Müəllif: İlahə MƏMMƏDLİ
Son zamanlar mərkəzi bankların rəqəmsal valyutalara (central bank digital currency, CBDC) marağı kəskin şəkildə artıb. İlk vaxtlar buna mənfi yanaşan müxtəlif ölkələrin hökumətləri indi bir-birinin ardınca rəqəmsal valyutaların faydalı olduğunu bəyan edir və nəzəri araşdırmalardan əməli tətbiqə keçirlər.
Bu proses Azərbaycandan da yan keçməyib - ölkənin Mərkəzi Bankı artıq rəqəmsal manatın tətbiqi məsələsini təhlil etməyə başlayıb və 2022-ci ildə bununla bağlı ilkin nəticələr əldə etməyi düşünür.
Korona böhranı sürətləndirmə amili kimi
Hazırda yüzdən çox ölkə CBDC-nin tətbiqi imkanlarının araşdırılması üzrə bu və ya digər mərhələdədir və bu, başqalarını da rəqəmsal valyutaların tətbiqi imkanlarını araşdırmağa daha həvəsləndirir. Məsələn, Çinin rəqəmsal yuana keçidlə bağlı pilot layihə elan etməsi fonunda Yaponiya bunu maliyyə təhlükəsizliyi riski hesab edib və öz araşdırmalarını sürətləndirib.
Dünyada rəqəmsal valyutaların istifadəsi baxımından Çin artıq liderdir - 2020-ci ildə ölkədə elektron valyuta üzrə tranzaksiyaların həcmi 5 milyard dollardan çox olub. Bununla yanaşı, ekspertlər əmindirlər ki, rəqəmsal valyuta, hətta ən optimist proqnozlala görə belə, fiat (kağız) pulları 10-15 ildən tez əvəz edə bilməyəcək.
Rəqəmsal valyutanın özü, vəd edildiyi kimi, funksionallığına görə nağdsız pula bənzəyəcək, lakin formal olaraq o, mövcud nağd və nağdsız pullara əlavə olaraq üçüncü növ ödəniş vasitəsinə çevriləcək.
Rəqəmsal valyutalarını inkişaf etdirən ölkələrin maliyyə orqanları özləri vurğulayırlar ki, bunun kriptovalyutalarla heç bir əlaqəsi olmayacaq, çünki o, Mərkəzi Bankın şəxsində təmsil olunan vahid emissiya mərkəzi tərəfindən buraxılacaq, kriptovalyutanın əsas xüsusiyyəti isə mərkəzsizləşdirmədir.
Bununla yanaşı, COVID-19 pandemiyası bütün dünyada təmassız və onlayn ödənişlərin populyarlığını xeyli artırıb. Birincisi, bunu dünyanın bir çox ölkələrində elan edilən qapanmalar məcbur etdi - insanlar evlərini tərk edə bilmədilər və onlayn alış-veriş etməli oldular. İkincisi, gigiyena məsələləri - kağız pulları çox vaxt virusların ocaqlarından biri sayırlar.
PwC beynəlxalq konsaltinq şirkətinin son proqnozlarına görə, 2025-ci ilə qədər nağdsız əməliyyatların qlobal həcmi 80% - təxminən 1 trilyon tranzaksiya artacaq. 2020-ci ildə tranzaksiyalar 1,9 trilyona yaxın olub, 2030-cu ilə isə artıq üç dəfə artacaq.
Azərbaycanda nağdsız əməliyyatların həcmi də artır. Mərkəzi Bankın məlumatına görə, 2021-ci ilin yanvar-noyabr aylarında internet və mobil bankinq vasitəsilə aparılan əməliyyatların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə uyğun olaraq 60,5% və 3,8 dəfə artıb.
Dünyada hökm sürən karantin məhdudiyyətləri fonunda 2021-ci ilin 11 ayın ərzində Azərbaycanda elektron ticarət dövriyyəsi bir il ərzində 1,8 dəfə artaraq 6,1 milyard manata çatıb.
Kart infrastrukturu da genişlənib: 2021-ci ilin 11 ayında dövriyyədə olan təmassız kartların sayı 2 dəfə, belə kartlara xidmət göstərən POS terminalların sayı 29% artıb. 11 ayda kartlarla aparılan nağdsız əməliyyatların həcmi 75,4% artıb.
Üstünlüklər və risklər
İlkin mərhələdə rəqəmsal valyutalarla bağlı risklər və yararlar yan-yana gedir. Məsələn, tam şəffaflıq və insanların öz xərcləmələri il bağlı məlumatları mərkəzi banklara etibar etmək istəməməsi. Yaxud nağdsız əməliyyatlar üzrə xərclərin azaldılması, lakin rəqəmsal valyutaya keçidin nisbətən baha başa gəlməsi.
Adətən, ekspertlərin qeyd etdikləri birinci üstünlük - bütün əməliyyatlara dövlət tərəfindən nəzarət edilməsi və şəffaflığın təmin edilməsidir. Doğrudur, burada çox şey rəqəmsal pulun tətbiqi modelindən asılıdır - istifadəçi hesabları əsasında və ya rəqəmsal tokenlərdən istifadə etməklə ola bilər. Ancaq istənilən halda, artıq əməliyyatların tam anonimliyi mümkün olmayacaq.
Bu, bəlkə də, ən önəmli amildir, çünki o eyni zamanada insanları qorxuda bilər. Belə hal artıq Ekvador və Venesuelada baş verib - onlar rəqəmsal valyutaların tətbiqini elan edən ilk ölkələr sırasında idilər, lakin hər iki layihə, ilk növbədə, bu ölkələrin sakinlərinin mərkəzi banklara etibar etməməsi üzündən uğursuzluğa düçar oldu.
İkinci üstünlük kimi ucuzluğu sanmaq ola bilər. Bu, yalnız pul çap etmək xərclərinin aradan qalxması ilə xərclərin azalması deyil. Buraya, həmçinin pulun fiziki daşınması xərclərinin və bununla bağlı təhlükəsizlik xərclərinin ortadan qalxması da aid edə bilər.
Əsginasların özlərinin də istifadə müddəti var və istifadə tezliyindən asılı olaraq 1 ildən 15 ilədək (sikkələr üçün təxminən 30 ilədək) dövriyyədə ola bilər. Adətən, kiçik əsginaslar daha tez köhnəlir. Yalnız yeni əsginasların buraxılması deyil, həm də köhnələrinin məhv edilməsi xərc aparır.
Bununla yanaşı, maliyyə infrastrukturunun belə həcmlərdə işlənən əməliyyatlara hazır olması nəzərə alınmalıdır. Ölkənin hər yerində, hər mağazada, hətta köşkdə POS-terminalların olması da zəruridir.
Əsas sözü banklar deməlidir
Yerli banklardan birinin IT direktoru Emil Mehdiyevin sözlərinə görə, rəqəmsal valyutanın tətbiqi rəqəmsal iqtisadiyyatın inkişafına böyük təkan verəcək. «Axı, rəqəmsal valyuta özündə nağd və nağdsız pulların üstünlüklərini birləşdirməklə yanaşı, həm də bir sıra başqa özəlliklərə malikdir. Rəqəmsal valyutanın hər bir vahidinin unikal identifikatoru olduğundan, konkret vəsaitlərin hərəkətini izləmək mümkün olur. Bu xüsusiyyət, məsələn, dövlət vəsaitlərinin xərclənməsinə nəzarəti xeyli asanlaşdıracaq. Rəqəmsal valyutanın başqa bir üstünlüyü smart müqavilələrin həyata keçirilməsidir. Bu, öz növbəsində, ödənişlərin həyata keçirilməsində vasitəçilərin sayını azaltmaqla yanaşı, ticarət müəssisələri arasında müqavilələrin imzalanmasını xeyli sürətləndirəcək. Beləliklə, müvafiq ödənişlə əqdin bağlanma müddəti bir neçə gündən bir neçə dəqiqəyə qədər azalacaq»,- deyə E.Mehdiyev hesab edir.
Kibertəhlükəsizlik məsələsinə toxunan ekspert bildirib ki, iqtisadiyyatın rəqəmsallaşması ilə bu, mütləq yüksəlir. Rəqəmsal həllərin təhlükəsizlik səviyyəsinin qorunması üçün bankların xərcləri hər il artır. Rəqəmsal valyutanın tətbiqi zamanı kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət yetiriləcək. Rəqəmsal valyutalar mərkəzi banklar tərəfindən tətbiq edildiyi üçün onlar mütləq qorunacaqlar. Banklar həmçinin müştərilərin rəqəmsal valyuta kisələrinə girişinin təhlükəsizliyini təmin etməli olacaqlar.
E.Mehdiyev düşünür ki, banklar rəqəmsal manatın yaradılması prosesində mütləq fəal rol oynamalıdırlar: “Özü də, təkcə banklar deyil. Rəqəmsal valyutanın tam işləməsi üçün lazımi infrastruktur vacib olduğundan, onu həyata keçirərkən, məsələn, telekommunikasiya operatorları, müəssisələr, seçilmiş istifadəçilər qrupu ilə məsləhətləşmək faydalı olardı”.
Ekspertlər hesab edirlər ki, satıcı ilə alıcı arasında pul köçürmə xidmətlərinə görə komissiya tutulmamalıdır. Yuxarıda göstərilən bütün məqamları nəzərə alaraq, demək olar ki, rəqəmsal valyutaların tətbiqi ilə qlobal bank biznesinin bütün konsepsiyası köklü şəkildə dəyişə bilər.
Qeyd edək ki, rəqəmsal valyutaya keçid heç bir ölkənin iqtisadiyyatını nağd valyuta ilə bağlı risklərdən azad etmir: inflyasiya, məzənnənin dəyişməsi və s. Beləliklə, bir kibermanatın dövriyyəyə buraxılması bir nağd manatın dövriyyədən çıxarılmasına səbəb olacaq. Ancaq bununla yanaşı, mal və ya xidmətlərin satıcısı ilə onların istehlakçısı arasında maliyyə vasitəçilərinə ehtiyac aradan qalxır. Rəqəmsal pullar kommersiya banklarındakı hesabların tranzit marşrutlarından yan keçməklə birbaşa bir elektron pul kisəsindən digərinə köçürüləcək. Üstəlik, pul köçürmələri hətta oflayn rejimdə də, internetə çıxış olmadan həyata keçiriləcək. Bunun üçün həm də bank hesabı tələb edilməyəcək.
Qonşuların təcrübəsi
Rəqəmsal valyutanın tətbiqi Azərbaycanla qonşu olan iqtisadiyyatlar üçün də aktual məsələdir. Belə ki, Türkiyə üçün “rəqəmsal lirə” xüsusi önəm kəsb edir, onun inkişafı üçün pilot proqram hələ 2018-ci ildə başlayıb. 2021-ci ilin sentyabr ayında Türkiyə Mərkəzi Bankı müdafiə və texnologiya firmaları «Aselsan», «Havelsan» və Türkiyə Elm və Texnologiya Araşdırma Şurası ilə rəqəmsal valyutanın inkişafı üzrə araşdırmalar aparmaq üçün müqavilələr bağladığını bildirib.
Ölkə əhalisi bu cür texnologiyalara açıqdır - Türkiyə sakinlərinin təxminən 16%-i həyatında ən azı bir dəfə kriptovalyuta alıb («Statist»in apardığı sorğusunun nəticələri belə olub). Həmçinin bu gün ölkənin, təxminən, 1 milyon vətəndaş kriptovalyutaların hər hansı birini istifadə edir. Ölkə hökuməti, bunu nəzərə alaraq, bu vətəndaşları nəzarət olunan məkana köçürməlidir - Mərkəzi Bank tərəfindən buraxılan və vətəndaşların identifikasiya sistemi olan rəqəmsal valyuta mərkəzləşdirilməmiş kriptovalyutalardan daha əlverişlidir. Vəziyyəti daha da gərginləşdirən odur ki, “ING Bank”ın məlumatına görə, ölkə vətəndaşlarının, demək olar ki, yarısı lirənin ucuzlaşması davam edəcəyi təqdirdə, vəsaitlərini kriptovalyutada saxlamağa hazırdır.
Rusiya mərkəzi bankı da rəqəmsal rubl üzərində işləyir. Requlyator rəqəmsal rubl platformasının prototipini yaratmağı planlaşdırır. Ötən ilin iyununda rəqəmsal rublun testdən keçirilməsində iştirak etmək arzusunda olan 12 bankdan ibarət daxıl yaradılıb. Testin başlanması 2022-ci ilin birinci rübünə planlaşdırılıb və ilin sonuna qədər davam edəcək. Testin nəticələrinə əsasən, rəqəmsal rublun geniş kütləyə təqdim edilməsi üçün yol xəritəsi formalaşdırılacaq.
2022-ci il həlledici olacaq
Bu arada, Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə rəqəmsal valyutanın tətbiqi ilə bağlı təhlilin ilkin nəticələrini əldə etməyə ümidlidir. AMB-nin baş direktoru Fərid Osmanovun sözlərinə görə, Mərkəzi Bank rəqəmsal transformasiyanı diqqətlə izləyir, rəqəmsal valyutanın imkanlarını, bu istiqamətdə təhlükələri və riskləri təhlil edir. Bununla bağlı, hazırda AMB rəqəmsal valyutaya konseptual yanaşma ilə bağlı sənədin hazırlanması üzərində işləyir.
Bir sözlə, demək olar ki, ölkə artıq qonşu ölkələrin təcrübəsindən yararlanaraq, rəqəmsal manatın yaradılması üzərində işləyir.
Beləliklə, Azərbaycan Mərkəzi Bankı bu il rəqəmsal valyutadan ortamüddətli perspektivdə istifadənin qiymətləndirilməsini aşağıdakı istiqamətlər üzrə davam etdirmək niyyətindədir: rəqəmsal valyutanın istifadəsi üzrə siyasətin, məqsədlərin müəyyən edilməsi; maraqlı tərəflərin prosesə cəlb edilməsi; qanunvericilik bazasının formalaşdırılması; yeni nəsil texnologiyalardan potensial istifadə; bazarın hazırlıq səviyyəsi.
Bundan başqa, rəqəmsal ekosistemin inkişafı məqsədi ilə AMB 2022-ci ildə bir neçə layihə üzərində də işləyəcək. O cümlədən, ictimai nəqliyyatda bank kartları və mobil bankçılıq vasitəsilə rəqəmsal ödənişlərin həyata keçirilməsi layihəsi, sahibkarlıq subyektlərində POS-terminalların əhatə dairəsinin genişləndirilməsi, o cümlədən ödənişin POS terminal vasitəsilə həyata keçirilməsi imkanı olmadıqda, ödənişin QR kodun yardımı ilə qəbulu üçün imkanların yaradılması.
Rəqəmsal valyutanın yaradılması məsələsi üzrə isə, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevin sözlərinə görə, AMB beynəlxalq beyin mərkəzləri, xüsusilə Türkiyə Mərkəzi Bankı ilə sıx əməkdaşlıq edir, həmçinin Rusiya və Qazaxıstanın bu sahədə təcrübəsini öyrənir.
Tənzimləyici bildirib ki, birinci mərhələnin nəticələri sınaqlar başa çatdıqdan sonra 2022-ci ildə elan olunacaq.
“Rəqəmsal manat”ın necə olacağını indidən söyləmək hələ ki, çətindir. Çox sayda konfiqurasiyalar və imkanlar var – Mərkəzi Bank bütün prosesə təkbaşına nəzarət edə bilər, yaxud da kommersiya bankları şəklində işə vasitəçiləri qoşa bilər və ya bütün işləri tamamilə onların üzərinə keçirə bilər. Hər şeyin üzərində qurulacağı infrastruktur həm adi mərkəzləşdirilmiş verilənlər bazası, həm də məhdud girişi olan paylanmış reyestr texnologiyası vasitəsilə işləyə bilər. Üstəlik, manat yalnız ölkə daxilində istifadə oluna bilər və ya transsərhəd valyutaya çevrilə bilər. Ancaq dünyada baş verən hadisələr nəzərə alınarsa, birmənalı demək olar ki, “rəqəmsal manat” nə vaxsa yaradılmalıdır.
MƏSLƏHƏT GÖR: