22 Noyabr 2024

Cümə, 21:05

ƏYLƏC MƏSAFƏSİ

Rusiyaya qarşı sanksiyalar dünya iqtisadiyyatını sarsıdır. Azərbaycan isə riskləri qiymətləndirir və əks tədbirlər hazırlayır

Müəllif:

15.03.2022

Ukraynada hərbi qarşıdurmanın başlamasından cəmi iki həftə sonra Qərbin Rusiyaya qarşı ciddi sanksiyaları misligörünməmiş həddə çatıb. Bəlkə də, dünyanın heç bir dövləti istisnasız olaraq bütün sahələri əhatə edən belə həddə iqtisadi cəza ilə üzləşməyib.

Rusiyanın “iqtisadi qatarı”nın sanki birdən-birə əyləci basılıb. İndi bu “qatar” relslər üzərində cırıltı ilə irəliyə doğru ətalətli hərəkətini davam etdirir. Amma dayanma anında silkələnmə çox güclü olacaq, çünki bu böhran qəfildən başlayıb və Rusiya buna hazırlıqlı deyildi.

Bu məqamda Rusiyanın əvvəlki kimi olmayacağı aydındır. Üstəlik, sanksiyalar dünyanın iqtisadi arxitekturasını alt-üst edib, iqtisadiyyatda qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı baxışları dəyişib. Əlbəttə, bunlar bir çox ölkələrin iqtisadi göstəricilərinə də təsir göstərəcək.

 

Böhrandan yan keçmək mümkün deyil

Dünya Bankının prezidenti Devid Melpas martın 15-də bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar qlobal ümumdünya məhsuluna güclü zərbə vuracaq, rublun devalvasiyası daxil olmaqla, rusiyalılar üçün ciddi nəticələrə səbəb olacaq.

Beynəlxalq Valyuta Fondu da 10 gün əvvəl oxşar proqnozlar səsləndirib. Belə ki, Beynəlxalq Valyuta Fondu sanksiyaların qlobal iqtisadiyyata, maliyyə bazarlarına əhəmiyyətli dərəcədə təsir edəcəyini və bir çox dövlətlər üçün ciddi nəticələrə səbəb olacağını bəyan edib. Fond bütün dünyada qiymətlərin artacağını proqnozlaşdırıb. Artıq buğda və digər taxıl növləri daxil olmaqla, enerji resurslarının və xammal məhsullarının qiyməti artıb.

Yeri gəlmişkən, Çinin Dövlət Şurasının Baş naziri Li Keçyan da sanksiyaların qlobal iqtisadiyyata mənfi təsir göstərəcəyi ilə bağlı xəbərdarlıq edib. O, dünya iqtisadiyyatının onsuz da pandemiyanın güclü təsiri altında olduğunu vurğulayıb: “Müvafiq sanksiyalar isə dünya iqtisadiyyatının bərpasına zərbə vuracaq və heç bir tərəfə fayda verməyəcək”.

“Fitch Ratings” agentliyinin analitikləri isə hesab edir ki, “Ukraynadakı müharibə və Qərbin Rusiyaya qarşı sanksiyaları MDB ölkələri və bu təşkilata daxil olmayan dövlətlər üçün ciddi sarsıntılara səbəb olacaq. Təsir kanallarının yayılması fərqli olsa da, ikinci dərəcəli iqtisadi effektin bütün regiona əhəmiyyətli təsiri olacaq”. Analitiklərin fikrincə, münaqişənin gedişi, onun nə qədər davam edəcəyi və sanksiyaların miqyası ilə bağlı qeyri-müəyyənlik əslində, onların regiondaxili ticarət və maliyyə axınının, həmçinin nəqliyyat və logistika əlaqələrinin pozulmasına necə təsir göstərəcəyi ilə bağlı qeyri-müəyyən vəziyyətin yaranmasına səbəb olur. Agentlik əmindir ki, 2022-ci ildəki sanksiyalar ticarət, pul köçürmələri və turizm vasitəsilə postsovet ölkələrinin iqtisadiyyatına təzyiq göstərəcək.

 

Ən böyük sanksiya paketi

Bu məqalə hazırlanan zaman Avropa İttifaqının (Aİ) antirusiya sanksiyalarının üçüncü paketi ən böyük sanksiya hesab olunurdu. Bu sanksiyalar Rusiyanın maliyyə, enerji və texnologiya sahələri ilə əlaqədardır. Təkcə onun sanksiyalara məruz qalmış banklarının (növbəti mərhələdə onun bütün bank sisteminə qarşı sanksiyalar tətbiq oluna bilər) SWIFT sistemindən ayrılması, Aİ-nin Rusiya Mərkəzi Bankı ilə transaksiya əməliyyatlarına qadağa qoyulması, bu ölkənin qızıl-valyuta ehtiyatlarının dondurulması nəyə desən dəyər. Bundan əlavə, martın 10-da Rusiyanın bank kartları “Visa” və “Mastercard”ın xarici ödəniş sistemlərindən ayrılıb.

Rusiya öz pul köçürmə sisteminə ümid etsə də, indiyədək daxili bazarda transaksiya əməliyyatlarının cəmi 20%-i onun vasitəsilə həyata keçirilib. Xarici ödəniş sisteminə gəlincə, bu məsələdə ənənəvi olaraq Çinin köməyinə ümid edilir. Lakin indiki siyasi şəraiti nəzərə alsaq, Pekinin Qərblə qarşıdurmaya gedəcəyi ehtimalının az olduğunu söyləyə bilərik.

Mövcud vəziyyət təkcə pul köçürmələrinə deyil, həm də dollarla həyata keçirilən ixrac-idxal əməliyyatlarındakı hesablamalara da təsir göstərir. Buraya xüsusilə Azərbaycan daxildir. Təbii ki, çıxış yolu tapılana, yeni müqavilələr imzalanana qədər onların əksəriyyəti dayandırılır. Bununla yanaşı, transmilli korporasiyalar Rusiya bazarını kütləvi şəkildə tərk edir. Söhbət avtomobil, enerji, qida, geyim və aksesuarlar, maşınqayırma və texnologiya, logistika kimi Rusiya sənayesində təmsil olunan şirkətlərdən gedir. Yerli ofislər bağlanır, birgə istehsal dayandırılır. Bu, yaxın perspektivdə işsizliklə bağlı vəziyyətin xeyli pisləşəcəyinin müjdəçisidir. Əlbəttə, bu, nəticə etibarilə həmvətənlərimizə təsir edəcək. Xatırladaq ki, qeyri-rəsmi məlumatlara əsasən, hazırda Rusiyada təxminən 2 milyon azərbaycanlı yaşayır.

Rusiya iqtisadiyyatında yaranan boşluğu qısa müddətdə, həmçinin milli analoqların hesabına doldurmaq mümkün olmayacaq. Məhsul qıtlığı bir çox malların, həmçinin ilkin tələbat məhsullarının qiymətinin kəskin şəkildə artmasına səbəb olacaq. Söhbət ondan gedir ki, Rusiya iqtisadiyyatının aparıcı sahələrində istehsal olunan məhsulunun 30-70%-i məhz xarici tədarükdən asılıdır. Bu da öz növbəsində onu deməyə əsas verir ki, Azərbaycan daxil olmaqla, Rusiyadan məhsul idxal edən ölkələr dərman, qida məhsulları, tikinti materialları və digər sahələrdə fəaliyyət göstərən xarici istehsalçıların ofislərinin bağlanmasına görə müəyyən növ məhsulların tədarükü üçün alternativ mənbə və marşrutlar haqda düşünməli olacaq.

 

Əsas təhlükə qida sahəsi ilə bağlıdır

Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun prezidenti Jilber Unqbo xəbərdarlıq edib ki, dava edən böhran əsas məhsulların tədarükünü məhdudlaşdıra, ərzaq qiymətlərinin kəskin şəkildə artmasına və aclığa səbəb ola bilər: “Bu, qlobal qida təhlükəsizliyinə təhdid yarada və geosiyasi gərginliyi gücləndirə bilər”.

Hələ Ukraynadakı vəziyyətin gərginləşməsindən qabaq iqlim dəyişikliyi və COVID-19 pandemiyası üzündən bütün dünyada ərzağın qiyməti artırdı. İndi bu amillərə Ukraynadakı əkin sahələri ilə bağlı risklər və Rusiyadan taxıl ixracına müvəqqəti qadağa qoyulması əlavə olunub. Hazırda dünya buğda tədarükünün 10%-i, qarğıdalının isə 15%-i məhz Ukraynanın payına düşür. Rusiyaya gəlincə, o, ən böyük taxıl ixrac edən ölkələrdən biridir. Üstəlik, Rusiya günəbaxan yağı ixracında da liderlər sırasındadır. Beləliklə, dünya üzrə qarğıdalı ixracının 20%-i, günəbaxan yağının tədarükünün 80%-i bu iki dövlətin payına düşür. Bundan əlavə, Qara dəniz regionundan tədarük olunan buğdanın təxminən 40%-i Yaxın Şərq və Afrika ölkələri üçün nəzərdə tutulub. Bu ölkələrdə artıq ərzaq məhsullarının qiyməti xeyli bahalaşıb.

Yeri gəlmişkən, Azov hövzəsində yerləşən Mahaçqala və Taqanroq limanlarında gəmiçiliyin dayandırılması səbəbindən Rusiyadan taxıl daşınması iki dəfədən çox azalaraq 40 min tona düşüb. İndi məhsulların daşınması yalnız qüvvədə olan müqavilə öhdəlikləri əsasında həyata keçirilir.

Ukraynaya gəlincə, bu ölkədə gəmi vasitəsilə maliyyə daşımaları bütün limanlarda dayandırılıb. O, artıq Cənub-Şərqi Asiya, Yaxın Şərq və Afrika kimi regionlara məhsul göndərə bilmir. Hazırda ərzaq çatışmazlığı ilə üzləşən bu ölkələr üçün bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil.

Bu arada, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 2 dəfə (20%-dək) artırdıqdan sonra kənd təsərrüfatı sahəsinin kredit resurslarına çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşacaq. Bu, kənd təsərrüfatı və aqrar-sənaye kompleksi sahələrində investisiyaların azalmasına səbəb olacaq. Bir sözlə, bu il ərzaq məhsulları bahalaşacaq. Bunun qarşısını almaq mümkün olmayacaq. Hətta münaqişə qısa müddət ərzində başa çatsa da, dünya bazarı tezliklə sarsıntılardan “özünə gələ bilməyəcək”. Təəssüf ki, bu proses Azərbaycandan da yan keçməyəcək.

Onu da unutmaq olmaz ki, bizdə Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı fərmanla Dövlət Ehtiyatları Agentliyi yaradılıb. O, Dövlət Taxıl Fondunun sərəncamına verilib. Ölkədə ərzaq ehtiyatı var və bu, hökumətin ən kritik anda bazarda vəziyyəti sabitləşdirmək üçün istifadə edə biləcəyi ciddi «təhlükəsizlik yastığı»dır

 

Nə olacaqsa, o da olacaq

Azərbaycanın ən yaxın qonşusu olan Rusiya ənənəvi olaraq ölkəmizin ilk 3 ticari tərəfdaşından biridir. Moskva Bakının iri layihələrdə də əsas tərəfdaşları sırasındadır. Digər tərəfdən Azərbaycan Ukrayna ilə bərabər çoxlu sayda birgə müəssisələr, layihələr həyata keçirib.

Rusiya isə Azərbaycana taxıl ixrac edən əsas ölkədir. Taxıl idxalının 95%-i məhz şimal qonşumuzun payına düşür. Buna görə də ola bilsin ki, ən azı yaxın perspektivdə tədarük zəncirində problem yarana bilər. Regionda yeganə alternativ kimi Qazaxıstanı qeyd etmək olar. Lakin o, 2022-ci ildə buğda əkini sahəsini 338,1 min hektara qədər azaldıb. Odur ki, bizim Qazaxıstan buğdasını əldə edəcəyimiz də sual altındadır. Digər alternativlərdən isə buğdanı daha baha qiymətə ala bilərik. Bu, məhsulun qiymətinin artmasına səbəb olacaq.

Bu arada, hazırda dünya bazarında günəbaxan yağının qıtlığı müşahidə olunur. Dünyada istifadə olunan bu yağ növünün 60%-i məhz Qara dəniz regionunda istehsal olunur. Ukraynadan sonra ikinci yeri isə Rusiya tutur. Azərbaycanın Rusiyadan günəbaxan yağı aldığını qeyd etmək yerinə düşər. Ötən il Azərbaycana idxal edilən günəbaxan yağının 98%-i məhz bu ölkənin payına düşüb. Yerdə qalan hissə isə Türkiyədən tədarük olunub. Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq olduğu dövrdə alternativ tədarükçü Argentina ola bilər. Azərbaycanın bu ölkədən qarğıdalı yağı idxal etdiyini nəzərə alsaq, günəbaxan yağının tədarükü üçün lazımi logistikanın olduğunu əminliklə söyləyə bilərik. Qeyd edək ki, ötən il Azərbaycan 12 ölkədən ümumilikdə 20 min 526 ton günəbaxan yağı alıb. Bunun, təxminən, 60%-i Argentinanın payına düşüb.

 

Nəqliyyat və logistika

Qeyd etdiyim kimi, Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsi fonunda Azov hövzəsində yerləşən Mahaçqala və Taqanroq limanlarında gəmiçilik daşımaları dayanıb. Üstəlik, indi Rusiyadan daşımalar mövcud müqavilə öhdəlikləri əsasında həyata keçirilir. Ticarət gəmiləri yüksək risk üzündən Qara dənizə daxil olmaqdan çəkinir. Ukraynanın dəniz limanlarında da bütün maliyyə daşımaları dayandırılıb.

Bütün bunlara görə qonşu ölkələr məhsulların tədarükü ilə bağlı alternativ marşrutları nəzərdən keçirirlər. Məsələn, Qazaxıstan Azərbaycana bu ölkədən Avropaya ixrac edilən yüklərin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə nəqlini təklif edib. Bu məqsədlə “Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru Almasadam Satkalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfərə gəlib. Tərəflər arasında əsas müzakirə mövzusu isə adı çəkilən marşrutun inkişafı üçün birgə müəssisənin yaradılması layihəsi olub. İndiki mərhələdə Gürcüstanın da qoşulduğu yeni birgə müəssisə tariflərin müəyyən edilməsinə, yüklərin bəyan olunması ilə bağlı məsələrin həllinə, həmçinin vahid informasiya texnologiyalarının tətbiqinə və bu marşruta tranzit yüklərin konsolidasiyasına yardım göstərəcək.

Yeri gəlmişkən, Azərbaycan və Qazaxıstanın coğrafi xüsusiyyətləri, yəni bu ölkələrin Avropa ilə Asiyanın böyük iqtisadi mərkəzləri arasında yerləşməsi onlar arasında səmərəli, yaxşı təşkil edilmiş nəqliyyat şəbəkəsini təmin etmək üçün real imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması isə bu marşrutun inkişafı üçün əlavə impulsdur. Qeyd edək ki, bu dəmir yolu Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə yüklərin daşınması müddətini 12 günə qədər azaltmağa imkan verib. Ümumilikdə bu marşrut vasitəsilə illik 10 milyon tona qədər yük, həmçinin 200 minə qədər konteyner nəql etmək mümkündür.

Bundan əlavə, Qazaxıstan öz neftini Azərbaycan vasitəsilə nəqlini təklif edib. Bu, mövcud marşruta alternativ ola bilər. İndi Ukraynadakı müharibə Qazaxıstan neftinin ixracına təhdid yaratdığına görə buna ehtiyac yaranıb. Qazaxıstan nefti Rusiyanın Qara dəniz hövzəsində yerləşən Novorossiysk neft terminalına nəql olunur. Bu terminal isə hazırda şiddətli döyüşlərin getdiyi Mariupoldan cəmi 200 kilometr məsafədə yerləşir.

Enerji resursları ilə bağlı ixtisaslaşmış “S&P Global Platts” agentliyinin məlumatına əsasən, yükgöndərənlər artıq Novorossiyskdən tankerlər vasitəsilə xam neftin alınmasının nəzərdə tutulduğu sifarişləri ləğv edir. Yeri gəlmişkən, Azərbaycan da öz neftini şimal istiqamətində nəql edir. Lakin Qazaxıstandan fərqli olaraq, ölkəmizin Rusiya ərazisindən yan keçən alternativ marşrutları var. Onlar arasında Bakı-Tbilisi-Ceyhan kəmərini ayrıca qeyd etmək olar. Məhz bu kəmər Qazaxıstan neftinin nəqlinə yararlı ola bilər.

 

Aviasiya və turizm gözləmə mövqeyindədir

Rusiya-Ukrayna böhranından müəyyən mənada aviasiya və turizm sahələri əziyyət çəkir. Bu, Azərbaycanın adı çəkilən sahələrinə də aiddir. Böyük sığorta şirkətlərinin Rusiyaya uçuşlara təkrarsığorta təminatı verməkdən imtina etməsinə görə Rusiyanın aviaşirkətləri, həmçinin bizim milli aviaşirkətlərimiz planlaşdırılan reysləri ləğv edib. Onlar artıq alınmış biletlərin pulunu geri qaytarmalıdırlar. Bütün bunlar Rusiya və Ukraynaya müntəzəm uçuşlar həyata keçirən aviaşirkətlərin büdcəsinə böyük zərbə vuracaq. Üstəlik, onsuz pandemiya böhranından çətinliklə bərpa olunan hava limanları, xidmət şirkətləri və bununla bağlı digər sahələr zərər görəcəklər. Rusiya istiqamətində uçuşların ləğvi turizm şirkətlərini də çıxılmaz vəziyyətə salıb. Məsələn, bron edilmiş turların əksəriyyəti ləğv edilir, insanlar belə təlatümlü dövrdə səyahət etməkdən qorxurlar.

Məlumat üçün qeyd edək ki, 2021-ci ildə Azərbaycana 792 min nəfər xarici və vətəndaşlığı olmayan şəxs səfər edib. Onların 32,6%-i Rusiyadan olan turistlər idi. Bu, 2020-ci illə müqayisədə 14,7% çox olub. Odur ki, bu il yerli turizm şirkətləri Novruz bayramı və yay mövsümünə böyük ümidlər bəsləyirdi. Təəssüf ki, turizm şirkətlərinin ümidləri çətin ki, doğrulsun.

Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov hesab edir ki, quru sərhədlərin açılması, aviareyslərin sayının artırılması yolu ilə digər istiqamətlərə nəzər yetirilməli və başqa ölkələrdən turist axını təmin edilməlidir. Lakin bir məsələ aydındır ki, bu il proqnozlaşdırılan göstəricilərə nail olunması mümkün deyil. Daxili turizm istisna olmaqla.

Bir sözlə, cərəyan edən hadisələrin Azərbaycan iqtisadiyyatına vuracağı zərbəni proqnozlaşdırmaq hələ çətindir. Şübhəsiz, hökumət riskləri qiymətləndirir və əks tədbirlər hazırlayır. Lakin etiraf etməliyik ki, istənilən halda fəsadlardan yan keçmək mümkün olmayacaq. Bu gün əsas məsələ isə onların miqyasını mümkün qədər azaltmaqdır.



MƏSLƏHƏT GÖR:

165