Müəllif: Namiq MAYILOV, Samir VƏLYİEV
Tehranın son həftələr Bakıya bitmək bilməyən «hücum»ları iki qonşu dövlət arasında indiyədək görünməmiş qarşıdurmaya səbəb olub. Yaranmış vəziyyətin xüsusiyyəti ondadır ki, əgər əvvəllər «söz savaşı»nın iştirakçıları İran mollakratiyasının təmsilçiləri və bu ölkənin aşağı ranqlı siyasətçiləri idisə, indi Azərbaycana qarşı əsassız ittihamlara İranın ali rəhbərliyi də dəstək verməyə başlayıb. Bundan başqa, Azərbaycanla sərhəddə indiyədək görünməmiş miqyaslı hərbi təlimlər keçirir, bu isə regionun dinc inkişafı üçün yeni imkanların yarandığı bir vaxtda kifayət qədər qəribə görünür.
Gərginlik artır
Hər şey Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərində, o cümlədən İranla sərhəddə suverenliyini bərpa etməsindən sonra başlayıb. İkinci Qarabağ müharibəsindən keçən 1 ildə rəsmi Bakı Tehrana dəfələrlə müxtəlif səviyyələrlə müraciət edərək, Qarabağda qalmış erməni separatçılarına İran yüklərinin qanunsuz daşınmasına son qoymasını istəyib. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədləri var və bu sərhədləri yalnız Bakının icazəsi ilə keçmək olar. Lakin İrana məxsus yük maşınları müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizindən dəfələrlə qanunsuz istifadə edərək, Azərbaycan ərazisinə keçib. Azərbaycan bununla bağlı narahatlığını, təbii ki, Rusiya tərəfinə də çatdırıb. Üçtərəfli bəyannamənin heç bir bəndində yazılmayıb ki, sülhməramlılar Azərbaycan ərazisinə dördüncü ölkələrə məxsus nəqliyyat vasitələrini və ya şəxsləri buraxa bilər. Lakin İran tərəfi Azərbaycanın qanuni tələbinə əməl etməkdənsə, müxtəlif bayağı hiylələrə əl atmaq qərarına gəlib. Məsələn, bu dəfə ona məxsus yük maşınları Qarabağa erməni nömrələri ilə hərəkət etməyə başlayıb.
Bundan sonra Gorus-Qafan yolundan Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycana məxsus polis və gömrük postları qurulub. Nəticədə, İrandan Ermənistana, oradansa Qarabağa getməli olan yük maşınları Azərbaycan gömrüyündən keçməli və demək, qanuni rüsum ödəməlidir. Tehranın qıcıqlanmasının formal səbəbi də məhz bu olub. Məhz bu hadisədən sonra İran Bakının ünvanına ittihamlar səsləndirməyə başlayıb, hətta onu öz ərazisində guya hansısa «sionistlər» və «terrorçular» saxlamaqda günahlandırıb.
«Terrorçu» «sionist»ə maneə deyil?
İranın ali dini lideri və rəhbəri Əli Xamenei oktyabrın 3-də bəyan edib ki, «ölkənin şimal-qərbində son zamanlar yaranmış vəziyyət xarici qüvvələrin müdaxiləsi və hərbi mövcudluğu olmadan çözülməlidir». «Region xalqları öz ordularını özləri idarə edə bilir və biz xarici qüvvələrin baş verənlərə müdaxiləsinə imkan verməyəcəyik», - deyə o, qeyd edib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian fikrini daha konkret ifadə edərək bildirib ki, İran hökuməti «İsrailin Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətdən öz maraqları naminə istifadə etmək, bunun üçün isə İranın sərhədlərinə yaxınlaşmaq cəhdlərindən narahatdır».
Sadə desək, İran hökumətində hesab edirlər ki, İsrail nə az, nə çox – Azərbaycan ərazisində Tehrana qarşı istifadə etmək üçün hərbi infrastruktur yaradır. Guya Azərbaycan ordusunun təchizatı sadəcə, İsrailin əsl hədəflərinin gizlədilməsi üçün pərdədir, əsl hədəf isə İrana zərbələrin endirilməsinə imkan verəcək əməliyyat meydanının yaradılmasıdır. Lakin Tehran unudur ki, ona qarşı beynəlxalq təzyiqlərin pik vaxtı Bakı öz ərazisindən cənub qonşusuna zərbələrin endirilməsinə heç bir halda yol verməyəcəyini bəyan etmiş ölkədir.
Bundan başqa, bir məsələ də aydın deyil: İran yenə də öz iddialarına görə, Yaxın Şərqdən olan terrorçuların məskunlaşdırıldığı ərazidə İsrailin mövcudluğunu necə təsəvvür edir? Bəs, Azərbaycan bu terrorçuları necə «gizlədir» ki, 1 il ərzində nə İran, nə də Ermənistan ortaya bunu sübuta yetirəcək bir fakt qoya bilir? Bundan başqa, dünyada Azərbaycanın qanunsuz silahlı birləşmələrlə əməkdaşlığını təsdiqləyəcək bir dəfə fakt yoxdursa, Ermənistanın, xüsusilə də İranın Yaxın Şərqin terror qruplaşmaları ilə tarixi əlaqələri hər kəsə məlumdur. Dünyada bilavasitə azərbaycanlılar tərəfindən yaradılmış bir dənə də terror təşkilatı yoxdursa, ermənilərin və iranlıların formalaşdırdıqları belə qruplaşmalar sadalamaqla bitməz.
İstənilən halda, İranın ifadə seçiminə diqqət göstərmədən apardığı rəsmi təbliğat nəticəsində Azərbaycanda onun düşmən dövlət kimi qəbul etməyə başlayıblar. İran hərbçiləri isə daha da uzağa gedərək, faktiki olaraq Bakını güc tətbiqi ilə hədələməyə başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandan müavini Sərdar Abbas Nilforuşan deyib: «Düşmənlərimizin qonşu ölkələrdə mövcudluğunu qəbul edə bilmərik. Bu, bizim üçün qəbuledilməzdir və biz öz təhlükəsizliyimizi təmin etməliyik. Bu mənada, İİKK-nin quru qoşunları İranın şimal-qərbində yeni strategiyanın tətbiqinə başlayıb. Düşmənlərimizlə lazım olan hər yerdə mübarizə aparacağıq».
Göründüyü kimi, İranın yeni rəhbərliyi özünü 30 il qonşuluğunda nəzarətsiz ərazilərin olduğu vaxt sərhəddə bir dənə də hərbi təlim keçirməmiş, şimal-qərb istiqamətində hər hansı təhlükəsizlik strategiyasına lüzum görməmiş dövlət üçün kifayət qədər qəribə aparır.
“Şef, hər şey batdı!»
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə kapitulyant Ermənistanın da faydalana biləcəyi regional inkişaf imkanlarının yarandığı ortadadır. Amma Tehran yeni reallıqları qısqanclıqla qarşılayır. Bu qısqanclığı o zaman anlamaq olardı ki, məsələn, müharibəyədək İran üçün regional əməkdaşlıq imkanları daha geniş olaydı. Amma indi onun qarşısında yeni imkanlar açılıb. Bu baxımdan, Tehranın qısqanclığını anlamaq mümkün deyil.
Məhz bu üzdən bəzi analitiklər düşünür ki, İrana yanında nəhəng nəzarətsiz ərazisinin olmağı daha çox sərf edirmiş. Çünki bu ərazilərdən ən müxtəlif qaranlıq işlər üçün istifadə etmək mümkün idi – narkotik maddələrin becərilməsi və tranzitindən tutmuş, terrorçu düşərgələrinin yaradılmasınadək.
Ən azı o məlumdur ki, uzun illər ərzində İranla Azərbaycanın işğal altındakı əraziləri arasında nəqliyyat kommunikasiyaları qurulub, Qarabağda qeyri-qanuni olaraq, İran biznesi işləyib. KİV-in məlumatına görə, orada 80 İran şirkəti fəaliyyət göstərirmiş. Məhz bu ölkə Azərbaycanın işğal altındakı ərazilərini vacib ərzaq məhsulları, inşaat materialları və s. ilə təmin edib. İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə isə Ermənistanın, demək olar ki, bütün hərbi təchizatı məhz İran ərazisi ilə həyata keçirilib. Bundan başqa, bu məqalənin yazıldığı vaxt məlum olub ki, İran tərəfi Azərbaycan qoşunlarının sərhəd boyunca hərəkətinə dair kəşfiyyat məlumatlarını da Ermənistana ötürürmüş. 2020-ci il oktyabrın 18-də isə İran hərbçiləri ümumiyyətlə Azərbaycan sərhədini keçərək, qədim Xudafərin körpüsü istiqamətində, Araz çayı üzərindəki bəndin təhlükəsizliyinin təmini adı altında Azərbaycanın ordu hissələrinin hərəkətinə mane olubmuş. Sonradan üzə çıxıb ki, bu addım erməni qoşunlarının cəbhənin cənub istiqamətində yenidən qruplaşması üçün vaxt udulması məqsədilə atılıbmış.
Azərbaycanın müharibədə qalib gəlməsindən və suverenliyini möhkəmləndirmək üçün qəti addımlar atmağa başlamasından sonra İranın regiondakı nüfuzu əhəmiyyətli dərəcədə azalıb. Sərhədlər bağlanıb, tranzit praktik olaraq kəsilib, separatçı rejimə dəstək, demək olar ki, sıfıra endirilib. Eyni zamanda Tehran əvvəlki təsir rıçaqlarını da itirib. Regiona Rusiya sülhməramlıları yerləşdirilib, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb, Azərbaycanla Türkiyə arasında hərbi-siyasi əməkdaşlıq daha da güclənib, rusiyalı sərhədçilər Ermənistan sərhədi boyunca mövqelərini gücləndirməyə başlayıb. Yəni indi İranın nüfuz dairəsi getdikcə məhdudlaşır.
Açığı yaşananlardan belə təəssürat yaranır ki, münasibətlərin gərginləşməsinin səbəbi çox bayağıdır: 44 günlük İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni regional reallıq Ermənistanla İranın maraqlarına cavab vermir. Məsələn, əsas regional məsələlərlə bağlı «oyun qaydaları»nın müəyyənləşdirilməsində Rusiya ilə Türkiyənin söz sahibi olmaları Tehranı qane etmir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü «altılı platforma» təşəbbüsünü də İran, yəqin ki, bu üzdən qəbul etmir.
İran hərbçilərinin silahları cingildətdiyi bir vaxtda bu ölkənin məmurları Azərbaycanla bütün əlaqələri kəsib. Yerli KİV-in yazdığına görə, İranın yollar və şəhərlərin inkişafı nazirinin müavini, Nəqliyyat İnfrastrukturunun İnkişafı Təşkilatının icraçı direktoru Xeyrulla Xadami bildirib ki, İrandan Avropaya gedən yolda Azərbaycanın tranzit rolundan imtina ediləcək. Maraqlıdır ki, bununla yanaşı, İran Ermənistanla Tatev avtomobil yolunun bərpasına qərar verib. O, Gorus-Qafan yolu üzərindəki Azərbaycan postundan yan keçir. Eyni zamanda Tehran «Şimal-Cənub» marşrutu üzərindəki Rəşt-Astara dəmir yolunun inşasını da dayandıra bilər. Görəsən, İranda həqiqətən hesab edirlər ki, «Şimal-Cənub» dəhlizi kimi miqyaslı layihəni İrəvana uzanan «Fars körfəzi-Qara dəniz» xətti kimi kiçik bir yolla əvəzləmək olar?
Bakının haqlı qəzəbi
Azərbaycanda İranın addımları dost münasibətlərinə uyğun gəlməyən əməllər kimi qiymətləndirilib. Prezident İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad olunmasının birinci ildönümü münasibəti ilə bu rayona etdiyi səfər zamanı bildirib ki, o, Tehranın guya Azərbaycan-İran sərhədinə yaxın ərazidə üçüncü dövlətlərə məxsus qüvvələrin olduğuna dair bütün iddiaları rədd edir. Bu çıxış zamanı dövlət başçısının ritorikası da diqqət çəkib. «Əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur», - deyə İ.Əliyev qeyd edib. O, İran rəhbərliyini əsassız danışmaqda, faktları təhrif etməkdə təqsirləndirib, bununla da Bakının İranın uydurma faktlara əsaslanan mövqeyini qəbul etmədiyini göstərib. Azərbaycan Prezidenti deyib ki, «sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun».
Prezident bildirib ki, İranın ittihamları cavabsız qalmayacaq. Onun sözlərinə görə, rəsmi Bakı İran tərəfinin Ermənistanın 30 illik işğalı dövründə işğal altındakı Azərbaycan torpaqlarında apardığı qanunsuz fəaliyyətlə bağlı faktlar öyrənilir. «Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Bunu biz indi araşdırırıq», - deyə dövlət başçısı bildirib. Azərbaycan İrana qarşı əsaslı cavab ittihamları üçün Tehranın beynəlxalq qanun pozuntularından ibarət sübutlar bazasından istifadə edə bilər. Bu iddialar konkret faktlara əsaslanacaq.
Bir müddət sonra Azərbaycan Prezidenti İranla münasibətlərdə yaranmış problemə bir daha qayıdıb. «Baş verənlərin səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir», - deyə o, İtaliyanın «La Repubblica» qəzetinə oktyabrın 13-də verdiyi müsahibədə bildirib. Prezident İranın davranışının iki ölkə arasında əvvəlki hakimiyyət dövründə nail olunmuş münasibətə, əməkdaşlıq səviyyəsinə uyğun gəlmədiyini deyib. Eyni zamanda Tehranın İranın indiki rəhbərliyinin mehriban qonşuluq siyasəti ilə bağlı bəyanatları ilə də üst-üstə düşmədiyini deyib, Azərbaycan rəhbərliyinin İranda keçirilmiş son prezident seçkisindən sonra qonşusuna dostluq ismarıcları göndərdiyini xatırladıb.
Tək əldən də səs çıxar?
Bununla yanaşı, Tehran ölkədə davam edən anti-Azərbaycan isteryiası fonunda İrəvanla əlaqələrini nümayişkaranə şəkildə inkişaf etdirir. Bununla yanaşı, İran son əməllərinin orbitinə cidd-cəhdlə Rusiyanı da cəlb etməyə çalışır. Məsələn, bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullaian Moskvaya bu yaxınlarda etdiyi səfəri zamanı digər məsələlərlə yanaşı, İran-Azərbaycan münasibətlərindəki gərginliyi də gündəmə gətirib. O, Moskvanın Tehranın mövqeyini dəstəkləməsinə nail olmaq istəyib. Yekun mətbuat konfransında nazir Azərbaycanın regionda xarici dövlətlərin iştirakı ilə hərbi təlimlər keçirməsindən narahatlığını da dilə gətirib.
Görünür, iranlı nazir qeyri-region dövlətlərinin, o cümlədən Xəzərdə mövcudluğuna məhdudiyyətlərin qoyulması məsələsində Moskvadan dəstək alacağını düşünüb. Lakin o, bu dəstəyi almayıb. Hərbi təlimlərin regionda gərginlik yaratdığı haqda fikirlərə cavab verən Rusiyanın XİN başçısı Sergey Lavrov həmkarına xatırladıb ki, İranın da Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi Bakını narahat edir. Xəzər məsələsinə gəlincə, Lavrov ümumiyyətlə Tehranı məzəmmət edib, dənizin hüquqi statusuna dair konvensiyanı ratifikasiya etməyən yeganə ölkənin İran olduğunu xatırladıb.
Ümumilikdə Sergey Lavrov müzakirələri konstruktiv məcraya yönəltməyə çalışıb, «3+3» formatının potensialından söz açıb. Nazir xatırladıb ki, bu formatın reallaşdırılmasına Rusiya və İranla yanaşı, Türkiyə ilə Azərbaycan da razılıq verib. Ona yalnız Gürcüstan etiraz edir, İrəvanın razılığının alınması üçün isə Rusiya onunla iş aparır.
Yaranmış vəziyyətdə Rusiya üçün bütün regional oyunçular arasında effektiv dialoqun üstünlüyünün nümayişi vacibdir. Bu, ona geniş manevr imkanları açır, öz maraqlarını müdafiə etmək üçün əlverişli şərait yaradır.
İran isə öz diplomatiyası ilə özünü çətin vəziyyətə salıb. O, Rusiyanın tam anlayışına nail ola bilməyib, Azərbaycanla münasibətləri pozub, Türkiyə istiqamətində maraqlarına nail olmaq perspektivini sual altına qoyub. Bir sözlə, İranın qısa vaxt ərzində bu qədər problemlər yaratmağı necə bacarmasına heyrətlənməmək olmur …
Yeri gəlmişkən, oktyabrın ortalarında Tehranın əməllərinə ABŞ-ın da münasibəti bəlli olub. «Bizim İranın regional fəaliyyəti ilə bağlı mövqeyimiz dəyişməzdir. İran regionda sabitliyi bir neçə cəhətdən pozan qüvvədir», - deyə «Trend»in məlumatına görə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays keçirdiyi brifinqdə Tehranın Azərbaycanla bağlı son bəyanatlarını şərh edərkən bildirib.
Bununla yanaşı, oktyabrın 12-də Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı ikitərəfli münasibətləri müzakirə ediblər. Söhbət zamanı bütün fikir ayrılıqlarının dialoq yolu ilə aradan qaldırılmasının vacibliyi vurğulanıb. «Nazirlər iki ölkə arasındakı münasibətlərin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.Tərəflər, son zamanlar müşahidə olunan, ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun gəlməyən ritorikanın zərərli olduğunu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər», - deyə Azərbaycan XİN-dən «İnterfaks-Azərbaycan»a bildiriblər.
XİN başçıları dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hər zaman sadiq olmağın vacibliyini də qeyd ediblər.
«Azərbaycan Respublikası vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər», - deyə nazirlikdən verilən açıqlamada bildirilir.
Görünən odur ki, hər şeyə rəğmən, İranda sağlam düşüncə qalib gəlir. Bir çox səbəbdən Azərbaycanla münasibətlərdə gərginliyi davam etdirmək Tehranın maraqlarına cavab vermir. Üstəlik, İran onsuz da ciddi beynəlxalq təzyirlər altındadırsa. Bunu Tehranda da anlayırlar. Hər halda, öz sərhədində çiçəklənən şəhərlər, «ağıllı kəndlər» görmək daha yaxşıdır, nəinki son 30 ildə olduğu kimi, xarabalıqlar.
MƏSLƏHƏT GÖR: