Müəllif: Namiq MAYILOV, Elçin HÜSEYNOV, Bakı-Daşkənd- Səmərqənd-Bakı
Özbəkistanda keçirilmiş prezident seçkisinin nəticəsi heç kim üçün sürpriz olmayıb. Ölkədə seçkiqabağı vəziyyət və siyasi qüvvələr nisbəti ilə səthi tanışlıq belə, 2021-ci il oktyabrın 24-də keçiriləcək seçkinin necə bitəcəyini müəyyənləşdirmək üçün kifayət idi. Gözlənildiyi kimi, Özbəkistan seçicisi növbəti dəfə prezident Şavkat Mirziyoyevə etimad göstərib.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Mirziyoyev səsverməni seçicilərin 80,12%-nin səsini qazanaraq udub.
İkinci yeri Özbəkistan Xalq-Demokrat Partiyasının namizədi Maksud Varisov tutub. Ona seçicilərin 6,63%-i səs verib. Milli-demokrat «Milliy Tiklaniş» partiyasının namizədi Əlişir Kadırov 5,48, Ekoloji Partiyanın lideri Narzulla Oblomuradov 4,14, Özbəiktsn sosial-demokratlarının namizədi Bəhram Abduhəlimov 3,39% səs qazanıb.
Ölkə qanunvericiliyinə əsasən, seçicilərin üçdə birinin səsvermədə iştirak etdiyi halda seçki baş tutmuş sayılır. Bu seçkidə isə seçici fəallığı 80,4% olub (16 milyon nəfərdən artıq).
Fəal və şəffaf
Özbəkistanda keçirilən seçkidə fəallıq ənənəvi olaraq, yüksək olur. Öz gələcəyinə biganə olmayan vətəndaşlar səhər saatlarından seçki məntəqələrinə üz tutmağa başlayır. Əksər hallarda burada seçkiyə ailəlikcə gedirlər. Bəzən bütöv bir həyətin sakinlərinə və ya gənclərdən ibarət böyük qruplara da rast gəlinir. Doğrudur, pandemiya şəraitində kütləvilik təşkilatçılar üçün müəyyən narahatlıqlar yaradır – insanların qapalı yerlərə sıx toplaşmasına imkan verilməməli, eyni zamanda digər qaydalara əməl olunmalıdır. Amma bu vəziyyətə uyğun da tədbirlər görülmüşdü – seçicilər məntəqələrə növbə ilə buraxılır, bu zaman onların hərarəti ölçülür, əlləri dezinfeksiya edilirdi. Pandemiya dövründə səsvermənin əsas atributları sırasına tibbi maskalar da əlavə olunmuşdu – seçici maskanı yalnız seçki məntəqəsi əməkdaşının onun şəxsiyyətini dəqiqləşdirməyə ehtiyac duyduğu vaxt endirirdi.
Artıq seçki gününün ilk yarısında bəzi seçki məntəqələrində seçki qutuları az qala yarısınadək dolmuşdu. «Bu saatadək seçicilərin 40%-i səs verib», - deyə Daşkəndin seçki məntəqələrindən birinin sədri bizə – əcnəbi jurnalistlərə qürurla bildirir.
Burada yalnız qutular yox, səsvermə üçün hazırlanmış kabinələr də sözün birbaşa mənasında şəffaf idi – bu il ilk dəfə olaraq Özbəkistan kabinələrin qarşısına pərdə çəkməkdən imtina edib. Odur ki, indi bir kabinəyə ailəlikcə daxil olmaq mümkün deyil. Seçicinin kabinədə kamera ilə çəkilməsinə isə icazə yoxdur. Çünki seçki şəffaf olsa da, səsvermə gizlidir.
Davam edən islahatlar şəraitində
Qeyd edilməlidir ki, son illər Özbəkistanın seçki qanunvericiliyi xeyli təkmilləşdirilib. Son parlament və prezident seçkiləri 2019-cu ildə qəbul olunmuş yeni Seçki Məcəlləsinə əsasən keçirilib. Məcəlləyə bu il edilmiş dəyişikliklərlə, seçki prosesinin bütün iştirakçılarının, o cümlədən KİV və müşahidəçilərin imkanları genişləndirilib.
Yeri gəlmişkən, Özbəkistanda keçirilən sayca 7-ci prezident seçkisini 20 beynəlxalq təşkilat və 20 ölkədən 968 müşahidəçi izləyib. Prosesi 1439 yerli və 223 xarici jurnalist işıqlandırıb. Seçki prosesini izləməyə gəlmiş xarici KİV nümayəndələrindən ibarət ən böyük qruplardan biri məhz Azərbaycanı təmsil edirdi. «Beynəlxalq müşahidəçilərin və KİV-in seçkidə belə miqyaslı iştirakı Özbəkistan üçün rekorddur», - deyə MSK sədri Zayniddin Nizamxocayev bildirib.
Yerlərdə səsvermənin gedişini ölkənin 5 siyasi partiyasından olan 64,5 min müşahidəçi də izləyib. Bundan başqa, ilk dəfə prosesi 207 seçki məntəqəsində quraşdırılmış 414 videokamera vasitəsi ilə internetdən də müşahidə etmək mümkün idi.
Müşahidə missiyalarının, demək olar ki, hamısı Özbəkistanda keçirilmiş son prezident seçkisinin azad, demokratik, sakit məcrada, yüksək seçici fəallığı ilə milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun baş tutduğunu təsdiqləyiblər. Bu mənada, Özbəkistanın balına zəhəri yalnız ATƏT missiyası qatıb. Onun fikrincə, seçki rəqabətin lazımi səviyyədə olmadığı şəraitdə və prosedur pozuntuları ilə keçib.
Lakin prosesi izləmiş avropalı müşahidəçilərin əksəriyyəti bu seçkini son illərin demokratik dəyişikliklərinin uğurlu nəticəsi sayır. «Müşahidələrimiz göstərir ki, Özbəkistanda vacib islahatlar həyata keçirilib. Lakin demokratiya uzun və çətin prosesdir… Özbəkistan bu istiqamətdə işləri davam etdirməlidir. Bu seçki göstərir ki, əldə edilmiş nəticələrin möhkəmləndirilməsi üçün son illərdə həyata keçirilən demokratik islahatlar davam etdirilməlidir», - deyə ATƏT-in müşahidə missiyasının xüsusi koordinatoru Reynhold Lopatka yekun brifinqdə bildirib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası da Özbəkistanda son prezident seçkisinin «sosial, iqtisadi və siyasi sahələrdə davam edən islahatlar fonunda keçirildiyini» bəyan edib.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu seçkiyə beynəlxalq marağın belə yüksək olmasının səbəbi də ölkədə son illər aparılan miqyaslı islahatlardır.
Özbəkistan beynəlxalq reytinqlərdə
Ş.Mirziyoyevin ilk prezidentlik müddəti Daşkəndin daxili və xarici siyasətində ciddi liberallaşma, qonşu dövlətlərlə münasibətlərin yaxşılaşması, ölkənin MDB, ŞƏT, Aİİ, Türk Şurası kimi regional formatlarda fəallığını əhəmiyyətli dərəcədə artırması, iqtisadiyyatda miqyaslı islahat təşəbbüsləri, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlbi üçün əlverişli şəraitin yaradılması və s. ilə yadda qalıb.
«Beynəlxalq Valyuta Fondunun və nüfuzlu reytinq agentliklərinin təhlillərinə əsasən, Özbəkistan hazırkı ağır dövrdə maliyyə və iqtisadi sabitlik nümayiş etdirən, istehsalat sahəsini bərpa edən, iqtisadi fəallığın artımına nail olan azsaylı ölkələrdəndir. Amerikanın «J.P.Morgan» investisiya bankının bu yaxınlarda açıqladığı «Özbəkistan: zirvəyə aparan yolda» adlı analitik məruzədə də eyni fikirlər yer alıb. Həyata keçirdiyimiz islahatların müsbət nəticələrinin müxtəlif beynəlxalq reytinqlərdə əksini tapması Özbəkistanın beynəlxalq maliyyə bazarlarına çıxmasına imkan yaradıb», - deyə Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov jurnalımıza bir müddət əvvəl verdiyi müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, yalnız bu il xarici investorlar ölkənin dövlət istiqraz vərəqələrinə ümumilikdə 1 milyard dollardan artıq yatırım edib.
Dünya Bankının «Doing Business» hesabatında Özbəkistan 2020-ci ilin nəticələrinə görə, 2016-cı ildə yer aldığı 87-ci pillədən 69-cu yerə yüksəlib. «Heritage Foundation» fondunun hər il «The Wall Street Journal» ilə birlikdə təşkil etdiyi qlobal iqtisadi azadlıqları indeksində («2021 Index of Economic Freedom») isə Özbəkistan 178 ölkə arasında 108-ci yerdədir. O, bu reytinqdəki yerini ötən illə müqayisədə 6 pillə yaxşılaşdırıb. Üç il əvvəl – 2018-ci ildə isə Özbəkistan bu reytinqdə 152-ci idi.
«Geri yol yoxdur»
Artıq seçilmiş prezidentin seçki proqramı başladılmış kursun davam etdirilməsini nəzərdə tuturdu. «Qazeta.uz» yazır ki, onun Yeni Özbəkistan strategiyası 2027-ci ilə ölkədə yoxsulluq həddinin ən azı iki dəfə azaldılmasını, rəqəmsal iqtisadiyyatın inkişafını, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsini, insanların ömrünün uzadılmasını, dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur.
10 maddədən ibarət strategiyaya əsasən, qarşıdakı 5 ildə adambaşına düşən ÜDM-in həcmi 1,6 dəfə artaraq, 4 min dollara çatmalıdır. Bununla yanaşı, iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi rəqəmsal iqtisadiyyat olmalıdır – onun həcminin ən azı 2,5 dəfə artırılması nəzərdə tutulur. «700-dən artıq dövlət xidmətindən 100-nün özəl sektora verilməsi planlaşdırılır», - deyə proqramda bildirilir.
İnvestisiyaların cəlbi ilə bağlı da qarşıya iddialı plan qoyulub – qarşıdakı 5 ildə ölkə iqtisadiyyatına 120 milyard dollar investisiya cəlb olunmalı, onun 70 milyardı xarici investisiyalar olmalıdır. ÜDM-də özəl sektorun payının isə 80%-ə çatdırılması planlaşdırılır. Bununla yanaşı, bazarın liberallaşdırılmasına davam edilməsi, vergi yükünün azaldılması, 25 sahədə inhisara son qoyulması, sosial-iqtisadi həyatın müxtəlif sahələrində çoxsaylı digər islahatlar da nəzərdə tutulur.
Ş.Mirziyoyevin seçki proqramında prioritetlər sırasında «sistemli, dərindən düşünülmüş, praqmatik xarici siyasətin və iqtisadi diplomatiyanın davam etdirilməsi» də var idi.
Bir sözlə, səsvermənin nəticələri göstərib ki, ölkə əhalisi islahatların davam etdirilməsi üçün köhnə-yeni hakimiyyətə kart-blanş verir. Rəyini soruşduğumuz Özbəkistan vətəndaşlarının əksəriyyəti əmindir ki, Ş.Mirziyoyevin ikinci səlahiyyət müddəti onun başlatdığı işlərin real siyasi və iqtisadi dividendlərə çevrilməsi dövrü olacaq.
Yarışın qalibi olmuş Ş.Mirziyoyevin özünün seçkidən sonrakı açıqlamasında bildirdiyi kimi, «geri yol yoxdur. İndi Özbəkistan yalnız irəli gedəcək».
MƏSLƏHƏT GÖR: