24 Noyabr 2024

Bazar, 23:47

SEVGİDƏN NİFRƏTƏ…

Ermənistanda yeni rusofobiya dalğasının baş qaldırması nə ilə bağlıdır?

Müəllif:

15.11.2021

2020-ci ilin payızında 44 günlük müharibəyə son qoymuş üçtərəfli bəyannamənin imzalanmasından sonra bütün regionda geosiyasi reallıqlar dəyişib və artıq Qarabağ məsələsi beynəlxalq gündəm deyil. Bu bəyanatla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ADA Universitetində Azərbaycanın müharibədə qazandığı Qələbənin ildönümünə həsr olunmuş konfransda çıxış edib.

Öz tərəfimizdən qeyd edək ki, Qarabağın statusu, Kazan sənədi, «Madrid prinsipləri» bu gün tarixdən başqa bir şey deyil. Artıq bir neçə həftədir ATƏT-in Minsk qrupundan olan vasitəçilərin regiona qayıdışı haqda müzakirələr gedir, postmünaqişə nizamlanması artıq 44 günlük müharibədən sonra yaranmış formatda aparılır.

Bununla yanaşı, vasitəçilərin rəqabəti də davam edir. Rusiya prezidenti Vladimir Putin də bu yaxınlarda diqqəti məhz bu məqama çəkib.

 

Putinin bəyanatı: kadr arxasında nələr var?

Vladimir Putin «Valday» Beynəlxalq Diskussiya Klubunun bu yaxınlarda keçirilən toplantısında Qarabağda vəziyyətin nizamlanması prosesinə qiymət verib. Qan tökülməsinin qarşısını almış Azərbaycan və Ermənistan liderlərinin müdrikliyinə diqqət çəkən Putin deyib: «İndi ən əsası sərhəddə vəziyyəti nizamlamaqdır. Burada da, əlbəttə ki, Rusiyanın iştirakı olmadan nəsə etmək mümkün deyil. Və burada yəqin ki, bizə iki ölkə və Rusiyadan başqa heç kim lazım deyil. Niyə? Məsələ çox sadə və praqmatikdir: çünki Rusiya Silahlı Qüvvələri Baş Qərargahında xəritələr var və onlar Sovet İttifaqı dövründə müttəfiq ölkələr arasında sərhədin haradan keçdiyini göstərir…»

Əlbəttə ki, bəziləri Rusiya prezidentini regionda «vasitəçilik monopoliyası» yaratmaq cəhdində günahlandıra bilər. Lakin reallıqda ən qatı rusofobların belə, Putinin iddiaları ilə mübahisə etməsi çətindir. Reallıq ondan ibarətdir ki, sərhədlərin delimitasiyası zamanı əsaslanılmalı olan xəritələr, həqiqətən də, nə Fransanın, nə ABŞ-ın, nə də məsələn, Kiribati Respublikasının əlindədir – onlar Rusiyadadır. Bu isə alternativ vasitəçiliyin populyarlığını və cəlbediciliyini əhəmiyyətli dərəcədə azaldır. İflasa uğramış Minsk qrupunun isə Rusiya ilə rəqabət aparmaq imkanı heç yoxdur.

Amma qəribə bir iş var. Sərhədlərin delimitasiyası prosesinə «alternativ vasitəçilər»i məhz Ermənistan cəlb etmək istəyir. Üstəlik, İrəvandan tez-tez Minsk qrupu çərçivəsinə qayıdış çağırışları da eşidilir.

Əlbəttə, düşünmək olar ki, Ermənistan Minsk qrupunu danışıqlara cəlb etməklə, 25 ildən artıq müddətdə təkəbbürlə rədd etdiyi, indi isə əldən buraxılmış arzu kimi yanaşdığı danışıqlar paketinə qayıtmağa çalışır. Bu zaman, danışıqlar gündəliyini təcrübədə reanimasiya etmək mümkün olacaq, ya yox – bu haqda İrəvanda düşünən yoxdur.

 

İncikliyin tarixçəsi…

İlk baxışdan ağla gələn odur ki, Ermənistanda rusiyapərəstlikdən fərqli düşüncənin ola biləcəyini fikirləşmək çətindir. Hər halda, Cənubi Qafqazda Rusiyanın müttəfiqi məhz Ermənistandır. Onu «Rusiyanın forpostu» belə, adlandırırlar. Bu ölkənin təhlükəsizliyinə rəsmən Gümrüdəki Rusiya hərbi bazası cavabdehdir. Orada birgə quru qoşunları, həmçinin HHM sistemi də yaradılıb. Bundan başqa, yalnız neft, qaz və emal olunmamış almaza görə rüsumun tutulmaması Ermənistanın dövlət büdcəsinə ciddi fayda verir. Ekspertlər hesab edir ki, Ermənistan enerji daşıyıcılarını beynəlxalq qiymətlərlə alarsa, onun iqtisadiyyatı buna tab gətirə bilməz. Bundan başqa, Rusiya Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsini də öz üzərinə götürməklə, onu ciddi müdafiə xərclərindən də azad edir.

Lakin… Nikol Paşinyanın «kabab inqilabı» bir məqamı birmənalı şəkildə ortaya qoyub: Ermənistanda antirusiya əhvalı nəinki var, hətta çox yüksəkdir. Əks təqdirdə, adı belə, Ermənistanın Aİİ və KTMT-ni tərk etməsini nəzərdə tutan «Yolk» («Çıxış») blokunun yürüşü Serj Sarqsyan rejiminin devrilməsi ilə nəticələnməzdi.

Ermənistanda Qərbin qrant paylayanlarının, ilk növbədə, Soros Fondunun fəallığını da unutmaq olmaz. Yaxud, qeyd edilməlidir ki, 2018-ci ilin yazında Ermənistanda seçicilər daha çox Paşinyanın lehinə yox, Serj Sarqsyanın əleyhinə səs veriblər. Və onlar öz seçimlərini Paşinyanın rəhbərlik etdiyi Ermənistanın müharibəni uduzması və kapitulyasiya aktı imzalamasından sonra da təkrarlayıblar. Paşinyan özü isə tezliklə antirusiya ritorikasından imtina edərək, ümumiyyətlə, onun inqilabının xarici siyasi gündəliyinin olmadığını bildirirdi. Bu azmış kimi, o, görünməmiş addım ataraq, erməni istehkamçıları Rusiya hərbi missiyasının tərkibində Suriyaya belə, göndərib.

Amma burada hər şeyi Qərbin Soros Fondu kimi qurumlarının fəaliyyətinin üzərinə atmaq olmaz. Bu haqda Moskva və İrəvanda açıq danışmağı xoşlamasalar da, Ermənistanda hər zaman Kremldən ciddi inciklik olub və bu, indi də davam edir. Burada Rusiyaya hələ ötən əsrin 20-ci illərində Türkiyə ilə Qars və Moskva müqavilələrinin imzalanmasını hələ də bağışlaya bilmirlər. Çünki bu sənədlər ermənilərin Türkiyənin altı Şərqi Anadolu vilayətinə iddialarının üzərindən xətt çəkib. SSRİ illərində bu mövzunu qabartmamağa çalışırdılarsa, bu gün erməni politoloqlar və ekspertlərin fikirlərində az qala hər addımda «bolşeviklərlə kamalçıların sövdələşməsi» fikrinə rast gəlinir. 1977-ci ildə Stepan Zatikyanın başçılıq etdiyi terrorçuların Moskva metrosunda törətdikləri partlayış məhz bu müqavilələrə görə qisas aktı idi.

 

…və baş verməmiş «satqınlıq»

Ermənilərin Moskvadan incikliyi Ermənistanın 44 günlük müharibədəki məğlubiyyətindən sonra yeni impuls qazanıb. Erməni ekspertlər bir şeyi heç cür anlaya bilmirlər: Rusiya Azərbaycanın müharibəni udmasına necə imkan verə bilərdi?! Niyə Moskva müharibənin gedişinə Ermənistanın xeyrinə müdaxilə etmədi? Üstəlik, o, İrəvan üçün ağır şərtlərlə üçtərəfli bəyannaməyə də imza atdı!

Rusiyanın ünvanına «satqınlıq» ittihamlarına 44 günlük müharibə bitər-bitməz, rast gəlinməyə başlamışdı. Vəziyyət o şəddə çatmışdı ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə münasibət bildirmək məcburiyyətində qalmışdı: «Rusiya prezidenti birmənalı şəkildə bildirib ki, Moskva KTMT çərçivəsindəki öhdəliklərini unutmur. Kimsə müttəfiqimizin, Ermənistanın ərazisinə hücum edərsə, Rusiya, təbii ki, onu qorumaq üçün mümkün olan hər şeyi edəcək. Bunu Rusiya prezidenti deyir. Odur ki, belə sərzənişlər əsassızdır və haqsızlıqdır».

Dalğanın qarşısı alınıb. Əhval isə qalır. Bu gün bu əhval yenidən qazışır. Səbəb sərhədlərin delimitasiyası məsələsidir. Bu proses Ermənistanı bəzi ərazilərdən edir, onu üçtərəfli bəyannamənin tələblərinə əməl etmək, Zəngəzur dəhlizini açmaq və s. kimi məcburiyyətlərlə üz-üzə qoyur.

Daha bir problem Ermənistanın Rusiyadan həddindən artıq böyük gözləntilərinin olmasıdır. Bu, ilk növbədə, Ermənistanın siyasi spektrinin moskvapərəst sayılan, daha çox revanşist ideyalarla yaşayan hissəsinə aiddir. Aydındır ki, Moskva başqa ölkənin siyasətçilərinin fikirlərinə görə məsuliyyət daşıya bilməz və daşımamalıdır. Amma revanşizm məsələsi erməni ictimaiyyətində ciddi gözləntilər yaradır və bu dəfə də suallara Rusiya cavab vermək məcburiyyətində qalır. Ermənistanda əmindirlər ki, Moskvanın onların qarşısında xüsusi öhdəlikləri var. Məlum olduqda ki, Moskvada belə düşünmürlər, incikliklərin yeni mövsümü başlayır. Ermənistanın terror ənənələrini nəzərə alsaq, bu vəziyyət kifayət qədər təhlükəli xarakter də ala bilər. Üstəlik, Ermənistanda son antirusiya mitinqini «Milli-demokratik qütb»ün təşkil etdiyi məlumdur. Xatırladaq ki, bu, «Sasna srer» terror təşkilatının yaratdığı partiyadır. Keçmiş terrorçu isə olmur…



MƏSLƏHƏT GÖR:

183