24 Noyabr 2024

Bazar, 20:47

MÜHARİBƏ TƏXİRƏ SALINMIR

Rusiya-NATO dialoqu praktik olaraq, aşılması mümkün olmayan ziddiyyətlər şəraitində gedir

Müəllif:

01.02.2022

ABŞ-ın dövlət katibi Entoni Blinken ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında yanvarın 21-də keçirilmiş görüşə Ukrayna problemi ilə bağlı 2022-ci ilin ilk ayında yaşanan diplomatik fəallığın özünəməxsus nəticəsi kimi baxmaq olar. Bu, Blinkenin Ukrayna ətrafındakı vəziyyət və NATO ilə Rusiya arasındakı mövcud qarşıdurmaya dair müzakirələrlə yadda qalmış Avropa turnesinin yekunu da sayıla bilər.

Yüksəkrütbəli amerikalı qonağın tərəfdaşları ilə görüşləri açıq şəkildə göstərib ki, avropalı siyasətçilər mümkün hərbi ssenaridən, həqiqətən, qorxuya düşüblər və onlar Moskva ilə dialoqa üstünlük verirlər. Qoy, lap sərt, tam açıq dialoq olsun, amma dialoq olsun. Amma sonradan baş verənləri dialoq yox, «əzələ nümayişi» adlandırmaq daha doğru olar.

Məsələ o həddə çatıb ki, Ukrayna prezidenti Vladimir Zelenski həmvətənlərinə müraciətində xalqı Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsi haqda xəbərlərdən təşvişə düşməməyə çağırıb. Prezident bildirib ki, sakitliyi qoruyub saxlamaq, öz gücünə, ordusuna və dövlətinə inanmaq vacibdir. Zelenski xalqı Rusiyanın təcavüzkar niyyətlərinə uymamağa səsləyib. O, qərbli tərəfdaşlarına da müraciət edib, onları Kiyevi «sözdə deyil, əməldə dəstəkləməyə» çağırıb. «Ukrayna müharibə istəmir. Amma biz ona hər zaman hazır olmalıyıq», - deyə Zelenski qeyd edib.

 

«Qırmızı» çaların ziddiyyəti

Lakin hadisələrin gedişi göstərir ki, Ukraynanın qərbli tərəfdaşlarının özlərini «əməldə» göstərmələri üçün məsələyə monolit yanaşma çatmır. Bu vəziyyətdə Vaşinqton NATO-dakı müttəfiqlərinə tam arxalana, onlardan qeyd-şərtsiz dəstək alacağına əmin ola bilməz. Rusiya ilə münasibətlərdə NATO üzrə tərəfdaşların birliyi məsələsinin tez-tez gündəmə gətirilməsi də buradan qaynaqlanır.

Əvvəllər Avropa İttifaqı Rusiyanı Ukraynaya hərbi müdaxilə halında ciddi iqtisadi və diplomatik fəsadlarla hədələyirdi. Lakin qurumun 27 üzvü hansı hərəkətlərin sanksiyalarla cavablandırılmalı olduğuna dair vahid mövqeyə malik deyil. Məsələn, bəziləri iddia edir ki, tammiqyaslı işğalla necə mübarizə aparılırsa, kiberhücumlar və ya başqasının bayrağı altında həyata keçirilən əməliyyatlara qarşı da eyni cür davranılmalıdır.

Beləliklə, Lavrov ilə Blinken arasında Cenevrədə baş tutmuş görüşün fonu böhranın hərbi yolla həlli ssenarisinin arzulanmadığını, ona ən son variant kimi baxıldığını təsdiqləyib. Bununla yanaşı, onlar bir-birlərinin xoş niyyət, qarşıdurmanı qurtarmaq, dialoqu gücləndirmək niyyətini təsdiqləyəcək addımlarına ümid edir.

Əsas problem də elə son maddə ilə bağlıdır. Amerika tərəfi bu böhranı Ukrayna ilə sərhədə 100 minlik ordu toplamış Rusiya prezidenti Vladimir Putinin yaratdığını deməkdən yorulmur. Amerikalıların və onların NATO-dan olan tərəfdaşlarının fikrincə, bu, təlim və ya adi ordu yerdəyişməsi deyil. Bu, aşkar güc nümayişidir və məqsəd hərbi müdaxilənin mümkün olduğunu göstərən yalan və ya gerçək fikir yaratmaqdır.

Blinken-Lavrov görüşündən bir neçə gün əvvəl isə ABŞ prezidenti Co Bayden rusiyalı həmkarından Ukraynaya silahlı hücum əmri gözlədiyini təkrarlayıb və bildirib ki, bunun baş verəcəyi təqdirdə Rusiyanı «fəlakət gözləyir». Eyni xəbərdarlığı Blinken yanvarın 21-də Cenevrədə Lavrovla görüşdə də təkrarlayıb.

Rusiyalı nazir isə Moskvanın tələbini bir daha dilə gətirib: NATO Şərqə doğru genişlənməyəcəyini rəsmən elan etməlidir.

Ümumilikdə, Cenevrə görüşü Rusiya ilə ABŞ arasında ziddiyyətlərin çox dərin olduğunu bir daha təsdiqləyib. Belə şəraitdə Rusiya Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair yaydığı bəyanatdakı bəzi fikirlər az da olsa, təsəlli sayıla bilər. Bəyanatda bildirilir ki, tərəflər «Rusiya və ABŞ-da diplomatik nümayəndəliklərin işinin normalaşması, viza rejiminin sabitləşməsi üçün səyləri artırmaq haqda razılığa gəlib».

 

Sual cavabdan çoxdur

Rusiya ilə NATO arasında dialoq bu il yanvarın 12-də bərpa olunub və bu, son dövrün ən gözlənilən hadisələrindən biri idi. Məsələ bu işdən hansısa konkret nəticələrin gözlənilməsində deyil. Sadəcə, demək olar ki, aşılmaz ziddiyyətlərin olduğu tərəflər arasında istənilən birbaşa dialoq imkanı öz-özlüyündə nadir hal sayılır.

2021-ci ilin sonlarında Vaşinqtonla Moskva üç istiqamət üzrə təhlükəsizlik zəmanəti mövzusunda danışıqlara başlamaq haqda razılığa gəliblər. Beləliklə, yanvarın 10-da tərəflər XİN nümayəndələri səviyyəsində strateji dialoq formatında danışıqlar aparıb. Yanvarın 12-də Rusiya-NATO toplantısı keçirilib, bir gün sonra isə ATƏT çərçivəsində çoxtərəfli danışıqlar aparılıb. Söhbət Rusiya ilə Qərb dövlətləri arasındakı gərginlik ətrafında hansısa siyasi-hüquqi müstəvinin yaradılmasına hesablanmış kompleks və hərtərəfli danışıqlardan, proseslərin tam proqnozlaşdırılan olmasa da, qismən tənzimlənən məcraya yönəltmək cəhdlərindən gedir. Hər halda, tərəflərin münasibətlərində son aylarda getdikcə artan gərginlik onsuz da zəif olan tarazlığı pozmaq, açıq münaqişəyə çevrilmək riskini yaradırdı və yaradır. Tərəflər isə bundan qaçmağa çalışır. Yeri gəlmişkən, bu, tərəflərin mövqelərində üst-üstə düşən yeganə məqamdır.

Çoxları haqlı olaraq düşünür ki, beynəlxalq məsələlərdəki mövcud gərginliyin əsasını məhz ABŞ-Rusiya qarşıdurması təşkil edir. Ukrayna ətrafında böhran ciddi olsa da, təəssüf ki, iki ölkənin münasibətlərini gərginləşdirən yeganə səbəb deyil. Rusiyanın Yaxın Şərq və Şimali Afrikada fəallaşması, Sakit okeanın şimal hissəsində Çinlə hərbi əməkdaşlığı, Türkiyəyə müasir silah sistemləri satması, İrana siyasi dəstəyi və s. Vaşinqtonun Moskva ilə münasibətlərini gərginləşdirən katalizatorlardır. Lakin bu gün üçün gərginliyi açıq qarşıdurmaya çevirə biləcək əsas nöqtə məhz Ukraynadır. İndi burada söhbət bu addımı ilk olaraq hansı tərəfin atacağından və ya ümumiyyətlə, atıb-atmayacağından gedir.

Ukrayna tərəfinin Donbasın, heç olmasa, bir hissəsinə nəzarəti geri qaytarmaq üçün ötən il atdığı addım Rusiyanın qərb sərhədlərində hərbi qüvvələrini artırması, «DXR» və «LXR»in müdafiə dəstələrinə dəstəyin gücləndirilməsi ilə qarşılanmışdı. Bu isə öz növbəsində, Amerikanın Ukrayna Ordusunu müasirləşdirməsi üçün stimula çevrilmiş, Vaşinqton bəyan etmişdi ki, Moskva məsələyə tanınmamış respublikalar tərəfdən aşkar müdaxilə edərsə, o, Kiyevə birbaşa hərbi dəstək verəcək.

Prezident Co Bayden Ukraynaya ABŞ ordusunun hissələrinin göndəriləcəyini də istisna etməyib. Hazırda bu ölkədə yüzlərlə amerikalı təlimatçı var və onlar 2015-ci ildən bir-birini əvəzləyərək, Ukrayna hərbçilərinin ixtisasını artırmaqla məşğuldurlar. Bu gün Florida Milli Qvardiyasının üzvləri, həmçinin xüsusi əməliyyat qüvvələri Ukraynadadır. Bundan başqa, ABŞ uzun illərdir ki, Ukrayna Silahlı Qüvvələrini müxtəlif silah-sursatla təchiz edir – radar sistemləri, pilotsuz uçuş aparatlarını məhv etmək iqtidarında olan avadanlıqlar, həmçinin tank əleyhinə silahlar. Ağ Ev rəhbərliyi bildirir ki, Rusiya Ukraynaya hərbi müdaxilə cəhdi edərsə, bu yardım daha da artırıla bilər.

Rusiya isə əksinə, hesab edir ki, ABŞ-ın bu addımları Kiyevi Moskva ilə açıq münaqişəyə təhrik edir. Moskva diqqətin tərəfləri açıq qarşıdurmadan çəkindirə biləcək mövzulara cəld yönəldilməsini təklif edir. Məsələn, sənədlərdə bildirilir ki, ABŞ ilə Rusiya arasında mümkün hərbi qarşıdurma «nüvə silahının tətbiqinədək gedib çıxa bilər və bunun hansı nəticələrə yol açacağını təsəvvür etmək belə, çətindir». Son məqam Strateji Hücum Silahları haqda Müqavilənin (SHS-3) müddətinin uzadılmasını aktuallaşdırır. Bu, tərəflər arasında illər əvvəl imzalanmış, lakin qüvvədə qalan yeganə müqavilədir. Onun müddəti də bu il fevralın 5-də başa çatır.

ABŞ ilə Rusiya arasında təhlükəsizlik zəmanəti haqda yanvarın 10-da Cenevrədə baş tutmuş danışıqlar, təxminən, 7,5 saat çəkib. Görüş iştirakçılarının sözlərinə görə, müzakirələr çox çətin keçsə də, tərəflərin bir-birinin mövqeyini bilməsi baxımından vacib olub. Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkovla müdafiə nazirinin müavini Aleksandr Fomin başçılıq edib. Amerika tərəfini dövlət katibinin birinci müavini Uendi Şerman və yenə də dövlət katibinin silahlara nəzarət üzrə müavini Bonni Cenkins təmsil ediblər.

Prinsipcə, danışıqlardan hansısa prinsipial yenilik gözlənilmirdi. Belə də olub. Rusiya tərəfi NATO-dan Ukrayna ilə Gürcüstanın nə vaxtsa alyansa qəbulundan rəsmən imtina olunmasını tələb edib, amerikalılar isə bu tələbi qəbul etmədiklərini bildirib. Bu isə anlaşılandır. Çünki bu, Vaşinqton üçün faktiki olaraq, Şərqi Avropa və Qara dəniz regionundakı iki tərəfdaşına hərbi-siyasi dəstəyi dayandırmaq anlamına gələrdi. Nəticədə, ABŞ nəinki ciddi imic korlanması ilə üzləşər, həm də Ukrayna və Gürcüstanın əvvəlki və hazırkı siyasi elitasının yürütdüyü siyasətin iflası demək olardı. Məlum olduğu kimi, onlar illərdir ardıcıl şəkildə NATO-ya inteqrasiya siyasəti yürüdürlər. Belə bir vəziyyətdə Moskvanın şərti qəbul olunsaydı, hər iki ölkədə rusiyapərəst partiyaların reytinqi artmağa başlayar, cəmiyyətdə onların siyasi çəkisi güclənərdi.

Danışıqların hərbi məzmunu haqda məlumat verilməsə də, düşünmək olar ki, tərəflər hücum və digər silahların, xüsusilə taktiki raketlərin sayının məhdudlaşdırılması haqda da müzakirələr aparıb. Rusiya təmsilçisi isə bildirib ki, Vaşinqton-Moskva danışıqlarında orta və yaxınmənzilli raketlərlə bağlı məsələ digər məsələlərin həllindən asılıdır. Məlum olduğu kimi, ABŞ 2019-cu il avqustun 2-dən Orta və yaxın mənzilli raketlər haqqında Müqavilədə iştirakını rəsmən dayandırıb. O, bu addımını Rusiyanın «İsgəndər-M» kompleksinə məxsus 9M729 qanadlı raketləri ilə silahlanması ilə əlaqələndirib.

Son görüşdə, güman ki, SHS-3-ün müddətinin uzadılması məsələsi də müzakirə olunub. Hər halda, şerman taktiki və strateji nüvə silahları ilə bağlı razılaşmaya toxunub. Mətbuat üçün bəyanatdan məlum olur ki, strateji və taktiki nüvə silahları mövzusunun müzakirəsinə amerikalılar da maraq göstərib. Bununla yanaşı, onlar Avropada raket sistemlərinin yerləşdirilməsi, hərbi təlimlərin mümkün məhdudlaşdırılması mövzularına da diqqət çəkiblər.

Ümumilikdə danışıqlarda «stavka» gözlənildiyi kimi, çox yüksəkdir. Bu isə tərəflərə manevr etmək, qarşılıqlı güzəştlərə getmək, tədricən tələbləri qəbulolunacaq dərəcəyədək azaltmaq imkanı yaradır.

 

Danışıqların nəticəsi olacaqmı?

Cenevrə danışıqlarının ardından Brüsseldə baş tutmuş Rusiya-NATO Şurası toplantısının da Moskva ilə Qərbin mövqelərində yaxınlaşmaya səbəb olduğunu söyləmək mümkün deyil. Bir şeyi əminliklə söyləmək olar ki, bu toplantıya ciddi ehtiyac var idi. Bunu Rusiya XİN başçısının müavini Aleksandr Qruşko da təsdiqləyib.

NATO-nun baş katibi Yens Stoltenberqin alyansın Brüsseldə yerləşən mənzil-qərargahında aparılmış danışıqlardan sonra keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər isə daha gözlənilən idi: «Fikir ayrılıqlarımızı aradan qaldırmaq asan olmayacaq».

NATO rəhbərliyi Rusiyanı «Ukraynada dərhal deeskalasiyaya» çağırıb. Moskvanın Ukrayna ilə sərhədə, təxminən, 100 min hərbçi topladığını bildirən baş katib Moskvanı qonşu dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə səsləyib. Lakin informasiya resurslarının Alyans nümayəndələrinə istinadən yaydıqları məlumatlarda bildirilir ki, Rusiya tərəfi qoşunları Ukrayna sərhədindən çəkmək haqda öhdəlik götürməsə də, bu tələbi rədd də etməyib.

«Diskussiya asan keçmədi. Amma görüş elə bu üzdən bu qədər vacib idi», - deyə Stoltenberq bildirib. Onun sözlərinə görə, NATO üzrə müttəfiqlərlə Rusiya arasında «Ukraynadakı vəziyyət, onun ətrafında baş verənlər və yaşananların Avropanın təhlükəsizliyi baxımından mümkün nəticələrlə bağlı çox ciddi və birbaşa fikir mübadiləsi aparılıb».

Xatırladaq ki, Amerika tərəfi bundan bir müddət əvvəl bəyan etmişdi ki, Rusiya qazının Almaniyaya nəqli üçün nəzərdə tutulmuş və Moskvanın dəstəklədiyi «Şimal axını-2» qaz kəməri layihəsinin taleyi Rusiya tərəfinin deeskalasiyasından asılıdır.

NATO məmurları hələ Brüssel görüşündən əvvəl deyirdilər ki, onlar diqqətin Rusiyanın Ukrayna ətrafına topladığı hərbi qüvvəyə, bu qüvvələri getdikcə artırmasına cəlb olunmasını istəyirlər. Moskvanın digər təkliflərini isə Alyans Brüsselin Avropanın təhlükəsizlik arxitekturasına yenidən baxmağa vadar edilməsi cəhdləri kimi qiymətləndirir.

Bununla yanaşı, ABŞ-ın cəmi bir il əvvələdək müzakirəsi mümkün olmayan məsələlərə son 30 ildə ilk dəfə nəzər salmağa razılıq verməsi müəyyən nikbinlik də yaradır. Daha bir ümidverici məqam isə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun Moskvanın «Ukraynaya hərbi müdaxilə etmək fikrində olmadığı» haqda bəyanatıdır.

Lakin bu gün tərəflər bir-birinin sözünə, vədlərinə inanmır və bu vəziyyətin yaxın gələcəkdə dəyişəcəyi də gözlənilmir.

Dekabrın 13-də Yens Stoltenberq Fransanın Brest şəhərində Aİ üzvlərinin xarici işlər və müdafiə nazirlərinə Rusiya-NATO Şurası toplantısının nəticələri haqda məlumat verib. O, Aİ rəhbərliyinin Rusiyanın Qərbi parçalamağa çalışmasından yaşadığı narahatlığı aradan qaldırmağa çalışıb. Stoltenberq bildirib ki, Moskvanın Ukrayna problemini ABŞ və NATO ilə Avropa İttifaqının iştirakı olmadan müzakirə etmək cəhdlərindən narahat olmağa dəyməz. Aİ-də əmindirlər ki, Rusiya Avropada 1975-ci ilin Helsinki razılaşmasından sonrakı təhlükəsizlik arxitekturasını bərpa etməyə çalışır, bu mənada, vaxtilə Sovet İttifaqının irəli sürdüyü tələblərə bənzər tələblər səsləndirir. Bununla yanaşı, Kreml bəzi Avropa ölkələrini öz tərəfinə çəkməyə də cəhd göstərir.

Son görüşdən sonra Avropa diplomatiyasının rəhbəri Jozep Borrel ABŞ və NATO nümayəndələrinin Moskva ilə münasibətlər məsələsində fəaliyyəti Aİ rəhbərliyi ilə koordinasiya etməsindən məmnunluğunu dilə gətirib. Həm amerikalılar, həm də NATO nümayəndələri avropalıları növbəti dəfə əmin ediblər ki, bu məsələdə Aİ-dən kənar heç bir razılaşma olmayacaq.

 

ATƏT: danışıqlar meydançası, yoxsa rinq?

Bəli, danışıqlar aparılır. Lakin elə təəssürat yaranır ki, onun intensivləşməsi ilə tərəflərin mövqeyi nəinki yumşalmır, əksinə, daha da sərtləşir. Məsələn, dekabrın 12-də Brüsseldə görüş yeni baş tutmuşdu ki, demokrat, beynəlxalq məsələlər komitəsinin rəhbəri Robert Menendesin başçılıq etdiyi senatorlar qrupu Rusiyaya sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini müzakirəyə təqdim edib. Söhbət faktiki olaraq, şəxsən Rusiya prezidenti Vladimir Putinə sanksiyanın tətbiqindən gedir. Sənədə əsasən, Rusiya Ukraynaya tammiqyaslı hərbi müdaxilə edərsə, onun ABŞ-a girişi qadağan olunmalı, Amerikadakı mümkün aktivlərinə isə həbs qoyulmalıdır. Eyni məhdudiyyətlərin Rusiyanın baş nazirinə, XİN başçısına, müdafiə nazirinə, həmçinin Vaşinqtonun hərbi müdaxilədə rolu olduğunu düşündüyü bütün şəxslərə tətbiqi də nəzərdə tutulur. Bundan başqa, senatorlar Rusiya prezidentinin qohumlarına, həmçinin ona yaxın olan iş adamlarına da sanksiyaların tətbiqini təklif edirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birləşmiş Ştatların Putinə mümkün sanksiya tətbiqini münasibətlərin pozulmasına bərabər «son addım» kimi qiymətləndirib.

Cəmi bir gün sonra – dekabrın 13-də isə Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətinin artırıldığını rəsmən elan edib. Söhbət Aİ liderlərinin hələ dekabrda yekdilliklə təsdiqlədikləri sanksiyalardan gedir.

ATƏT meydanındakı danışıqlar üçün belə fon gərginliyi daha da artırıb. Bundan başqa, qərbli oyunçuların birləşməsi, onların mövqelərini ən sərt tədbirlər hesabına qorumaq əzmi, eyni zamanda Rusiya tərəfinin yanaşmasını dəyişməməsi faktiki olaraq ATƏT meydançasını qeyri-proporsional olan iki hissəyə parçalayıb. Nəticədə, ATƏT Daimi Şurasının 2022-ci ildə Polşanın sədrliyi ilə yanvarın 13-də Vyanada keçirilən ilk qapalı toplantısı da əvvəlki iclaslar kimi, nəticəsiz bitib. Rusiyanın qurumdakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç elə Vyanada keçirdiyi brifinqdə bildirib ki, Moskva təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə aydın cavab ala bilməyib.

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter isə bəlkə də, ictimaiyyətdə gələcək görüşlərin hansısa nəticələr verəcəyinə dair müəyyən ümidlər yaratmaq üçün bildirib ki, Avropada təhlükəsizlik məsələsi ilə bağlı dialoqa start verilməsi Daimi Şuranın iclasının əsas nəticəsidir.

Bəli, tərəflər arasında münasibətlərin tam kəsilə biləcəyinə dair fikirlərin səngimədiyi dövrdə bu, az iş deyil. Bununla, Moskva ilə Vaşinqton əlaqələrin kəsilməyəcəyini göstərirlər. Lakin Avropada silahlanma yarışının miqyaslı müharibəyə hazırlıq təsiri bağışladığı şəraitdə bu, təbii ki, kifayət də sayıla bilməz. Bütün bunlarla yanaşı, üstəlik, Qərb dövlətlərinin Ukraynadakı səfirliklərində çalışan şəxslərin, onların ailələrinin təxliyəsi haqda bəyanatları vəziyyətin nə qədər kritik olduğunu göstərən daha bir amildir. Son dəfə belə hal Əfqanıstanda, taliblərin hakimiyyəti ələ keçirməsi ərəfəsində baş vermişdi.

Ukrayna Əfqanıstan deyil və burada kimsə hakimiyyəti ələ keçirməyə çalışmır. Amma vətəndaşlarını təxliyə edənlər düşünürlər ki, burada hakimiyyət yox, bütövlükdə ölkə ələ keçirilə bilər!



MƏSLƏHƏT GÖR:

145