Müəllif: İlqar VƏLİZADƏ
Azərbaycan Ordusunun 44 günlük müharibə və ya İkinci Qarabağ müharibəsi adlandırılan, qələbə ilə nəticələnmiş əks-hücum əməliyyatlarının üzərindən 1 il keçir. Regionumuzda reallıqları dəyişmiş bu il ümid və gözləntilərlə doludur.
Dağıntıların miqyası fonunda bərpa işlərinin miqyası
Ondan başlayaq ki, Azərbaycan torpaqlarını işğaldan azad edər-etməz, orada bərpa işlərinə başlayıb. Bu, heç də asan iş deyil. Çünki təxminən 10 min kvadrat kilometrlik ərazidə yüz minlərlə mina basdırılıb, şəhər və kəndlər xarabalığa çevrilib, yollardan, infrastrukturdan isə danışmağa belə dəyməz. Belə bir şəraitdə bərpa prosesi əslində, bir vaxtlar çiçəklənən, gözoxşayan, böyük qazanc gətirən bütöv bir regionun, yüz minlərlə dinc sakinin yurd-yuvasının tamamilə yenidən qurulmasıdır. Bərpa prosesi ilk gündən bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nəzarətindədir. O, xanımı, birinci ledi Mehriban Əliyeva ilə birlikdə, demək olar ki, hər ay azad olunmuş ərazilərə baş çəkir, bərpa işlərinin gedişinə şəxsən nəzarət edir.
Ölkənin ali rəhbərliyinin xüsusi diqqəti və prosesdə şəxsən iştirak etməsi nəticəsində 1 ildə minlərlə hektar ərazi minalardan təmizlənib, bölgədə Füzuli Beynəlxalq Hava Limanı, Şuşaya aparan Zəfər yolu kimi nəhənc qurğular tikilib, əsas elektrik stansiyaları inşa və bərpa edilib. Bundan başqa, bölgənin bir sıra rayonlarında «ağıllı kənd»lərin əsası qoyulub, bir neçə şəhərin baş planı təsdiqlənib, yolların, hava limanlarının tikintisi ilə bağlı miqyaslı işlərə başlanılıb. Bütün bunlar cəmi 1 il ərzində yaşananlardır və bu, beynəlxalq ictimaiyyətin, eyni zamanda qonşu Ermənistan ictimaiyyətinin gözləri qarşısında baş verir. Bununla da, ermənilər hakimiyyətlərinin onlara onilliklər ərzində cəfəngiyyat danışdığını tədricən anlayırlar. Azərbaycan yalnız torpaq azad etməyib. O, həm də həmin torpaqların əsl sahibinin kim olduğunu hər kəsə nümayiş etdirir.
İşğaldan azad edilmiş ərazilərə qayıdışın effektiv təşkili məqsədi ilə qayıdış potensialının proqnozlaşdırılması tələb olunurdu və bu ilin yazında bu istiqamətdə ilk sosioloji araşdırma – onlayn sorğu keçirilib. Sorğuda 65 min nəfər iştirak edib və onların mütləq əksəriyyəti əcdadlarının torpaqlarına qayıtmaq niyyətində olduqlarını bildiriblər.
Qarabağın dağlıq hissəsindən köçmüş ermənilər isə Ermənistan rəhbərliyinn gurultulu çıxışlarına baxmayaraq, geri qayıtmağa tələsmirlər. Bundan başqa, real məlumatlara görə, Qarabağa 20 minə yaxın erməni qayıdıb, onların əksəriyyəti də Ermənistanda və ya hər hansı başqa yerdə yaşamaq imkanı olmayanlardır. Qalanları həyatlarına Qarabağdan və ya Ermənistandan kənarda davam etmək qərarını verərək, ölkəni tərk etmiş və böyük ehtimalla heç zaman geri qayıtmayacaq Ermənistan vətəndaşlarına qoşulublar.
Reallıqlar beynəlxalq qonaqların gözləri ilə
Noyabrın 4-7-də Azərbaycanda Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə «COVID-19-dan sonrakı dünya» mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib. Tədbirin kulminasiyası forum iştirakçılarının Şuşa şəhərini ziyarəti olub.
Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçıları ilə görüşü, Şuşada bir sıra obyektlərin açılışı, həmçinin Şuşanı Azərbaycanın qalan hissəsi ilə sülhməramlıların nəzarətində olan ərazidən yan keçməklə birləşdirən Zəfər yolunun təntənəli açılış mərasimi 44 günlük müharibədən sonra regionda geosiyasi reallıqların nə qədər dəyişdiyini açıq şəkildə ortaya qoyub.
Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlinin qoyulması xüsusi əhəmiyyət daşıyır. Sovet illərində mövcud olmuş Şuşa Radio-Televiziya Yayım Stansiyası 1966-cı ildə tikilmişdi. Həmin illərdə televiziya və radio verilişləri Qarabağa və Naxçıvan Muxtar Respublikasına bu stansiya vasitəsilə ötürülürdü. Şuşanın işğalınadək ermənilər bu regiona tele-radio verilişlərinin yayımına mane olmaq üçün əllərindən gələni edirdilər. 1992-ci ildən isə stansiyanın fəaliyyətinə son qoyulub. İndi onun bərpası ilə Qarabağ ərazisi, həmçinin Zəngəzur və Naxçıvana yayımın həyata keçirilməsi mümkün olacaq.
Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin miqyası təsadüf deyil ki, məhz Şuşada daha aydın hiss olunur. Latviyanın eks-prezidenti Valdis Zatlers bildirib ki, «torpaqların işğaldan azad edilməsi qərarını vermək asan deyil. Bunun üçün hərtərəfli hazır olmaq, doğru zamanı seçmək vacibdir. Azərbaycan hədəfinə nail olub. Nəticədə, azərbaycanlılar noyabrın 8-ni Zəfər Günü kimi qeyd edir».
Forumun digər iştirakçısı, Şuşaya səfər edənlər arasında olan Ukraynanın sabiq dövlət başçısı Viktor Yuşşenko deyib: «Şuşanı dağıdılmış halda görmək məyusedicidir – hər tərəf dağıntı, xarabalıqdır. Lakin iradə, ruh varsa, dağıntıları aradan qaldırmaq, hər şeyi bərpa etmək olar. Azərbaycan xalqında isə bu ruh, bu iradə var».
Danışıqlar davam edir – dəyişən nədir?
Bununla yanaşı, postmünaqişə dövrünün reallıqlarından danışarkən qeyd etmək lazımdır ki, 10 noyabr tarixli üçtərəfi bəyanatın imzalanması ilə ATƏT-in Minsk qrupu de-fakto danışıqlar platforması rolunu itirib. İndi o, yerini daha effektiv üçtərəfli formata verib – Azərbaycan, Rusiya, Ermənistan. Bu gün postmünaqişə dövrü ilə bağlı əsas məsələlərə dair müzakirələr məhz bu formatda aparılır, uzun illər düşmənçilik etmiş iki ölkənin gələcək münasibətləri məhz bu formatda təhlil edilir.
Əlbəttə ki, uzun illər ərzində yığılıb qalmış problemlərin konstruktiv həlli üçün ardıcıl yanaşma tələb olunur. İndi sərhəd problemləri, kommunikasiyaların açılması, Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan hərtərəfli sülh sazişinin hazırlanması kimi məsələlər həllini tapmalıdır. Bu yanaşma ilə prinsipcə, kənar oyunçular da razıdır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova noyabrın 3-də keçirdiyi brifinqdə bildirib ki, Moskva Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesinə tezliklə start verilməsini istəyir. Zaxarovanın sözlərinə görə (onun Rusiya XİN-in mövqeyini ifadə etdiyi aydındır) Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə başlanılması yaxın vaxtlarda Bakı ilə İrəvan arasındakı problemlərin kompleks həlli yolunun tapılmasına imkan verəcək. Müvafiq olaraq, Rusiya tərəfi üçün Ermənistanla sərhəd məsələlərinin həlli 2020-ci ilin müharibəsindən sonra həllini gözləyən digər məsələlərin də razılaşdırılmasına yol aça bilər.
Bundan bir gün sonra VIII Qlobal Bakı Forumunda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov faktiki olaraq, bu mövqeyi təkrarlayıb. O, bildirib ki, sərhədlərin demarkasiyası ilə Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşmağa başlayacaq.
Bir müddət əvvəl – oktyabrda bu məsələyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da toxunmuş, bildirmişdi ki, sərhədlərin delimitasiyası və demarkasiyası regionda dayanıqlı sülhə nail olunmasının vacib şərtidir.
Beləliklə, bu prinsipial məsələdə tərəflərin mövqelərinin üst-üstə düşdüyü ortadadır. Hesab olunur ki, tərəflər sərhədlərlə bağlı ortaq məxrəcə gələrsə, ərazilər üzərində suverenlik, sərhədlərin çəkilməsi prosedurları kimi məsələlərdə razılaşmaq asan olacaq, bu isə kommunikasiyaların açılmasına yol açacaq.
Azərbaycanda hesab edirlər ki, bu istiqamətdə işləri məhz Ermənistan tərəfi əngəlləyir. Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumundakı çıxışında açıq şəkildə bildirib ki, Ermənistan tərəfi iki ölkənin ərazi bütövlüyünün tanınması şərti ilə sərhədlərin delimitasiyası və demarkasiyasına başlanılması, həmçinin sülh müqaviləsinin hazırlanması təklifinə hələ də cavab verməyib. O, Bakının sülh müqaviləsini imzalamağa və bu səhifəni çevirməyə hazır olduğunu söyləyib. Lakin Ermənistan az qala bir ildir ki, susmaqdadır.
Sərhəd problemi
Erməni tərəfinin destruktivliyinin təsdiqi kimi, Azərbaycan-Ermənistan sərhədində baş vermiş son insidenti göstərmək olar. Noyabrın 10-u, təxminən, 60 erməni hərbçisindən ibarət qrup Azərbaycan Ordusunun ayrı-ayrı sərhəd postlarını birləşdirən kommunikasiyaları pozmağa çalışıb, Qaragöl istiqamətində metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə cəhd göstərib. Lakin Azərbaycan sərhədçilərinin və onların köməyinə gəlmiş xüsusi təyinatlı qüvvələrin vaxtında həyata keçirdiyi tədbirlər nəticəsində erməni hərbçilər mühasirəyə alınaraq, tərk-silah olunublar. Yalnız Rusiya sərhədçilərinin Ermənistanın hərbi rəhbərliyinin xahişi ilə hadisə yerinə gəlməsindən sonra daha ciddi insidentdən qaçmaq mümkün olub. Lakin Bakının sərt reaksiyası göstərir ki, bu cür insidentlərin təkrarlanacağı təqdirdə, Azərbaycan tərəfi silah tətbiqi də daxil olmaqla, ən sərt tədbirlərə əl atmaq fikrindədir.
Belə təəssürat yaranır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Rusiyanın kürəyi arxasında gizlənərək, Azərbaycana güc yolu ilə təzyiq göstərmək variantını sınamağa çalışır. Məqsəd Moskva-Bakı münasibətlərində böhran yaratmaqdır. Deyəsən, İrəvanda düşünürlər ki, regionda Rusiyanın fəal müdaxiləsi ilə qüvvələr nisbəti dəyişə bilər – ya vəziyyətdən irəli gələrək, ya da Azərbaycan-Türkiyə hərbi-siyasi alyansı qarşısında güc nümayişi məqsədi ilə.
Ermənilərin son təxribatının xüsusiyyəti onun Türkiyənin müdafiə naziri Hulusi Akarın Azərbaycana səfəri ilə eyni vaxta təsadüf etməsindədir. Xatırladaq ki, Akar səfər zamanı Türkiyənin Bakıya hərbi dəstək olduğunu bildirib, Ankaranın Azərbaycanın istənilən problemini həll etmək üçün bütün imkanlarını səfərbər etməyə hazır olduğunu deyib.
Ermənistanın əsəbinin səbəbi
Daha əvvəl – noyabrın 6-7-də Ermənistanın müdafiə naziri Xankəndidəki separatçılara baş çəkib, Sünikdə (Zəngəzur) Ermənistan hərbçilərinin vəziyyəti ilə tanış olub. Hər iki halda Arşak Karapetyanın səfərindən sonra regionda gərginlik müşahidə edilib. Erməni tərəfi göstərməyə çalışır ki, o, üzləşdiyi məğlubiyyətə rəğmən, Azərbaycanın erməni əhalinin yaşadığı regionunda hərbi-siyasi vəziyyətə təsir etmək iqtidarındadır. Bunun belə nümayişkaranə şəkildə edilməsinin də səbəbi var: guya İrəvan Bakı ilə danışıqlarda «güclü» arqumentlərə sahibdir və onlardan imtina etməyi düşünmür. Ermənistan üçün «arqument» hələ də Qarabağda qalan erməni silahlı dəstələri ola bilər. İrəvan onlara dəstəyi dayandırmağa tələsmir.
Bəs, İrəvan nədən bu qədər ehtiyat edir? Məsələ ondadır ki, noyabrın sonunda Moskvada iqtisadi məsələlərin müzakirəsi üçün üçtərəfli komissiyanın iclası olmalıdır. Güman edilir ki, bu toplantıda yekun smeta təsdiqlənəcək.
Beləliklə, kommunikasiyaların açılması prosesi dönməz xarakter alacaq.
İqtisadi razılaşmaların siyasi tərkibi isə Rusiya prezidenti Vladimir Putin, Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərfli görüşündə (görüş vidokonfrans formatında da ola bilər) müəyyənləşə bilər. Bu onlayn görüşdə əldə olunacaq razılaşmaların yolların açılması, iqtisadi əlaqələrin bərpası üçün lazım olan siyasi-hüquqi əsası yaradacağı istisna edilmir. Görüşdə sərhəd məsələlərinin də həllinə dair prinsipial razılaşmaların əldə edilməsi ehtimalı var.
Görünən odur ki, İrəvanda bunun dönüş nöqtəsi olacağını, budan sonra regionda gedən prosesləri dayandırmağın mümkün olmayacağını anlayırlar. Bu üzdən də, ermənilər regionu münaqişəli keçmişdən uzaqlaşdırmaqda olan «tarix lokomotivi»ni ləngitməyə çalışırlar. Tarixdə irəliləməyə mane olanların aqibətinə dair nümunələr çoxdur. Ermənistan tərəfinin bu nümunələrdən dərs çıxarmağa nə qədər hazır olub-olmadığını isə yəqin ki, yaxın gələcək göstərəcək.
MƏSLƏHƏT GÖR: