24 Noyabr 2024

Bazar, 22:02

«SÜLH PARTİYASI» AXTARIŞINDA

İrəvan Azərbaycanla postmünaqişə nizamlanması prosesinin qarantlarının maraqlarının üst-üstə düşdüyünü nəzərə almaya bilməz

Müəllif:

15.02.2022

Cənub Qafqazda postmünaqişə nizamlanması prosesi sürətlənir. Fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə videokonfrans formatında görüş keçirilib. Görüşdən sonra Makron ilə Mişel birgə yekun bəyanatla çıxış ediblər. Orada tərəflər arasında hələ Soçi və Brüsseldə keçirilmiş görüşlər nəticəsində formalaşmış «sülh gündəmi»nin bir çox maddələrinə uyğun fikirlər əksini tapıb. Söhbət həm Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasından, həm humanitar məsələlərin həllindən, həm də kommunikasiyaların, ilk növbədə isə Zəngəzur dəhlizinin açılmasından gedir. Gündəlikdəki məsələlər arasında itkin düşmüş şəxslərin taleyi məsələsi, ərazilərin minalardan təmizlənməsi kimi mövzular da var. Yeri gəlmişkən, Avropa Şurası azad olunmuş ərazilərin minalardan təmizlənməsinə yardım göstərməyə hazırdır. Nəhayət, tərəflər arasında inamın gücləndirilməsi məsələsi də gündəmdədir.

Vasitəçilər – Rusiya ilə Avropa İttifaqı – nikbindirlər. Onlar mütəmadi olaraq bildirirlər ki, münaqişəni arxada qoymağın, birlikdə dinc gələcək qurmağın vaxtıdır.

 

Hər kəsə «müharibədən çıxmaq» təklif olunur

Sanki bu gün regionun «müharibədən çıxması» üçün bütün şərtlər və şanslar var. Ən ağrılı məsələ – Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxması və BMT TŞ-nin Qarabağla bağlı qətnaməsinin yerinə yetirilməsinə Bakı birtərəfli qaydada, hərbi yolla nail olub. Vasitəçilər, ilk növbədə isə Rusiya Prezidenti Vladimir Putin «yol xəritəsi»ni ortaya qoyub: sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, humanitar məsələlərin həlli. Bir sözlə, «müharibədən çıxış». Rusiya artıq sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsinə yardım etməyə hazır olduqlarını da bəyan edib. Yəni o, respublikalar arasında sərhədlərin daha dəqiq müəyyənləşdirilməsi üçün SSRİ Silahlı Qüvvələri Baş Qərargahının xəritələrini, GPS məlumatlarını təqdim etməyə, bir sözlə, bütün lazımi texniki yardımı göstərməyə hazırdır.

Azərbaycan da öz növbsində, mövqeyini ən yüksək səviyyədə ifadə edib: Bakı hərtərəfli sülh müqaviləsi üzərində işləməyə hazırdır və o, Ermənistanla münasibətlərin normallaşmasını, sərhədlərini delimitasiya və demarkasiya edilməsini istəyir.

Bəs, Ermənistan bu barışığa hazırdırmı?

 

«Sülh partiyası»: ümidlər və reallıqlar

İlk baxışdan İrəvan da nikbinliyə əsas verən mövqe nümayiş etdirir. Ölkə prezidentliyinə «Vətəndaş müqaviləsi» partiyasından namizəd Vaaqn Xaçaturyan Azərbaycanla sülhün yaradılmasına və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına tərəfdar olduqlarını bəyan edib. «Qonşularla sülh şəraitində yaşamaq mümkün və lazımdır. «Sülhə məcbur etmək» köhnəlmiş ifadədir. Hamımız anlamalıyıq ki, sülh yeganə yaşam və inkişaf yoludur. Məcbur etməklə nəyəsə nail olmaq mümkün deyil. Biz çox güclü olsaq belə, yenə də sülhə çalışmalıyıq», - deyə Ermənistan İctimai Televiziyasının məlumatına görə, o, bildirib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın parlamentdəki çıxışı da sanki nikbinliyə əsas verir: «Başımıza gələnlər faciə və özünü aldatmağın nəticəsidir. Reallığın gözünə dik baxmaq lazımdır. Bir-birimizlə açıq danışmalı, heç nəyi gizlətməməliyik».

Bunlardan əvvəl isə baş nazir Nikol Paşinyanın sözün əsl mənasında səs-küy yaratmış «Facebook» yayımı olub. O, çıxışında bir çox maraqlı detal açıqlayıb: Minsk qrupu çərçivəsində aparılmış danışıqlarda, əslində, nələrin müzakirə olunduğundan tutmuş, sələflərindən hansının nələrə razılıq verməsinə, ona hansı diplomatik irsin miras qaldığınadək. Eyni zamanda, Paşinyan hazırkı mərhələdə danışıqlar strategiyasını belə ifadə edib: «Gəlin, emosiyalarla rasionallığı qarışdırmayaq».

Bir tərəfdən düşünmək olar ki, Nikol Paşinyan və onun Ararat Mirzoyanın timsalında komandası erməni ictimaiyyətini tədricən sülhə hazırlayır, hər kəsi reallığın gözünə dik baxmağa, emosiyalarla məsələnin rasional tərəflərini fərqləndirməyə çağırır. Lakin bununla yanaşı, İrəvandan o qədər də nikbin sayılmayacaq «siqnal»lar da gəlir.

 

Razılığa gəlmək qabiliyyəti testi yenə iflasa uğradı

İlham Əliyev ilə Nikol Paşinyan arasında videokonfransın ardından Bakı ötən ilin noyabrında Kəlbəcər rayonu istiqamətində diversiya aktı törətməyə cəhd edən zaman saxlanılmış 8 ermənini İrəvana təhvil verib. Əvəzində Ermənistan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlılarla bağlı informasiyaları, o cümlədən onların kütləvi dəfn olunduğu yer haqda məlumatları Bakıya təqdim etməli idi. Lakin diversantlarını geri alan Ermənistan dərhal bunun qarşılığında hər hansı öhdəlik götürmədiyini bəyan edib. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib. Bakı dünya birliyini Ermənistana təzyiq göstərməyə çağırıb, bildirib ki, İrəvanın üzərinə götürdüyü öhdəliklərdən imtinası «etik-mənəvi və beynəlxalq hüquq normalarının aşılmasıdır». Öz tərəfimizdən əlavə edək ki, bu, Ermənistanın razılığa gəlmək qabiliyyəti testinin növbəti iflasıdır. Bu vəziyyət isə, əlbəttə ki, nikbinliyə əsas vermir.

 

Xidmət dəftərçəsi, «söz oyunu» və «imic hər şeydir!»

Ekspertlər və müşahidəçilər Ermənistanda baş vermiş «kabab inqilabı»nın qələbəsindən dərhal sonra Paşinyanı «sülh partiyası»nın lideri adlandırmağa hazır idilər. Hər halda o, Xocalı soyqırımının təşkilində günahkar olan Robert Koçaryan və Serj Sarqsyandan fərqli olaraq, Azərbaycana qarşı təcavüzdə, azərbaycanlıların soyqırımında iştirak etməmişdi. Paşinyan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın tərəfdarı sayılırdı. Ter-Petrosyan isə məlum olduğu kimi, vəzifəsini məhz Azərbaycanla kompromisə getmək çağırışından sonra itirib. Düşənbə görüşündən sonra hətta «Paşinyan adına sülh»ə ümidlər pik həddə çatmışdı. Lakin bir müddət sonra o, komandasına David Tonoyan kimi «yeni ərazilər uğrunda yeni müharibə»dən danışan, yaxud Azərbaycan şəhərlərinə raket zərbələrinin endirilməsi təklifinin sahibi oan Vaqarşak Arutunyan kimi «qırğı»ların cəlbinə başladı. Bu azmış kimi, «Qarabağ Ermənistandır və nöqtə» bəyanatının müəllifi də məhz N.Paşinyandır. O zaman danışıqlar prosesi məhz baş nazirin bu bəyanatından sonra tam iflasa uğramışdı. Nəhayət, hər şeyi öz adı ilə ifadə etsək, Ermənistan işğal etdiyi ərazini böyütmək üçün yeni müharibəyə məhz Paşinyanın dövründə başlayıb.

Halbuki, Nikol Paşinyan təşkil etdiyi «kabab inqilabı»nın qalib gəldiyi andan etibarən hər zaman sülhə razı olduğunu göstərən bəyanatlarla çıxış edib. Hər halda, müşahidəçilər onun bəyanatlarını belə qiymətləndirirdi. Lakin təəssüf ki, onun fikirlərində hər hansı konkretlik heç zaman müşahidə olunmayıb. «Rasional baxışlar»a çağırış edən baş nazir bu «rasional baxış»ın nədən ibarət olduğunu açıqlamır. O, hələ 44 günlük müharibə ərəfəsində bildirirdi ki, Qarabağ münaqişəsinin həlli Ermənistan, Azərbaycan və «Dağlıq Qarabağ» xalqlarını qane etməlidir. Bununla o, ictimaiyyətin alqışını qazansa da, danışıqlar prosesində istəyinə nail ola bilmədi: istədiyi nəticə nə olmalıdır – bunu Paşinyan dəqiqləşdirmədi.

İkinci Qarabağ müharibəsi zamanı isə baş nazir Ermənistanın güzəştlərə hazır olduğunu, lakin hər şeyin Azərbaycanın hansı güzəştlərə gedəcəyindən asılı olduğunu deyirdi. O zaman Azərbaycanın dövlət başçısı artıq mövqeyini açıqlamışdı: Ermənistan qoşunlarını işğal altında qalan torpaqlardan çıxaracağı tarixi dəqiq şəkildə açıqlayarsa, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin güzəştlərə hazır olduğunu deyən Paşinyan bununla bağlı heç bir qrafik təqdim etmirdi.

Bütün sadalananları nəzərə alsaq, ortaya sual çıxır: bəs, bu gün nə baş verir? İrəvan, həqiqətən, ictimai rəyi güzəştlərə hazırlayır, yoxsa yenə də heç bir reallığa əsaslanmayan nikbin bəyanatlar səsləndirir?

Bundan başqa, Bakı artıq İrəvanı Zəngəzur dəhlizinin açılması işini ləngitməkdə də ittiham edir. Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı təklifini isə Bakı tamamilə əsaslı şəkildə rədd edib. İrəvan yenə də konkret iş əvəzinə, sərhədlərin «münaqişəli sərhəd» statusuna son qoyulması üçün qoşunların qarşılıqlı şəkildə geri çəkilməsini təklif edir.

Bu gün Ermənistan 44 günlük müharibədən əvvəlki durumundan çox uzaqdır. Artıq ölkədə hərbi üstünlüklə bağlı xülyalar yoxdur. Üstəlik, indi onlar xarici dəstəyə də ümid edə bilmir. Nəhayət, hər bir razılaşmanın arxasında Rusiya ilə Aİ-nin zənaməti dayanır ki, İrəvan bunu da nəzərə almaya bilməz. İndi nikbinliyin xeyrinə olan yeganə arqument sülhün alternativsiz olmasıdır.



MƏSLƏHƏT GÖR:

153