23 Noyabr 2024

Şənbə, 01:09

ALTERNATİV SƏRMAYƏLƏR

Azərbaycanda islam bankçılığının qanunvericiliklə tənzimlənməsi müsəlman ölkələrindən kapital axınını artırmağa imkan verəcək

Müəllif:

15.11.2021

Artıq neçə ildir ki, Azərbaycanın maliyyə və bank camiəsində ölkədə islam bankçılığının tətbiqi ilə ciddi məşğul olmaq təklif edilir. Bunun birinci səbəbi ölkədə daxili potensialın olması ilə bağlıdır, yəni əhalinin bir hissəsi dini səbəblərdən ənənəvi bank məhsullarından istifadə etməkdən imtina edir və onların ehtiyacı ödənməlidir. İkincisi isə, bu, cəlb edilən investisiya mənbələrinin şaxələndirilməsinə və yeni kapital bazarlarına çıxış imkanının yaradılmasını mümkün edərdi. Bundan başqa, ekspertlər əmindirlər ki, maliyyə-bank sektorunun inkişafı və sabitliyi nəzərə alınarsa, Azərbaycan postsovet məkanında islam maliyyəsinin mərkəzinə çevrilə bilər.

Lakin belə cəlbedici əsaslandırmalara baxmayaraq, bu fəaliyyət üçün qanunvericilik bazası hələ də təsdiqlənməyib. Bu yaxınlarda bu məsələ yenidən qaldırılıb və müxtəlif səviyyələrdə fəal şəkildə müzakirə olunur. Özəlliklə də, istiqrazların ekvivalenti olan sukuk kimi bir alətin tezliklə istifadə edilməsindən ciddi şəkildə danışırlar.

 

İnkişaf etməkdə olan bazar

Artıq neçə illərdir ki, maliyyə ekspertləri vurğulayırlar ki, islam bankçılığının inkişafı Azərbaycanın bank sisteminə fayda verəcək. Getdikcə dünyada şəriət prinsipləri ilə işləyən maliyyə qurumları daha da güclənir ki, onlar sərfəli şərtlərlə iri layihələrdə investor kimi çıxış edə bilirlər və onların ölkədə analoji tərəfdaşlara ehtiyacı var.

Xatırladaq ki, islam bankçılığı ənənəvi bankçılığa alternativdir. Söhbət borc faizinin qadağan edilməsindən, artan riskdən və qeyri-müəyyənlikdən gedir. Bundan başqa, siz şəriətlə qadağan olunmuş fəaliyyətlərə sərmayə yatırıb gəlir əldə edə bilməzsiniz. Əslində, islam maliyyə sistemi də ənənəvi sistemlə eyni alətlərə malikdir, lakin o, kredit münasibətlərində faiz əvəzinə şirkətdən pay verilməsi üzərində qurulub və nəticədə, bank mənfəəti, həm də bütün risklər borcalanla bölüşülür.

Bu alətlərin yalnız haradasa Ərəbistan yarımadasında işlədiyini və qalan qeyri-müsəlman dünyası ilə isə heç bir əlaqəsi olmadığını düşünmək yanlışdır. Söz yox ki, şəriət qanunlarına əməl edən ölkələrin çoxu yetərincə varlı iqtisadiyyata malikdirlər və buna uyğun olaraq investisiya cəlbi üçün sərfəli tərəfdaş kimi çıxış edirlər. Təbii ki, bununla bağlı işgüzar Avropanı bir kənara qoymaq olmaz və burada ilk islam bankı hələ 1978-ci ildə Lüksemburqda yaranıb. İndi «Citybank», HSBC, «C.P.Morgan», «Gold-man Sachs», «Credit Suisse» və bir çox başqa bank nəhənglərinin islam törəmə şirkətləri də var. Britaniyada ölkənin 150 bankından 20-si şəriət əsasında maliyyə xidmətləri göstərir. «General Motors», «IBM», «Alcatel», «Daewoo» kimi transmilli nəhənglər islam banklarının xidmətlərinə müraciət edirlər.

Bu alətlər Azərbaycanın qonşuları arasında da çox populyardır və İran bu məsələdə tək deyil. Məsələn, Türkiyənin ən böyük dövlət banklarından biri olan «Ziraat Bank» bu il islam bankçılığı prinsipləri əsasında fəaliyyət göstərən ilk filialını İstanbulda açıb.

Bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, “bu gün islam bankçılığı Türkiyədə ümumi bank dövriyyəsinin 5%-ni təşkil edir. 2023-cü ilə qədər onun payı 20%-ə yüksəlməlidir”. «Ziraat Bank»ın islam filialı açılana qədər Türkiyədə dörd islam bankı fəaliyyət göstərirdi.

Bütünlükdə, pandemiyadan öncəki 2019-cu ilin məlumatlarına görə, qlobal islam maliyyə bazarı il ərzində 7% artaraq 2,2 trilyon dollara çatmışdı. Kommersiya islam banklarının sayı 418 olub. «Ernst & Young»ın məlumatına görə, islam bankinq müsəlmanların bank aktivlərinin yalnız bir hissəsini idarə etsə də, toplam bank aktivlərindən daha sürətlə böyüyür. İslam maliyyə sektorunun ümumi qlobal maliyyə aktivləri, təxminən, 2,88 trilyon dollar təşkil edir və bu rəqəmin 2024-cü ilə qədər 3,69 trilyon dollara çatacağı gözlənilir.

 

Bərabər rəqabət imkanları

Qlobal trend nəzərə alınarsa, tənzimləyici və “ənənəvi” bank icması tərəfindən yetərincə uzun çəkən müqavimətə və yumşaq imtinaya baxmayaraq, Azərbaycanda islam bankçılığının qanunvericiliklə tənzimlənməsinə elə də çox vaxt qalmadığını güman etmək olar.

Qeyd edək ki, hələ 2017-ci ilin yanvarında İslam İnkişaf Bankı ilə qrant sazişi imzalanıb və bu mexanizmin Azərbaycanda tətbiqi üçün 200 min ABŞ dolları məbləğində texniki yardım ayrılıb. Eyni zamanda islam bankinqin hüquqi əsaslarının hazırlanmasına texniki dəstək layihəsinin həyata keçirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məsul təyin edilib, «Ekvita Consulting» konsorsiumu isə bu sistemin tətbiqi ilə bağlı təkliflərin hazırlanması üçün seçilib.

Məsləhətçi artıq işin öz payına düşən hissəsini başa çatdırıb və hökumətə təkliflər təqdim edib ki, bunlar ölkədə islam maliyyəsinin imkanlarını qanunvericiliklə genişləndirməlidir.

Məsləhətçinin təkliflərinin mahiyyəti nədən ibarətdir? “Ekvita Consulting” konsorsiumunun rəhbəri İlqar Mehdinin fikrincə, Azərbaycanda islam bankinqin inkişafını stimullaşdıracaq bir sistemin yaradılması lazımdır. Axı, mövcud qanunvericilik bazası sırf ənənəvi bankçılıq üzərində qurulub. İslam bankinq sahibkarın biznesində iştirak etməklə qazanc əldə etməyə imkan verir, halbuki mövcud qanunvericiliyə görə, banklar qeyri-maliyyə sektorunda fəaliyyət göstərə bilməz. Buna görə bu qadağanın aradan qaldırılması üçün qanunvericilik bazası yenidən yazılmalıdır. Burada islam prinsipləri əsasında fəaliyyət göstərən banklara hər hansı imtiyazların verilməsindən söhbət getmir. İ.Mehdi vurğulayır ki, dəyişikliklərin mahiyyəti bank fəaliyyətinin bütün növləri üçün bərabər şəraitin yaradılmasından ibarətdir.

Bu baxımdan, onun sözlərinə görə, layihə elə hazırlanıb ki, hüquqi baxımdan bütün banklar üçün bərabər rəqabət imkanları təmin edilsin.

İslam banklarının fəaliyyəti üçün vergi məsələlərinin də tənzimlənməsi tələb edilir. Vergi qanunvericiliyinə görə, Azərbaycanda hər hansı aktivin alqı-satqısı zamanı əlavə dəyər vergisi (ƏDV) ödənməlidir.

İslam bankinq normalarına görə, bank aktivi alır və sonra onu hissə-hissə ödənməsi şərti ilə müştəriyə satır. Belə olanda, həm satış, həm də alış əməliyyatlarının hər ikisinə ƏDV tətbiq edilir. Bununla bağlı, edilən təkliflərdən biri ölkə üzrə ikiqat vergitutmanın aradan qaldırılmasıdır.

Bununla yanaşı, bankın şəriət qaydalarına uyğun fəaliyyəti dini şura tərəfindən təsdiqlənməlidir , şuraya maliyyə sektorunun mütəxəssisləri, həmçinin islam bankinq üzrə dərin biliklərə malik şəxslər daxil olmalıdır. Özü də, şura üzvlərinin müsəlman olması üçün heç bir icbari şərt yoxdur. Məsələn, London bazarında islam bankinq üzrə ən məşhur mütəxəssis milliyyətcə yəhudidir.

Sual yarana bilər - maliyyə xidmətlərinin göstərilməsində dini şura nə üçün lazımdır? Məsləhətçinin sözlərinə görə, şura bank məhsullarının islam bankinq prinsiplərinə uyğunluğunu yoxlamalı və təsdiq etməlidir ki, bu, dindar müştərilər üçün çox önəmlidir. İ.Mehdi hesab edir ki, Azərbaycanda belə bir sistemin qurulmasında çətinliklər var, çünki müxtəlif dini konfessiyalar məsələsi ortaya çıxır. Bundan başqa, deyildiyi kimi, dini şuranın üzvləri maliyyə eksperti olmalıdır ki, bizdə isə belə mütəxəssislər çox azdır...

 

Milli sukuk

İslam bankinq məhsullarının təqdim edilməsinin faydaları artıq digər MDB ölkələrində, xüsusən də Rusiya və Qazaxıstanda layiqincə qiymətləndirilib. Bunun fonunda, eləcə də Azərbaycanın maliyyə-bank baxımından inkişaflı və dayanıqlı olması nəzərə alınarsa, ölkə postsovet məkanında islam maliyyəsinin mərkəzinə çevrilə bilər.

Bəllidir ki, hazırda islam bankinq alətlərinin inkişafı “Banklar haqqında” qanunla məhdudlaşdırılıb, buna baxmayaraq, bir neçə il əvvəl bir sıra yerli banklar onların fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına zidd olmayan məhsullar təklif edirdi. Bu gün bu istiqamətdə təşəbbüslər tamamilə sıfra endirilib, lakin dövlət müəssisələri tərəfindən maraq göstərilməyə başlayıb.

Daha dəqiq desək, Azərbaycan İnvestisiya Holdinqinə tabe olan dövlət şirkətləri sukuk, yəni adi istiqrazların islam ekvivalentini buraxmağa hazırlaşırlar.

Bununla bağlı, holdinq İslam İnkişaf Bankı Qrupunun bölməsi olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə əməkdaşlıq etmək niyyətindədir. Tərəflər arasında artıq anlaşma memorandumu imzalanıb.

“AzerGold” QSC də həmçinin ICD ilə anlaşma memorandumu imzalayıb. Məqsədlərdən biri «AzerGold»un layihələrinin maliyyələşdirməyə artan tələbatının ödənilməsi üçün sukuk emissiyası imkanlarının araşdırılmasıdır.

İslam istiqrazlarının buraxılışı ilə Azərbaycanda yeni maliyyə mənbələri peyda olunacaq. Həqiqətən də, ölkədə yetərincə insan var ki, istiqrazları “haram” (islamın qadağan etdiyi əməl) hesab edib almır. Digər tərəfdən Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn kimi körfəz ölkələrində Azərbaycana sərmayə qoymaqda maraqlı olan, lakin eyni səbəb üzündən bunu etməyənlər yetərincədir. Sukuk emissiyası Azərbaycan İnvestisiya Holdinqinin idarə etdiyi şirkətlərə, özü də qısa zamanda böyük vəsaitlərin daxil olmasını təmin edəcək.

İslam istiqrazlarına yetərincə yüksək maraq gözlənilir, çünki bəzi hallarda onların gəlirliliyi ənənəvi qiymətli kağızlarla müqayisədə xeyli yüksək olur. Məsələ burasındadır ki, ənənəvi istiqrazlar üzrə gəlir müəyyən edilmiş sabit faizlə hesablanır və nəticədən asılı olmayaraq, son hesabda faiz gəliri olur. Sukukda şirkətin xalis mənfəəti bölünür və investor həm də şirkətin risklərini bölüşür. İlk baxışdan elə görünür ki, sukuk ənənəvi istiqrazlardan daha riskli investisiya formasıdır, amma reallıqda belə deyil. Beynəlxalq təcrübədə sukukun risklərini müxtəlif üsullarla minimuma endirmək üçün mexanizmlər mövcuddur.

Ancaq sukukun gəlirliyinin nəticədən asılı olmasına görə, bəzi hallarda bu, ənənəvi istiqrazlardan xeyli yüksəkdir. Ona görə də bu investisiya alətindən təkcə müsəlmanlar deyil, qeyri-müsəlmanlar da istifadə edirlər.

Bununla belə, Azərbaycanda sukukun tətbiqi zamanı qanunvericiliyin müddəaları ilə müəyyən uyğunsuzluqlar yarana bilər. Söhbət ikiqat vergitutmadan gedir. Yəni sukuk bir tərəfdən faiz gəlirinə görə istiqraz kimi, digər tərəfdən isə mənfəətdən gəlir əldə etdiyi üçün dividendlərə görə vergiyə cəlb oluna bilər. Sukukun cəlbediciliyini artırmaq üçün ölkənin Vergi Məcəlləsinə və Mülki Məcəlləyə dəyişiklik etmək lazım gələcək.

Azərbaycan Mərkəzi Bankının kapital bazarına nəzarət departamentinin şöbə rəisi Samir İsmayılov da sukukun tətbiqi ilə bağlı normativ hüquqi bazanın formalaşdırılması üçün qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsini zəruri hesab edir.

Azərbaycan İnvestisiya Holdinqinin və deməli, ölkə hökumətinin islam maliyyələşdirməsinə marağı nəzərə alınarsa, bu islahatlar çox gözləməli olmayacaq. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və KOBİA-nın ICD ilə birgə təşkil etdiyi “Sukuk – Azərbaycanda alternativ maliyyələşdirmə mexanizmi” mövzusunda konfrans da təsdiqləyir.

Tədbirin məqsədi Azərbaycanda sukuk alətinin tanınmasına imkan yaratmaq olub. Həmçinin sukukdan Azərbaycanda infrastruktur layihələrində və dövlət-özəl tərəfdaşlıq layihələrində alternativ maliyyələşdirmə mexanizmi kimi istifadə imkanları da müzakirə olunub.

Ekspertlər əmindirlər ki, bu, ilk növbədə, ölkənin iqtisadi təhlükəsizliyini təmin edəcək - investisiya layihələrinin maliyyələşdirilməsinin mənbələri və formaları nə qədər çox olsa, təbii ki, bir o qədər yaxşıdır. İslam maliyyəsi yeni bazarlara aparan mümkün dəhlizlərdən birinə çevrilə bilər, ölkə bütün regionun iqtisadiyyatının inkişafına kömək edəcək yeni maliyyə axını əldə edə bilər.



MƏSLƏHƏT GÖR:

190