25 Noyabr 2024

Bazar ertəsi, 02:28

XAOS MƏŞQİ

Sosial şəbəkələrin bir neçə saat işləməməsi dünyanın altını üstünə çevirə bilərmi?

Müəllif:

15.10.2021

Avropa vaxtı ilə oktyabrın 5-nə keçən gecə dünya, demək olar ki, «rəqəmsal apokalipsis»in «demo» versiyasını yaşadı. Bütün dünya pərt halda çoxsaylı sosial şəbəkələrin «susqunluğu»nu müşahidə edirdi – əvvəl «Facebook»un, ardınca isə ona bağlı olan «Instagram» və «WhatsApp»ın. Problem özünü onlarla başqa populyar sayt və servislərdə də göstərirdi – «TikTok», «Gmail», «YouTube», «Netflix», «Snapchat», «Tinder» və s. normal işləmirdi. Rabitə operatorlarında, aviaşirkətlər və banklarda, məsələn, «Bank of America»da da problemlər yaranmışdı.

Qəzanın səbəbkarı 2,8 milyard istifadəçisi olan «Facebook» imiş. Sonradan məlum olub ki, qlobal nasazlıq «məlumatların emalı mərkəzləri arasında şəbəkə trafikinin koordinasiyasına cavabdeh olan magistral marşrutlandırıcılarda konfiqurasiya dəyişikliyi» üzündən baş verib. Haker hücumu versiyası dərhal rədd edilib – bunu həm Sukerberqin özü, həm də Amerikanın xüsusi xidmət orqanları təsdiqləyib. «Facebook» əməkdaşları məlumatların emalı mərkəzinə fiziki olaraq yalnız 6 saat sonra daxil ola biliblər (şirkətin daxili servisləri söndüyündən, elektron buraxılış sistem idə işləmirmiş). Beləliklə, mütəxəssislərin marşrutlandırıcıları yeniləyərək hər şeyi qaydaya salması üçün 6 saat lazım gəlib. Bununla yanaşı, problemin miqyası o həddə idi ki, «Facebook» sosial şəbəkə ilə əlaqəli digər şirkətləri də «silkələmişdi».

Baş verənlər dünyaya beynəlxalq şəbəkə ilə bağlı onsuz da məlum olan vəziyyəti bir daha nümayiş etdirib. Amma nəyisə prinsipcə bilməklə təcrübədə yaşamaq fərqli şeylərdir.

 

Beş amil

Birincisi, hər kəs tam aydın şəkildə başa düşdü ki, bəli, internet həqiqətən də elə bir şəbəkədir ki, onun bəndlərindən birinin qopması digər bəndlər üçün də problem yaradır. Məsələn, gördük ki, baş verənlərdən yalnız «Facebook» deyil, şirkətə bağlı bütün servislər əziyyət çəkdi. Son illərdə bu rəqəmsal nəhəngin bir çox şirkəti özünə birləşdirdiyi məlumdur. Bu xidmətlərdən məhrum olan istifadəçilərin alternativ axtarışına başlaması ilə isə artıq yüklənmə üzündən «Facebook»a aidiyyəti olmayan platformalarda da problemlər yaranmağa başlamışdı.

İkincisi, məlum olub ki, şəbəkədə də gözlənilməz vəziyyət yarana, insan amili öz rolunu oynaya bilər – «Facebook» administratorlarının yanlışlığa yol vermələri mümkündür və bu yanlışlığın nəticəsini bütün dünyada milyardlarla insan hiss edir. Ekspertlər hesab edir ki, vəziyyətə pandemiya üzündən məlumatların emalı mərkəzlərində çalışan mühəndislərin sayının azaldılması da öz təsirini göstərib. Ən acınacaqlısı isə eyni halın təkrarlanmayacağına zəmanətin olmamasıdır.

«Qlobal nasazlıq»dan cəmi bir neçə gün sonra «Vikipediya» onlayn ensiklopediyasında problemlər yaranıb – istifadəçilər saytın açılmadığından şikayətlənir, bəziləri isə avtorizə ilə bağlı problem yaşadıqlarını bildirirdilər. Bu da son deyil. Oktyabrın 9-na keçən gecə internet servislərinin işinin sabitliyini monitorinq edən «Downdetector» portalı «WhatsApp», «Instagram» və digər servislərin işində yenidən nöqsanlar aşkarlayıb.

Üçüncüsü, yaşananlardan sonra yeni rəqəmsal reallığa keçidin tez olduğuna dair fikir yaranıb. «Facebook»da yaranmış nasazlıq üzündən bir çox insan mağazalara, tədris mərkəzlərinə, kuryer xidmətlərinə qoşula, «ağıllı ev»in onlayn sisteminə qoşulmuş televizorları, hətta isitmə sistemlərini idarə edə bilməyiblər. Bunlar azmış kimi, servisləri təkrar işə salmağa çalışan mühəndislər qrupu belə, texniki zonaya daxil olmaq üçün «laqonda»dan istifadə etmək məcburiyyətində qalıb – kilidlənmiş elektron qıfılları açmaq üçün başqa yol qalmayıb. Demək, kritik vəziyyətlərdə köhnə dünya bir qədər əziyyətli olsa da, daha etibarlıdır.

Dördüncüsü, «Facebook» və servisləri sadəcə sosial şəbəkə olmaqdan çoxdan çıxıblar. Bu, artıq sadəcə, ünsiyyət qurmaq, şəkil paylaşmaq üçün yaradılmış virtual məkan deyil. İndi o, ilk növbədə, ictimai rəyin formalaşdırıldığı nəhəng meydan, həmçinin miqyaslı biznes məkanıdır. Bu gün saysız-hesabsız insanın işi və biznesi sosial şəbəkələrdən çox asılıdır. Bu isə şəbəkə monopoliyasının nə qədər təhlükəli olduğunu göstərir.

Beşinci amil də elə buradan meydana çıxır – dünya birliyi artıq iqlim dəyişikliyi problemi kimi, beynəlxalq internet problemini də sabaha saxlaya bilməyəcək. Təsəvvür edin ki, bir anda bütün dünyada şəbəkə «çökür». Bu, qlobal iqtisadiyyatda kollaps, nəqliyyatın, enerji təchizatının dayanması və s. anlamına gəlir. Demək, bu halda ərzaq çatışmazlığı, aclıq, sosial və siyasi təlatümlər istisna deyil. Hər halda, bu gün hər şey sabit işləyən şəbəkəyə bağlıdır və onun işində nasazlıq yaranarsa,   bütün sahələr əziyyət çəkəcək – dövlət qurumlarından tutmuş nəhəng şirkətlərə, hər bir konkret insanadək. Məsələn, «Facebook»dakı son nasazlıq artıq fond birjalarında enişlərə səbəb olub – «Nasdaq Composite» yüksək texnologiyalar şirkətinin indeksi cəmi bir neçə saatda 2,2% düşüb, «Dow Jones» və «S&P500» 1%-dən çox itirib. «Facebook»un özünün səhmləri bu problemlə 5%-dən çox ucuzlaşıb. «Forbes» xəbər verir ki, şirkətin yaradıcısı Mark Sukerberqin 1 saatlıq itkisi 6 milyard dolları aşıb. «Facebook» ilə yanaşı, başqa IT nəhənglərinin də səhmləri ucuzlaşıb: «Twitter» 6,7, «Google» 3, «Amazon» 2,8%.

Odur ki, artıq IT nəhənglərini nizamlamağa ehtiyacın olduğunu hər kəs deyir. Məsələ sadəcə, ondadır ki, belə hallarda sona necə gedib çıxmalı, sifarişçi ilə qurbanı necə müəyyənləşdirməli? Çünki versiyalardan birinə görə, Amerika hökuməti (ola bilsin ki, tək o yox) sosial şəbəkələri tam nəzarətə götürmək istəyir.

 

Facebook Birləşmiş Ştatları

Böyük siyasətlə əlaqəli şəxslərin yalnız bir hissəsinin baş verənlərlə bağlı fikirlərinə nəzər salmaq yerinə düşər. «Əgər «Facebook» monopolist ədasını boğa bilsəydi, indi insanlar «Instagram» və «WhatsApp»da problem yaşamazdılar. Şirkətin bir neçə yerə parçalanması vacibdir», - deyə ABŞ-ın Demokratlar Partiyasının sosialist qanadının liderlərindən olan Alessandra Okasio-Kortes bildirib.

Almaniyanın ədliyyə və istehlakçıların hüquqlarının müdafiəsi naziri Kristine Lambrext deyib ki, Amerikanın «Facebook» şirkətinin fəaliyyətinin tənzimlənməsi qaydaları sərtləşdirilməlidir. Bununla yanaşı, nazir nəhəng texnoloji korporasiyaların sosial əhəmiyyətini xüsusi vurğulayıb, özünütənzimləmə ilə bağlı çağırışların nəticə vermədiyini xatırladıb.

Amerikanın «Time» jurnalı cildində Mark Sukerberqin şəkli ilə çıxıb, jurnalın elektron versiyası isə «Twitter»də oxucularına seçim təklif edib – «Facebook»dan imtina olunmalıdır, ya yox.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin tanınmış sabiq əməkdaşı Edvard Snouden özünün «Twitter» hesabında yazıb ki, internetdə baş vermiş nasazlıq sayəsində dünya bir neçə saat da olsa oyanıb, alternativ ünsiyyət kanallarının yaradılması haqda düşünməyə başlayıb.

«Dəhşətli həqiqət: «Facebook»un dünyaya hökmranlıq savaşı» kitabının həmmüəllifi Şiira Frenkel bildirib ki, «Facebook» siyasi partiya olmadan belə, Birləşmiş Ştatların prezidentindən daha ciddi hakimiyyətə malikdir».

Maraqlıdır ki, son zamanlar «Facebook» ətrafında qalmaqallar onsuz da çox idi. Onlar istifadəçilərin şəxsi məlumatlarının sızdırılması, dezinformasiyaların yayılması, zorakılığa, nifrətə təhrik edən paylaşımların olması, ABŞ-da 2016-cı ildə keçirilmiş seçki və Britaniyanın Avropa İttifaqını tərk etməsinə dair referendum zamanı manipulyasiyalar və s. idi. Yəni söhbət faktiki olaraq, Qərb ictimaiyyətinin demokratiya dəyərlərinə yaranmış təhdiddən gedir.

İnternetdə baş vermiş nasazlıqdan çox az müddət əvvəl «Facebook»un sabiq əməkdaşı Frensis Xauqen CBS telekanalına müsahibəsində şirkətin bir sıra daxili sənədlərini açıqlamış, bildirmişdi ki, rəhbərlik sosial şəbəkə istifadəçilərin, xüsusilə yeniyetmələrin psixikasına mənfi təsirini bilsə də, maddi qazanc naminə onlara əhəmiyyət vermir.

Daha bir zərbə bütün bunların fonunda «Privacy Affairs» portalında getmiş xəbərdir. Xəbərdə bildirilir ki, haker forumlarından birində naməlum şəxslər 1,5 milyarddan artıq «Facebook» istifadəçisinin şəxsi məlumatlarını satışa çıxarıblar və onlardan internet vasitəsi ilə müxtəlif dələduzluqlar etməkçün istifadə oluna bilər. «The Wall Street Journal» isə ABŞ-da aparılmış miqyaslı araşdırma nəticəsində «Instagram»ın yeniyetmələrə mənfi təsirinin üzə çıxdığını yazıb. Burada da qeyd olunur ki, şirkət rəhbərliyi bütün bunlardan xəbərdar olsa da, problemlərin mövcudluğunu etiraf etmir və ona etinasız yanaşır.

Təsadüf deyil ki, «Facebook»da baş vermiş qəza  Süveyş kanalında baş vermiş insidentlə müqayisə olunur. Məlum olduğu kimi, o zaman konteyner daşıyan «Ever Given» gəmisi kanalda ilişib qalmış və yolu kəsmişdi.

Beləliklə, «rəqəmsal apokalipsis»in bu günlərdə yaşanmış «demo» versiyasından sonra dünyada milli platformaların və sosial şəbəkələrin inkişafına dəstəyin vacibliyi haqda daha çox danışmağa başlayıblar. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ölkəsində yerli informasiya-kommunikasiya texnologiyaları seqmentinin inkişaf etdirilməsinin vacibliyini bir daha dilə gətirib.

Beləliklə, söhbət nədən gedir? Qlobal internet bölüşdürülməsindən və tamamilə yeni virtual reallıq konfiqurasiyasından? Yoxsa sadəcə «Facebook» asta-asta dəfn olunur? Bəli, o, hələ də çox populyardır. Lakin mövqelərini tədricən «TikTok»a verməkdədir. Amma bu intriqa beynəlxalq şəbəkənin təhlükəsizliyi ilə bağlı qlobal problemi arxa plana keçirmir.



MƏSLƏHƏT GÖR:

175