Müəllif: İrina XALTURİNA
Ağ Ev administrasiyasının Şərqi Aralıq dənizi qaz xəttinin («EastMedpipeline», «EastMed») tikintisinə dəstəyi dayandırması dünyanın ən gərgin regionlarından birində silsilə geosiyasi dəyişikliklərə yol aça bilər.
İllik 10 milyard kubmetr qaz ötürə biləcək 1900 kilometrlik boru xətti İsrail qazını Kipr və Krit vasitəsi ilə Avropaya çatdırmalı idi. Nəzərdə tutulmuş marşrut Ankara ilə Afina arasında mübahisəyə səbəb olan hövzədən keçməlidir. Layihə ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən fəal şəkildə dəstəklənirdi. Onun icrasına dair razılaşmanın imzalanması mərasimində ABŞ-ın dövlət katibi Mayk Pompeo şəxsən iştirak etmiş, Paris isə layihəyə dəstək olacağını bildirmişdi.
Lakin 2022-ci ilin yanvarında Co Bayden administrasiyası fikrini dəyişib. Vaşinqton qəflətən bu işdə indiyədək görə bilmədiyi risklərin olduğu qənaətinə gəlib. Yunanıstan, Kipr və İsrailə ünvanlanmış qeyri-rəsmi sənəddə bildirilir ki, «EastMed» layihəsilə bağlı «istər ekoloji, istərsə də iqtisadi şübhələr var» (layihənin dəyəri 7-11 milyard dollar qiymətləndirilir, yüksək qiymət qazın son istehlakçılara daha baha başa gələcəyi deməkdir). Bundan başqa, layihə Türkiyə ilə region dövlətləri arasında toqquşmalara yol açmaqla, bölgədə sabitliyi poza biləcək «gərginlik mənbəyi» kimi də qiymətləndirilib. Bu, layihəyə faktiki olaraq, «qırmızı işıq» deməkdir.
Ümidlər verən (Ümidverici?E.S.) dialoq
Türkiyə Ağ Evin bu siqnalını dərhal və müsbət qarşılayıb ki, bu da təəccüblü deyil. İndi o, İsraillə o cümlədən enerji sahəsində münasibətlərin yaxşılaşdırılması kursunu götürüb. Yəhudi dövləti də öz növbəsində, ikitərəfli münasibətləri normallaşdırmağa hazır olduğunu nümayiş etdirir. Üstəlik, İsraildə Bennet-Lapid hökumətinin qurulmasından sonra bu iki ölkə arasında dialoq onsuz da çox ümidverici xarakter alıb. Məlum olub ki, İsrail prezidenti İsaak Herzoq yaxın gələcəkdə Türkiyəyə səfər də edə bilər. Xatırladaq ki, İsrail liderləri 2007-ci ildən sonra bu ölkədə olmayıblar. Son dəfə həmin il prezident Şimon Peres Türkiyəli həmkarı Abdullah Gülün dəvəti ilə ziyarət etmişdi. Hazırda prezidentlər Ərdoğan ilə Herzoqun nə vaxt görüşəcəklərinə dair tərəflərin heç birindən açıqlama olmasa da, İsrailin «Haaretz» qəzeti öz mənbələrinə istinadla, ilkin müzakirələrə artıq başlanıldığını yazıb.
Xatırladaq ki, Türkiyə ilə İsrail arasında münasibətlər 2010-cu ildə Türkiyənin «Mavi Mərmərə» bərəsində baş vermiş acınacaqlı insidentdən sonra pozulmuşdu. O zaman İsrailin Fələstinin Qəzza sektoruna humanitar yardım aparan bərədə həyata keçirdiyi hərbi-dəniz reydi nəticəsində 10 fəal qətlə yetirilmiş, bu isə Türkiyə-İsrail münasibətlərində son dərəcə ciddi böhrana yol açmışdı. Tərəflər münasibətlərini bir də 2016-cı ildə normallaşdırsa da, əvvəlki əməkdaşlıq səviyyəsi bərpa olunmayıb. Üstəlik, Trampın ölkəsinin İsraildəki nümayəndəliyini Qüdsə köçürməklə bağlı 2018-ci ildə qəbul etdiyi qərardan sonra Türkiyə ilə İsrail qarşılıqlı olaraq, səfirlərini geri çağırıblar.
İndi bir çox israilli siyasətçi və məmur Ankaranın HƏMAS-ın İstanbuldakı ofisini bağlamalı olduğunu düşünür. Həqiqətən də, nəzərə alınmalıdır ki, iki ölkə arasında enerji mübahisəsi olsa da, münasibətlərə mane olan əsas amil Fələstin məsələsidir. Amma hesab olunur ki, istək olarsa, onlar bu qədim problemlə bağlı da kompromisə nail ola bilər. Məsələyə hansı tərəfdən yanaşsaq, tərəflərə dostluq etmək daha sərfəlidir, nəinki hansısa səbəbdən düşmənçiliyi davam etdirmək. Buna daha bir sübut iki ölkə arasında ticarətin və turizm sektorunda əlaqələrin hər zaman davam etməsi, üstəlik, kifayət qədər yaxşı olmasıdır.
Bütün sadalananlar nəzərə alınarsa, belə görünür ki, Türkiyə İsraillə mümkün barışığa çoxdan hazırlaşırmış. Məsələn, ötən ilin noyabrında Türkiyə prezidentinin iqamətgahının fotosunu çəkdikləri üçün saxlanılmış israilli turistlər Natali və Mordi Okninin sərbəst buraxılmaları Ərdoğanın məsələyə şəxsən qarışmasından sonra mümkün olub. Dekabrda isə o, daha bir barışıq addımı atıb – Türkiyə prezidenti yerli ravvinlər və türk-yəhudi liderləri ilə görüşüb, üstəlik, görüşdə konkret ismarıclar verib: «İsraillə münasibətlər regionun təhlükəsizliyi və sabitliyi baxımından həyati əhəmiyyətə malikdir». Həmin vaxt Türkiyə lideri antisemitizmi pislədiyini də bildirib.
Yanvarın 13-də isə R.T.Ərdoğan Herzoqa anası Avrora Herzoqun vəfatı ilə əlaqədar şəxsən başsağlığı vermək üçün ona telefonla zəng edib.
Qaz qovşaqları
Enerji məsələsinə qayıtsaq, əksər müşahidəçi hesab edir ki, Ərdoğanla Herzoq arasında mümkün görüşün əsas mövzularından biri Aralıq dənizindən təbii qaz nəqli məsələsi ola bilər. Ərdoğan bildirib ki, «Türkiyə İsrail qazının Avropaya çatacağına zəmanət verə bilər». «Bizim İsrail qazının Türkiyə vasitəsi ilə Avropaya tranzitinə dair müsbət təcrübəmiz var», - deyə o, qeyd edib: «Biz siyasətçilər olaraq, müharibəyə çalışmamalı, əksinə sülhü təmin etməliyik».
Bu kontekstdə bir məsələ çox vacibdir – «EastMed» layihəsi məhz Avropaya enerji daşıyıcıları tədarükünün şaxələndirilməsi, yəni «Köhnə dünya»nın Rusiya karbohidrogenlərindən asılılığının azaldılması layihəsi kimi təqdim olunurdu. İsrailin geoloji kəşfiyyat məlumatlarına görə, ölkənin 800 milyard kubmetr təbii qazı var. Ümumilikdə isə onun 2,2 trilyon kubmetr «mavi yanacaq» ehtiyatına malik olduğu güman edilir. Bununla yanaşı, son zamanlar hər kəsə aydındır ki, Amerika Avropanın qaz bazarı uğrunda mayeləşdirilmiş qazının hesabına bütün mümkün vasitələrlə rəqabətə girir. Odur ki, bu məsələdə ABŞ-ın əlavə rəqiblərə ehtiyac duymadığını da düşünmək olar. Son Milad və Yeni il bayramları zamanı Avropanın qaz anbarlarında ehtiyatın minimuma düşməsi, «mavi yanacağ»ın isə bahalaşması ilə amerikalı tədarükçülər xüsusilə yaxşı qazanc imkanı tapıblar. Məhz bu üzdən Asiya üçün nəzərdə tutulmuş mayeləşdirilmiş qaz tankerlərinin istiqaməti Aİ ölkələrinə çevrilib – bu, daha sərfəlidir. İsrail qazının Türkiyə vasitəsi ilə Avropaya nəqlinə gəlincə, bu layihənin qiyməti, həqiqətən də, yüksəkdir. Odur ki, burada «EastMed» layihəsində olduğu kimi, məqsədəuyğunluq məsələsi aktuallığını qoruyub saxlayır.
Əslində, bu ən aydın versiyadır. Lakin ola bilsin ki, hər şey göründüyü qədər sadə deyil. Ola bilsin ki, ABŞ Aralıq dənizinin enerji tənliyini vahid (özünün əlində olacaq) məxrəcə gətirmək və Türkiyəni oraya qoşmaq istəyir. Yuxarıda haqqında bəhs etdiyimiz sənəddə də deyilir ki, Vaşinqton (yeri gəlmişkən, onun regiona birbaşa aidiyyəti yoxdur və ondan rəsmən maliyyə də istənilməyib) əvvəlkitək, «EastMed» enerji sisteminin Avropa ilə fiziki birləşdirilməsi işinə sadiqdir». Beləliklə, Vaşinqtonun əsas hədəfinin başqa olduğu istisna deyil – bəlkə də o, Türkiyənin Rusiya enerjisindən asılılığına son qoymaq istəyir. Odur ki, «EastMed» reallaşma forması kimi aradan qalxa bilər, amma layihənin özü qüvvədə qalacaq və gec-tez reallaşdırılacaq. Üstəlik, məlumdur ki, Türkiyə avropalı istehlakçılar üçün nəzərdə tutulan boru xətlərini özündə birləşdirəcək enerji mərkəzinə çevrilməyə çoxdan can atır. Yəqin, Bayden Türkiyənin istənilən halda NATO sıralarında yer aldığını, alyansda Silahlı qüvvələrinin miqyasına görə ikinci dövlət olduğunu xatırlayıb. Görünür o, başa düşüb ki, regionun ən vacib oyunçusu Türkiyədir və bu bölgədə Vaşinqtonun başqa belə müttəfiqi olmayacaq. Xüsusilə Qara dəniz regionunda gərginliyin getdikcə artdığı bir şəraitdə belə müttəfiqə niyə kömək edilməsin?
Doğrudur, hələlik Türkiyə-ABŞ və Türkiyə-İsrail münasibətlərində yeni səhifənin açılıb-açılmayacağını söyləmək üçün tezdir. Ümumi vəziyyətə təsir göstərən amillərin sayı həddindən artıq çoxdur. Lakin bunlar bir-biri ilə əlaqəli məsələlərdir və İsraillə daha sıx əlaqə Ərdoğanın Ankara-Vaşinqton münasibətlərini də yaxşılaşdırmasına imkan yaradacaq. Üstəlik, yalnız onlarla deyil, həm də BƏƏ və Misirlə, hətta Səudiyyə Ərəbistanı ilə. İstənilən halda, baş verənlər Türkiyə üçün yalnız yaxşı şeylər vəd edir. Ərdoğan kimi təcrübəli siyasətçini son illər İsrailin Türkiyənin Şərqi Aralıq dənizi bölgəsindəki regional rəqibləri ilə davamlı yaxınlaşması narahat etməyə bilməzdi. Söhbət xüsusilə Şərqi Aralıq dənizi boru xəttinin inşası fonunda yəhudi dövlətinin Yunanıstan, Kipr və Misir kimi dövlətlərlə yaxınlaşmasından gedir. İndi bu risklər faktiki olaraq, aradan qalxır.
Bir şey dəqiqdir ki, Türkiyə ilə İsrail, həmçinin Türkiyə ilə ABŞ arasında münasibətlərin möhkəmlənməsi, Şərqi Aralıq dənizində karbohidrogen hasilatı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması, şübhəsiz ki, bütünlükdə Böyük Yaxın Şərq bölgəsi dövlətləri üçün müsbət fon yaradacaq və stimula çevriləcək. Bu vəziyyət müxtəlif ittifaqlarda yer alan, fərqli milli maraqları olan ölkələrin geosiyasi mövqelərini gücləndirəcək. Bölgədə əvvəllər mümkünsüz görünən İbrahim razılığı kimi tendensiyalar fakta çevrilibsə, Fələstin məsələsində də müsbət dəyişikliklər gözləmək mümkündür.
MƏSLƏHƏT GÖR: