Müəllif: İlqar VƏLİZADƏ
Müasir dünyada Türkiyə ilə Rusiya kimi fərqli, ziddiyyətli tərəfdaşlar tapmaq, yəqin ki, çox çətindir. Onlar bir çox məsələlərdə maraqlarının kəsişməsinə rəğmən, uzunmüddətli və qarşılıqlı sərfəli münasibətlər qura biliblər. Ayrı-ayrı qüvvələr son dövrlərdə Ankara ilə Moskva arasında qarşıdurma yaratmaq üçün çoxsaylı cəhdlər etsələr də, bütün bunlar nəticəsiz qalıb. Əsas səbəb isə tərəflərin strateji münasibətlərin qurulmasına maksimum praqmatik yanaşmasıdır. Bu mənada, Türkiyə-Rusiya əməkdaşlığını nümunəvi hesab etmək olar.
Açıq dialoq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sentyabrın 29-da keçirilmiş 76-cı sessiyasından qayıdar-qayıtmız, dərhal rusiyalı həmkarı ilə görüşmək üçün Soçiyə yollanıb. Əksər müşahidəçilərin fikrincə, bu səfər ardıcıllığı heç də təsadüf deyildi. Türkiyə lideri Nyu-Yorkda Ankaranın, ilk növbədə, qərbli tərəfdaşları ilə münasibətlərinin perspektivlərini müzakirə edib. Məlumdur ki, müzakirələrin gedişində Ankaraya antirusiya alyanslarında iştirak, yaxud Moskvanın maraqlarına zidd addımlar atmaq təklifləri də olub. Bu mənada, Rusiya lideri ilə müzakirələrdə Ankaranın güclü tərəfi bu təkliflərdən imtinası idi.
Prezident Ərdoğan rəsmi görüşün telekameralar qarşısında keçən hissəsində «müxtəlif şəxslərlə görüşərək müxtəlif təkliflər eşitdiyini» deyib, onların arasında Rusiya ilə hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikirlərin də olduğunu söyləyib. Bununla yanaşı, o, Ankaranın planlarından imtina etmək niyyətində olmadığını, əksinə, bu sahədə əməkdaşlığın yeni perspektivləri haqda düşündüyünü vurğulayıb.
Türkiyə prezidenti SVS telekanalına Soçi səfərindən 2 gün əvvəl, hələ ABŞ-da olarkən verdiyi müsahibəsində bildirmişdi ki, ölkəsi Rusiyadan «S-400» zenit-raket kompleksləri almaq niyyətindən daşınmağı düşünmür. Bu bəyanata ABŞ Dövlət Departamentinin reaksiyası özünü gözlətməmişdi. Qurumun xüsusi nümayəndəsi Türkiyəni «heç bir halda «S-400» sistemləri almamağa, ümumiyyətlə, Rusiyadan əlavə hərbi avadanlıqların alınmasından imtinaya» çağırmışdı
İki gün susduqdan sonra Ərdoğan Amerikanın xarici siyasət idarəsinə Soçidən cavab verib və mövqeyindən geri çəkilməyi düşünmədiyini bildirib. Cavabın verilməsi zamanı, şübhəsiz ki, təsadüfi seçilməyib. Türkiyə liderinin bu cavabı Vladimir Putinlə üz-üzə söhbət zamanı səsləndirməsi, əlbəttə ki, qarşı tərəfdən müsbət qarşılanıb, bu isə müzakirələrin daha məhsuldar alınmasına yol açıb. Nəticədə, tərəflər «S-400» komplekslərinin növbəti partiyasının tədarükünə dair danışıqları davam etdirmək haqda razılığa gəlib. Onlar Türkiyəyə bu kompleksin istehsalı üçün vacib olan texnologiyaların bir hissəsi ilə eyni vaxtda verilə bilər.
Bundan başqa, tərəflər gəmiqayırma, kosmosun mənimsənilməsi və hava-reaktiv aviamühərriklərin istehsalı sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Yəni Türkiyə prezidenti bir daha göstərib ki, onun ölkəsinə təzyiq hansısa effekti verə bilərsə, bu, yalnız əks-effekt ola bilər.
Bu gün Ankara-Moskva münasibətləri mövqelərdəki aşkar ziddiyyətlərə rəğmən, fəal şəkildə inkişaf edir. Son illərdə Türkiyə-Rusiya əməkdaşlığı Yaxın Şərqin şimal hissəsində, Cənubi Qafqazda, Mərkəzi Asiyada və Şimali Afrikada dayanıqlı təhlükəsizlik sistemi yaradılmasının önəmli amilinə çevrilib. Bir çox regional oyunçular üçün bu, onların özlərinin xarici siyasi xəttində çoxistiqamətliliyin möhkəmlənməsidir.
Tərəflər fərqli maraqlara rəğmən, birgə iqtisadi və siyasi layihələr reallaşdırmağa çalışır. Cənubi Qafqazda kommunikasiyaların açılması belə vacib geoiqtisadi layihələrdəndir. Ticarət həcminin, həmçinin qarşılıqlı investisiyaların artırılması məsələləri də nəzərdən keçirilir. Bu mənada, 2021-ci ildə iki ölkənin ali dövlət şurasının keçirilə biləcəyi haqda razılıq xüsusilə önəmlidir. Orada tərəflər ikitərəfli əlaqələrin gələcək strategiyasını müzakirə edəcək. Bu zaman iki ölkə iqtisadiyyatının əsas sektorlarına investisiyaların yatırılması haqda qərar da qəbul oluna bilər.
İqtisadiyyat – əməkdaşlığın hərəkətverici qüvvəsi
Son illər Rusiyanın xarici siyasətində Türkiyə istiqaməti getdikcə daha ciddi yer tutmaqdadır. Hər şeydən əlavə, Türkiyə xüsusilə ticarət dövriyyəsinin artdığı bir vaxtda Aralıq dənizi ölkələrinə və əks istiqamətdə daşımalar zamanı vacib yükboşaltma məntəqəsinə çevrilir. Türkiyə ilə Rusiya arasında işlək kommunikasiya sistemi, onun effektivliyinin artırılması istər ikitərəfli ticarət, istərsə də qonşu dövlətlərlə ticarətin fəallaşdırılması baxımından əsas vəzifələrdən biri sayılır. Odur ki, Ankaranın Moskva ilə danışıqlarda iki ölkə arasında Azərbaycan və Ermənistan vasitəsi ilə dəmir yolu əlaqəsinin bərpasına dair təklifi qarşı tərəfdən dəstək alıb.
Yalnız geridə qalmış yarım ildə Rusiyaya məxsus 30 milyon tondan artıq yük Türkiyə limanları vasitəsi daşınıb. Yük daşımalarının bir hissəsi Cənubi Qafqazdan keçən dəmir yolu arteriyasına yönəldilərsə, ciddi sinerji effekti əldə etmək olar. Bu, yalnız ölkələr arasında deyil, regionlar arasında da təsərrüfat əlaqələrinin inkişafını stimullaşdırar, bununla da, bölgədə sülh və sabitliyin bərqərar olmasına ciddi töhfə verərdi.
Beləliklə, iqtisadi-ticari sahədə Türkiyə-Rusiya əməkdaşlığı hər iki dövlətin maraqlarına cavab verən dayanıqlı regional təhlükəsizlik sisteminin formalaşdırılmasında vacib amilə çevrilir.
Son aylarda istər Rusiya, istərsə də Türkiyə iqtisadiyyatında əhəmiyyətli artım göstəriciləri qeydə alınır. Bu isə onlar arasında iqtisadi-ticari münasibətlərin koronavirus pandemiyasınadək olduğu səviyyəyə çatmasına yol açır. Pandemiya səbəbli məhdudiyyətlər üzündən ötən il bu iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2019-cu illə müqayisədə 19,5% azalaraq, 21 milyard dollara düşmüşdü. Bu ilin yalnız ilk 6 ayının nəticələrinə görə isə ticarət dövriyyəsi 40,4% artaraq, 13,9 milyard dollara çatıb. Koviddən əvvəlki qarşılıqlı ticarətə dair 2019-cu ilin birinci yarımmilliyinin göstəriciləri 18 faiz artıb – həm Rusiyanın Türkiyəyə idxalı (+12,5 faiz), həm də ixrac (+42 faiz) artıb. İlin sonuna qarşılıqlı ticarət dövriyyəsi həcminin 2019-cu ilin göstəricisini bir neçə milyard dollar aşacağı gözlənilir.
Tərəflərin yalnız qarşılıqlı ticarət həcmini deyil, investisiya sahəsində əməkdaşlığı da genişləndirmək haqda razılığa gəlməsi təsadüf deyil. Bu işin flaqmanı Akkuyuda AES-in inşasıdır. Amma Ankara bu layihə ilə kifayətlənmək fikrində deyil. Türkiyə prezidenti Soçi görüşündə rusiyalı həmkarına Qara dəniz sahilində yerləşən Sinop və İynəadada daha 2 atom elektrik stansiyasının tikintisini təklif edib. Rusiya tərəfi təklifə müsbət yanaşıb.
Bu layihələrin reallaşdırılması, şübhəsiz ki, iki ölkə arasında investisiya qoyuluşları həcmini dəfələrlə artıracaq, istehsalat və texnoloji kooperasiyaların səviyyəsini daha da dərinləşdirəcək.
Təhlükəsizlik naminə əməkdaşlıq
Məlumdur ki, Soçi görüşü çərçivəsində Rusiya və Türkiyə prezidentləri Suriya ilə bağlı razılaşmaya sadiq olduqlarını da təsdiqləyiblər. Son illər bu ölkədə müxtəlif terror təşkilatlarının fəallığı Ankaranı qane etmir. Onların neytrallaşması istiqamətində əməliyyatlara isə Moskva da «hə» deyir. Odur ki, İdlibdə terrorçuluqla mübarizənin davam etməsi qanunauyğundur. Xüsusən də Türkiyə suriyalı qaçqınların geri qaytarılması prosesinə başlayıb və onların qayıtdıqları əsas rayon İdlibdir. Bu insanların təhlükəsizliyi həm Ankara, həm də Moskva üçün vacibdir. İndiyədək Türkiyədə bu bölgəyə, təxminən, 1 milyon qaçqın qayıdıb və proses yaxın aylarda da davam edəcək.
Bununla yanaşı, Türkiyə İdlibə Ankara ilə sıx əməkdaşlıq edən Suriya müxalifətçilərinin əsas bazası kimi baxır. Moskva isə bu ərazilərin tezliklə Suriyanın hökumət qüvvələrinin nəzarətinə keçməli olduğunu düşünür. Bu, ölkənin hazırda Türkiyənin nəzarətində olan digər ərazilərinə də aiddir.
Ərdoğan-Putin görüşü ərəfəsində Rusiya Hərbi-Kosmik Qüvvələri Əfrin və İdlibə aviazərbələr endirib və bu, Ankaranın mənfi reaksiyasına səbəb olub. Nəticədə, son həftələr bu bölgəyə əlavə türk qüvvələri göndərilib. Hər şey Suriya ordusunun Rusiyanın hərbi dəstəyi ilə bölgəni türk hərbçilərdən və müxalifətçilərdən təmizləməsinə doğru gedir, Türkiyə tərəfi isə mümkün hücumlara yaxşı hazırlaşdığını bildirirdi. Lakin Soçi görüşündə tərəflər planlarına əl gəzdiriblər. Güman ki, Rusiya tərəfi hücumu təxirə salacağına söz verib, Ankara isə öz qüvvələrinin bir hissəsini geri çağıracağını, eyni zamanda yaraqlıların tərk-silah edilməsi prosesinin sürətləndiriləcəyini bildirib.
Türkiyənin bu bölgədə mövqelərindən geri çəkildiyinə dair xəbərlər doğru deyil. Ərdoğanın Soçi görüşündən sonra verdiyi bəyanatdan da məlum olur ki, Ankaranın İdliblə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur və heç bir geri çəkilmədən söhbət gedə bilməz. «Biz Türkiyə olaraq, öhdəliklərimizə uyğun olaraq, təhlükəsizlik dəhlizinin radikal elementlərdən təmizlənməsini davam etdiririk», - deyə R.T.Ərdoğan qeyd edib.
Soçidə müzakirə olunmuş problemli mövzular arasında Rusiyanın Kürd Fəhlə Partiyasına (PKK), onun suriyalı «əkizi» olan PDY-yə mümkün dəstəyi məsələsi də var idi. Məlum olduğu kimi, Ankara bu qurumları terrorçu təşkilatlar sayır. Ərdoğan Birləşmiş Ştatların bu iki təşkilata dəstək verdiyini açıq şəkildə ifadə edərək, Rusiya tərəfindən bu strukturlardan uzaq durmasını, məsələn, onların Moskvadakı ofislərinin qapadılmasını istəyib. PKK-nın hələ də Türkiyə sərhədlərinə yaxın bölgələrdə mövcudluğu Ankaranı qane etmir. Halbuki, tərəflər arasındakı razılaşmaya əsasən, Rusiya üzərinə PKK-nın Türkiyə-Suriya sərhədindən 35 kilometr uzaqlaşdırılacağına dair öhdəlik götürüb.
Moskva üçün isə söhbət ümumilikdə kürd hərəkatı ilə ənənəvi əlaqələrdən gedir. Bu üzdən də, Rusiyanın bu istiqamətdə radikal addımlar atacağını gözləmək olmaz. Amma onlarla əlaqənin minimuma endirilməsi, PKK/PYD yaraqlılarının Türkiyə sərhədindən uzaqlaşdırılması mümkündür.
Bir sözlə, xoş məram olarsa, bütün məsələlər həll edilə bilər. Son illərdəki Türkiyə-Rusiya əməkdaşlığı buna yaxşı nümunədir.
MƏSLƏHƏT GÖR: