Müəllif: NURANİ
Ermənistanla Türkiyə hava əlaqəsi yaradır. Türkiyənin Nəqliyyat Nazirliyindən verilən məlumata görə, İrəvan-İstanbul marşrutu üzrə ilk çarter reysi fevralın 2-də baş tutacaq. Türkiyə tərəfdən Ermənistana uçuşları «Pegasus», Ermənistan tərəfdən isə milli daşıyıcı statusu almağa hazırlaşan «FlyOne» şirkəti təşkil edəcək.
Bununla yanaşı, Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması prosesi üçün təyin etdikləri xüsusi nümayəndələr Moskvada ilk dəfə bir araya gəliblər. Türkiyəni danışıqlarda ölkənin ABŞ-dakı sabiq səfiri Sərdar Kılıç, Ermənistanı isə ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyan təmsil edir. İlk görüşün detalları açıqlanmasa da, tərəflər aşkar nikbinlik nümayiş etdirir.
Proqnozlar və reallıqlar
Nikbinlik üçün bir əsas da var. Ermənistan-Türkiyə danışıqlarını Azərbaycan da tam müsbət qarşılayıb. Bakının mövqeyini xarici işlər nazirinin müavini Xələf Xələfov açıqlayıb: «Bu gün region sülh və sabitlik istiqamətində inkişaf etməlidir. Bu məqsədlərə xidmət edən yeganə yol region ölkələri arasında münasibətlərin normallaşması, düşmənçilikdən imtina, qarşılıqlı inamın möhkəmlənməsi, iqtisadi əlaqələrin inkişafı, kommunikasiyaların açılması və dövlətlər arasında əməkdaşlıq mühitinin yaradılmasıdır. Bu səbəbdən də, biz Ankaranın təşəbbüsü ilə Türkiyə-Ermənistan əlaqələrinin qurulmasını alqışlayır və dəstəkləyirik. İnanırıq ki, Ankara-İrəvan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin də yaxşılaşmasına yol açacaq», - deyə «İnterfaks»ın məlumatına görə, X.Xələfov qeyd edib: «Ermənistan bu gün yaşadığı ağır sosial, iqtisadi, siyasi böhrandan çıxmaq istəyirsə, təbii ki, regional siyasətini dəyişməli, xoş niyyət göstərməli, münasibətlərin normallaşmasına getməli, düşmənçilikdən imtina etməli, ölkələrin etibarını qazanmalıdır. Dövlətlər qarşılıqlı inamı bərpa etmək üçün bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını tanımalıdır».
Bütün bunların fonunda Rusiyanın mövqeyi ilə bağlı spekulyasiyalara rast gəlinir. Məsələn, Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan erməni jurnalistlərə açıqlamasında bildirib ki, İrəvan Türkiyə ilə münasibətləri normallaşdırdıqdan sonra Moskvadan Gümrüdəki hərbi bazasını ölkədən çıxarmağı tələb edəcək. Bu prosesdə bir çox ekspertlər də Qərbin Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmaq cəhdlərini görür, bunu az qala Ermənistanın NATO-ya tərəf çəkilməsi kimi qiymətləndirir.
Lakin bu spekulyasiyaların, çətin ki, əsası olsun – ən azı ona görə ki, Ermənistanın Türkiyə ilə danışıqlar aparan xüsusi nümayəndəsi müntəzəm olaraq, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə də görüşür. Yəni Moskva ilə İrəvan mövqelərini dəqiqliklə koordinasiya edirlər. Yeri gəlmişkən, Rusiya tərəfi məsələyə hələ 2021-ci ilin sentyabrında Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın vasitəsi ilə belə münasibət bildirmişdi: «Moskva Ankara-İrəvan münasibətlərinin yaxşılaşmasına bundan sonra da yardım etməyə hazırdır. Biz bu iki ölkənin münasibətlərindən müsbət siqnallar alırıq». 2022-ci ilin yanvarında isə o, Kılıç-Rubinyan görüşü ərəfəsində demişdi: «Biz bu formatda yer almırıq. Bununla yanaşı, Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlər, dialoqun qurulması, əlaqələrin normallaşması ilə bağlı prinsipial mövqeyimizi dəfələrlə ifadə etmiş, praktik olaraq da bu işə yardım göstərmişik».
Bir sözlə, Ermənistanla Türkiyə arasında barışığa nəzəri baxımdan heç nə mane olmamalıdır. Üstəlik, Ankarada bu prosesin əleyhinə hər hansı fikirlərə rast gəlinmir. Belə bir vəziyyətdə 30 ildir Türkiyə ilə Azərbaycanı Ermənistanı «blokada»ya salmaqda günahlandıran İrəvan prosesə heç etiraz etməməlidir. Lakin Türkiyə ilə danışıqlar məhz Ermənistanda çətin siyasi və diplomatik işə çevrilib.
Etiraz edən kimlərdir?
Türkiyə ilə dialoq Ermənistan parlamentində çox kəskin diskussiyalara səbəb olub. Müxalif fraksiyaların nümayəndələri Nikol Paşinyanın komandasından hesabat tələb etməklə yanaşı, ümumiyyətlə, Ankara ilə barışığa etiraz da edirlər. Məsələn, «Şərəfim var» fraksiyasının deputatı Ayk Mamicanyan Türkiyənin 44 günlük müharibədə iştirak etdiyini deməklə kifayətlənməyərək, belə «ümummilli məsələ»nin diasporun iştirakı olmadan çözülməsinin yolverilməz olduğunu bildirib. Məlum olduğu kimi, erməni diasporu Ermənistanın siyasətinə, həmçinin ölkədəki ictimai rəyə görünməmiş təsir imkanlarına malikdir.
Xatırladaq ki, Ermənistan-Türkiyə barışığına hələ 2010-cu ildə edilmiş cəhd zamanı erməni diasporunun bəzi nümayəndələri, o cümlədən Şarl Aznavur və Artur Çilinqarov dialoqa dəstək ifadə etmişdilər. Bununla yanaşı, ölkənin ozamankı prezidenti, Ankara ilə danışıqlar fonunda məhz diasporla görüş məqsədi ilə dünya turuna çıxmış Serj Sarqsyanı bir çox paytaxtda piketlərlə , etiraz aksiyaları ilə qarşılamış, «satqınlıq»da günahlandırmışdılar. Diasporun siyasi rəhbərliyində əmin idilər ki, Türkiyə ilə danışıqlara yalnız Ankaranın «soyqırımı» tanımasından, ən başlıcası isə Sevr müqaviləsini qəbul etməsindən sonra başlamaq olar. Yəni bunun üçün Türkiyə ərazisinin bir hissəsini Ermənistana bağışlamalı imiş. Nə deyəsən? Yalnız bir şey demək olar: Los-Anceles yaxınlığındakı «kiçik Ermənistan»ın sakinləri özlərini heç bir riskə atmadan Şərqi Anadolunun 6 vilayətinin kimə məxsus olduğuna dair fikirlər səsləndirə bilərlər. Çünki bu uydurmanın siyasi və iqtisadi fəsadları onlara toxunmur. Bundan başqa, erməni diasporunun siyasi strukturları bu gün də məhz Türkiyəyə qarşı «nifrət ticarəti» hesabına yaşayır, bu adla «milli xərac» toplayır, müxtəlif «erməni qətnamələri»nin qəbuluna lobbiçilik edir və s. Onlar bu cür «çörək»dən imtina etməyi düşünmürlər…
«Terror əlaməti»
Nəhayət, barışığa daşnaklar da qəti etiraz edir. Müxalifətçi «Hayastan» blokunun və «Daşnaksütyun» partiyasının nümayəndəsi İşxan Saqatelyan açıq şəkildə bildirib ki, müxalifət Ermənistan-Türkiyə danışıqlarını iflasa uğratmaq, erməni tərəfinin mümkün güzəştlərinin qarşısını almaq niyyətindədir. Onun sözlərinə görə, bu məqsədlə bütün mümkün vasitələrdən istifadə olunacaq – mitinqlərdən tutmuş, başqa fəaliyyətlərədək.
Ümumilikdə erməni cəmiyyətində, o cümlədən «Daşnaksütyun» partiyasında siyasi terror ənənələrinin olduğunu nəzərə alsaq, bu, kifayət qədər ciddi və qorxulu bəyanatdır.
Ən məşhur və təhlükəli erməni terror təşkilatı olan ASALA da sakit qalmır. Tarixən Türkiyə səfirliklərinə saysız-hesabsız hücumlar etmiş, xeyli sayda türk diplomatını qətlə yetirmiş qruplaşma «fəaliyyət»ə başlamasının 47-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib. «Ermənistanın hazırkı rəhbərliyi xalqın və dövlətin ağır vəziyyətinə məhəl qoymayaraq, Qarabağın mövcudluğuna və təhlükəsizliyinə olan təhlükələri görməzdən gələrək, Azərbaycan rəhbərliyinin Ermənistan və Qarabağa dair, az qala, hər gün səsləndirdiyi hədə və təhdidləri sakitcə «udur». İndi isə Türkiyə ilə şübhəli tələskənliklə dialoq qurulur, bu, münasibətlərin normallaşdırılmasının vacibliyi ilə əsaslandırılır», - deyə bəyanatda bildirilir.
Demək, istər «türk hədəfləri»nə, istərsə də «milli satqın» sayılan erməni xadimlərə qarşı terror aktlarının bərpa edilə biləcəyini istisna etmək olmaz. Bu təhlükə mütləq nəzərə alınmalıdır.
MƏSLƏHƏT GÖR: