24 Noyabr 2024

Bazar, 22:21

ƏLVERİŞLİ REALLIQ

44 günlük müharibənin nəticələrinə münasibətini təshih edən dövlətlərin sayı artır

Müəllif:

15.12.2021

Azərbaycanın erməni işğalındakı torpaqlarını azad etməsi ilə nəticələnmiş 44 günlük müharibənin üzərindən 1 il keçir. İndi onun yeni regional reallıq yaratdığı iddiasını birmənalı şəkildə təsdiqləmək mümkündür. Üstəlik, artıq dünyanın ənənəvi olaraq ermənipərəst sayılan məşhur güc mərkəzlərinin məsələyə yanaşmasında da dəyişikliklər müşahidə olunur. Bunu ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyindən, həmçinin Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak etmək istəyən çoxsaylı dövlətlərin ifadələrində də aydın şəkildə görmək mümkündür.

 

Həmsədrlərin aksenti

Minsk qrupunun Qərbdən olan həmsədlərinin mövqeyində aşkar dəyişiklik xüsusilə bu öklələrin səfirlərinin Azərbaycanın azad olunmuş ərazilərinə bu yaxınlarda etdikləri səfərdən sonra özünü aydın şəkildə göstərməkdədir. Vaşinqtonla Paris 44 günlük müharibə başa çatar-çatmaz, savaş nəticəsində yaranmış yeni regional reallıqları qəbul etmədiklərini göstərirdilər. Bunun əsas səbəbi müharibənin Azərbaycanın qələbəsi ilə bitməsi, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli formatında əldə olunmuş razılaşma ilə bitməsi, üstəlik, Türkiyənin Cənubi Qafqazda mövqelərini gücləndirməsinə yol açmasından irəli gələn narazılıqlar idi.

Digər səbəb ABŞ və Fransanın daxili siyasi xüsusiyyətlərindən irəli gəlirdi – hər iki ölkədə erməni diasporunun ciddi təsir imkanlarına malik olduğu məlumdur. Amerikalı, xüsusilə fransalı qanunvericilər məhz erməni diasporunun təsiri ilə aşkar antiazərbaycan addımları atırdı ki, bu isə Parislə Vaşinqtonun neytral vasitəçi statusuna heç cür uyğun gəlmirdi. Lakin 44 günülk müharibənin nəticələri, təxminən, 30 illik erməni işğalı dövründə uğursuz və həvəssiz «sülh formulu» axtarmış, təcavüzkarla (Ermənistan) təcavüzün qurbanı (Azərbaycan) arasında fərq qoymayan Minsk qrupunun vasitəçilik missiyasında ciddi «hamarlama» aparıb. Münaqişə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra etməsi, ölkənin ərazi bütövlüyünün bu yolla bərpası ilə başa çatıb. Nəticədə, Minsk qrupunun fəaliyyətini davam etdirməsi də əhəmiyyətini itirib. Bununla yanaşı, Bakı indi qrup üzvlərinə Azərbaycanla Ermənistan arasında inamın yaranması işinə töhfə vermələrini, münaqişədən sonra regionda mövcud olan humanitar problemlərin həllində iştiraklarını təklif edir. Maraqlıdır ki, bu vəziyyəti həmsədrlərin özləri də getdikcə daha çox qəbul edirlər. Fransa və ABŞ-ın Bakıdakı səfirləri Zakari Qross ilə Erla Litsenbergerin işğaldan qurtarılmış Ağdama bu yaxınlarda etdikləri səfər də bunun göstəricisidir. Halbuki ermənilərə simpatiyasını gizlətməyən, hətta dünya erməniliyinə açıq şəkildə himayədarlıq edən dövlətlərin Bakıda akkreditasiya olunmuş diplomatik missiyalarının rəhbərləri bir müddət əvvəl işğaldan azad olunmuş ərazilərə səfirlərin kollektiv səfərinə qatılmaqdan nümayişkaranə şəkildə imtina etmişdilər.

Məlum fövqəldövlətlərin, ilk növbədə, Minsk qrupunun qərbli həmsədrlərinin yeni, müharibədən sonrakı vəziyyətə yanaşmasında nəzərəçarpacaq dəyişiklik həmsədrlərin son birgə bəyanatlarında da aydın görünür. İndi bəyanatlarda daha çox Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması üçün atılması vacib olan addımlardan danışılır, regionda postmünaqişə dövrü düzəninin formalaşması üçün səylərin artırılmalı olduğundan bəhs edilir. Bu mənada, Minsk qrupuna həmsədrlik edən dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri Entoni Blinken, Sergey Lavrov və Dan-İv Drianın dekabrın 7-də yaydıqları birgə bəyanat maraqlıdır. Onlar Ermənistanla Azərbaycanı sərhədlərin delimitasiyası, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün konstruktiv əməkdaşlığa çağırıb, bölgədə uzunmüddətli və dayanıqlı sülhə nail olunması üçün rəhbərliklər səviyyəsində təmasları davam etdirməyə səsləyiblər. Bununla yanaşı, Ermənistanla Azərbaycanın Minsk qrupu həmsədrlərinin himayəsi altında əməkdaşlığının vacibliyi humanitar təşəbbüslərin reallaşdırılmasında əhəmiyyətli irəliləyişə nail olunmasının vacibliyi ilə əlaqələndirilir.

Yeri gəlmişkən, bir müddət əvvəl Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınması mövzusunda Amerikanın dövlət katibi Blinken ayrıca bəyanatla da çıxış edib. ATƏT Xarici İşlər Nazirləri Şurasının Stokholmda keçirilən toplantısında o, tərəfləri azad olunmuş ərazilərin minalardan təmizlənməsi kimi humanitar məsələlərdə irəliləyişə nail olmağa çağırıb. Blinken sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası üzərində işləməyin vacibliyinə də diqqət çəkib, regionda dayanıqlı sülhə nail olunması üçün ATƏT-in Minsk qrupu həmsədrləri ilə əməkdaşlığın davam etdirilməli olduğunu deyib.

Beləliklə, həmsədr dövlətlərin təmsilçilərinin son dövrlərdə istər birgə, istərsə də ayrılıqda verdikləri bəyanatlarda Ermənistanın gündəmə çevirmək istədiyi mövzulara aid heç bir fikrə rast gəlinmir. Söhbət xüsusilə «Dağlıq Qarabağın statusu» məsələsindən gedir. Qlobal güc mərkəzləri artıq regiondakı vəziyyəti real qiymətləndirərək, hətta ermənipərəst olmalarına rəğmən belə, 44 günlük müharibənin «status məsələsi»nin üzərindən xətt çəkdiyini anlayırlar. Bunu Azərbaycan tərəfi də dəfələrlə bəyan edərək, söhbətə «nöqtə» qoyub. İndi regionda sabitləşməsi Azərbaycanın və Minsk qrupu həmsədrlərinin israr etdikəri proseslərin uğurlu gedişindən asılıdır. Bu isə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası, nəqliyyat əlaqələrinin bərpası, humanitar problemlərin həllidir.

Bununla yanaşı, Azərbaycan üçün prioritet vəzifə həm də azad olunmuş Qarabağın bərpasıdır. Bu işin reallaşmasının beynəlxalq kontekstini isə xarici ölkələrin prosesə qoşulmaq marağının artması ilə xarakterizə etmək olar.

 

Qarabağın bərpasında iştirak etmək istəyənlər çoxalır

Qarabağın azad olunması ilə Azərbaycan erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərin bərpası ilə bağlı miqyaslı işlərə başlayıb. İndi həmin ərazilərdə yollar və aeroportlar, mülki və hərbi obyektlər tikilir, təbiət qoruqları dirçəldilir, müxtəlif infrastruktur layihələri həyata keçirilir. Yəni bölgəyə həyatın qayıtması, yüzlərlə məcburi köçkünün tezliklə doğma ev-eşiyinə dönə bilməsi üçün lazım olan bütün işlər görülür.

Bu nəhəng quruculuq işlərinin görülməsində Bakı, ilk növbədə, öz gücünə və öz resurslarına arxalanır. Bununla yanaşı, o, bütün dost ölkələrə onların da bu prosesdə iştirak edə biləcəyini deyir – infrastruktur layihələrinin icrasında, şəhərləri, kəndlərin salınmasında, kənd təsərrüfatı işlərində, tarixi və mədəni abidələrin bərpasında, ərazilərin minalardan təmizlənməsi prosesində və s. Məlum olduğu kimi, bu çağırışlara Türkiyə, Pakistan, İtaliya, Böyük Britaniya və bir sıra digər ölkələrdən – yaxın müttəfiqlərdən, tərəfdaşlardan reaksiya dərhal gəlib. Lakin indi bu proses getdikcə daha geniş vüsət alır. Yəni indi söhbət yalnız qardaş, postsovet məkanından olan dost ölkələrin (məsələn, Özbəkistan, Qazaxıstan, Rusiya, Ukrayna, Belarus) Qarabağın bərpası prosesində iştirakının müzakirəsindən getmir. Artıq bu istiqamətdə konkret addımlar atılır.

Bundan başqa, Azərbaycan-İran münasibətlərində bu ilin payızında yaşanmış gərginliyə baxmayaraq, iki ölkə prezidentləri İlham Əliyev ilə İbrahim Rəisinin Aşqabadda keçirdikləri görüşdən sonra rəsmi Tehran işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə qoşulmağa hazır olduğunu təsdiqləyib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə bunu iki ölkənin iqtisadi əlaqələrində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.

Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpası prosesində iştirak etməyə ABŞ-ın da maraq göstərdiyini xüsusi qeyd etmək lazımdır. Bu maraq Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun ABŞ-ın Bakıdakı səfiri Erl Litsenberger ilə dekabrın 8-də keçirdiyi görüşdə ifadə olunub.

Vaşinqtonun bu məsələdəki mövqeyi ənənəvi olaraq erməni diasporunun daxildəki təsirlərini nəzərə alan qlobal güc mərkəzlərinin siyasətindəki dəyişikliyin aşkar göstəricisidir. Onlar Azərbaycanın qələbəsi ilə bitmiş 44 günlük müharibə nəticəsində yaranmış reallıqları etiraf edərək, sırf öz maraqlarından çıxış etməyə başlayırlar. Bu maraq isə Cənubi Qafqazın lideri olan Azərbaycanla geniş əməkdaşlıqdır. Bu dövlətlər, şübhəsiz ki, geosiyasi düzəndən irəli gələn məqamları da dərk edirlər – əgər erməni lobbisinin təsiri qarşısında Azərbaycan və onun maraqlarına etinasızlıq göstəriləcəksə, məğlub tərəf onların özləri olacaq.



MƏSLƏHƏT GÖR:

155