24 Noyabr 2024

Bazar, 23:30

PERSPEKTİV PROBLEMƏ MANE OLMUR

Türkiyə ilə ABŞ qarşılıqlı münasibətlərdəki «soyuqluq düyünü»nü açmağa çalışırlar

Müəllif:

15.11.2021

Türkiyə-ABŞ münasibətlərindəki ziddiyyətlər burulğanı getdikcə güclənir. Tərəflər bir yandan ikitərəfli dialoqdakı çoxsaylı problemləri həll edə bilmir, digər tərəfdən isə getdikcə dərinləşən soyuqluğa son qoymağa çalışır. Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Cozef Baydenin oktyabrın son günlərində «Böyük iyirmilik» (G20) ölkələrinin Romada keçirilmiş sammiti çərçivəsində apardıqları danışıqlar da bunu göstərir.

 

«Səfir böhranı» və birgə mexanizm

Ankara və Vaşinqtondan gələn rəsmi xəbərlər göstərir ki, Ərdoğan-Bayden görüşündə hazırda ikitərəfli münasibətlərdə olan bütün problemlərə toxunulub. Görüşün əsas nəticəsi fikir ayrılıqlarının aradan qaldırılması, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün birgə mexanizmin yaradılmasına dair razılaşma olub.

Maraqlıdır ki, danışıqları prezidentlərin görüşü ərəfəsində baş vermiş «səfir böhranı» da pozmayıb. Söhbət bəzi fövqəldövlətlərin (ABŞ, Kanada, Almaniya, Fransa, Niderland, Norveç, İsveç, Finlandiya, Danimarka, Yeni Zelandiya) Osman Kaval ilə bağlı məhkəmə hökmünə münasibətlərini Ankaradakı səfirləri vasitəsilə Türkiyə hökumətinə qəbul etdirmək cəhdindən gedir. Kaval 2016-cı ilin yayında baş vermiş silahlı dövlət çevrilişi cəhdində iştirakda təqsirli bilinir. Həmin ölkələrin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə dəvət olunub və onların qarşısında Venesiya Konvensiyasına əməl etmələri tələbi qoyulub. Söhbət diplomatik missiya rəhbərlərinin fəaliyyət göstərdikləri dövlətlərin daxili işlərinə qarışmamasından gedir. Prezident Ərdoğan isə ümumiyyətlə 9 ölkə səfirlərinin Türkiyədə persona non-qrata elan oluna biləcəklərini bəyan edib. Böhrana yalnız səfirlərin birgə bəyanat verərək, Venesiya Konvensiyasına qəti şəkildə əməl edəcəklərini bildirmələrindən sonra son qoyulub.

Bu hadisə, həmçinin Co Baydenin Amerika tərəfinin ənənəsinin əksinə olaraq Ərdoğanla görüşdə Türkiyəni demokratiya normalarını, insan haqlarını pozmaqda günahlandırmaması ekspertlər tərəfindən Vaşinqtonun Ankara ilə son illər əhəmiyyətli dərəcədə soyumuş münasibətləri bərpa etmək istəyi kimi qiymətləndirilib. ABŞ ilə Türkiyəni fikir ayrılıqlarını aradan qaldırmağa sövq edən əsas amil isə əlbəttə ki, onların NATO çərçivəsində müttəfiq olmalarıdır.

Türkiyə Prezidenti Administrasiyasının rəsmi açıqlamasında deyilir ki, «Ərdoğan ilə Bayden görüşdə NATO çərçivəsindəki alyansa və strateji tərəfdaşlığa diqqət çəkiblər».

Ağ Ev isə öz növbəsində, ABŞ prezidentinin Türkiyə ilə konstruktiv əməkdaşlığa, həmçinin əməkdaşlıq sahələrini genişləndirməyə çalışdıqları haqda fikrini xüsusi vurğulayıb. Məlumatda bildirilir ki, Bayden Türkiyənin son 20 ildə Əfqanıstanda NATO tərəfindən aparılmış sülhməramlı əməliyyatlara töhfəsinə görə Ərdoğana təşəkkürünü çatdırıb.

Xüsusilə Birləşmiş Ştatların Vaşinqtonla Ankaranın Avro-Atlantik əməkdaşlıq məsələlərinə diqqət çəkməsi təsadüf deyil. NATO-nun iki ən güclü ordusuna malik olan bu iki dövlət alyansın yaşaması və inkişafı baxımından təşkilatda birliyin nə qədər vacib olduğunu yaxşı anlayırlar. ABŞ, Böyük Britaniya və Avstraliyanın iştirakı ilə ayrıca blokun yaradılması, həmçinin Aİ liderləri olan Fransa ilə Almaniyanın «Avropa ordusu» yaratmaq cəhdləri fonunda NATO-nun monolitliyi məsələsi xüsusi əhəmiyyət qazanır. Nə anqlosakson üçlüyündə, nə də Aİ-də yer alan Türkiyə üçün bu, xüsusilə aktualdır. Çünki Türkiyə üçün həm NATO-da öz mövqelərini gücləndirməsi, həm də alyansın şəksiz lideri olan ABŞ ilə strateji dialoq son dərəcə vacibdir.

 

Əsas məsələ təyyarə məsələsidir

Ankara ilə Vaşinqton arasındakı strateji əməkdaşlıq həm də «təyyarə böhranı» üzündən çətin anlarını yaşayır. Bu böhranın əsası hələ ABŞ-ın Donald Trampın başçılıq etdiyi keçmiş administrasiyası zamanı qoyulub. O zaman Vaşinqton Türkiyənin Rusiyadan «S-400» hava hücumundan müdafiə sistemləri aldığını əsas gətirərək, onu yeni «F-35» qırıcılarının istehsalı proqramından kənarlaşdırıb. Türkiyəyə qarşı ilk sanksiyalar da elə o vaxt tətbiq olunub. Söhbət Türkiyə poladı və alümininə tətbiq olunan rüsumların artırılmasından gedir. Bu, Türkiyə lirəsinin dəyərdən düşməsi ilə nəticələnib. Bu, NATO çərçivəsində müttəfiq olan iki ölkənin münasibətlərində görünməmiş hal idi.

Lakin Türkiyəyə qarşı məhdudlaşdırıcı qərarlar Ağ Evə Co Bayden administrasiyasının gəlişindən sonra da davam edib. Bu, özünü, məsələn, Türkiyənin hərbi-sənaye kompleksinə aid, «Rusiya ilə hərbi-texniki sövdələşmələrdə iştirak etmiş» nümayəndələrinin və şirkətlərinin cəzalandırılması ilə göstərib. Lakin G20 sammiti zamanı Bayden Ərdoğanı əmin edib ki, onlar Ankaranın vaxtilə «A-35» proqramına yatırdığı investisiyalara cavab olaraq, ona «F-16» təyyarələri satmağa hazırdırlar. Amma Türkiyənin F-35 istehsalı proqramından uzaqlaşdırılması hadisəsində bu qırıcılara görə ödəmə ilə bağlı bir xoşagəlməz məqam var. Məsələ bundadır ki, Ankara ona tədarük olunmamış «A-35» qırıcılarına görə ABŞ-a 1,4 milyard dollar ödəyib. İndi onun əvəzində Türkiyəyə «F-16» təyyarələrinin verilməsi istənilən halda, vəziyyətdən çıxmaq üçün məqsədəuyğun qərar sayıla bilər.

Amma Ankara Vaşinqtonun iki ölkə arasındakı müttəfiqliyin ruhuna, ənənələrinə uyğun gəlməyən məhdudiyyət qərarlarından hələ də qəzəblidir. Üstəlik, ABŞ Konqresində «F-35» təyyarələrinin istehsalı proqramında Hindistan və Avstraliyanın iştirakını nəzərdə tutan qanun layihəsinə baxılır – Türkiyə kimi, bu iki dövlət də Rusiyadan «S-400» zenit-raket kompleksləri alır.

Belə olan təqdirdə, ortaya sual çıxır: Türkiyəyə belə ikili standartların tətbiqinə səbəb nədir?

Bundan başqa, Bayden Ərdoğana bildirib ki, ABŞ Konqresi və Senatı Ankara ilə «F-16» təyyarələri ilə bağlı mümkün sövdələşmə ilə əlaqədar iki yerə bölünüb. Ərdoğanın sözlərinə görə, Amerika prezidentinin özü Türkiyəyə «F-16» qırıcılarının satışına müsbət yanaşır. Amma ABŞ-Türkiyə müttəfiqliyinin yüksək səviyyədə qalmasını istəyən Bayden konqresmentlərin müqavimətini qıra biləcəkmi?

İstənilən halda, Ankaradan gələn ismarıclardan məlum olur ki, onun Amerikadan yeni nəsil qırıcılar almaq məsələsi müsbət həllini tapmazsa, o, «vaxt itirmək fikrində deyil» və alternativ variantları nəzərdən keçirəcək. Belə variantlar sırasında Türkiyənin Rusiyadan «Su-35» və «Su-57» qırıcıları alması planı da var. Bu planın reallaşdırılması, şübhəsiz ki, Ankara-Vaşinqton münasibətlərini bir qədər də korlayacaq. Məlumdur ki, Birləşmiş Ştatlar bu iki Avrasiya fövqəldövlətinin strateji tərəfdaşlığına mənfi yanaşır. Üstəlik, Vaşinqtonu narazı salan heç də bu iki ölkənin yalnız hərbi-texniki əməkdaşlığı deyil. Onların atom enerjisi və karbohidrogen tədarükü sahəsindəki əməkdaşlığı, həmçinin bir sıra çoxillik münaqişələrin həllinə birgə çalışmaları da Birləşmiş Ştatların ürəyincə deyil.

 

İki istiqamət

Amerikanın nüfuzlu «Foreign Affairs» nəşri bu yaxınlarda maraqlı məqalə ilə çıxış edib. Yazıda bildirilir ki, Birəşmiş Ştatların «Rusiya ilə Türkiyənin iki istiqamətdə qarşısını almaq üçün alətlər hazırlaması vacibdir». İstiqamətlər isə Cənubi Qafqaz və Yaxın Şərq imiş.

Türkiyə-Rusiya əməkdaşlığı Azərbaycanla Ermənistan arasında bir il əvvəl başa çatmış müharibədən sonra bu bölgədə də vəziyyətin sabitləşməsində əsas amil olaraq qalır. Məlum olduğu kimi, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ilə nəticələnmiş 44 günlük müharibənin sonunda Türkiyə ilə Rusiya bölgədə sülhməramlı prosesə start veriblər. Bu da Qərbin güc mərkəzləri, ilk növbədə, ABŞ tərəfindən böyük qısqanclıqla qarşılanır. Bölgədə Qarabağ münaqişəsinin bitməsi ilə yaranmış bu reallıqlarla yanaşı, Vaşinqton «3+3» formatında əməkdaşlıq platformasının yaradılması perspektivindən də narazılığını gizlətmir. Bakı ilə Ankara tərəfindən irəli sürülmüş və Moskvanın dəstəklədiyi bu təşəbbüs 3 Cənubi Qafqaz respublikası olan Azərbaycan, Gürcüstan və Ermənistanın 3 nəhəng qonşu – Rusiya, Türkiyə və İranla birgə əməkdaşlığını nəzərdə tutur. Bununla yanaşı, ABŞ və Avropa İttifaqı özlərinin də bu formata cəlbini və onun «3+3+2» şəkli alması imkanlarını nəzərdən keçirir. Amma bu cür genişlənmə real görünmür. Çünki onu nəinki Rusiya ilə İran, həm də Türkiyə qəbul etmir. Bunu Rəcəb Tayyib Ərdoğanın özü də G20 sammiti zamanı açıq şəkildə ifadə edib: «Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan! Gəlin, birgə addımlar ataq, regionda sülhü bərqərar edək. Əgər bu dövlətlərin hər biri müsbətə köklənərsə, platforma yaranacaq və region sülh bölgəsinə çevriləcək».

Ankaranın bu məsələdə ortaya qoyduğu prinsipiallıq Türkiyə-ABŞ münasibətlərinə əlavə problem yaradacaqmı? Çoxillik Suriya münaqişəsi «meydançasında» olduğu qədər olmasa da, hər halda, müəyyən problemlər olacaq.

ABŞ-ın Suriyadakı maraqları Türkiyə ilə Rusiyanın bu istiqamətdəki birgə səyləri ilə tam ziddiyyət təşkil edir. Sonuncular üçün prioritet Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasıdır. Amma burada Türkiyənin özü də bilavasitə ciddi təhdidlə üz-üzədir. Çünki Ankaranın çağırışlarına baxmayaraq, Vaşinqton Suriyada fəaliyyət göstərən kürd terrorçularına dəstəyi, onların silahlandırılmasını dayandırmır. Türkiyə isə öz sərhədlərində bu təhlükəyə birdəfəlik son qoymaq üçün Suriya ərazilərində yeni hərbi əməliyyatlara başlamağa tam hazırdır.

Bayden administrasiyası, güman ki, kürd terrorçuları ilə oyunları davam etdirməyin Amerika-Türkiyə münasibətlərinə hansı təsiri göstərəcəyini yaxşı anlayır. Odur ki, ABŞ prezidenti bu məsələdə anlayış göstərməyə çalışır: hər halda, Ərdoğan Baydenlə görüşdən sonra ABŞ-ın kürd terrorçularına yardımları dayandıracağına əminliyini ifadə edib.

Türkiyə liderinin gözləntilərinin nə qədər əsaslı olduğu yaxın zamanlarda üzə çıxacaq. Hələliksə bir məsələ aydındır: Türkiyə bundan sonra ABŞ və Qərbin onunla bərabər hüquqlara əsaslanmayan dialoq aparmasına imkan verməyəcək. Birləşmiş Ştatlar üçün Türkiyə ilə müttəfiq münasibətlərinin möhkəmləndirilməsi, həqiqətən, qiymətlidirsə, o, bu vəziyyətlə barışmalıdır. Əks təqdirdə, Ankaranın Avro-Atlantik sistemdən birdəfəlik uzaqlaşması qaçılmaz olacaq. Bunun qlobal və Avrasiya siyasətinə hansı təsirləri göstərəcəyini isə ehtimal etmək çətin deyil.



MƏSLƏHƏT GÖR:

184