23 Noyabr 2024

Şənbə, 01:09

ANTİ-ARTIM KOALİSİYASI

ABŞ yüksək neft qiymətlərinə qarşı öz variantını düşünüb

Müəllif:

01.12.2021

Neftin qiyməti cüzi dalğalanmalarla hələ də bir barel üçün 80 dolların üzərində qalaraq, ixracatçılara əlavə gəlirlər gətirir, idxalçıların isə narahatlığına səbəb olur. Sonuncular neft məhsullarının, ilk növbədə, avtomobil yanacağının, aviasiya kerosininin və mazutun bahalaşmasından şikayətlənirlər. İri yanacaq istehlakçılarının narazılığı o yerə çatıb ki, ABŞ artıq OPEK+dan yumşalma gözləmədən, bir sıra ölkələrlə razılaşaraq, strateji ehtiyatlardan neft satışına başlamaq qərarına gəlib. Bu, neftin qiymətini aşağı salmaq üçün indiyədək görünməmiş bir addımdır, çünki neftin bahalaşması son vaxtlar inflyasiyanın önəmli dərəcədə artmasına səbəb olub.

 

Amerika demarşı

Noyabrın 23-də ABŞ prezidenti Cozef Bayden Strateji Neft Ehtiyatından (Strategic Petroleum Reserve, SPR) 50 milyon barel satmaq niyyətində olduğunu açıqlayıb, bu addımını Çin, Yaponiya, Hindistan, Cənubi Koreya və Böyük Britaniya ilə koordinasiya edib.

O, qərarını neftin qiymətinin qalxması ilə Amerika istehlakçıları üçün benzinin qiymətinin artması ilə, eləcə də kommunal xərclərin artması ilə izah edib. "Həm istehlakçılar və həm də bizneslər bunun təsirlərini hiss edir, çünki dünya iqtisadiyyatının pandemiyadan sonrakı dirçəlməsi fonunda neft təklifləri tələbi ödəyə bilmir", - deyə ABŞ prezidenti bildirib.

Daha öncə, Ağ Ev rəhbəri OPEK+ ölkələrini neft hasilatını fəal şəkildə artırmağa çağırsa da, bu çağırışa cavab verən olmayıb. Yəni noyabrın əvvəlində neft çıxaran ölkələr daha öncə tutulmuş planı yerinə yetirmək və hasilatı nəzərdə tutulandan çox artırmamaq qərarına gəliblər. Yada salaq ki, söhbət COVID-19 pandemiyasının gur vaxtında qəbul edilmiş 9,7 milyon barel/sutka azalmanı neytrallaşdırmaq üçün OPEK+ ölkələrinin iyul ayından başlayaraq, neft hasilatının hər ay tədricən 400 min barel artırmasından gedir. Yeri gəlmişkən, alyans nazirlərinin növbəti görüşü dekabrın 2-nə planlaşdırılıb, görüşdə OPEK+ gələn ilin yanvarında neft hasilatını artırmaq barədə qərar qəbul etməli olacaq.

Bütünlükdə, ABŞ SPR-dən 50 milyon barel neft satmağı planlaşdırır, bunun 18 milyonu artıq Konqres tərəfindən təsdiqlənib. Yaxın aylarda birja prinsipi əsasında daha 32 milyon barel satılacaq - onlar ABŞ-ın strateji ehtiyatlarının toplandığı bütün dörd anbardan çıxarılacaq.

ABŞ Energetika Nazirliyi bəyan edib ki, dekabrda strateji neft ehtiyatından neft satışına başlayacaq.

Bununla yanaşı, Senatın Enerji və təbii ehtiyatlar komitəsinə rəhbərlik edən amerikalı demokrat senator Co Mançin deyib ki, Baydenin qərarı ABŞ-da uzaqgörməz enerji siyasətinin yaratdığı əsas problemi həll etməyəcək. “Mən prezident Baydeni yerli enerji daşıyıcılarının hasilatını artırmağa və «Keystone XL» boru kəməri ilə bağlı fikrini dəyişməyə, onun tikintisinə icazə verməyə çağırıram, çünki bu, ABŞ-a ən yaxın müttəfiqlərindən biri olan Kanadadan gündəlik 900 min barel neft nəqlini təmin edəcək”,- deyə C.Mançin bildirib.

 

Analoji addımlar

ABŞ-ın ardınca noyabrın 24-də Yaponiya hökuməti də dövlət ehtiyatında olan neftin bir hissəsini satmaq niyyətini təsdiqləyib. Baş nazir Fumio Kisida deyib: “Yaponiya qlobal neft bazarını sabitləşdirmək üçün ABŞ ilə birgə işləyir. Biz Yaponiya ehtiyatlarının səviyyəsini tənzimləyən qanunvericiliyi pozmadan ABŞ-la əməkdaşlıq edərək, neft ehtiyatlarımızın bir hissəsini satmaq qərarına gəldik”.

Yaponiyanın nə qədər neft satacağı barədə konkret göstərici yoxdur. Bildirilir ki, bu, ölkə istehlakının “bir neçə günü”nə uyğun olacaq. Hazırda dövlət ehtiyatları, təxminən, 145 günlük ehtiyacı ödəyir.

«Nikkei» qəzetinin məlumatına görə, Yaponiya öz ehtiyatından, təxminən, 4,2 milyon barel neft sata bilər. «Bloomberg» agentliyinin məlumatına görə, ölkədə neft istehlakının həcmi, təqribən, 3,3 milyon barel/sutka təşkil edir.

F.Kisida qeyd edib ki, hakimiyyət strateji ehtiyatları gələcəkdə artırmaq niyyətindədir. Böyük Britaniya öz ehtiyatlarından 1,5 milyon barel neft satmağı gözləyir. «Bloomberg»in məlumatına görə, Hindistan 5 milyon barel neft satır.

Həmçinin Hindistan da strateji neft ehtiyatlarını 5 milyon barel azaltmağa razılaşıb. "Hindistan dəfələrlə narahatlıq bildirib ki, neft istehsalçıları süni şəkildə neft təkliflərinin tələb səviyyəsindən aşağı olması ilə bağlı düzəliş edirlər ki, bu da qiymətlərin bahalaşmasına və sonda mənfi nəticələrə gətirib çıxarır", - deyə Neft və Təbii Qaz Nazirliyinin bəyanatında deyilir. Qurumdan bildiriblər ki, xammalın ehtiyatlardan çıxarılması “eyni vaxtda və digər əsas enerji istehlakçıları ilə məsləhətləşmələr əsasında həyata keçiriləcək”.

Qalan ölkələrin planları barədə məlumat yoxdur. Cənubi Koreya yalnız satış faktının mümkünlüyünü bildirib, amma həcmi qeyd etməyib. JLC konsaltinq şirkətinin məlumatına görə, Çinin ehtiyatlardan neft satışı ən azı 7,33 milyon barel təşkil edəcək.

Bununla yanaşı, Vaşinqton etiraf edir ki, strateji neft ehtiyatına aid neftdən istifadə qərarı yanacağın yüksək qiyməti probleminin dərhal həllinə gətirib çıxarmayacaq. “Lakin sonda bu, şübhəsiz ki, müsbət rol oynayacaq”, - deyə ABŞ prezidenti əminlik bildirib.

 

Dənizdə damla

ABŞ-ın rəhbərlik etdiyi yeni koalisiyanı artıq anti-OPEK+ adlandırırlar.

«ING»in Əmtəə Bazarları Strategiya Bölməsinin rəhbəri Uorren Pattersonun fikrincə, başqa ölkələrlə razılaşdırılmış, təxminən, 71 milyon barellik toplam SPR satışı 1991-ci ildən bu yana ən iri həcm olacaq.

Bununla yanaşı, analitiklər neftin bir hissəsinin SPR-dən çıxarılması qərarını yanlış və səmərəsiz hesab edirlər, çünki bu, neft bazarına yalnız qısamüddətli təsir göstərə bilər. Gələcəkdə ölkələr istənilən halda öz strateji ehtiyatlarını artırmalı olacaqlar ki, bu da yalnız neftə tələbatı artıracaq və uyğun olaraq, yeni qiymət artımına səbəb ola bilər.

Bununla belə, ekspertlər ABŞ və OPEK+ arasında bazarda yeni titrəmələrə səbəb ola biləcək gələcək çəkişmələrin olacağını istisna etmirlər.

«Rystad Energy»nin baş neft analitiki Louza Dikson deyir ki, ehtiyatların əlaqələndirilmiş şəkildə satışa çıxarılması ABŞ-ın avqust ayından OPEK+ hasilatını artıra bilməyə nail ola bilmədikdən sonra vəziyyətə təsir etmək üçün “son ümidsiz səyidir”.

“Bugünkü tarixi, çox qeyri-adi olsa da, atılan addım OPEK+ üçün aydın ismarıcdır ki, o, qlobal neft bazarının səhnəsində tək aktyor deyil”, - deyə ekspert bildirir.

BBS analitikləri də SPR qərarını səmərəsiz hesab edirlər. “Brent” artıq itkilərin bir hissəsini geri qaytarır, çünki milli neft ehtiyatlarının razılaşdırılmış şəkildə sərbəst satılmasının bazara təsiri ekspertlərin ehtiyatlandığı qədər önəmli deyildi: gözlənilən 100 milyon əvəzinə 70 milyon barel (Hindistan, Çin, Yaponiya və Böyük Britaniya daha 20 milyon barel satılmasını planlaşdırır – “R+”).

"Bununla belə, “Brent”in və ya riskli aktivlərin artım potensialı tələbin və işgüzar aktivliyin bərpasına mane olan davamlı pandemiya və epidemioloji məhdudiyyətlər fonunda cilovlanacaq", - deyə onlar yazırlar.

 

Cavab addımı

İndi ABŞ və Cozef Bayden öz niyyətlərini açıq şəkildə elan etdikdən sonra bütün bazarın diqqəti OPEK+a yönəlib, o, yanvarda neft hasilatını daha 400 min barel/sutka artırmaq planını dekabrın 2-də təsdiqləyəcək. Belə bir qərar daha inandırıcıdır və biz əminliklə güman edə bilərik ki, alyans qətiliklə böyük artıma getməyəcək. OPEK+un planlaşdırılan hasilat səviyyəsinə əməl edib-etməyəcəyi və yeni “gerçəkliklər” üzündən ona aşağıya doğru düzəliş etməyəcəyi hələ aydın deyil. Alyans “rezerv ehtiyatı”nı nəzərə alaraq, neft bazarında təklifin artmasının qarşısını almaq üçün belə bir düzəlişlə razılaşa bilər. Bu, anti-OPEK+un gələcək fəaliyyətlərindən asılı olacaq. Bununla belə, anlaşma tərəfləri artıq bəyan ediblər ki, Birləşmiş Ştatlar və başqa ölkələr tərəfindən strateji ehtiyatların satışı mövcud bazar şəraitində əsassız hərəkətdir.

“Fitch» beynəlxalq reytinq agentliyinin təbii ehtiyatlar və xammal üzrə qrupunun baş direktoru Dmitri Marinçenko hesab edir ki, strateji ehtiyatların açılması qərarı “OPEK+un hasilatı artırma tempini yüksəltməsini, demək olar ki, qeyri-mümkün edir. OPEK+ hasilatın artım tempini azalda da bilər ki, bunu da Avropada yeni evə qapanmalar fonunda tələbin mümkün azalması ilə əlaqələndirə bilər", - deyə o vurğulayıb.

Bununla yanaşı, neft bazarının ən mühüm oyunçularından biri olan Rusiya böyük ehtimalla ABŞ-ın neftin qiymətini aşağı salmaq istəyinə müqavimət göstərəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın “Şimal axını 2”yə qarşı yeni sanksiyalarını şərh edərkən deyib: “Birləşmiş Ştatlar Rusiyanın enerji resurslarının Avropa bazarına ixracı üçün bir əli ilə maneələr qurur və bunu çox ikiüzlü edir. O biri əlini uzadaraq, bizi və digər istehsalçı ölkələri dilə tutaraq - qiymətləri aşağı salmaq üçün daha çox neft çıxarın deyir“.

«ING Group»da düşünürlər ki, OPEK+ SPR satışını kompensasiya etməyə çalışaraq, potensial olaraq, istənilən növbəti hasilat artımını dondura bilər. “Bu, ABŞ-ı yalnız əlavə tədbirlər görməyə sövq edə bilər. Qiymətlər hazırkı səviyyələrə yaxın qalsa, OPEK+ hasilatı 400 milyon barel/sutka artırmaq planını davam etdirəcək. Ancaq görüş ərəfəsində qiymətlərin hər hansı səbəbdən 70 dollar/barel sərhədinə doğru irəlilədiyini görsək, onlar qərarı dayandıra bilərlər”, - deyə «ING Group»un analitiki Uorren Patterson deyir.

Beləliklə, anti-OPEK+un yaranması ilə neft bazarı yeni sınaqlarla üzləşir. Əgər əvvəllər neft hasil edən ölkələrin bütün səyləri artıq nefti bazardan çıxarmağa, tələbi kovidöncəsi səviyyəyə çatdırmağa və qiymətləri yüksəltməyə yönəlmişdisə, indi məsələ qiymətləri “canavarların tox və qoyunların sağ” olduğu hər kəsi qane edən səviyyəyə necə qaytarmaqdan ibarətdir. Əks halda, neft bazarında yeni qarşıdurmanın qarşısını almaq olmaz.



MƏSLƏHƏT GÖR:

171