Müəllif: Kənan RÖVŞƏNOĞLU
Avropada son illərdə islamofobiya sürətlə artır. “Qoca qitə”də İslam əleyhdarlığının artması ilə bağlı daha bir araşdırmanı Türk-Alman Universiteti müəllimi dosent doktor Enes Bayraklı və Corctaun Universitetindən professor Fərid Hafizin hazırladığı “Avropa İslamofobiya Hesabatı-2020” adlı sənəd açıqlanıb.
Müxtəlif ölkələrdən 37 alim, mütəxəssis və ictimai sektor fəalının iştirak etdiyi hesabat 31 Avropa ölkəsini əhatə edir. Sənəddə 2020-ci ildə Avropada islamofobiyanın vəziyyəti əks olunub. Bir sıra beynəlxalq qurumların da dəstəklədiyi məruzədə siyasətdən mediaya, sosial həyatın fərqli sahələrində müsəlmanların üzləşdiyi irqçi hücumlar və aksiyalar yer alıb.
Koronavirus səbəbindən 2020-ci ildə İslam əleyhdarlığı daha çox virtual məkana transfer olsa da, yenə də qadınlar başda olmaqla müsəlmanlara hücumlarda artım qeydə alınıb. Avropada media və siyasət islamofobik hücumlara vasitə olub.
Quru faktlar...
2020-ci ildə Avropada ən səs-küylü irqçi hücum Almaniyanın Hanau şəhərində radikal sağçı terrorçunun 9 miqrantı qətlə yetirməsi olub. Danimarkada isə iki irqçi yolda bir nəfər müsəlmanın qarşısını kəsib “müsəlmansan, niyə bu ölkədəsən?” kimi suallar verib, daha sonra isə həmin adamın evinə qədər gedərək, hücum edib evində yaralayıb.
Estoniyada isə Azərbaycan, Türkiyənin bu ölkədəki səfirliyi və bir neçə islam mərkəzinin qarşısına kəsik donuz başı atıblar.
Fransada isə 19 və 40 yaşlarında başıörtülü iki qadın bıçaqlı hücuma məruz qalıb. Qadınlardan biri ağır yaralanıb.
Finlandiyanın qərbində Teuva qəsəbəsində yerli sakinlər müsəlman gəncə hücum edib, nəticədə, gənc ağır yaralanıb. Ancaq cinayəti törədənlər barədə cəza tədbirləri görülməyib.
Kosovanın paytaxtı Priştina şəhərindən 40 kilometr məsafədə yerləşən Verbok kəndində bir məscid yandırılıb. Şimali Makedoniyada isə Bitola şəhərində inşa olunan məscidin divarına “Ayasofiya kilsə idi və elə də qalacaq” yazılıb.
Serbiyada Obrenovac rayonunda bir nəfər avtomobili ilə qaçqın düşərgəsinə girərək “müsəlman bir dövlət istəmirəm”, “sevgilimin qaçqınların hücumuna məruz qalmasını istəmirəm” deyə qışqırıb.
İspaniyanın Malaqa şəhərində isə iki başıörtülü qadın naməlum qadınların hücumuna məruz qalıb, onların baş örtükləri açılıb, özləri isə döyülüb.
Ancaq bu cür küçə zorakılıqları ilə yanaşı, Avropada indi islamofobik ifadələri həm də siyasətçilər tez-tez işlətməyə başlayıb. Albaniyada keçmiş sol partiyadan olan deputat Ralf Gjoni əhalinin azalması ilə bağlı çıxışında “İnsanların ölkədən getməsi Almaniyada yalnız yaşlıların, cinayətkarların uşaqların və başıörtülü qadınların qalacağını göstərir”, - deyib.
Avstriyada isə ifrat sağçı Xalq Partiyasının (FPÖ) keçmiş sədri Norbert Hofer partiya iclasında çıxışı zamanı “Korona təhlükəli deyil, “Quran” təhlükəlidir”, - deyib. Yenə həmin partiyanın üzvü Harald Vilimski isə “Məhəmmədin olmadığı bir Vyana” çağırışı edib.
Fransa prezidenti Emmanuel Makron da 2020-ci ildə islamofoblar siyahısında olub. Radikal islamçı fikirlərlə mübarizə məqsədi ilə hazırlanan qanun layihəsi ilə bağlı danışan Makron: “Fransa Respublikasının bir hissəsi olması üçün İslamın yenidən strukturlaşdırılması lazım gəldiyini”, - deyib.
Eyni zamanda o, “İslamın dünyanın hər yerində böhran yaşadığını” iddia edib.
Yunanıstanda hakim Yeni Demokratiya Partiyasından deputat Konstantinos Boqdanos Afina başda olmaqla, ölkədə niqab taxan müsəlman qadın imicinin narahatlıq verici olduğunu bildirib və qadın hüquqlarının tapdanması adlandırıb.
Polşa ədliyyə naziri Zbiqniyev Ziobro İslamın Polşa mədəniyyətinə yad olduğunu, ölkənin özünü müdafiə etməli olduğunu deyib.
Media da Avropada son illərdə müsəlmanlar və İslamı hədəfə alan yazılar yayıb. Avstriyanın Die Presse, Der Standard, Kleine Zeitung, Oberösterreichisches Volksblatt kimi qəzetlərində islam dini, xüsusən də qadınların baş örtüyü hədəfə alınıb.
Bundan başqa əvvəlki illərdə olduğu kimi, bir çox Avropa ölkəsində yayımlanan media orqanlarında məscidlər hədəf alınıb. Müsəlmanların ibadət evlərinin radikal islam mərkəzləri olduğu, koronavirus infeksiyasının yayılma mənbəyi olması kimi əsassız iddialar ortaya atılıb.
Almaniyanın məşhur Bild qəzeti isə Hanau şəhərində 9 müsəlmanın ölümü ilə nəticələnən hadisənin “cinayət bölgəsində” baş verdiyini və hadisənin baş verdiyi kafenin sahibini silahdan istifadə edən cinayətkar kimi qələmə verib.
Eyni zamanda Hollandiya, Rumıniya, Serbiya, Sloveniya, İsveçrə kimi ölkələrdə medianın islam və müsəlmanlar əleyhinə yazılar, fotolar yayımladığı qeydə alınıb.
Oxşar vəziyyət “virtual aləmdə” də qeydə alınıb. Xüsusən də “Facebook” kimi sosial şəbəkə platformalarında islam əleyhdarlığı ilə bağlı çağırış və yazılar qeydə alınıb.
2020-ci ildə Almaniyada 901 islamofob cinayət qeydə alınıb. Bu cinayətlərdən 146-da məscidlər, 48-də isə şəxslər hədəfə alınıb. Eyni zamanda islam əleyhinə aksiyalar da davam edib. Almaniyada 2020-ci il ərzində irqçi PEGİDA hərəkatı İslam əleyhinə 16 aksiya təşkil edib.
Amma qeydə alınan cinayətlərin çox hissəsinin aşkara çıxmadığı ilə bağlı iddialar var. Məsələn, Avropa İttifaqı ərazisində müsəlmanların yalnız 12 faizinin üzləşdikləri ayrı-seçkiliklə bağlı rəsmi qurumlara şikayət etdiyi məlum olub.
Avstriyada 2020-ci ildə müsəlmanlara qarşı 812 nifrət cinayəti törədilib. Bu isə 385 nifrət cinayətinin baş verdiyi 2019-cu illə müqayisədə 2 dəfədən çox artım deməkdir.
Almaniyada qeydə alınmış 8585 nifrət cinayətindən 2032-si yəhudilərə, 950-si isə müsəlmanlara qarşı törədilib.
Fransada isə 2020-ci ildə 235 islamofob cinayət qeydə alınıb. 2019-cu ildə bu rəqəm 154 olub. Milli İnsan Haqları Müzakirə Komissiyasının rəqəmlərinə görə, ölkədə islamofobiya 54 faiz artıb.
Fransada İslamofobiya Əleyhinə Kollektiv adlı təşkilatın hazırladığı hesabata əsasən 2019-cu ildə bu ölkədə müsəlmanlar əleyhinə 800 hərəkət baş verib. Bu əvvəlki illərlə müqayisədə 77 faiz artımdır.
İngiltərədə 2019-cu ildə 2020-ci ilə nisbətdə din əsaslı nifrət cinayətlərinin sayı 1/3 artıb. Bunun tən yarısı islam əleyhinə cinayətlərdir. Eyni zamanda araşdırmaya görə, bu ölkədə xristianlarla müqayisədə müsəlman ailələrin nifrət cinayətinə məruz qalma ehtimalı 4 dəfə artıqdır. Eyni zamanda məlum olub ki, hakimiyyətdəki Mühafizəkar Partiyanın üzvlərinin yarıdan çoxu İslam dini haqqında mənfi düşüncəyə sahibdir. Onların yarısı İslamı ölkələri üçün təhlükə görürlər.
Miqrant xofu arxasındakı gerçək
Avropada islamofobiyanın yüksəlməsinin arxasında bir sıra səbəblər dayanır. Əlbəttə, burada, ilk növbədə, obyektiv səbəbləri qeyd etmək lazımdır. Son illərdə “qoca qitəyə” böyük həcmdə miqrant ordusu yaranıb. Afrikadan Cənub-Şərqi Asiyaya qədər müxtəlif ölkələrdən insanlar Avropaya axın edir.
BMT İqtisadi və Sosial İşlər Şurası (DESA) tərəfindən hazırlanmış “Beynəlxalq Köç - 2020 hesabatı” adlı sənədə əsasən qeyd olunan dövrdə dünyada 281 milyon miqrant olub. Ümumi miqrantların 89 milyonu Avropa qitəsində yerləşib. Məsələn, təkcə Almaniyada 11,4 milyon qaçqın var ki, bu da ölkə əhalisinin 10 faizindən çoxu deməkdir.
90 milyona yaxın qaçqının böyük bir qismi Avropa ölkələri tərəfindən təmin olunur, buna görə də Avropada sosial problemlər, işsizlik və bahalaşma baş verdikdə, ilk növbədə, “günahkar” qaçqınlar olur. Digər tərəfdən, sözsüz ki, böyük sayda qaçqınlar ordusu özü ilə yeni qayğılar, problemlər gətirir.
Amma bütün bunlar bir əsaslı səbəb deyil, yəni başqa sözlə miqrant əleyhdarlığı, xüsusən də müsəlmanlara qarşı mənfi münasibət heç də obyektiv səbəblərlə izah oluna bilməz. Çünki hər nə qədər miqrant sayı narahatlıq verici görünsə də, bu zahiri görünüşdür. Reallıqda isə Avropanın hər il minlərlə işçi miqranta ehtiyacı var. Bu ehtiyac daha çox sənaye ölkəsi Almaniyada hiss olunur. Almaniya hökuməti elan edib ki, bu ölkənin hər il 500 min işçi miqranta ehtiyacı var.
Üstəlik, məsələn, bu il miqrant sayının keçən illə müqayisədə kəskin sayda azalması, Almaniyanın “arzuolunmaz” miqrantları geri göndərməsi göstərir ki, yaradılan ajiotaj o qədər də əsaslı deyil, Avropa istəyəndə miqrant sayını minimuma endirə bilir.
Başqa sözlə, problem daha çox siyasi, ya da belə desək subyektivdir. Yuxarıda açıqlanan müsəlman əleyhdarı şüar və yazıların əsas xəttini Avropa insanının öz ölkəsində müsəlmanı istəməməsi, müsəlmanları və ya İslamı təhlükə kimi görməsidir. Hətta bir neçə il əvvəl Avropa əhalisinin 2050-ci ildə böyük bir qisminin müsəlmanlar təşkil edəcəyi kimi əsaslandırılmamış məlumatlar ortaya atılıb.
Amma bu məlumatlar nə qədər dəqiqdir? Məsələn, hazırda Avropa qitəsində yaşayan 744 milyon insanın 10 faizdən azını, yəni 70 milyonunu müsəlmanlar təşkil edir. Avropa müsəlman əhalisinin böyük bir qismini Rusiya müsəlmanları təşkil edir: 16 milyon. Avropa müsəlman əhalisinin yarısını isə qitənin “yerli sakinləri” olan Türkiyə (ölkənin Avropa qitəsinə düşən hissəsi), Bosniya-Herseqovina, Albaniya və Kosova əhalisi təşkil edir.
Avropa İttifaqı ərazisində cəmisi 27-30 milyon arasında müsəlmanın yaşadığı güman edilir. Ən çox müsəlman Fransada (7 milyon), Almaniyada (5,5 milyon), İngiltərədə (4,5 milyon) yaşadığı ehtimal olunur. Ən yüksək ehtimallara əsasən 2050-ci ildə Avropa əhalisinin 20 faizini müsəlmanlar təşkil edə bilər.
Radikalizmdən qidalananlar
Göründüyü kimi, hətta ən optimist proqnozlar belə Avropa xristianlığı üçün narahatlıq doğura bilməz. Deməli, məsələ daha çox siyasidir. Bu mövzuda “əlbir” olan bir neçə aktiv qruplar var.
Fundamentalist xristian qrupları. İldən-ilə mövqeyi zəifləyən kilsə fundamentalistləri insanları qorxutmaq, “dinin təhlükə qarşısında olduğunu” göstərmək üçün İslam və müsəlmanları hədəf göstərir. İlbəil artan müsəlmanlar Avropa və onun xristian dəyəri üçün təhdid olduğu fikri göründüyü kimi, çox zaman tərəfdar qazanır. Burada, əlbəttə, Avropaya qaçan radikal islamçıların da böyük “xidmətləri” var. Britaniyada şəriət məhkəməsi tələb edən, yaxud da Fransada və ya digər ölkələrdə yerli qanunlarla hesablaşmayan radikal islamçılar Avropa cəmiyyəti üçün təhdid kimi görünür və ya rahat göstərilir.
Avropada islamofobiyanı körükləyən ikinci qrup ifrat sağ millətçi təşkilatlar və siyasətçilərdir. Yenə eyni “arqument və şüarlar” sağçı liderlərin dilindədir. Müsəlmanların Avropa üçün əsas təhdidə çevrilməsi, qitə üçün İslam təhlükəsi tipində şüarlar siyasi şüarları əsasən kənar düşmən yaradılması üzərində qurulan radikal sağçılar üçün hava-su kimi faydalıdır.
Amma bu fəaliyyətlər “qarşılıqsız” deyil. Avropada islam əleyhinə hər addım, hər cinayət və ya din əleyhinə çağırış müsəlman ölkələrində radikal qruplar üçün əvəzsiz “materialdır”. Radikal islamçı nəşrlər Avropada müsəlmanlar və İslam əleyhinə hərəkətləri “səlib yürüşünün” yeni forması, müsəlmanlara qarşı düşmənçilik adlandırmaqla dini radikalizm, terrorizm üçün şüarlara çevirirlər.
Bu mənada Avropada islama və müsəlmanlara qarşı hücumları təşkil edənlərlə müsəlman ölkələrində radikal dini cərəyanların hər ikisinin ortaq maraqları olduğu üzə çıxır. Əl-Qaidə lideri Usamə bin Ladenin 80-90-cı illərdə Qərbin “səlib yürüşünə qarşı cihad” çağırışı ilə 21-ci əsr Hollandiya siyasətçisi Gert Vildersin çağırışları bir-birini tamamlayır. Hər ikisi qarşı mədəniyyəti hədəfə almaqla kütlələri manipulyasiya etməyə xidmət edir.
MƏSLƏHƏT GÖR: