23 Noyabr 2024

Şənbə, 01:47

GÜNƏŞ KİMİ GÖZƏL VƏTƏN

Azərbaycan işğaldan azad edilmiş ərazilərin turizm potensialının üzə çıxarılması üçün nəhəng layihələr reallaşdırmağı planlaşdırır

Müəllif:

15.11.2021

Azərbaycan torpaqlarının işğalına son qoymuş üçtərəfli Bəyanatın imzalanmasından cəmi 1 il keçir. Azad olunmuş torpaqlarda bərpa işləri dünya təcrübəsi üçün nadir hesab oluna biləcək templərlə getsə də, dağıdılmış, talan edilmiş şəhər və kəndlərin tezliklə tam bərpa ediləcəyini söyləmək real olmazdı. Bu gün bu ərazilərdə praktik olaraq, infrastruktur, sosial şərait yoxdur. Bəzi ərazilərdə söhbət, sadəcə, yandırılmış torpaqlardan gedir. Lakin artıq bu gün minlərlə insan müxtəlif qurumlara müraciət edərək, bu rayonlara səfər etmək istədiklərini bildirirlər. Üstəlik, söhbət heç də yalnız doğma torpaqlarını görmək arzusu ilə alışıb-yanan azərbaycanlılardan getmir. İndi Qarabağa əcnəbilər də böyük maraq göstərir. Bütün bunları, həmçinin bölgənin qeyri-adi gözəlliyə malik təbiətini, balneoloji resurslarını, möcüzə nəticəsində salamat qalmış mədəni-tarixi irsi abidələrini nəzərə alsaq, artıq yaxın illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizmdən ciddi gəlir götürəcəyinə şübhə qalmır.

 

Keçmiş günlərin şöhrəti

Əcnəbi turistlərdən (rəsmi şəxslər və ya KİV nümayəndələri yox, məhz turist) ibarət ilk qrup Qarabağa hələ bu ilin sentyabrında səfər edib. Sentyabrın 27-də Füzuli aeroportuna kommersiya sınaq uçuşu həyata keçirilib. Turda ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan 30-dan artıq dünyaca məşhur beynəlxalq səyyah iştirak edib. Qarabağa ilk dəfə bütün dünyadan səyyahları birləşdirən 4 aparıcı beynəlxalq şəbəkənin rəhbərləri də səfər edib. Söhbət ETIC («Extremal Travellers International Congress»), MTP («Most Traveller People»), TCC («Travellers' Century Club») və «NomadMania» klubundan gedir.

Məlumdur ki, SSRİ dövründə Qarabağ regionu turizmin ən müxtəlif növləri, o cümlədən sanatoriya-kurort müalicəsi turizmi üçün ən populyar istiqamətlərdən biri olub. Yalnız 1987-ci ildə bu regiona 250 min turist baş çəkmişdi. Üstəlik, onların 50 mini Sovet terminologiyası ilə desək, uzaq ölkələrdən gəlmiş qonaqlar idi.

Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məmməd Muradovun sözlərinə görə, regionun turizm infrastrukturunun böyük hissəsi işğal illərində dağıdılıb. İşğalın turizm sahəsinə vurduğu zərərin maddi tərəfindən danışmağa belə, dəyməz – söhbət milyardlardan gedir. «Yalnız bir məqamı qeyd etmək kifayətdir ki, 1988-ci ildə regiondakı 16 mehmanxanada 891 çarpayı var idi. Birinci Qarabağ müharibəsi zamanı bu infrastrukturun əhəmiyyətli hissəsi ya dağıdılıb, ya da ciddi zərər görüb», - deyə M.Muradov bildirib.

Məsələn, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı lentə alınmış görüntülərdə İstisu qəsəbəsində bir vaxtların məşhur sanatoriyasının hansı kökə salındığı aydın şəkildə görünür. Halbuki nadir müalicəvi su mənbəyinin yanında tikilmiş bu kurort Qafqazın ilk müalicə-sağlamlıq kurortlarından olub. O, hələ 1928-ci ildə inşa edilmiş, 1970-ci ildə isə ümumittifaq statusu almışdı.

Bu, sözün birbaşa mənasında nadir su resursudur – tərkibinə görə dnüyada ikinci belə su yoxdur. İşğaladək orada mineral suyun qablaşdırıldığı zavod da fəaliyyət göstərib və o zaman həmin məhsula böyük tələbat olub. Sonradan işğalçılar bu mənbədən öz məqsədləri üçün barbarcasına istifadə etməyə başlayıb, orada öz brendləri altında su istehsal edərək, bu məhsulu xarici ölkələrə kifayət qədər baha qiymətə satıblar…

İsti bulaqlarla Kəlbəcərə qonşu olan Laçın rayonu da zəngindir. Oraya məmnuniyyətlə nəinki müalicə olunmağa, həm də məftunedici təbiətdən, minlərlə tarixi memarlıq abidəsindən (kurqanlar, qalalar, məbədlər və s.) zövq almağa, yerli mətbəxin koloritli və kalorili nümunələrindən dadmağa da gəlirdilər.

Sanatoriya-kurort mərkəzi Azərbaycanın qəlbi olan Şuşada da fəaliyyət göstərib. Burada mövsüm zamanı heç vaxt tursit çatışmazlığı yaşanmayıb. Bundan başqa, Sovet hakimiyyətinin qurulmasından, Şuşada o dövr üçün müasir kurort komplekslərinin yaradılmasından çox əvvəl qeyri-adi gözəlliyə malik, “Turşsu” və “Şirlan” kimi müalicəvi mineral su mənbələri olan bu şəhərə Azərbaycanın digər bölgələrindən, həmçinin Rusiyadan, İrandan və s. ölkələrdən zəngin insanlar axışırdılar. Bununla bağlı, tarixi faktların sayı-hesabı yoxdur. Bütün bu kurort və sanatoriyalar ciddi gəlir mənbəyi olub və bu, özünü dünyanın hər yanından qonaqları böyük sevgi ilə qarşılayan yerli əhalinin rifahında da göstərib.

 

İlk növbədə infrastrukturdur

Bəs, regionun keçmişdəki turizm şöhrətini geri qaytarmaq mümkün olacaqmı? Şübhəsiz ki, bəli! Bütün məhv edilmiş turizm obyektləri – o cümlədən Qubadlıda, Cəbrayılda, Zəngilanda, Ağdamda və digər şəhər və kəndlərdə – bərpa ediləcək və bunu ölkə rəhbərliyi də dəfələrlə bəyan edib. Artıq hazır planlara əsasən, Qarabağda və Şərqi Zəngəzurda bu tip xidmət sahələri o qədər geniş inkişaf etdiriləcək ki, regionlar yalnız turizmin hesabına özlərini təmin edə biləcək.

Məmməd Muradovun sözlərinə görə, əsas hədəf 2030-cu ilə regionun turizm üçün təhlükəsiz zonaya çevrilməsidir. Aydındır ki, bu hədəfə nail olunması üçün bir neçə istiqamətdə ciddi iş aparılmalıdır. Regionun turizm nöqteyi-nəzərindən də inkişafı ilə bağlı strateji yanaşma ortaya qoyulmalı, burada yerüstü və hava nəqliyyatı sahəsində keyfiyyətli, rəqabət qabiliyyətli xidmətlər təmin olunmalıdır. Məlum olduğu kimi, artıq bu istiqamətdə son dərəcə fəal iş görülür. Artıq Füzulidə bir beynəlxalq aeroport istismara verilib, Zəfər yolunun inşası başa çatdırılıb. Nəticədə, indi Bakıdan, məsələn, Şuşaya 2 saatdan az müddətə çatmaq mümkündür. Əsas hədəflərdən biri Laçın və Zəngilanda daha iki hava limanının tikintisidir. Bu da səyahətçilərin bölgəyə maksimum rahat çatmasını və demək, turizmin inkişafını təmin edəcək.

Bölgədə avtomobil və dəmir yollarının tikintisi və bərpası da tam gücü ilə davam etdirilir. Məsələn, 51 kilometrlik tam yeni İstisu-Minkənd yolu tikilir və o, Laçınla Kəlbəcər arasında ikinci kommunikasiya xətti olacaq. Bu yol Laçın beynəlxalq aeroportundan İstisuya daha rahat getməyə imkan verəcək. «Vətəndaşların rahatlığı, həmçinin İstisu kurortunun bərpası, onun müasir səviyyədə qurulması üçün bu yol böyük əhəmiyyət daşıyır», - deyə Prezident İlham Əliyev regiona səfərlərindən biri zamanı bildirib.

Regionla bağlı daha bir məsələ şəhər və kəndlərin baş planının hazırlanmasıdır. Dövlət Turizm Agentliyi bu məsələdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə sıx əməkdaşlıq edir. «Bu əməkdaşlıq çərçivəsində biz artıq Şuşa, Ağoğlan, Suqovuşan və Daşaltı kimi yaşayış məntəqələrinin inkişafında, həmçinin bütün regionun baş planının hazırlanmasında iştirak edirik. Əsas hədəfimiz şəhərlərin planının hazırlanmasında dayanıqlı turizm yanaşmasının da əks olunmasıdır. Planların elan olunmasından sonra investorların cəlbi asan olacaq», - deyə M.Muradov qeyd edib.

 

İstiqamət və məhsullar

Əsas infrastrukturun hazır olmasından sonra regionun inkişaf planının hazırlanmasında hansı turizm istiqamətləri və məhsullarına üstünlük verilməli olduğu müəyyənləşdirilməlidir. Bu istiqamətdə də işlərə artıq başlanılıb və bu bölgədə praktik olaraq, bütün populyar turizm növlərinin tətbiqi nəzərdə tutulur.

Ekspertlərin fikrincə, münaqişənin başa çatması ilə regionun ənənəvi turizm potensilının üzə çıxması üçün yeni imkanlar açılır. İndi burada ekoloji, balneoloji, mədəni, tarixi və dağ xizək turizmi üçün geniş imkanlar var. Bu, piyada gəzintilər, kempinqlər, dağ velosiped gəzintisi, raftinq və paraşüt idmanı, isti bulaqlar yanında sanatoriyalar, qaynar vannalar, qış mövsümündə müxtəlif dağ xizəyi xidmətləridir.

Bundan başqa, məlum olduğu kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və burada aparılan bərpa işlərinin başa çatmasından sonra məşhur Cıdır düzü, şübhəsiz ki, böyük mədəniyyət tədbirlərinin, festivalların, müsabiqələrin keçirildiyi məkana çevriləcək. Bu isə apriori turist cəlbi üçün stimuldur.

Qarabağ və Şərqi Zəngəzurda turimz mərkəzləri ilə yanaşı, turistik marşrutların təşkili üçün də böyük potensial var. Məsələn, sivilizasiyanın beşiklərindən sayılan Azıx mağarası Füzuli şəhəri yaxınlığındakı Xocavənd rayonunda yerləşir. Təəssüf ki, mağaradakı eksponatların çoxu işğal illərində işğalçılar tərəfindən qarət olunub və bu, Azərbaycanın tarixi və arxeoloji irsinə ciddi zərbə vurub. Lakin Azərbaycanın bir çox yerində bu abidələrin bazasında eksponatların, tarixi hadisələrin interaktiv nümayişi ilə kifayət qədər maraqlı muzey kompleksləri yaradılıb. İstənilən halda, Azıx mağarasının qədim tarix həvəskarları üçün ən yaxşı vəziyyətə gətiriləcəyinə şübhə yoxdur. Bu zaman abidəyə zərər dəyməməsi üçün təhlükəsizlik qaydalarına maksimum əməl olunacaq.

Görməli yerlər kimi diqqəti çəkəcək tarixi abidələr sırasına, əlbəttə ki, Araz çayı üzərindəki məşhur Xudafərin körpüsü, alban dövrünə aid məbədlər, kurqanlar, mavzoleylər, qəbirüstü abidələr də aiddir. Bu abidələrə çoxsaylı turistlərin cəlbi üçün onlarla bağlı fəal təbliğat işləri aparılmalıdır. Bununla yanaşı, bu abidələrin tarixi mənsubiyyəti ilə bağlı dəqiq informasiyanın yayılması da vacibdir.

Yaxın perspektivdə azad olunmuş ərazilərdə işgüzar turizmin (MICE turizm) inkişafı da kifayət qədər aktual ola bilər. Bu növ turizm konfranslara, konqreslərə, biznes forumlara və s. qatılmağı nəzərdə tutur. Ekspertlər bu üzdən hesab edirlər ki, regionda mehmanxanaların inşası zamanı işgüzar dairələrin tələbləri nəzərə alınmalıdır. Yəni hotellərdə işgüzar görüşlərin keçirilməsi üçün konfrans zalları da olmalıdır.

Nəhayət, regionda daha bir turizm məhsulu spesifik «qara turizm» olacaq. Bu, hazırda dünyanın bir çox ölkəsində nnkişafa olan yeni turizm növüdür. O, həmin dövlətlərin tarixində baş vermiş faciəvi hadisələr – müharibələr, təbii fəlakətlər və s. ilə bağlıdır. Bir qayda olaraq, bu yerlərdə açıq səma altında muzeylər yaradılır və orada baş vermiş faciəni əks etdirən faktlar nümayiş olunur. Prezident İlham Əliyev Qarabağda da işğalın nəticələrinin nümayiş olunacağı yerin ayrılması haqda göstəriş verib. «Müəyyən edilmiş yerlərlə turizm marşrutlarının təşkili nəzərdə tutulur. Qoy gələnlər son 30 ildə bizim torpaqlarımızda hansı dəhşətlərin törədildiyini görsünlər», - deyə Dövlət Turizm Agentliyinin məsləhətçisi Kənan Quluzadə hələ bir müddət əvvəl bildirmişdi.

 

İnvestisiya cazibədarlığı

Planlar çoxdur, amma onların reallaşdırılması üçün vəsait lazımdır. Əsas infrastrukturun bərpası və s. üçün xərclərin əsas hissəsini dövlət öz üzərinə götürsə də, bu cür nəhəng işləri yalnız dövlət vəsaiti hesabına görmək real deyil. Özəl investisiyalara da ehtiyac var və onları cəlb etmək lazımdır – motivasiya, təşviq…

Dövlət Turizm Agentliyinin ekspertləri deyir ki, bunun üçün əlverişli normativ-hüquqi baza yaradılacaq, özəl investisiyaların cəlbi məqsədi ilə stimullaşdırma mexanizmləri işlənib hazırlanacaq. Bu mexanizmlərin əsas məqsədlərindən biri turizm sektoru üçün maksimal gəlirin təmin olunmasına yönəlmiş dövlət siyasətinin qurulmasıdır. Bununla yanaşı, azad olunmuş ərazilərdə investisiyaların cəlbi üçün dövlətin stimullaşdırma mexanizmi kimi, turizm zonalarının yaradılması nəzərdə tutulur. Turizm və istirahət zonaları investorlara turizm üçün vacib sahələrdə daha əlverişli investisiya rejimi təklif edəcək.

«Düşünürük ki, dünyanın bir çox ölkəsində tətbiq olunan bu mexanizm Qarabağda da tətbiq edilərsə, qısa müddətdə turizm infrastrukturunun yaradılması üçün əlverişli olacaq. Bizim məqsədimiz ən azı Qarabağın müharibədən əvvəlki turizm şöhrətini qaytarmaqdır», - deyə M.Muradov bildirib.

Məqalənin əvvəlinə qayıdaraq qeyd edək ki, Qarabağa səfərə maraq ərazilərin minalardan tam təmizlənməməsinə rəğmən, artıq çox böyükdür. Azərbaycanlılar bu günləri çox gözləyib və indi onlar yandırılmış da olsa, öz doğma torpaqlarının qoxusunu duymaq istəyir. Gələcəkdə bu bölgəyə keçmişdə olduğu kimi, turistlərin axın edəcəyinə də artıq heç bir şübhə yoxdur. İnvestorlar üçün vacib olanı miqyaslı bərpa və dirçəliş layihələrinə vaxtında qoşula bilməkdir.



MƏSLƏHƏT GÖR:

218