Müəllif: İlahə MƏMMƏDLİ
Son iki pandemiya ilinin doğurduğu pessimist gözləntilərin əksinə olaraq, Azərbaycanda banklar aktiv müştərilərinin sayını bir neçə dəfə artırıb. Burası da var ki, bu, yeni gerçəkliklərlə ayaqlaşan və rəqəmsal, özü də təminatsız kredit məhsulları təqdim edən banklara aid oldu. İş bundadır ki, karantin məhdudiyyətləri yalnız müştərilər üçün filiallara getmədən banklarla uzaqdan əlaqə saxlamağa imkan verən bank məhsulları və xidmətlərinin önəmini artırdı. Bundan başqa, hətta yeni texnologiyalardan uzaq olan insanlar da nağdsız ödəniş üsullarına və köçürmələrə üstünlük verməyə başladılar. Bütün bunlar son nəticədə kredit bazarına ciddi təsir göstərdi, özəlliklə də, istehlak kreditləşməsinin artım təhlükəsi yenidən aktuallaşdı.
Həm müştərilər razı, həm banklar qazanclı
Pandemiya, o cümlədən bank sektorunda rəqəmsal transformasiya sahəsində işləri sürətləndirməyə məcbur etdi. Əgər indiyədək bankların mobil tətbiqləri və digər ödəniş terminalları vasitəsilə kommunal, internet, kabel televiziyası, kredit, sığorta xidmətlərini ödəmək mümkün idisə, indi bu sıraya parkinq, taksi, təhsil, mehmanxana və turizm xidmətləri də əlavə edilib.
Elə bu günlərdə Ədliyyə Nazirliyi «Mobil notariat» tətbiqini təqdim etdi ki, bu, onlayn bankinq platformasına inteqrasiya nəticəsində təklif olunan distant bankçılıq məhsullarının çeşidini önəmli dərəcədə genişləndirəcək və bu əməliyyatların etibarlılığını artıracaq. Bu yenilik bank və müştəri arasında sənədlərin sürətli rəsmiləşdirilməsini təmin edəcək. İndi vətəndaşların hər hansı bank əməliyyatını həyata keçirmək, o cümlədən kredit almaq üçün banka getmələrinə ehtiyac yoxdur.
Ancaq burada bir neçə nüans var. Belə ki, Mərkəzi Bankın rəsmi statistikasına görə, ötən il Azərbaycanda kartlar vasitəsilə gerçəkləşdirilən nağdsız ödənişlərin həcmi il ərzində 83 faiz artaraq 11,2 milyard manat təşkil edib. Bu zaman ölkədə debet kartlarının sayı 81,5% artaraq 37 milyona çatıb, kredit kartlarının sayı isə 41,1% artaraq 5 milyona yaxınlaşıb. Bu kartlar üzrə dövriyyənin həcmi uyğun olaraq 4 milyon manat (illik müqayisədə 37,8 faiz çox) və 278 milyon manat (37,6 faiz çox) olub. Yəni belə çıxır ki, vətəndaşlar özləri üçün daha çox debet kartları alırlar, amma təcrübədə kredit kartlarından istifadəyə üstünlük verirlər. Niyə?
Yəqin ki, Azərbaycanda hər hansı bankın istənilən müştərisi vaxtaşırı mobil telefonuna ona əlavə kredit verməyə, özü də, bəzən 20-40 min manata (!) qədər, üstəlik girovsuz və sığortasız kredit vermyə hazır olmaları barədə -ismarıcları alır. Bundan əlavə, hər ay banklar bazara yeni kart məhsulu ilə çıxmağı özlərinə borc bilirlər, özü də bunlar müştərinin real gəlirindən qat-qat yüksək olan “superkeşbek”li və ağlasığmaz kredit limitlərinə malik olurlar.
Özü də, artıq qeyd edildiyi kimi, demək olar ki, hər şey onlayn rəsmiləşdirilir. Beləliklə, artıq onlayn biznes krediti üçün ərizənin doldurulması müştərinin təxminən 20-30 dəqiqə vaxtını aparır və o, yaxın bir neçə saat ərzində ərizəsi ilə bağlı qəbul edilmiş qərar barədə bildiriş alır. Ümumilikdə, müştərilər bir gün ərzində hətta 250.000 AZN-ə qədər məbləğdə maliyyə vəsaiti ala bilərlər. Burada adi kredit kartları haqqında nə demək olar – sadəcə, ərizə doldurmaq, anket suallarına cavab vermək, müsahibədən keçmək lazımdır (bunu onlayn da etmək olar) - vəssalam. Ölkədə sənəd dövriyyəsinin rəqəmsallaşdırılması sayəsində bank bir neçə dəqiqə ərzində bütün lazımi məlumatları yoxlaya bilər və kredit xəttinin məbləği barədə dərhal qərar verə bilər.
Təbii ki, insanlar bu cür kreditlər üçün müraciət etməyə hazırdırlar, çünki onların vasitəsilə bir çox problemləri həll edə bilərlər - lazımi malları ala, təmir edə bilərlər və ya sadəcə növbəti maaş alınana qədər birtəhər dolana bilərlər. Banklar da qazancsız qalmır - onu demək kifayətdir ki, milli valyutada kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə faizlər ötən il 1 faiz bəndi artıb - 25%-ə qədər qalxıb. Eyni zamanda, 2021-ci ildə xarici valyutada kredit kartları vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 7 faiz təşkil edib, bir il əvvəl isə 3 faiz olmuşdu. Halbuki, digər istehlak kreditləri üzrə 2021-ci ildə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 21% olub (keçən il 23% olmuşdu), xarici valyutada isə 4% təşkil edib (keçən il 5% olmuşdu).
Məşhur atalar sözü bir az dəyişik deyilsə, - həm müştərilər razı, həm də banklar qazanclı. Bəs, bu vəziyyət ölkənin kredit bazarının gələcəyi üçün təhdid sayılırmı, yaxın keçmişdə baş vermiş, ölkədə bir neçə bankın müflisləşməsi və bağlanması ilə nəticələnmiş xoşagəlməz hadisələrin yenidən təkrarlanmasının şahidi olacağıqmı?
Təhlükə nədədir?
Ekspertlər bankların bu yanaşmasını sadəcə pandemiya başlamamışdan əvvəl yığılmış vəsait artıqlığı ilə izah edirlər. Mərkəzi Bankın sədri Elman Rüstəmov da eyni amili qeyd edərək, Azərbaycanın bank sektorunun cari likvidlik potensialının 7 milyard manat olduğunu qeyd edib.
Bu, böyük məbləğdir və banklar bunu gəlirli sahələrə, xüsusən də istehlak kreditləşməsinə sərf etməkdən məmnundurlar. Amma həm ekspertlər, həm də tənzimləyici xəbərdarlıq edir ki, kreditlərin ödənilməməsi riskindən qaçmaq üçün bu məsələdə həddindən artıq ehtiyatlı olmaq lazımdır.
Beynəlxalq reytinq agentliyi “Moody's” də narahatlığını bildirir: “Qısamüddətli perspektivdə Azərbaycanda dollarlaşmanın azalması meyli davam edəcək, lakin xarici valyutada gəliri olmayan banklar sığortasız borcalanların olması üzündən ən həssasdır”.
Bəli, vəziyyət hələ ki, təhlükəsizdir, əksinə, 2022-ci ilin əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 719,4 milyon manat təşkil edir (2021-ci ildə 19,5% azalma olub). Amma unutmaq olmaz ki, 2018-ci ilin iyul ayının sonuna vaxtı keçmiş borcların həcmi 1,8 milyard manata bərabər zirvə göstəricisinə çatıb, istehlak kreditlərinin payı 40,1 faiz (4,9 milyard manat) olub. 2021-ci ilin sonuna bankların ümumi kredit portfelində istehlak kreditlərinin xüsusi çəkisi 50,3% (8,6 milyard manat) təşkil edib. Bankların istehlak kreditləri portfeli il ərzində 28,3% artıb.
Aydındır ki, kredit fəaliyyəti iqtisadiyyatın artımına səbəb olur və onun həddindən artıq məhdudlaşdırılması pandemiyanın səbəb olduğu böhrandan çıxmağı çətinləşdirə bilər.
İstehlak kreditləşməsinin artmasında təhlükə ondan ibarətdir ki, o, tələbi, idxalı və inflyasiyanı qızışdırır və buna cavab olaraq Mərkəzi Bank uçot dərəcəsini artırmağa məcbur olur ki, bu da ipoteka kreditləşməsinə və korporativ kreditləşməyə mənfi təsir göstərir, lakin istehlak kreditləşməsinə təsir əksinə olur.
Bəli, vaxtı keçmiş borclar artmaqda davam edəcək, lakin bu, məhdud templərlə baş verəcək, çünki böhran dövründə bir çox banklr düşüncəli şəkildə öz kredit siyasətlərini sərtləşdiriblər.
Nəzəriyyəyə baxmayaraq, maliyyə gerçəkliyində Mərkəzi Bankın tədbirləri bankların verdiyi yeni kreditlər portfelinin həcminin azalmasına heç bir şəkildə təsir göstərmir. İstənilən halda, banklar konkret müştərinin müştəri hesablarındakı dəyişikliklər, orta aylıq xərcləri və kredit tarixçəsi ilə bağlı gördüyü mənzərəyə əsaslanaraq, lazım bildikləri hər kəsə kredit verəcəklər.
Bütünlükdə, Azərbaycanda kredit yükünün səviyyəsi yüksək olsa da, bu, kredit bazarı inkişaf etmiş xarici ölkələrin göstəricilərindən hələ də uzaqdır. Azərbaycanda kredit borclarının ÜDM-ə nisbəti göstəricisi (ilin sonunda 18,4% olub) və bu, 50-60%-lik səviyyənin normal hesab edildiyi ABŞ və Çindəki nəticələrdən bir neçə on faiz bəndi aşağıdır.
Ekspertlərin fikrincə, ifrat borclanma ilə mübarizə aparmağın ən yaxşı yolu işəgötürənlər tərəfindən əməkhaqqının artırılmasının stimullaşdırılmasıdır. Bunun üçün onlar digər məsələlərlə yanaşı, əməkhaqqı fonduna təsir edə biləcək bəzi vergi güzəştlərinin də tətbiqi təklif edilir.
Biznesə yönəlmə
Bununla belə, baş bankir hesab edir ki, bank sektorunun qarşısında duran əsas vəzifə biznesin, xüsusən də kiçik və orta biznesin kreditləşməsinin artırılması, mikrokredit potensialının gücləndirilməsi olmalıdır. “Bu istiqamətdə görüləsi işlər çoxdur. Bu həm bank sektoruna, həm də bütün tənzimləmə sahəsinə aiddir. Bank sektoru bu gün 7 milyard manat likvidlik potensialına malikdir. Bu, bizim ekosistemimizdə problemlərin olması barədə bir siqnaldır və bu problemlər həll olunmalıdır ki, banklar iqtisadiyyata kredit verə bilsin”, - deyə o vurğulayıb.
İqtisadçı ekspert Emin Qəribli bildirir ki, Azərbaycanda bu vəziyyət tezliklə öz həllini tapacaq, çünki işğaldan azad edilmiş ərazilərin bərpası prosesi xeyli vəsait aparacaq, o cümlədən yerli banklardan kreditlər tələb edəcək.
“Bütün Şərqi Avropa ölkələrində olduğu kimi, ölkəmizdə də müvafiq resursların real iqtisadiyyata yönəldilməsi problemi var idi. Əsasən 2014-2015-ci illərdə belə bir problemlə üzləşmişdik ki, bank resurslarının böyük hissəsi istehlak mallarının alınmasına yönəldilirdi, onlar da xaricdən gətirilirdi, bu da öz növbəsində məzənnəyə təsir edirdi və s. Son illər ölkədə inkişaf institutları yaradılır ki, kreditlərin məqsəd istiqaməti qeyri-neft sektorunun inkişafına töhfə verəcək ”,- deyə Elxan Qəribli vurğulayır.
Onun fikrincə, dövlət işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə özəl sektorun iştirakına şərait yaratmaqla dövlət artıq biznesin kreditləşməsinə istiqamətlənmiş kredit bazarının inkişafına təkan verir.
Göründüyü kimi, Azərbaycanda kredit bazarının hələ də islahatlara ehtiyacı var. Bankirlərin fikrincə, rəqəmsal kredit məhsulları tədricən ənənəvi bank məhsullarını aradan çıxaracaq, xüsusən də mikro və kiçik biznesin maliyyələşdirilməsi seqmentində əvəz edəcək. Bu, qlobal trenddir. Ümid edək ki, onlar istehlak kreditləşməsini arxa plana keçirəcəklər.
MƏSLƏHƏT GÖR: