22 Noyabr 2024

Cümə, 20:58

VİRTUAL TİCARƏTİN REAL GƏLİRLƏRİ

Azərbaycanda elektron ticarətin rekord artımı qeydə alınıb, amma sektor hələ də ciddi problemlərlə üz-üzədir

Müəllif:

15.02.2022

Dünyanın əksər ölkələrində olduğu kimi, iki ilə yaxındır ki, davam edən pandemiya böhranı Azərbaycanda da elektron ticarətin artım tempinə inanılmaz təsir göstərib. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) ekspertləri e-ticarətin sürətli artımını pandemiyanın pik dövründə ticarət mərkəzlərinin və digər pərakəndə satış obyektlərinin fəaliyyətinə qoyulan karantin məhdudiyyətləri ilə əlaqələndirirlər. Özü də, ekspertlərin fikrincə, bu trend pandemiya məhdudiyyətləri yumşaldıldıqdan sonra da öz aparıcı mövqeyini qoruyacaq.

Bununla yanaşı, Azərbaycan elektron ticarətin bütün istiqamətlərinin genişləndirilməsi: B2B (Business-to-Business) seqmentinə təkan verilməsi, poçt yüklərinin çatdırılmasının ucuzlaşdırılması üçün avia gedişlərin genişləndirilməsi, beynəlxalq elektron ödəniş sistemlərinə çıxışın sadələşdirilməsi və s. üçün hələ də bir sıra maneələri aradan qaldırmalıdır.

 

Artan statistika

Son bir neçə ildə qlobal e-ticarət bazarı sürətlə böyüyüb. Belə ki, 2017-ci ildən 2020-ci ilə qədər qlobal onlayn ticarət bazarının həcmi təxminən iki dəfə - 2,3-dən 4,5 trilyon dollara qədər artıb. Bu dinamik artım ötən il də davam edib - elektron ticarətin həcmi 5 trilyon dolları ötüb. Bəzi proqnozlara görə, bu il rəqəmsal platformalarda qlobal satışlar 5,6 trilyon dollardan çox olacaq, 2025-ci ildə isə 7,4 trilyon dollar həddini keçəcək.

İnternetdə satışların artım dinamikası ənənəvi ticarətdəki uyğun göstəriciləri xeyli üstələyir. UNCTAD-ın məlumatına görə, 2021-ci ildə toplam qlobal ticarət pandemiyadan əvvəlki dövrlə müqayisədə 23% artaraq 28 trilyon dollar təşkil edib. BMT-nin profil qurumunun ekspertlərinin fikrincə, ötən ilin birinci yarısında pandemiya məhdudiyyətlərinin hələ də qalması fonunda bu artım əsasən elektron resurslardan istifadə etməklə mal ticarəti hesabına təmin edilib. Bununla yanaşı, xidmət sektorunda satışların artımı bütün dünyada ləngiyib, buradakı göstəricilər hələ də 2019-cu ilin səviyyəsindən aşağıdır. UNCTAD-ın məlumatına görə, qlobal iqtisadiyyatda gözlənilən yavaşlama, eləcə də oflayn seqmentdə mal və xidmətlərin satışının azalması üzrə dayanıqlı meyil səbəbindən 2022-ci il üçün də perspektivlər çox qeyri-müəyyən olaraq qalır.

Bu arada, e-ticarət ənənəvi pərakəndə satışı daha da sıxışdırır və 2021-ci ildə bütün qlobal ticarətin 17,5%-ni təşkil edir. Bu gün təxminən 2,4 milyard insan onlayn alış-veriş edir ki, bu da dünyada yaşayan bütün insanların təxminən üçdə birini təşkil edir. 2025-ci ilə qədər dünyada 5 milyard mobil cihazın internetə çıxış əldə edəcəyi gözlənilir, uyğun olaraq rəqəmsal məkanda potensial alıcıların çoxsaylı artımı üçün ilkin şərtlər yaranacaq.

Eyni zamanda, son iki ildə baş verən pandemiya böhranı e-ticarət sahəsinə yeni trendlər gətirib. Rəqəmsal məkanda yeyinti məhsulları, o cümlədən hazır yemək, tibbi avadanlıq və sağlamlıq üçün məhsullar, gigiyena vasitələri və məişət kimyası kimi sifarişləri daha çox verməyə başlayıblar. Ehtimal edilir ki, 2028-ci ilə qədər qida və içki sənayesində elektron ticarət dövriyyəsi hər il 18% artaraq 71,6 milyard dollara çatacaq. Gündəlik tələbat məhsullarının sürətlə e-ticarət tələbinin bir hissəsini tutması, prinsipcə yeni təchizat alətləri formalaşdırır. Bu sıraya o cümlədən avtomatlaşdırılmış çatdırılma sistemləri, eləcə də gələcəkdə yerüstü və hava robot cihazlarının (dronların) kütləvi şəkildə tətbiqi və s. daxildir.

 

B2B formatı

Sadalanan dünya trendləri Azərbaycanda da müəyyən qədər izlənilir, baxmayaraq ki, ölkəmizdə elektron ticarət sahəsi hələ başlanğıc mərhələdədir və onun həcmləri dünyanın aparıcı ölkələrinin dövriyyəsi ilə müqayisə oluna bilməz. Elektron ticarət ölkənin ümumi ticarət həcminin, təxminən, 1/6 hissəsini təşkil edir. Buna baxmayaraq, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ildə elektron ticarətin artım tempi ötən ilin göstəricilərini 86 faiz ötərək, dövriyyəsi 7,2 milyard manatdan artıq olub. Respublikanın yerli bazarında belə yüksək dinamika ölkədə yetərincə inkişaf etmiş şəbəkə və ödəniş infrastrukturunun formalaşmasından, rəqəmsal ticarət platformalarının xidmətlərinə geniş tələbatın mövcudluğundan, eləcə də 2019-cu ildən həyata keçirilən nağdsız ödənişlər sahəsində aparılan islahatların səmərəliliyindən xəbər verir.

Bununla yanaşı, Azərbaycanın elektron ticarət bazarı bu gün dünyada hakim olan trendlərdən önəmli dərəcədə fərqləndirən bəzi spesifik xüsusiyyətlərə malikdir.

Son vaxtlara kimi satınalmaların önəmli hissəsi (pul ifadəsində) korporativ müştərilər tərəfindən təmin edilirdi. Bununla yanaşı, yerli elektron bazarın dövriyyəsinin əsas hissəsi qeyri-ərzaq mallarının payına düşür, xidmət sektoruna tələbat xeyli azdır. Söhbət əsasən yerli şirkətlər tərəfindən beynəlxalq elektron ticarət platformalarından malların B2B formatında həyata keçirilən idxalından gedir. Təəssüf ki, Azərbaycanın sənaye və kənd təsərrüfatı müəssisələrinin mal və məhsullarının ixracı hələ də xeyli aşağıdır və B2B seqmentində elektron ticarətin ümumi dövriyyəsinin 10%-dən azını təşkil edir.

Məsələn, ölkənin ən böyük rəqəmsal ticarət operatoru olan Azexport.az portalı ötən il yerli müəssisələr üçün 496,1 milyon ABŞ dolları məbləğində ixrac sifarişi təmin edib ki, bu da bir il əvvəlkindən 18,8% azdır. Buna baxmayaraq, Azexport.az ixrac həcmlərini artırmaq üçün çalışır. O cümlədən, görülən işlərin yekunlarına əsasən, Azərbaycan məhsulları ABŞ-ın elektron ticarət platformaları – «Amazon» və «eBay» vasitəsilə dünyanın 40 ölkəsində satılacaq. Bu gün hələ də bir sıra istiqamətlərdə sərnişin hava nəqliyyatının məhdudlaşdırılması üzündən poçt daşımalarında müəyyən problemlər qalmaqdadır. Bununla belə, «Azexport.az»la işləmək imkanı olan ölkələrin sayı getdikcə genişlənəcək.

Dəqqətəlayiqdir ki, Azərbaycan hökuməti qeyri-neft ixracının artırılması, o cümlədən elektron resurslar vasitəsilə, satışı vasitəsilə artırılması təşəbbüslərini tam dəstəkləyir. Bu vəzifəni yerinə yetirmək üçün ölkədə «Azexport.az»dan başqa digər strukturlar da formalaşdırılır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi şirkətlərin dövlət satınalmalarına çıxışını artırmaq üçün elektron ticarət imkanlarına malik kənd təsərrüfatı portalı yaratmaq məqsədi ilə ARİS şirkətini cəlb edib. Özü də, gələcəkdə bu resurs beynəlxalq təchizat platformasının formalaşdırılması üçün də əsas ola bilər. Öz növbəsində, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vasitəsilə indiyədək əsasən daxili bazara yönəlmiş «www.kobmarket.az» onlayn ticarət portalı hazırlanıb: artıq portalda 80-dən çox onlayn mağaza yaradılıb və 1100-dən çox mal yerləşdirilib. Bu portalın mexanizmlərindən «Made in Azerbaijan» brendinin xarici bazarlarda tanıdılması üçün də istifadə olunacaq.

Bütünlüklə, B2B formatında ixrac mexanizmlərinin rəqəmsallaşdırılması bu yaxınlarda hazırlanmış 2025-ci ilə qədər Milli İxrac Strategiyasının ən mühüm məqamlarından biridir. Həmçinin, Azərbaycanın İqtisadiyyat Nazirliyi türkdilli ölkələrlə elektron ticarətin genişləndirilməsi təşəbbüsünü fəal şəkildə təbliğ edir. “Biz türkdilli ölkələrlə innovasiyalar və elektron ticarət sahəsində əməkdaşlığı davam etdiririk, artıq imzalanmaq üçün uyğyn memorandum hazırlanır. Bu yaxınlarda Türkiyə tərəfi ilə belə bir razılıq əldə etmişik”, - deyə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu iclası zamanı bildirib.

 

Pandemiya bahalaşması

Azərbaycanda bizneslə (elektron platformalar vasitəsilə) və fərdi istehlakçılar arasında elektron ticarəti təmin edən B2C (Business-to-Consumer) seqmentinə gəlincə, 2020-2021-ci illərdə pandemiya dövrünün karantinləri, qapanmalar və digər maneələr fonunda bu seqment dövriyyəni ən azı ikiqat artırıb. Burada hələ də elektronika, İT-qacetlər, alətlər, saatlar, geyim, ayaqqabı, kosmetika və digər uzunmüddətli istifadə mallarının satışı üstünlük təşkil edir. Uyğun olaraq, bu seqment əsasən Çin, ABŞ, Türkiyə, Böyük Britaniya, Almaniya və BƏƏ-nin, eləcə də Avropa və Cənub-Şərqi Asiyanın bir sıra digər ölkələrinin ticarət mərkəzlərindən məhsulların idxalına əsaslanır.

Azərbaycanda iki yüzə yaxın onlayn mağazanın yaranmasına baxmayaraq, müqayisədə onların dövriyyəsi cüzidir. Azərbaycan istehlakçılarının 90%-dən çoxu ölkədən kənarda yerləşən «Ebay», «Amazon», «Alibaba», «Aliexpress» və s. kimi iri qlobal ticarət platformalarından mal və xidmətlər almağa üstünlük verir. Oxşar malları ölkəyə çatdırarkən yerli onlayn mağazalar daşınma, gömrük tariflərinin ödənilməsi, daxili anbar logistikası və s. xərcləri çəkir ki, bu da onların biznesini aşağı marjalı edir. Bundan əlavə, daxili elektron ticarətə ƏDV tətbiq edilir. Onun ləğvi ilə bağlı təkliflər isə əlavə dəyər vergisinə cəlb edilən ənənəvi ticarəti qeyri-bərabər vəziyyətə saldığı üçün bir sıra problemlər yaranır. Buna baxmayaraq, Azərbaycanın bəzi internet-mağazaları xarici bazarlarda müəyyən növ ərzaq, spirt, tekstil, ətriyyat, xalça, milli suvenir və zərgərlik məmulatlarının satışı ilə öz bazar yerini tapıb.

Pandemiyanın başlaması və (bütün e-ticarət yüklərinin daşınmasında əsas paya malik) sərnişin aviasiyasının uçuşlarının dayandırılması ilə dünyanın bir çox ölkələri dünya ticarət meydançalarında sifariş edilən bağlamaların və banderolların daşınması xərclərinin önəmli dərəcədə artması ilə üzləşdi. Oxşar problemlər Azərbaycanda da B2C seqmentinin inkişafına mane olub. Pandemiya zamanı 80-ə yaxın yerli karqo şirkəti kommersiya yük aviasiya xidmətlərinə (məsələn, «SilkwayWest Airlines», «Cargolux» və s.-in xidmətlərinə) keçmək məcburiyyətində qaldı, bu, elektron ticarət çərçivəsində malların daşınma qiymətlərinin artımında özünü göstərdi.

Ötən ilin ortalarından bu problemin kəskinliyi bir qədər azaldı, Türk Hava Yollarının və digər türk aviaşirkətlərinin ölkəmizə uçuşları bərpa edilib, bunun sayəsində xarici elektron ticarət yüklərinin Azərbaycana çatdırılmasında sabitliyi qorumaq mümkün olub. Bunun fonunda Türkiyə elektron ticarət platformalarının Azərbaycan bazarında fəaliyyəti nəzərəçarpacaq dərəcədə genişlənib.

Son zamanlar “Azərpoçt” MMC də Çin mənşəli elektron malların alternativ kanallar vasitəsilə Azərbaycana çatdırılmasının optimallaşdırılması istiqamətində tədbirlər həyata keçirir ki, bu da logistika xərclərini azaltmağa yardım edir.

 

İnkişaf stimulları

Ötən ilin fevralından Dövlət Gömrük Komitəsinin «SmartCustoms» sisteminə keçidi yerli B2C seqmentinin inkişafına böyük dəstək verib. O, gömrük prosedurlarını dəfələrlə sadələşdirib və asanlaşdırıb, elektron ticarət mallarının son istehlakçıya çatdırılması prosesini sürətləndirib.

Yerli elektron ticarət bazarında islahatlara töhfə verən digər önəmli addım Azərbaycan Mərkəzi Bankı tərəfindən yaxın gələcəkdə ölkənin ödəniş bazarının liberallaşdırılmasının planlaşdırılmasıdır. O cümlədən, dünyanın 200-dən çox ölkəsində e-ticarət seqmentində səmərəli fəaliyyət göstərən və 25 milli valyuta ilə əməliyyatlar həyata keçirən və dünyanın ən böyük elektron ödəniş sistemi olan «PayPal»ın Azərbaycanda tam keyfiyətli işləməsi məsələsi öz həllini tapa bilər. Bu sistemin üstünlükləri sırasına nisbətən aşağı tariflərini də aid etmək olar. Bu gün Azərbaycan vətəndaşlarının «PayPal» hesabı açmaq, internetdən aldıqları mal və ya xidmətlər üçün ödəniş etmək imkanı olsa da, bu sistem vasitəsilə öz hesablarına vəsait daxil edə bilmirlər. Belə qadağanın səbəbi bir sıra texniki məsələlərlə, o cümlədən maliyyə axınlarına nəzarət mexanizmi ilə bağlıdır.  

Qeyd edək ki, analoji məhdudiyyətlər Ukrayna, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda, həmçinin dünyanın bir sıra digər ölkələrində də tətbiq olunur. Hələ ki, «PayPal»a alternativ olan digər ödəniş sistemlərindən, xüsusən də «Payoneer»dən istifadə edilir.

Bir sözlə, tələb olan yerdə mütləq təklif olacaq və pandemiya yalnız onlayn tiarətə tələbi artırıb. Uyğun olaraq, yaxın gələcəkdə yerli bazarda xarici platformalarla rəqabət apara biləcək daha çox layihələr ortaya çıxacaq.


MƏSLƏHƏT GÖR:

180