoniya düz 16 ildir ki, «namizəd» statusuna «ilişib qalıb». Belə dövlətlər üçün ən məyusedici olanı isə Aİ-nin genişlənmə qərarının qəbul oluna biləcəyi vaxtı göstərməməsidir.

Qərbi Balkan regionunun 6 dövləti Aİ-yə üzvlüyə aparan yolun müxtəlif mərhələlərindədirlər. Monteneqro ilə Serbiya daha irəli gedərək, üzvlüklə bağlı rəsmi danışıqlara hələ illər əvvəl başlayıblarsa, Albaniya ilə Şimali Makedoniya rəsmi danışıqlara start verilməsini gözləyir, Kosovo ilə Bosniya və Herseqovina isə potensial namizədlər sayılırlar.

Hələ 2003-cü ildə keçirilmiş ilk Aİ-Balkanlar sammitində Avropa İttifaqının liderləri region dövlətlərinə onların birliyə qəbul olunacağı sözünü vermişdilər. Bunun üçün onlardan yalnız Brüsselin tələblərinə uyğun islahatların həyata keçirilməsi tələb olunurdu. Dedilər, söz verdilər və… düz 15 il unutdular. Hər halda, ikinci belə sammit bir də 2018-ci ildə keçirilib. Namizədlərin qəbulu ilə bağlı mümkün tarix də, nəhayət, məhz həmin toplantıda açıqlanıb – 2025-ci il.

Lakin bu dəfə də COVID-19, onunla əlaqəli qlobal iqtisadi böhran Avropanın diqqətini yenə Balkanlardan yayındırıb. Doğrudur, sammitləri daha müntəzəm keçirməyə başlayıblar və onlardan sonuncusu bu yaxınlarda – oktyabrın 6-7-də olub. Yeri gəlmişkən, son sammit ərəfəsində Aİ-yə sədrlik edən Sloveniya vəziyyəti nəzərə alaraq, Balkan dövlətlərinin Aİ-yə inteqrasiyası tarixinin 2030-cu ilədək uzadılmasını təklif edib. Bu ideyanı nəinki namizədlər, həm də Aİ-nin bir çox üzvü dəstəkləyib. Məsələn, Avstriyanın artıq sabiq kansleri Sebastyan Kurs bildirib ki, «konkret tarix bilinmədikdə temp zəifləyir».

Düşünmək olardı ki, «X» saatı, nəhayət, gəlib çatıb. «Lehinə» olanlar daha çoxdursa, demək, məsələ müsbət həllini tapacaq! Amma yenə də işlər niyəsə düz getməyib. Doğrudur, sammit iştirakçıları «Aİ genişlənmə prosesinə sadiqliyini təsdiq edir…» kimi ənənəvi fikirlərin yer aldığı bəyannamə qəbul edib, təxminən, 30 milyard avroluq investisiya vədi verib (o cümlədən COVID-19 pandemiyasının nəticələrinin aşılması, iqtisadi problemlərin aradan qaldırılması və s. üçün 9 milyardlıq qrant daxil olmaqla), amma ən əsas məsələ yenə «havada qalıb» - Balkan dövlətlərinin Aİ-yə nə vaxt qəbul olunacağı ilə bağlı tarix elan olunmayıb.

Aİ rəhbərliyi də daxil olmaqla, hər kəs bilir ki, boş vədlər, genişlənmə ilə bağlı qərarların gecikməsi yalnız region dövlətlərinə deyil, ümumilikdə Aİ-yə yaxşı heç nə vəd etmir. Əks təqdirdə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen «bu, vəziyyətimizi, regiona təsir rıçaqlarımızı təhlükə altına atır» etirafını səsləndirməzdi. Brüsseldə də bildirirlər ki, Qərbi Balkan dövlətlərinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik regional antaqonizmi gücləndirir, digər fövqəldövlətlərin, ilk növbədə, Çin, Rusiya, Türkiyə və Fars körfəzi ölkələrinin bu bölgədə nüfuzunu artırmalarına əlavə imkan yaradır.

Amma bütün bunlara baxmayaraq, son sammitin nəticələri gözlənilən idi. Çünki Aİ üzvləri arasında daha kasıb, üstəlik, dayanıqlı demokratiya ənənələri olmayan ölkələrin birliyə qəbuluna skeptik yanaşan kifayət qədər dövlət var. Qərbi Balkan dövlətlərində başqa problemlər də az deyil – sərhədlərlə bağlı bitmək bilməyən mübahisələr, etnik və dini zəmində qarşıdurmalar və s.

 

Sirli sənəd

Qərbi Balkanlarda dövlət sərhədlərinin dəyişdirilməsi ideyası Avropa tərəfindən alqışlanmır. Lakin bu ilin yazında qəflətən məlum olub ki, Aİ dəhlizlərində Yuqoslaviyanın dağılmasından sonra yaranmış sərhədlərin dəyişdirilməsini nəzərdə tutan hansısa sənəd dolaşmaqdadır. «Qərbi Balkanlar – irəli aparan yol» adlı sənəddə bildirilir ki, Balkan dövlətlərinin Aİ-yə daha sürətli inteqrasiyasına əsas maneə serblər, xorvatlar və albanların həllini tapmayan milli problemləridir. Anonim müəlliflər bu problemin həlli üçün Bosniya Serb Muxtar Respublikasının Serbiyaya birləşdirilməsini, Bosniyanın xorvat əhalinin çoxluq təşkil etdiyi kantonlarının Xorvatiyaya inteqrasiyasını, Kosovonun Albaniyaya birləşdirilməsini, eyni zamanda Kosovonun şimalında serb muxtariyyatının yaradılmasını təklif edirlər.

Deyilənə görə, sənədin müəllifi Sloveniyanın baş naziri Yanez Yansdır. «Reuters» xəbər verir ki, sənədi Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelə o göndərib. Bununla Yans ölkəsinin Aİ-yə sədrliyə başlamasından sonra regionla bağlı necə davranmaq istədiyini ortaya qoyub. Qeyd edək ki, Sloveniya Aİ-yə sədrliyə iyulda başlayıb.

Maraqlıdır ki, deyilənlərə rəsmi təkzib nə Brüsseldən, nə də Balkanlardan gəlib. Guya sənəd rəsmi kanallardan keçmədiyi üçün onun şərhinə də ehtiyac yoxdur. Bununla yanaşı, hər kəs etiraf edir ki, keçmiş Yuqoslaviya ərazisində sərhədlərin dəyişdirilməsi «Pandora qutusunun açılmasına» səbəb olacaq və bu, güman ki, yeni müharibələrə rəvac verəcək.

Sərhədlərlə yanaşı, Balkanlarda daha bir problem dini dözümsüzlükdür. Serblər, xorvatlar və bosniyalı müsəlmanlar – slavyan mənşəli avropalılar. Onlar dilçilik baxımından eyni, əvvəllər serb-xorvat dili adlanmış dildə danışırlar. Serblər şərqi-pravoslav xristianlarıdır, xorvatlar katolik. Bosniya müsəlmanları isə Osmanlı Türkiyəsinin istilası nəticəsində islamı qəbul etmiş cənubi slavyanlardır. Bu qruplar arasında fərqliliyi, sərhədləri məhz dinlə etnik miflərin qarışığı müəyyənləşdirir. Millətçilər və dini fanatlar isə bu fərqliliyi var qüvvələri ilə qabardırlar.

 

Kiçik Şengen

«Dövlətlərin Avropa İttifaqına qəbulu ilə onların arasında sərhədlər daha əhəmiyyətsiz hala gəlir. Bu isə çoxsaylı milli eyniliyin birgə yaşaması üçün daha geniş məkanı təmin edir», - deyə Qərbi Balkan dövlətləri liderlərinin Brdo-Brioni prosesi çərçivəsində mayda keçirilmiş sammitdə qəbul etdikləri sənəddə bildirilir.

Sloveniyanın təşəbbüsü ilə 10 il əvvəl başladılmış prosesin ideyası dövlətlərin bir-birilə yaxınlaşdırılması, Avropaya inteqrasiya yolunda qarşıya çıxan problemlərin həllidir. Tərəflər arasında yenə də sərhəd məsələlərinə dair bəzi fikir ayrılıqlarına baxmayaraq, Brdo-Brioni prosesi çərçivəsində növbəti sammit əksər Qərbi Balkan dövlətinin Aİ-yə mümkün qədər tez qoşulmaq istəyini ortaya qoyub.

Aİ-nin genişlənib-genişlənməmək haqda düşündüyü bir vaxtda Serbiya, Albaniya və Şimali Makedoniya 2023-cü ildə öz aralarında sərhəd nəzarətini ləğv etmək qərarına gəliblər. Onlar buna maraqlı ad da tapmışdılar – «Kiçik Şengen». Amma sonradan onu dəyişdirərək, «Açıq Balkanlar» ediblər. Tərəflər üçtərəfli ticarətin sadələşdirilməsi, əmək bazarlarının açılması, təbii fəlakətlərlə mübarizədə əməkdaşlıq haqda da qərarlar qəbul ediblər.

Bu 3 dövlət Bosniya və Herseqovina, Monteneqro və Kosovonu da onlara qoşulmağa dəvət edib. Lakin qarşı tərəf bundan hələ ki, imtina edib. Birincisi, dəvət olunanlar bu kiçik ittifaqda hökmranlıq edən Serbiyanın bundan ikitərəfli problemlərin həllində rıçaq kimi istifadə edə biləcəyindən ehtiyatlanırlar. Məsələn, Bosniya və Herseqovinanın Bosniya Serb Muxtar Respublikası ilə problemi var, Monteneqro Serb Pravoslav kilsəsinin ölkədəki rolundan narazıdır, Kosovo onun müstəqilliyini tanımayan Serbiya ilə problem yaşayır.

İkincisi, Kosovonun baş naziri Albin Kurtinin dediyi kimi, «Açıq Balkanlar» daha çox «Balkanların Şərqin, xüsusilə Rusiya ilə Çinin təsirinə açılmasına bənzəyir».

 

Zəmanətsizlik

Aİ-Balkan sammitinin başa çatmasından sonra əksər Qərbi Balkan dövlətində bir qənaət yaranıb: onlar nəinki Aİ-yə üzvlüyə yaxınlaşmayıblar, indi bu hədəfdən həmişəkindən daha uzaqdırlar. Hər halda, yerli KİV belə yazır. Tək ona görə yox ki, Avropanın bu bölgəsində yerləşən dövlətlər üzvlük meyarlarına cavab vermir, həm də ona görə ki, Aİ ölkələri sıralarında yeni üzvlər görməyi arzulamır.

Bunun yəqin ki, bir çox səbəbi var. Birincisi, Aİ miqrasiya böhranı, pandemiya və onun iqtisadi fəsadları kimi qlobal kataklizmlərdən əziyyət çəkir. Üstəlik, onun daxilində də nifaq az deyil. İkincisi, Aİ-yə yeni üzvlərin qəbulu qərarı yekdilliklə qəbul edilməli olduğundan, bir üzvün bundan imtinası digərlərini gözləmək məcburiyyətində qoyur. Yəni əgər Aİ-nin mərkəzi icra hakimiyyəti ittifaqın genişlənməsini istəyirsə belə, o, danışıqların başlanmasına veto qoymaq hüququ olan milli hökumətlərindən asılıdır.

Məsələn, Bolqarıstan Şimali Makedoniyadan mədəniyyətinin və dilinin bolqar köklərinə bağlı olduğunun etirafını tələb edir. Slovakiya, Rumıniya, Yunanıstan, Kipr və İspaniya Kosovonu müstəqil dövlət kimi tanımır və s.

Bütün bunlar tədricən Qərbi Balkan ölkələrinin səbrinin tükənməsinə aparıb çıxarır. İctimai rəyin öyrənilməsi zamanı məlum olub ki, region əhalisinin 26%-i ölkələrinin nə vaxtsa Aİ üzvü olacağına inanmır. Serbiyanın bəzi müxalif siyasətçiləri isə hətta hakimiyyəti Aİ-yə üzvlüklə bağlı ərizəni geri götürməyə çağırır.

Avropa İttifaqı ilə Qərbi Balkan dövlətlərinin iqtisadiyyatı bir-birinə sıx bağlıdır. Region dövlətləri məhsullarının, təxminən, 70%-ni Aİ-yə ixrac edir. Eyni zamanda bu ölkələrin idxalının 80%-dən çoxu Aİ-nin payına düşür.

Amma bu, siyasi seçim üçün zəmanət, xüsusilə kənar təsirlərdən müdafiə vasitəsi deyil.



MƏSLƏHƏT GÖR:

175