23 Noyabr 2024

Şənbə, 00:52

ACLIQ AMAN BİLMƏZ

Dünyanı ərzaq qıtlığı təhdid edir, ölkələrə ərzaq təhlükəsizliyini gücləndirmək tövsiyə olunur

Müəllif:

01.12.2021

Pandemiyanın təsiri altında qlobal iqtisadiyyatda tarazlığın pozulması, dayanıqlı logistik əlaqələrin qırılması, ABŞ və Avropa İttifaqındə bazara likvidlik daxiletmələrinin artması və bunun nəticəsində yaranan inflyasiya prosesləri və s. ərzaq bazarına yetərincə dağıdıcı təsir edib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əsas ərzaq məhsullarının qiymətlərinin bir ilə yaxındır ki, müşahidə olunan artımı dünyanın daha yoxsul və daha zəif inkişaf etmiş regionlarında aclıqla nəticələnib. Belə görünür ki, ərzaq bazarında qıtlıq illərlə davam edəcək. Yaranmış durumla bağlı Azərbaycanda idxalı əvəzləmənin artırılması, kənd təsərrüfatı istehsalının və emalının genişləndirilməsi istiqamətində bir sıra addımlar müəyyən edilib.

 

Qiymətlərin rekord artımı

Koronavirus pandemiyasının başlaması və karantin məhdudiyyətlərinin tətbiqi ilə dünya ticarətində azalma və logistika əlaqələrinin kəsilməsi yaşansa da, ərzaq bazarında təklif artıqlığı inflyasiyanı müəyyən dərəcədə cilovlaya bildi. Ötən payızın sonuna qədər bazarda nisbi sakitlik qoruna bildi. Lakin elə həmin vaxtlarda ABŞ Federal Rezerv Sistemi, Avropa İttifaqının mərkəzi bankları və dünyanın bir sıra digər inkişaf etmiş ölkələrinin tənzimləyiciləri böhrandan çıxmaq, korporativ sektoru dəstəkləmək və istehlakçı aktivliyini artırmaq üçün iqtisadiyyata bir neçə trilyon dollar vəsait daxil etmişdilər. 2021-ci ilin birinci yarısında qlobal iqtisadiyyatın çarxını fırlamağa imkan verən ucuz pullar siyasəti bir sıra yan təsirlərə səbəb oldu, o cümlədən birjalara müşahidə olunan ajiotaj tələb, treyderlərin spekulyativ aktivliyi nəzərə alınmaqla, ərzaq bazarında tarazlığın pozulmasına gətirdi. Süni stimullaşdırılmış tələbin dəfələrlə artması təklifin azalmış səviyyəsini ötməyə başlayıb və bu ilin əvvəlindən ərzaq bazarında qiymətlərdə sabit artım meyli müşahidə edilib.

FAO-nun bu yaxınlarda açıqlanan «Ərzaq proqnozu» hesabatına görə, qlobal ərzaq idxalı 2021-ci ildə rekord həddə - 1,75 trilyon dollara çatacaq ki, bu da 2020-ci ilə nisbətən 14% çoxdur. BMT qurumunda bu, təkcə beynəlxalq bazarda ərzaq məhsullarının bahalaşması ilə deyil, həm də nəqliyyat xərclərinin 3 dəfə artması ilə izah olunur.

FAO-nun hesablamalarına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında qlobal ərzaq qiymətləri indeksi 30%-dən çox artıb və ilin sonunadək bu, son 20 ilin rekordu ola bilər.

Dünyanın aparıcı mərkəzi banklarının yanlış dəyərləndirmələri sayəsində baş vermiş pul böhranı ABŞ, Avropa, Avstraliya və bir sıra digər iri istehsalçı ölkələrdə təbii fəlakətlər və məhsul qıtlığı ilə bağlı daha da ağırlaşıb. Nəticədə, Rusiya il ərzində bir neçə dəfə ixrac rüsumunu qaldırıb, buğdanın ixracı üçün kvota tətbiq etdi, Qazaxıstanda da taxıl bazarında müəyyən məhdudiyyətlər qeyd edildi. FAO-nun son hesabatına görə, bu ilin üç rübündə qlobal fors-major hallar nəticəsində əsas məhsulun - ərzaq buğdasının qiymətlərinin illik artımı 43,5%-ə çatıb.

Öz növbəsində «Cargill», «Cofco», «Viterra» və «Scoular» beynəlxalq şirkətlərinin ekspertləri hesab edirlər ki, qarğıdalı, soya və buğdanın qiymətlərində artım yaxın iki, bəlkə də, dörd il ərzində davam edəcək. Bu, xüsusilə, 2021-2022-ci illər mövsümündə yemə artan tələblə, istehlakın artması ilə və Çinin ərzaq ehtiyatı yığması, habelə daşınma xərclərinin kəskin artması ilə bağlıdır.

2021-ci ilin mart ayından müşahidə olunan neft qiymətlərinin artması taxıl və yağ bitkiləri bazarına da ciddi təzyiq göstərir: enerji resurslarının bahalaşması, demək olar ki, həmişə bioyanacaq (bioetanol və biodizel) istehsalı üçün istifadə olunan taxıl və yağ bitkilərinə tələbatı artırır. Görünür, bu meyil gələn il də davam edəcək.

 

Ərzaq ehtiyyatlarına qənaətli yanaşma

Bir sözlə, qlobal aqrar xammal bazarında bol və nisbətən ucuz ərzaq dövrü başa çatır. Bundan isə idxalı əvəz edən istehsal qurmağı bacarmayan və xarici təchizatdan asılı olan daha yoxsul ölkələr zərər çəkir. Bu ölkələrdə qiymət artımı ən çox dənli bitkilərə, heyvan mənşəli yağlara, bitki yağlarına və yağ bitkilərinə, ət və süd məhsullarına, şəkər və s. kimi əsas ərzaq məhsullarına təsir edib.

FAO-nun məlumatına görə, bu gün 811 milyon insan aclıqdan həddindən ağır vəziyyətə düşüb, 2 milyard insan qida mikroelementlərinin - vitaminlər, zülalların çatışmazlığından əziyyət çəkir, milyonlarla uşaq isə böyümənin geriləməsi və taqətdən düşmə, zəif qidalanmanın ölümcül formaları ilə üz-üzədir.

“Ümumilikdə, dünya əhalisinin, demək olar ki, 40%-i - 3 milyard insan sağlam qida ala bilmir. Koronavirus pandemiyası bu neqativi daha da artırdı, daha 140 milyon insan həyati vacib qidalara çıxışını itirdi”, - deyə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

BMT aclıq və ərzaq çatışmazlığı probleminin həllini çağdaş kənd təsərrüfatı texnologiyalarının və qənaətcil suvarma sistemlərinin tətbiqində, yüksək məhsuldar bitkilərin hesabına məhsuldarlığın artırılmasında görür. Bütövlükdə, aqrar məhsullar istehsalının və emalının optimallaşdırılması, kənd təsərrüfatı xammalından ehtiyatlı istifadəyə nail olunması, qida israfının azaldılması vacib sayılır. Axı, bu gün dünyada ərzaq məhsullarının, təxminən, 14%-i məhsul yığımı və emal zamanı itirilir, daha 17%-i istehlakçıların evlərində, mağazalarda, ictimai iaşə şəbəkələrində xarab olur və ya zibilliyə atılır. Ən əsası isə, ərzaq bazarlarını şaxələndirmək, o cümlədən inkişaf etməkdə olan ölkələrdə idxalı əvəz edən istehsalı inkişaf etdirmək lazımdır. Bütün bunlar kənd təsərrüfatı məhsullarının həcmini artırmağa, ərzaq məhsullarının maya dəyərini aşağı salmağa, bir çox ölkələrin idxaldan sabit asılılığını azaltmağa imkan verəcək.

 

Azərbaycan: inflyasiyadan necə qaçmalı?

Qlobal qıtlıq və idxal olunan ərzaq məhsullarının qiymətlərinin artması problemi idxalı əvəzləmənin nisbətən yüksək səviyyəsinə (təxminən, 80%) baxmayaraq, bu il ərzaq məhsullarının qiymətində əhəmiyyətli artımın qeydə alındığı Azərbaycan üçün də çox aktualdır. “2021-ci ildə dünya bazarlarında ərzaq məhsullarının qiymətinin son 12 il üzrə ən yüksək səviyyəsi müşahidə olunur və idxal olunan ərzaq məhsullarının bahalaşması Azərbaycanda da hiss olunur”, - deyə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir onu da qeyd edib ki, idxal inflyasiyası amili həm də Azərbaycanda istehsal olunan məhsullara qiymət təzyiqi formasında özünü göstərir. O cümlədən istehsalında xaricdən gətirilən xammal, komponentlər, tara və qablaşdırmalardan istifadə olunan yerli mallar bahalaşır. Bu, xüsusilə xaricdən gətirilən yem və qida əlavələrinin, vitaminlərin, dərman preparatlarının istifadə olunduğu quşçuluq və heyvandarlıq sektorunda, ət emalı sahəsində özünü göstərir, makaron, qənnadı məmulatları, kolbasa məmulatları, süd məhsulları, bitki yağı, şokolad və şəkər istehsalında da xeyli bahalaşma qeydə alınıb ki, burada da xammal və maddələrin böyük bir hissəsi idxal edilir.

Bu günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov da bitki yağı və şəkərdə qiymət artımının nəzərəçarpacaq dərəcədə sürətləndiyini qeyd edib. AMB rəhbəri bu məhsulların bahalaşmasını qlobal tələbatın artımı, yanacaq, gübrə və logistika xərclərinin artması ilə izah edib. Onun fikrincə, Azərbaycanda ərzaq təhlükəsizliyinin səviyyəsini yüksəltmək lazımdır və bunun üçün ən vacib şərt azad rəqabətin təmin edilməsidir. “Bahalaşmaya təbii amillər də təsir edir, lakin süni qiymət artımı var ki, bu da rəqabət rejimindəki mövcud problemlərlə bağlıdır. Biz burada azad rəqabəti təmin etməliyik”, - deyə Rüstəmov vurğulayıb.

Bununla yanaşı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov hesab edir ki, dünyada bəzi məhsul növlərinin qıtlığının davam etməsi ehtimalı yüksəkdir və dünya bazarında inflyasiyanın səviyyəsi həm 2022-ci ildə, həm də sonrakı dövrdə yüksək olaraq qalacaq. O, qeyd edib ki, Azərbaycanda ərzaq idxalının xüsusi çəkisi hələ də yüksəkdir və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ərzaq məhsullarının yerli istehsalının daha da artırılması, idxalı əvəzləmənin genişləndirilməsinə yönəlmiş yeni proqramların həyata keçirilməsi önəmlidir. Bunun üçün işğaldan azad edilmiş ərazilərin təbii potensialından istifadə etmək, subsidiya proqramları vasitəsilə fermerlərə dövlət dəstəyini genişləndirmək lazımdır. Həmçinin dövlət ehtiyatları üçün bəzi ərzaq məhsullarının tədarükünü artırmaq, ərzaqların mövsümi saxlanma imkanlarını yaxşılaşdırmaq lazımdır.

 

Xəbərdarlıq etmək və qorumaq

Əslində, son zamanlar Azərbaycanda kənd təsərrüfatı istehsalının genişləndirilməsinə yönəlmiş bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilib. Fermer təsərrüfatlarının maliyyə dəstəyi ilə bağlı yeni proqramlar gerçəkləşdirilir, aqrar sığorta mexanizmləri tətbiq edilir, subsidiyalar sahəsində əsaslı islahatlar həyata keçirilir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış “Elektron kənd təsərrüfatı” avtomatlaşdırılmış informasiya sisteminin məlumat bazasında 450 minə yaxın kənd təsərrüfatı istehsalçısı qeydiyyatdan keçib və iki il əvvəl qəbul edilmiş subsidiya qaydalarına uyğun olaraq, fermerlərə maliyyə dəstəyi üçün şəffaf və səmərəli mexanizmi yaradılaraq tətbiq edilib.

Bununla yanaşı, aqroparkların və iri taxılçılıq təsərrüfatlarının sayı artır. Bu cür klasterlər bitkiçilik sektorunda çox böyük səmərəlilik nümayiş etdirib, çünki böyük torpaq sahələrini kənd təsərrüfatı texnikası ilə emal etmək, gübrə vermək və qənaətcil suvarma üsullarını tətbiq etmək daha asan və ucuz başa gəlir. Öz növbəsində, iri emal müəssisələrinin aqroparklarla yanaşı yerləşdirilməsi təcrübəsi zavodları ucuz xammalla təmin etməyə və bununla da istehsal xərclərini azaltmağa imkan verir. Bir sözlə, yerli aqroparklar məhsuldarlığı artırmaqla və istehsalın maya dəyərini aşağı salmaqla daha rəqabət qabiliyyətli məhsulların istehsalına şərait yaradırlar.

Hazırda 43 iri kənd təsərrüfatı kompleksinin inkişafına özəl investisiyaların həcmi 1,2 milyard manatı ötüb, bütövlükdə, Azərbaycanın 32 rayonunda toplam 240 min hektar sahədə 50-dən çox aqroparkın yaradılması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni aqroparkların və iri heyvandarlıq komplekslərinin yaradılması planları üzərində işləyir. Başqa məsələlərlə yanaşı, bu layihələr “ağıllı kənd təsərrüfatının” inkişafına, kompüterləşdirilmiş suvarma texnologiyalarının tətbiqinə, heyvandarlıq təsərrüfatlarının və emal fabriklərinin avtomatlaşdırılmasına, pilotsuz uçuş aparatlarından istifadə etməklə nəzarət və tozlandırmanın təşkilinə və s. istiqamətlənib.

Belə layihələrdə Azərbaycan xarici tərəfdaşlar, o cümlədən BMT-nin profil strukturu - FAO tərəfindən dəstəklənir. Birgə işin ən mühüm tərkib hissələrindən biri də hökumətin 2019-cu ilin aprel ayında təsdiq etdiyi “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın gerçəkləşdirilməsinə yönəlib. Belə ki, hazırda hökumətin və BMT strukturunun iştirakı ilə yeddi layihə gerçəkləşdirilir. Və FAO ilə, demək olar ki, bütün son birgə müəssisələr əsasən kənd təsərrüfatı sektorunda məhsuldarlığı artırmaq və xərcləri azaltmaq məqsədi daşıyır. Beynəlxalq ekspertlərin fikrincə, bu, istehsalçıları Azərbaycanda kənd təsərrüfatı istehsalının texnoloji baxımdan yenidən təchizatınə, innovasiyaların tətbiqinə və rəqabət qabiliyyətinin artırılmasını stimullaşdıracaq.


MƏSLƏHƏT GÖR:

162