Müəllif: Samir VƏLİYEV
Yeni, 2022-ci ildə keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaradılmasının 100-cü ildönümü tamam olur. Bu, 70 il ərzində digər 14 respublika ilə birlikdə İttifaqın tərkibində yer almış Azərbaycana da aiddir. Respublikanın SSRİ-nin tərkibində keçirdiyi onilliklər, şübhəsiz ki, Azərbaycan ictimaiyyətinin tarixində öz izini qoyub.
Erməni separatçılığı Sovet İttifaqının qəbirqazanı kimi
O illərin şahidləri, həmçinin Azərbaycanda artıq postyenidənqurma, hətta postsovet dönəmində doğulmuş insanlar tez-tez bir məqama diqqət çəkirlər: Sovet sisteminin dağılması praktik olaraq, SSRİ ərazisində millətlərarası ədavətin, separatçılığın baş qaldırması ilə eyni vaxta təsadüf edib. Halbuki SSRİ qanunvericiliyində milli hisslərlə spekulyasiyaya, millətçi, irqçi, ksenofob fikirlərin səsləndirilməsinə görə sərt cəza tədbirləri nəzərdə tutulurdu. SSRİ-nin və müttəfiq respublikaların cinayət məcəllələrində bu hallar sosializm qanunlarının ciddi şəkildə pozulması kimi qəbul edilir, xüsusi təhlükəli dövlət cinayəti sayılırdı.
Təəssüf ki, Ermənistan SSR rəhbərliyi yenidənqurma və «aşkarlıq» siyasəti ilə pərdələnərək, Azərbaycan erməniləri arasında separatçı əhvalı qızışdırır, Azərbaycan SSR-ə məxsus Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ideyasını irəli sürürdü, Azərbaycan xalqının, onun ayrı-ayrı nümayəndələrinin, tarixi şəxsiyyətlərinin ünvanına etik olmayan ifadələr işlədir, Azərbaycan SSR-də guya erməni millətindən olan şəxslərin sistemli şəkildə sıxışdırıldığına dair fikirlər səsləndirirdilər. Bununla da, ayrıca götürülmüş sovet respublikasının timsalında ümumilikdə sovetlərin milli siyasətinin gözdən salınması xəttinin götürülməsi demək idi. Mərkəz isə bu prosesdə milli ədavətin yaranması kimi qorxulu tendensiyanı görmürdü. Bu, sonda təhlükəli siyasi trendin yaranmasına səbəb oldu. Nəticədə, əvvəlcə Qafqazda, daha sonra Sovet İttifaqının digər regionlarında millətçi və separatçı əhval yüksəlməyə başladı, sonrakı hadisələr isə göstərdi ki, SSRİ-nin partiya və siyasi rəhbərliyi yumşaq desək, uzağı görə bilməyib, bəzi hallarda cinayətə bərabər susqunluq nümayiş etdirməklə, vəziyyətin kriminallaşmasına, milli zəmində cinayətlərin artmasına imkan verib.
Müstəqillik illərində Azərbaycanda həmin hadisələrə aid saysız-hesabsız sənədli və bədii filmlər çəkilib. O dövrün müxtəlif əlamətdar tarixlərinə aid yüzlərlə şahid müsahibələri bu gün də böyük maraqla oxunur, öyrənilir. Bu, heç də təsadüf deyil. Çünki bu günün bir çox probleminin, o cümlədən milyondan artıq qaçqın probleminin köklərini məhz həmin yenidənqurma illərində axtarmaq lazımdır.
İlkin mərhələdə milli liderlər kommunist ideologiyasının arxasında gizlənərək Leninin milli müqəddəratı təyin etmə prinsipinə istinad edən zaman, Sovet İttifaqının siyasi elitası bunun hansı fəlakətlərə aparıb çıxaracağını görə bilməyib. Üstəlik, o dövrdə bu halları Sovet demokratiyasının qələbəsi kimi «gözə soxanlar» belə, tapılırdı.
Ədalətsizlikdən müstəqilliyə
Dağlıq Qarabağda, Sumqayıtda, Bakıda yaşananlara, daha əvvəl isə 1987-ci ildən gizli şəkildə azərbaycanlı əhalinin deportasiyasına başlamış Ermənistan SSR-də baş verənlərə lazımi hüquqi-siyasi qiymət verilməmişdi. Faciəvi hadisələrə aparıb çıxarmış səbəblər aşkarlanmamış, cinayətkarlar, onların sifarişçiləri ortaya çıxarılaraq cəzalandırılmamışdı. Bu, öz-özlüyündə Sovet hüquq məkanının çürüməyə başladığının, ardınca isə hüquqi nihilizmin, özbaşınalığın göstəricisi idi.
Artıq Dağlıq Qarabağda çoxu beynəlxalq terror təşkilatları ilə əlaqəli ekstremist silahlı qruplar praktik olaraq aşkar fəaliyyətə başlamışdı. Onlar,demək olar ki, hər gün çoxsaylı qanun pozuntularına yol verir, silahlı diversiyalar, terror aktları törədir, bu zaman özlərini «milli müqəddəratı təyinetmə uğrunda» mübarizlər kimi qələmə verirdilər. Bu özbaşınalıqların qurbanı isə sadə vətəndaşlar olurdu. Bu gün onlar 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində yaşadıqları həmin dəhşətli günlərlə bağlı həqiqətləri öz övladlarına, nəvələrinə danışırlar. Bu gün azərbaycanlı müəlliflərin bədii əsərlərində SSRİ-nin dağılması mövzusu hökumətin zəifliyi, fəaliyyətsizliyi fonunda milli özünüdərk hissinin dirçəlişi, xalq etirazlarının baş qaldırması kimi təqdim olunur.
Artıq Ermənistanın, Moskvanın və s. yüksək tribunalarından səsləndirilən ekstremist çağırışlara görə heç kim cinayət məsuliyyətinə cəlb olunmurdu. Qorbaçovun məşhur «qoy, xalqlar öz məsələlərini özləri həll etsinlər» fikri isə mərkəzi hökumətin kəskin problemlərdən yaxasını kənara çəkmək cəhdindən başqa bir şey deyildi və bu, sonda vəziyyəti faktiki olaraq, idarəolunmaz vəziyyətə gətirib çıxarmışdı.
Belə bir şəraitdə respublikada kütlələrin maraqlarını ifadə edən qruplar yaranmağa başlamışdı. 1980-ci illərin sonlarında onlar Azərbaycan Xalq Cəbhəsində birləşmiş və artıq reallıq duyğusunu tam itirmiş, işləməyən ideoloji doğma və şüarlara istinadı davam etdirən Sovet rəhbərliyinin siyasətinə açıq etiraza başlamışdılar. Bütün bunların fonunda sosialist əxlaqı normalarına, marksizm-leninizm prinsiplərinə, sosialist beynəlmiləlçiliyinə sadiqlik çağırışları sadəcə, gülməli görünürdü. Ziyalı elitanın görkəmli nümayəndələri dövrün ən mühüm suallarına cavab tapa bilmir, onları keçmişdə axtarmağa çalışır, nəzərlərini Sovet illərindən əvvəlki dövrlərə yönəldirdilər.
17 noyabr 1988-ci il. Bakının əsas meydanı olan Azadlıq meydanında (o zaman Lenin meydanı) xalq hərəkatının liderlərinin təşəbbüsü ilə Sovet rəhbərliyinin siyasətinə etiraz olaraq fasiləsiz mitinqlər başlamış, meydana yüz minlərlə insan çıxmışdı. Azərbaycanda bu hadisə milli-azadlıq hərəkatının başlanğıcı kimi qiymətləndirilir və bu, dövlət müstəqilliyinə aparan yolda əsas məqam sayılır.
Artıq müstəqilliyin qazanılmasından sonra 1992-ci ilin 17 dekabrından başlayaraq, bu tarix ölkədə Milli Dirçəliş Günü kimi qeyd olunur. Azərbaycan tarixinə aid bütün dərsliklərdə bu tarixə aparan yol və tarixin özü haqda geniş bəhs olunur.
Onu da qeyd etmək lazımdır ki, xalq etirazlarının miqyası nəzarətdən çıxan zaman sistem xalqa «dişini göstərir», repressiya aparatını işə salırdı. Bununla da, o, xalqa qarşı sistem olduğunu ortaya qoyur, nəticədə, vahid dövlətin dezinteqrasiyası prosesinin dönməz xarakter almasına yol açırdı.
20 Yanvar – dönüş anı
Azərbaycanın Sovet keçmişindən birdəfəlik qopması baxımından dönüş anı 1990-cı ilin yanvarı olub. O zaman SSRİ rəhbərliyinin əmri ilə Sovet ordusu «ictimai asayişin bərpası» bəhanəsi ilə Bakıya yeridilmişdi, yüzlərlə dinc sakin qətlə yetirilmişdi. Məhz bu hadisədən sonra minlərlə azərbaycanlı Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edərək, partiya biletlərini nümayişkaranə şəkildə yandırmağa başlamışdı. Həmin günlərin əsas hadisələrindən biri isə əlbəttə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi, SovİKP MK-nin Siyasi Bürosunun keçmiş üzvü Heydər Əliyevin partiya sıralarını nümayişkaranə şəkildə tərk etməsi idi. Bakıda törədilmiş qətliamın ardından Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirən Heydər Əliyev Bakıya qoşun yeridilməsini kəskin şəkildə pisləmişdir.
Üzərindən onilliklər keçməsinə baxmayaraq, yanvar hadisələri bu gün də Azərbaycan xalqının azadlıq və ədalət mübarizəsinin rəmzi sayılır. O, çoxsaylı ekran əsərlərində, bədii ədəbiyyatda əksini tapır. Tarix dərsliklərində yanvar hadisələri haqda ayrıca bölmələr yer alır. Ölkənin hər böyük şəhərində, qəsəbəsində 20 Yanvar adını daşıyan küçə və ya meydana rast gəlinir. Yanvarın 20-si ölkə miqyasında matəm günü kimi qeyd olunur. Hər ilin həmin günü səhər saatlarından minlərlə insan Bakıdakı Şəhidlər xiyabanına axışır, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş insanların xatirəsini yad edir.
Təqvimdə Sovet keçmişi ilə bu və ya digər şəkildə bağlı daha bir tarix 18 oktyabrdır. Həmin gün Azərbaycanda Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur. Azərbaycan Ali Soveti böyük səs çoxluğu ilə «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı»nı 1991-ci il oktyabrın 18-də qəbul edib. Sənəddə SSRİ işğalçı adlandırılır, Azərbaycan isə 1918-ci ildə yaradılmış respublikanın varisi elan olunur.
Ümumi işə böyük töhfə
Təbii ki, Azərbaycanın Sovet keçmişi heç də yalnız faciəvi günlərlə yadda qalmayıb. Dövrün xoş günlər də olub və belə günlərdən biri faşizm üzərində Qələbə Günüdür. Azərbaycan ümumi düşmən üzərində qələbənin qazanılmasına böyük töhfələr verib. Həmin savaşda Sovet ordusunun yanacaq-sürtkü materiallarına olan tələbatının böyük hissəsini məhz Bakı ödəyib. Bundan başqa, 640 mindən artıq azərbaycanlı cəbhəyə yollayıb, onların 350 mindən çoxu geri qayıtmayıb. Bakıda və ölkənin digər şəhərlərində müharibə qəhrəmanlarının adları əbədiləşdirilib, onların şücaəti haqda bədii əsərlər yaradılıb, bədii və sənədli filmlər çəkilib.
Azərbaycan ədəbiyyatının, incəsənətinin, elminin inkişafı da Sovet illərinə təsadüf edir. Həmin illərin görkəmli elm və mədəniyyət xadimləri bu gün də hörmətlə anılır, onların digər respublikalardan olan və möhkəm dostluq etdikləri həmkarları belə, tez-tez yada salınır.
Məsələn, Sovet kosmonavtikasını Kərim Kərimovsuz, estradasını Müslüm Maqomayevsiz, Rəşid Behbudovsuz, Sovet incəsənətini Tahir Salahovsuz, musiqisini Qara Qarayevsiz, Fikrət Əmirovsuz və s. təsəvvür etmək mümkün deyil.
Azərbaycanın Mingəçevir şəhərində nəhəng su anbarı, respublikada böyüklüyünə görə üçüncü yerdə olan Sumqayıt şəhəri, dünyada ilk və nadir Neft Daşları məhz SSRİ illərində yaradılıb, məhz Sovet illərində istehsalat və elm sahəsində ciddi nailiyyətlər qazanılıb. Beləliklə, Azərbaycanın SSRİ-nin tərkibində olduğu illər həm də Azərbaycan xalqının tarixini zənginləşdirmiş nəhəng işlərin görüldüyü dövrdür.
Bununla yanaşı, Sovet hakimiyyətinin son illərində yaşanmış neqativlər Azərbaycan cəmiyyətinin böyük hissəsinin Sovet düzəni, Sovet cəmiyyəti ilə bağlı düşüncələrinə ciddi şəkildə mənfi təsir göstərib. Məsələn, SSRİ-nin son illəri sosial-iqtisadi mənada Azərbaycanda bitmək bilməyən tətillər, Qarabağ ətrafında yaranmış siyasi qeyri-sabitlik, Ermənistan SSR-dən Azərbaycan SSR-ə məxsus Naxçıvan Muxtar Respublikasına yük və insanların hərəkətinə qarşılıqlı məhdudiyyətlər və s. ilə xatırlanır. Bütün bunlar müvafiq olaraq, ümumilikdə iki müttəfiq respublika arasında nəqliyyat əlaqələrinə də öz mənfi təsirini göstərmişdi.
Tarixi öyrənmək olar, dəyişmək yox
SovİKP MK-nın baş katibi M.Qorbaçovun təşəbbüsü ilə başladılmış alkoqolizm ilə mübarizə Azərbaycanın kənd təsərrüfatı sektoruna çox ciddi zərbə vurmuşdu. 1985-ci ildə bu kampaniya nəticəsində Azərbaycan nəinki texniki növ, hətta nadir süfrə növlü üzüm plantasiyalarını qırmağa məcbur edilmişdi. Sovet illərində Azərbaycanda üzümlüklərin ümumi sahəsi 284,1 min hektar idi. İllik üzüm istehsalı 2 milyon tonu ötürdü. «Antialkoqol kampaniyası»ndan sonra bu plantasiyaların sahəsi dəfələrlə azalmış, minlərlə ailə, saysız-hesabsız təsərrüfat sabit qazancdan məhrum olmuş, kənd təsərrüfatı sahəsinin istiqamətinin dəyişdirilməsi, başqa növ məhsulların becərilməsi isə bu zərəri qarşılaya bilməmişdi. Qarabağda aqressiv separatçılığın hərbi təzahürlərinin artması, azğın zorakılıq hallarının genişlənməsi ilə bərabər, ümumi ərzaq böhranı və sosial-iqtisadi vəziyyət daha da ağırlaşmışdı.
Sovet İttifaqının dağılması Azərbaycanda maddi və mənəvi təlatümlərlə müşahidə olunurdu. Milyonlarla insanın ənənəvi həyat düzəni dəyişmişdi. Bununla yanaşı, əvvəlki dəyərlərin eroziyaya uğraması vahid Sovet dövləti prinsiplərinə cavab verməyən daxili problemlərin həllini aktuallaşdırmışdı.
Bu gün Azərbaycanın Sovet keçmişinə nəzər salan zaman aydın olur ki, müstəqil inkişaf yolu daha ağır olsa da, ictimai inkişaf baxımından daha effektivdir. Bu fikir getdikcə daha qəti xarakter alır və bərpa haqda diskussiyalara yer qoymur. Tarix feilin lazım formasını qəbul etmir. O dövrün bütün uğurlarını və uğursuzluqlarını, xalqın tarixini öyrənmək olar və lazımdır. Lakin artıq heç nəyi dəyişmək mümkün deyil.
MƏSLƏHƏT GÖR: