24 Noyabr 2024

Bazar, 22:53

FORMATLARIN MÜHARİBƏSİ

Avrasiyada onilliklərdir mövcud olan ittifaqların ciddi transformasiyası və yenidən qruplaşması yaşanır

Müəllif:

15.11.2021

Beynəlxalq siyasət hər zaman, bütün dövrlərdə «burulğanlar»la yadda qalıb, bu cür xarakterizə olunub. Bütün dövrlərdə bir əməkdaşlıq formasını aktual gündəmə daha uyğun olan digər əməkdaşlıq forması əvəzləyib, beynəlxalq təhlükəsizliyin arxitekturası belə formalaşıb. Bu gün də istisna deyil. İndi də beynəlxalq münasibətlər sistemində qüvvələrin yenidən qruplaşması baş verir, şərti bloklar yaranır, bununla da dünyanın aparıcı güc mərkəzləri arasında rəqabət güclənir.

Bu zaman onilliklər boyu mövcud olmuş bəzi ittifaqlar ciddi transformasiya yaşayır, bəziləri isə aktuallığını itirir.

 

Böyük Britaniya Qərbdə gedən proseslərin katalizatoru kimi

Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi, ABŞ-ın Qərb dünyasına himayədarlıq etmək siyasətindən tədricən çəkilməsi Qərbdə aşkar siyasi bölünmələrə yol açıb. Belə ki, kollektiv Qərb coğrafiyası hüdudlarında anqlosaksonlarla avropa-mərkəzçi qütb arasında parçalanma getdikcə daha aydın görünməkdədir.

«Brexit» və Londonun onun yeni xarici siyasətinə müvafiq ittifaqların yaradılmasında və ya təkrar yaradılmasında göstərdiyi fəallıq CANZUK (Kanada, Avstraliya, Yeni Zelandiya, Britaniya) formatının yaradılması ideyasına aktuallıq qazandırıb. O, bu dörd dövlət arasında azad ticarət, qarşılıqlı miqrasiya və xarici siyasətdə əməkdaşlıq razılaşmasını nəzərdə tutur. Bu ideya hələ institusionallaşmasa da, Britaniya diplomatiyasının artıq bu istiqamətdə fəal iş apardığını söyləmək üçün bütün əsaslar var.

Digər tərəfdən, 2021-ci il sentyabrın 15-də yaradılmış AUKUS üçtərəfli müdafiə alyansı (Avstraliya, Böyük Britaniya, ABŞ) formal olaraq NATO daxilində də bölünmənin olduğunu göstərir. Hər halda o, alyansın aparıcı üzvləri (ABŞ və Böyük Britaniya) arasında onun «müdafiə karkası»na əsaslanmayan ümumi təhlükəsizlik sisteminin yaradılmasını nəzərdə tutur.

Bu parçalanma London-Paris və Paris-Vaşinqton münasibətlərindəki böhranla daha da dərinləşir. Bu münasibətlərdəki böhranın səbəbi isə Avstraliyanın Fransadan sualtı qayıqların alınmasına dair çoxmilyardlıq müqavilədən imtinasıdır. «Birləşmiş Ştatlar-Fransa münasibətləri tarixində ilk dəfə səfirimizi məsləhətləşmə üçün geri çağırmağımız ciddi siyasi aktdır. Bu, ölkələrimiz arasında, həmçinin Avstraliya ilə münasibətlərdəki böhranın dərəcəsini göstərir», - deyə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.

ABŞ və Fransa prezidentləri arasında birincinin təşəbbüsü ilə baş tutmuş telefon söhbətindən sonra qarşılıqlı münasibətlərdə müəyyən sabitlik yaransa da, məsələnin tam həll olunduğunu söyləmək mümkün deyil. Güman ki, söhbət onlar arasında yaşanacaq növbəti böhranadək əldə olunmuş müvəqqəti razılaşmadan gedir.

AUKUS alyansının yaradılmasının daha bir nəticəsi İsveçrənin Fransadan «Rafale» qırıcıları almaqdan imtinası ola bilər – onun bu təyyarələrin əvəzinə ABŞ-dan «F-35» qırıcıları ala biləcəyi deyilir. Börnün bu fikri də Parisdə ciddi qəzəb yaradıb.

Görünən odur ki, bütün bunlar Fransa diplomatiyasını Aİ daxilindəki təsir alətlərindən istifadə edərək, ümumavropa ordusunun yaradılması ideyası üzərində daha ciddi çalışmağa vadar edib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabrın 15-də ittifaqın vəziyyəti ilə bağlı ikinci illik çıxışında beynəlxalq arenada rəqabətin artacağının da anonsunu verib. O, belə bir vəziyyətdə Avropa Müdafiə İttifaqının yaradılmasının məqsədəuyğunluğundan söz açıb. Fon der Lyayen hələ Almaniyanın müdafiə naziri olduğu vaxt Berlinlə Parisin aparıcı rola malik olacağı ümumavropa ordusunun yaradılmasının qatı lobbiçilərindən sayılırdı. Layihənin əsas tənqidçilərindən olan Britaniyanın Aİ sıralarını tərk etdiyi indiki şəraitdə onun reallaşdırılması ehtimalı daha yüksəkdir.

Bu layihəyə az-çox skeptik yanaşanlar Şərqi Avropa ölkələridir. Onları narahat edən əsas məqam fəaliyyətini ABŞ ilə sıx koordinasiya edən Berlinin hərbi-siyasi hökmranlığıdır. Brüssel, Paris və Berlində ümumavropa ordusundan nə qədər çox danışırlarsa, Polşa, Macarıstan və ya Rumıniya kimi ölkələr Vaşinqton ilə hərbi-siyasi əməkdaşlığı bir o qədər gücləndirməyə çalışırlar. Bu, Vaşinqtonun Aİ-dəki tərəfdarlarına arxalanaraq, prosesin qarşısını almasına və ya ciddi şəkildə ləngitməsinə imkan verir. Ursula fon der Lyayen özü də etiraf edir ki, Avropanın hərbi və diplomatik zəifliyi imkanların məhdudluğu ilə yox, üzv dövlətlərin siyasi iradəsinin olmaması ilə bağlıdır.

Qərbdə ənənəvi ittifaqların çat verdiyi bir vaxtda Şərqdə – Asiyada əksinə, nisbətən gənc formatlar güclənərək antiqərb bloku formalaşdırırlar.

 

Şərq yaxınlaşma yolları axtarır

KTMT və ŞƏT-in bu yaxınlarda keçirilən sammitləri üzv dövlətlərin qlobal siyasətdə yaşanan proseslərə refleksiyasını göstərib. Əfqanıstan ətrafında yaranmış vəziyyət isə lakmus vərəqi sayıla bilər. Baş verənlər göstərir ki, bu ölkədən gələn risklər ABŞ və tərəfdaşlarının əməllərinin nəticəsidir. Odur ki, məsələ Əfqanıstan hüdudlarından kənar, daha geniş kontekstdə şərh olunmalıdır.

Sentyabrın 21-də «Arqumentı i faktı» qəzetində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin müsahibəsi dərc olunub. Patruşev açıq şəkildə bildirir ki, «Birləşmiş Ştatlar perspektivli Asiya-Sakit okean regionuna ciddi nəzarətini təmin etmək üçün Asiyanın bütün təhlükəsizlik arxitekturasını zərbə altına qoymağa hazırdır». Patruşevin müsahibəsinə Rusiyanın siyasi rəhbərliyinin beynəlxalq təhlükəsizlik sistemində baş verənlərə münasibəti, həmçinin Moskvanın bu prosesdə öz rolunu müəyyən etmək cəhdi kimi baxmaq olar.

Patruşevin dediklərindən belə məlum olur ki, Rusiya tərəfi üçün qarşıdurmanın digər qütbü bəllidir. Bir yanda ABŞ, Böyük Britaniya və onların yanında olan dövlətlər yer alır, digər tərəfdə isə onlara müqavimət göstərən Rusiya, Çin və İran. Patruşev yuxarıda adları çəkilən formatlara ABŞ, Hindistan, Avstraliya və Yaponiyanın yer aldığı QUAD birliyini də əlavə edib. O, bu birliyi NATO-nun Asiya analoqu adlandırıb. Patruşevin fikrincə, bu birliyin məqsədi Çin və Rusiya əleyhinə siyasətin aparılmasıdır.

Maraqlıdır ki, Hindistan həm də ŞƏT-in fəal iştirakçısıdır. O, özünü Vaşinqtonun antiçin xəttinin daşıyıcısı kimi göstərir və bu, nəinki Pekinlə Dehli arasında, həm də ŞƏT daxilində ziddiyyətlərin dərinləşməsinə yol açır. Orada Moskva, Pekin və bəzi digər üzv dövlətlərə Qərbin Asiyada nüfuzunu artırmasına maneə kimi baxırlar.

Bütün bunlarla yanaşı, ŞƏT-in orbitinə Qərbin qatı əleyhdarı olan İran kimi oyunçunun da daxil edilməsi faktiki olaraq, Vaşinqtonun Avrasiyadakı rəqiblərinin ümumi coğrafiya hüdudlarında vahid platformada birləşməsinə imkan verir. Beləliklə, belə çıxır ki, ilk dəfə Helford Makkinderin irəli sürdüyü Hartlend ideyası yenə aktuallaşır. Məhz Makkinder Avrasiyanı qlobal siyasi proseslərin mərkəzi saydığından, «Hartlend» (Heartland) anlayışını «dünyanın ürəyi» kimi təqdim edib və onu yerdə qalan dünyaya qarşı qoyub.

Bu gün bu coğrafiya hüdudlarında fəal əməkdaşlıq yolları axtarışını xatırladan proseslər yaşanır. Əksər analitik onları inteqrasiya cəhdi hesab edir. Lakin əksər hallarda baş verənlər geosiyasi məqsədəuyğunluqdan qaynaqlanır və məqsəd eyniliyi saxlamaq şərtilə maraqların təmini üçün dayanıqlı əsasların yaradılmasıdır.

 

Nüfuz dairəsi uğrunda mübarizədə «priz» – Türkiyə

Onilliklər əvvəl olduğu kimi, bu gün də dünyanın güc mərkəzləri arasında əsas mübarizə «qoşulmamış» dövlətlər hesabına nüfuz dairəsinin genişləndirilməsi uğrunda gedir. Şərti olaraq Azərbaycan, Türkiyə və bir sıra digər dövlətləri belələrindən saymaq olar.

Sentyabrın 21-də Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın baş naziri Boris Conson arasında danışıqlar olub. KİV-də yer almış məlumata görə, qapalı qapılar arxasında keçirilən görüş 40 dəqiqə davam edib. Görüşdə hansı mövzuların müzakirə olunduğu açıqlanmır. Güman etmək olar ki, tərəflər xüsusilə geosiyasi fraqmentasiya prosesi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib.

Böyük Britaniya Ankaranı Parisin Şərqi Aralıq dənizi regionuna təsirini məhdudlaşdırmağa həvəsləndirə bilər. Məlum olduğu kimi, Londonun bu regionda ta qədimdən öz maraqları var. Böyük Britaniya bu gün də Kiprdə hərbi baza saxlayır və o, regional təhlükəsizlik sisteminin bir hissəsi kimi qalmaq üçün yalnız Nikosiya ilə deyil, həm də Ankara ilə dialoqda maraqlıdır. Bununla yanaşı, Ankara ingilis hərbçilərin adada mövcudluğuna etiraz etmirsə, Nikosiya siyasətçiləri Londonun adanı tərk etməsinə qarşı olmadıqlarını dəfələrlə ifadə ediblər. Bu vəziyyət London-Ankara dialoqunun daha da möhkəmlənməsinə yol açır.

Böyük Britaniyanın Süveyş kanalını rəsmən tərk etməsindən və Maltaya müstəqillik verməsindən sonra Kiprdəki bazalar Britaniyanın bu strateji bölgədə mövcudluğu baxımından vacib amilə çevrilib. Ankara isə buna etiraz etməyən azsaylı paytaxtlardandır.

Əlbəttə, Ankara-London dialoqu yalnız bu mövzu ilə məhdudlaşmır. Tərəflər Yaxın Şərqdə də fəal rol oynamağa çalışır. Bundan başqa, həm Ankara, həm də Londonun Afrikanın şimalında da, Fars körfəzində də, Qırmızı dəniz və Ərəb dənizi regionlarında da öz maraqları var.

Maraqlıdır ki, Türkiyə ilə münasibətlərdə London Ankaranın onun təsiri altında olmasına çalışmır. O, sadəcə, ümumi oyun qaydalarını müəyyənləşdirmək istəyir. London elə vəziyyət yaratmağa çalışır ki, hər iki dövlətin geosiyasi rəqiblərinin imkanları məhdudlaşsın, onların öz imkanları isə genişlənsin. Çünki bu, Britaniya ilə Türkiyənin real siyasi çəkilərini artırmasına imkan verəcək.

Bu dialoqu ABŞ da dəstəkləyə bilər. Amma bir şərtlə ki, bu, Vaşinqtonun maraqlarına ziyan vurmasın. London-Ankara dialoqunun uğurlu olması isə öz növbəsində, Londonla Bakı arasında əlaqələri gücləndirə bilər – Bakının isə öz maraqları var.

Nəhayət, İsrail də bu ümumi dialoqun iştirakçısına çevrilə bilər. Məlum olduğu kimi, onun Böyük Britaniya ilə yaxşı işlənilmiş, effektiv əlaqələri var və bu, təhlükəsizlik sahəsinə də aiddir.



MƏSLƏHƏT GÖR:

189