22 Noyabr 2024

Cümə, 20:56

QAZ TƏZYİQİ

Avropa İttifaqının Bakıdakı nümayəndəliyində Avropaya qaz nəqlinin artırılması məsələsi müzakirə edilib

Müəllif:

15.02.2022

Köhnə Qitədə qaz böhranı daha da güclənir. Bir tərəfdən üzləşdiyi qaz çatışmazlığına görə Rusiyanı günahlandıran Avropa İttifaqı, digər tərəfdən böhrandan çıxış yolları axtarır və alternativ təchizatçılarla fəal danışıqlar aparır.

Bu məsələ fevralın əvvəlində Bakıda da müzakirə olunub və görünən odur ki, tərəflər danışıqların nəticələrindən razı qalıblar.

 

Kimdir günahkar və nə etməli?

Bu yaxınlarda Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen öz açıqlamalarınının birində Rusiyanın qaz inhisarçısı “Qazprom”un biznes yanaşmasını “qəribə” sayıb və bildirib ki, böyük tələbə və rekord qiymətlərə baxmayaraq, şirkət “Avropaya qaz nəqlini artırmaqda maraqlı deyil”.

AK rəhbərinin sözlərinə görə, buna görə də Avropa İttifaqı etibarlı tərəfdaşlar axtarmalıdır. Yeri gəlmişkən, Rusiya qazı Aİ-yə gedən “mavi yanacağın” ümumi həcminin 40%-ni təşkil edir.

ABŞ dövlət katibi Entoni Blinken isə öz növbəsində bildirib ki, ABŞ Avropaya tədarükün artırılması üçün iri yanacaq istehsalçıları ilə danışıqlar aparır.

İlk növbədə, söhbət mayeləşdirilmiş təbii qazdan (LNG) gedir. Yanvar ayında uzaq ölkələrdən tankerlərlə Avropaya LNG nəqli qonşu Rusiyadan boru kəmərləri ilə çatdırılandan çox olub. Üstəlik, yanacağın demək olar ki, yarısı ABŞ-dan gətirilib və uzun illərdən sonra ilk dəfə olaraq, ikinci aydır ki, Avropa ənənəvi olaraq Asiyanı təchiz edən Amerika qaz şirkətləri üçün əsas ixrac məkanına çevrilib.

Eyni zamanda, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Josep Borrelin sözlərinə görə, Aİ LNG idxalını genişləndirmək üçün Norveç, Qətər, Azərbaycan, Əlcəzair və digər ölkələrlə danışıqlar aparır. Hətta “mavi yanacağın” tədarükünün artırılması məsələsində ölkə hakimiyyəti ilə danışıqlar aparmaq üçün Azərbaycana birdən-birə iki Avropa komissarını (Kadri Simson və Oliver Varhelini) göndərdilər. Özü də, səfərin səbəbi özü tapıldı - Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurasının (MŞ) nazirlərin illik toplantısı oldu. Danışıqlar çox uğurlu keçdi, əslində görüşün özü də bu dəfə Cənub Qaz Dəhlizi ilə bağlı ənənəvi müzakirələrdən kənara çıxdı. Daha çox Avropa qaz bazarının problemlərindən, bu problemlərin həlli və Cənub Qaz Dəhlizinin genişləndirilməsi kontekstində Azərbaycan qazının mümkün rolundan, eləcə də enerji səmərəliliyi, karbonsuzlaşdırma, yaşıl enerji, hidrogendən və bərpa olunan enerji mənbələrindən danışıldı.

 

İxrac artırılacaq 

Ənənəvi olaraq fevral ayında Bakıda Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrin və şirkətlərin görüşləri keçirilir. İndiki də istisna deyildi, yalnız ayın sonunda deyil, lap əvvəlində baş verdi. Tədbirin miqyasını həm iştirakçıların tərkibi (Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya və digər ölkələrin yüksək vəzifəli nümayəndələrinin iştirakı), həmçinin keçirilmə yerinin Gülüstan Sarayı olması göstərir. Keçən il pandemiya ilə bağlı iclas videokonfrans şəklində keçirilmişdi. Bu dəfə bütün maraqlı tərəflər üzbəüz görüşmək, problemlər spektrini detallı müzakirə etmək və qarşılıqlı istəkləri dinləmək qərarına gəlmişdilər.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışına Cənub Qaz Dəhlizinin tammiqyaslı istismarının birinci ilinin nəticələrinə yekun vurmaqla başladı. Dövlət başçısı xüsusilə qeyd edib ki, layihə başa çatdıqdan sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Ötən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib – bunun 8,5 milyardı Türkiyəyə, təxminən 7 milyardı İtaliyaya, qalanı isə Gürcüstan, Yunanıstan və Bolqarıstana nəql edilib.

“Əminəm ki, komandamızın üzvü olan Albaniya da öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq”, - deyə Azərbaycan lideri vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, bu il ölkə ixrac həcmini artırmaq niyyətindədir, çünki “böyük potensial var, xüsusilə indi, qaz bazarındakı vəziyyətin sabit olmamasını nəzərə alaraq. Həmçinin qiymətlər də çox dəyişkəndir”. 

İlham Əliyev Məşvərət Şurasının budəfəki iclasında iştirakçıların sayının ötən ildən çox olmasına diqqət çəkib. 

“Yeni iştirakçılarımız var və bu da onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik”,- deyə o vurğulayıb. 

Avropa komissarı K.Simson Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına göndərilən qazın artırılması istiqamətində səylərini vurğulayıb və layihənin özünü “Uğur salnaməsi” adlandırıb.

“Hamımız bu layihə zamanı dəf etdiyimiz çətinlikləri və maneələri yaxşı xatırlayırıq. Lakin bu gün hətta ən skeptik yanaşan insanlar onun baş tutmasına görə minnətdarlıq bildirir. Etibarlı, rəqabətcil və qəbul edilən qiyməti olan qaz Cənub-Şərqi Avropaya yol tapmaqdadır. Evlər qazla təchiz olunur, binalar isidilir və vətəndaşlar ehtiyac duyduğu enerjini alırlar. Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. Fikrimizcə, Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir. Əlbəttə, bütün uğur hekayələri kimi, bu məsələ növbəti mərhələyə çıxır və biz baxmalıyıq ki, dəhliz öz ötürücülük qabiliyyətini artıra, yaxud hətta coğrafi baxımdan genişləndirə bilərmi? ” - deyə AK nümayəndəsi bildirib.

Avropa komissarı O.Varheli də Azərbaycanla enerji tərəfdaşlığının vacibliyini qeyd edib və Brüsselin Qərbi Balkanlara qaz nəqli məsələsində Bakı ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. 

“Enerji keçidi zamanı enerji təhlükəsizliyinin təmin edilməsi prioritet olaraq qalacaq. Ona görə də Azərbaycanla strateji tərəfdaşlıq böyük önəm kəsb edir. Biz Qərbi Balkanlara enerji təchizatı məsələsində əməkdaşlığa hazırıq. Qaz kömürdən uzaqlaşmaq və karbonsuz iqtisadiyyata keçməkdə əsas rol oynayır. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi, o cümlədən yeni bazarlara, məsələn, Qərbi Balkanlara çıxmaq potensialı üçün böyük əhəmiyyət kəsb edir”, - deyə O.Varheli bildirib.

 

Qiymətlər artır, qaz lazımdır

Bütünlükdə, Avropa komissarları öz “ev tapşırıqları”nın öhdəsindən gəldilər – Azərbaycan qazının Avropaya ixracının artırılması məsələsi ilə bağlı öz mövqelərini və istəklərini Azərbaycan hakimiyyətinə çatdırdılar. Bununla yanaşı, Brüssel ümid edir ki, bu yaya qədər Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə qaz ixracı cari il üçün proqnozlaşdırılan 10 milyard kubmetrə çatacaq.

Bundan başqa, Avropanın bir il əvvəl üzləşdiyi və hələ də tam həll edə bilmədiyi problemlərə baxılsa, TAP-ın imkanlarının genişləndirilməsinin vacibliyi heç bir şübhə doğura bilməz, bu isə o deməkdir ki, bu məsələnin yekun həlli uzaqda deyil.

Yalnız məcburi bazar testindən keçmək qalır, amma indi nəticələrin müsbət olacağını əminliklə güman etmək olar. Üstəlik, həm Avropa, həm də ABŞ qəbul edir ki, qiymətlərin artması və enerji resurslarına yüksək tələbat fonunda Cənub Qaz Dəhlizinin önəmi daha yaxşı anlaşılır.

TAP-ın ildə daha 10 milyard kubmetr genişləndirilməsindən danışan K.Simson qeyd edib ki, hazırda bazar gözləntiləri ilə bağlı araşdırmalar aparılır və onun nəticələrinə görə, artıq “bu genişlənməni planlaşdırmaq” mümkün olacaq.

“Avropa Komissiyası olaraq, biz Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti ilə bağlı fikirləri bölüşürük. Bu layihə enerji bazarında çətinliklərin yaşandığı, qiymətlərin artdığı bir vaxtda vacibdir. Biz digər boru kəmərlərində yaranmış çətinlikləri aradan qaldırmaq üçün bu kəmərin genişləndirilməsini müzakirə edə bilərik”, - deyə K. Simson vurğulayıb.

Bakıda keçirilən ikitərəfli danışıqların bəzi təfərrüatlarını açıqlayan Avropa komissarı yaxın vaxtlarda “Şahdəniz” yatağından qaz hasilatının artırılmasının tərəfdarı olduğunu bildirib. “Biz, həmçinin, mövcud qaz kəmərinin, xüsusən də Qərbi Balkanlar istiqamətində ötürücülük qabiliyyətinin genişləndirilməsi imkanlarını müzakirə etdik”,- deyə o bildirib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun yekun nitqindən məlum olub ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi üzrə nazirlər səviyyəsində görüşləri davam etdirəcək. Eyni zamanda, 8 il ərzində məhsuldar beynəlxalq platformaya çevrilən Məşvərət Şurası yalnız bir layihənin məsələlərinin müzakirəsi ilə kifayətlənməyəcək. Gündəliyə dünyanın enerji istehsalçılarını və istehlakçılarını maraqlandıran bütün məsələlər, o cümlədən enerji keçidi, bərpa olunan enerji mənbələri, dekarbonizasiya və iqlim dəyişikliyinə təsir edən amillər daxil ediləcək.

Bundan əlavə, Azərbaycan hökuməti P.Şahbazovun dili ilə Avropa Komissiyası ilə, həmçinin əlavə qaz həcmləri almaq, yaxud idxal və ixrac etmək istəyən ölkələrlə əməkdaşlığa, həmçinin Cənub Qaz Dəhlizinin inkişafına kömək etməyə hazır olduğunu təsdiqləyib.

 

Uzunmüddətli perspektiv

Məşvərət Şurasının iclası həm də Balkan regionu və Cənub-Şərqi Avropa ölkələri üçün Azərbaycan qazının alınması ilə bağlı plan və niyyətlərini elan etməyə yaxşı fürsət oldu. Siyahıya Bosniya və Herseqovina ilə yanaşı, Monteneqro və Bolqarıstan, Albaniya və Macarıstan, Moldova, Serbiya və Şimali Makedoniya da qoşulub.

Məsələn, Serbiya CQD vasitəsilə nəql edilən Azərbaycan qazını gələn ilin əvvəlində almağı gözləyir. Serbiya tərəfinin proqnozlarına görə, 2023-cü ildə Bolqarıstan-Serbiya qaz interkonnektoru (Bulgaria-Serbia Interconnector Gas Pipeline, IBS) istifadəyə veriləcək ki, bu da ölkəni Cənub Qaz Dəhlizi ilə nəql olunan qazla, eləcə də bir sıra başqa mənbələrdən gələcək qazla təmin edəcək. IBS-nin ötürmə qabiliyyəti ildə 1,8 milyard kubmetrdən çoxdur və onu 4 milyard kubmetrə qədər genişləndirmək mümkündür: “Beləliklə, təkcə Serbiyanın deyil, bütün regionun enerji təhlükəsizliyinə yüksək səviyyədə töhfələr veriləcək”,- Serbiya hökumətində qeyd edirlər.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, hazırda Azərbaycan tərəfi ilə Macarıstanın yaxın illərdə Azərbaycan yataqlarından təbii qazı uzunmüddətli qaydada necə ala biləcəyi ilə bağlı müzakirələr aparılır. “Uzunmüddətli həllər lazımdır, çünki yalnız onlar sabitliyi təmin edir”,- deyə P. Siyarto vurğulayır.

Albaniyanın infrastruktur və energetika nazirinin müavini İlir Beytiya etiraf edib ki, Albaniya enerji təhlükəsizliyinin və daxili ehtiyacların təmin edilməsi məsələsində ciddi problemlərlə üzləşib. “Nəzərə alsaq ki, qaz digər mədən yanacaqlarından daha təmiz enerji mənbəyidir, qaz sektorunun inkişafı gündəmimizdə əsas yer tutur. Cənub Qaz Dəhlizi həm Albaniya üçün, həm də yaxın və uzunmüddətli enerji gələcəyi üçün çox yaxşı alternativdir. Biz bu dəyişiklikləri tam dəstəkləyirik, birgə plan və layihələrimizin həyata keçirilməsinə sadiqik”.

Rumıniyanın energetika naziri Vircil Daniel Popesku CQD-nin Balkanlara və Mərkəzi Avropaya genişləndirməsi barədə danışarkən, Rumıniya-Bolqarıstan interkonnektorunun işə salınması və BRUA layihəsinin Rumıniyanın planlarına daxil edilməsi barədə təklifini təkrarlayıb. “Bu, qaçırılmamalı olan böyük bir fürsət yaradır. Biz Avropanın enerji təchizatının sabitliyi üçün mühüm önəmə malik strateji qaz nəqli infrastrukturu olan CQD layihəsinin inkişafı üçün səyləri birləşdirməyə hazırıq”, - deyə Popesku vurğulayıb.

Şimali Makedoniyanın iqtisadiyyat naziri Kresnik Bekteşi isə bildirib ki, ölkənin qazlaşdırılması milli iqtisadiyyat üçün həlledici önəm daşıyır. Şimali Makedoniyada qaz kəməri sisteminin tikintisi üzrə işlər aparılır. Bu ilin birinci rübündə Şimali Makedoniyanı Cənub Qaz Dəhlizi ilə birləşdirəcək Yunanıstan interkonnektorun tikintisinə başlanması planlaşdırılır. 

“Biz həmçinin şimal qonşumuz Serbiyaya qoşulmaq üçün interkonnektor layihəsinin tamamlanması üzərində işləyirik. Bundan əlavə, qazın Bolqarıstan və Albaniyaya ötürülməsi üçün interkonnektorların tikintisi nəzərdə tutulur”, - deyə nazir bildirib.

 

Şansı əldən verməmək 

Hazırda qazın Avropaya ixracı “Şahdəniz” yatağından “Mərhələ-2” çərçivəsində təmin edilir. Azərbaycan rəhbərliyinin dəfələrlə səsləndirdiyi rəqəmləri, eləcə də yeni qaz yataqlarının kəşfiyyatı və işlənməsi planlarını nəzərə alsaq, əmin olmaq olar ki, Azərbaycan öz imkanlarından istifadə edərək Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyətini təmin etmək vəzifəsinin öhdəsindən öz resursları ilə gələcək. Mövcud qazın böyük həcmləri, həmçinin Avropa bazarlarının Rusiya qazına alternativ tapmaq istəyi birlikdə TAP-ın gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq üçün investisiya cəlb inə güclü stimullar yaradır.

Buna baxmayaraq, bu sistemin daha cəlbediciliyi və səmərəliliyi üçün digər ölkələrin qaz ehtiyatları da lazım ola bilər. Bu, məsələn, TANAP vasitəsilə nəql edilən İsrail qazı, İran və ya Türkmənistan qazı ola bilər. Ancaq İsrail hələ də Avropaya ixrac məsələsini alternativ marşrut yaratmaqla həll etməyə çalışır, İran hələ də sanksiyalar altındadır. Türkmənistanın timsalında ən optimal variant Rusiyanın LUKOIL şirkətinin iştirakı ilə “Dostluq” yatağının işlənməsi üzrə Azərbaycan-Türkmənistan layihəsinin həyata keçirilməsi ola bilər. Layihə üzrə danışıqlar hələ də davam edir. Ümid edirik ki, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı qərar qəbul edilən kimi “Dostluq”un reallaşdırılması ilə bağlı məsələlər öz həllini tapacaq. Bu, iki keçmiş rəqibin Avropaya qaz nəqlini artırmaq üçün səylərini birləşdirəcək.

“Türkmənqaz” Dövlət Konserninin rəis müavini Atamırat Çarıyev əmin edir ki, ölkənin Şərqi Avropa bazarının tələbatını ödəyəcək “mavi yanacağın” qərbə ixracını təşkil etmək üçün bütün texniki imkanları və resursları var. O, əmindir ki, Trans-Xəzər qaz kəməri Avropa ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfə verəcək əsas infrastruktur layihəsinə çevriləcək. Yalnız çox kiçik şey - bu neçə illik tərəddüddən sonra nəhayət, bu infrastrukturun yaradılması barədə qərar qəbul etmək qalır. Axı, xərclənməmiş vəsait həmişə ehtiyat kimi qalmır, bəzən də əldən verilmiş imkan sayılır.



MƏSLƏHƏT GÖR:

174