Müəllif: Nigar ABBASOVA
Mart ayı qlobal neft-qaz bazarı üçün yaz mövsümünə xas olmayan dərəcədə “isti” keçib. Əgər iki il əvvəl Rusiyanın, neft hasilatının məhdudlaşdırılması ilə bağlı OPEC+ sazişindən çıxması üzündən qara qızılın qiyməti son 20 ilin minimum rekordunu yeniləsə də, 2022-ci il tarixi maksimuma çatıb.
Rusiyanın Ukrayna ərazisindəki hərbi əməliyyatları və bunun ardınca Qərbin Moskvaya qarşı kifayət qədər sərt iqtisadi sanksiyaları fonunda neft-qaz qiyməti yeni zirvələri “fəth etməyə” istiqamətlənib. Üstəlik, buna avropalı və digər istehlakçıların Rusiyanın enerji resurslarını (neft, kömür, mayeləşdirilmiş qaz) əldə etməkdən mümkün imtinaları ilə bağlı bəyanatları təsir göstərib. Nəticədə, bu il martın 7-də Avropada təbii qazın qiyməti tarixi rekordu yeniləyib: 1 kubmetr qazın qiyməti 4 min dollara yüksəlib. Lakin cəmi üç gün qabaq hərraclarda 1 kubmetr qazın son qiyməti 2150 dollar olub. TTF-də fevral ayı üçün “mavi yanacağın” orta qiymətinin 935 dollar olduğunu qeyd etmək yerinə düşər.
Bu arada, “Brent” və “WTI” etalon markalı neftin qiyməti tarixi rekorda yaxınlaşır. 2008-ci ildə neftin qiyməti ən yüksək həddə çatmışdı (150 dollar). Martın 7-də isə bu enerji resursunun qiyməti 2008-ci ildən bəri ilk dəfə ən yüksək həddə yaxınlaşıb: 1 barel neftin qiyməti 139 dollara çatıb. “WTI” markalı neftin qiyməti isə 130 dollardan yüksək olub. Yeri gəlmişkən, “JPMorgan Chase&Co.”nun analitikləri hesab edirlər ki, “Brent” markalı neftin bir barelinin qiyməti ilin sonuna qədər 185 dollara çata bilər.
Könüllü imtina
Son iki həftədə qiymət artımın əsas katalizatoru isə qlobal bazarda Rusiyadan xammal tədarükü ilə bağlı real və ya mümkün fasilələrin yaranması ilə bağlı qorxular olub. Eyni zamanda Ağ Ev administrasiyasının Rusiya neftinin idxalının dayandırılması ilə bağlı qərarı “barıt çəlləyinə kirbit çəkmək” effekti yaradıb. Qeyd edək ki, ABŞ iqtisadiyyatı üçün müəyyən risklərin meydana gələcəyinə baxmayaraq, rəsmi Vaşinqton Rusiyanın enerji resurslarının idxalından imtina edib. Üstəlik, o, Rusiyanın enerji sektoruna ABŞ şirkətlərinin investisiya qoymasını, həmçinin bu ölkənin enerji sektorunun xarici şirkətlər tərəfindən maliyyələşdirilməsini qadağan edib.
ABŞ Prezidenti Co Baydenin sözlərinə görə, Vaşinqton bu qərarı dünyadakı, xüsusən Avropadakı müttəfiqləri və tərəfdaşları ilə intensiv məsləhətləşmələrdən sonra verib. Digər tərəfdən Ağ Ev anlayır ki, Avropa dövlətləri bu qadağaya qoşula bilməyəcək.
Yeri gəlmişkən, ABŞ Maliyyə Nazirliyi artıq Rusiyadan neft, neft məhsulları və kömür idxalı ilə bağlı sövdələşmələrin dayandırılması ilə bağlı son tarixi də açıqlayıb: ABŞ-ın Şərq sahili vaxtı ilə 2022-ci il aprelin 22-i saat 00:01-dən etibarən.
Amma ABŞ hakimiyyəti bu qərarın yerli yanacaq istehlakçılarına təsirsiz ötüşməyəcəyini etiraf edir. Amerikalı rəsmilər ölkədə benzinin qiymətinin artacağını gözləyir. ABŞ-da son bir neçə gün ərzində benzinin qiymətinin tarixi maksimuma çatdığını qeyd etmək yerinə düşər: 1 qallon benzinin qiyməti 4,17 dollara çatıb.
“JPMorgan”nın proqnozlarına əsasən, ABŞ-ın Rusiya neftindən imtinası ölkənin “böyük maliyyə itkiləri” ilə üzləşməsinə səbəb ola bilər. Digər tərəfdən o, Avropa ilə müqayisədə Rusiyanın enerji resurslarından daha az asılıdır. Məsələn, 2021-ci ildə Rusiyanın enerji resursları tədarükü ABŞ-ın bütün enerji resursları idxalının cəmi 8%-ni və ya istehlakın 3%-ni təşkil edib. Beləliklə, Vaşinqtonun bu miqyasda enerji resurslarından imtinasını çətin ki, ABŞ iqtisadiyyatı üçün kritik hədd hesab etmək olar.
Böyük Britaniya da ABŞ-ın ardınca bu qərarı dəstəkləyib. Bu ölkənin hakimiyyəti bəyan edib ki, o, yaxın aylar ərzində tədricən Rusiya neftindən imtina etmək niyyətindədir. İndi Böyük Britaniyadan olan istehlakçıların neftə olan tələbatının 8%-i Rusiya tərəfindən ödənilir. Odur ki, bu ölkənin enerji resursları bazarlarının və biznesin yeni reallıqlara uyğunlaşması və Rusiya neftini əvəzləməsi üçün keçid dövrünə ehtiyac var. “Bloomberg” agentliyinin məlumatına əsasən, bu qadağa emal olunan neft məhsullarının, xüsusilə dizelin idxalına təsir göstərəcək. Lakin bu, Rusiyadan Böyük Britaniyaya ixrac edilən təbii qaza aid deyil.
Qeyd edək ki, Böyük Britaniya Statistika İdarəsinin məlumatına görə, ötən il Britaniyanın Rusiyadan neft idxalı 4 milyard funt-sterliq (5,3 milyard dollar) olub. Ümumiyyətlə, Rusiyadan idxal edilən neft və emal olunan neft məhsullarının ümumi idxaldakı payı 13,4% təşkil edib.
Avropa İttifaqına (Aİ) gəlincə, o, bununla bağlı heç bir qadağa tətbiq etməyib. Lakin Avropa Komissiyası bəyan edib ki, Aİ 2022-ci ilin sonuna qədər Rusiyadan təbii qazın tədarükünü düz üçdə iki həcmində azaltmağı planlaşdırır. O, bunun əvəzində Qətər və ABŞ-dan mayeləşdirilmiş qaz idxal edəcək.
Digər tərəfdən gözlənildiyi kimi, Avropada çox az ölkə Rusiya qazından imtina etməyə hazırdır. Məsələn, Niderlandın Baş naziri Mark Rutte açıq şəkildə bəyan edib ki, o, Rusiyanın neft-qaz idxalından dərhal imtina edilməsi fikrini dəstəkləmir, çünki bu, Aİ ölkələri üçün məqsədəuyğun deyil.
“Mən indi Rusiyadan neft-qaz tədarükünün dayandırılmasının tərəfdarı olmayacağam. Bu, mümkün deyil, çünki bu tədarükə ehtiyacımız var və bu, xoşagəlməz həqiqətdir”, - deyə M.Rutte bildirib.
Kansler Olaf Şolts isə növbəti dəfə Rusiyadan enerji resurslarının idxalının dayandırılması ehtimalını istisna edib. Almaniya hökumətinin başçısı vurğulayıb ki, ABŞ neft-qaz ixracatçısıdır, amma bunu Avropa haqda söyləmək olmaz.
Alternativ var
Bununla belə, Moskva müxtəlif səviyyələrdə xəbərdarlıq edir ki, Rusiyanın enerji resurslarından imtina edilərsə, bu, dünya istehlakçıları üçün ağır nəticələrə səbəb olacaq. Məsələn, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov qeyd edib ki, bu, dünya bazarlarında kifayət qədər böyük dalğalanmalara səbəb olacaq, həmçinin ilk növbədə, ABŞ-dakı şirkətlərin və istehlakçıların maraqlarına mənfi təsir göstərəcək.
Rusiya baş nazirinin müavini Aleksandr Novak isə öz növbəsində Rusiya neftindən imtina ediləcəyi təqdirdə dünya bazarı üçün fəlakətli nəticələrin olacağını proqnozlaşdırır: “Neft qiymətinin artımı təxminedilməz olacaq – 1 barel üçün 300 dollardan çox, bəlkə də, daha yuxarı. Eyni zamanda, Avropa bazarında Rusiya neftinin həcmini tez bir zamanda əvəzləmək mümkün deyil. Bu məqsədlə bir ildən artıq vaxt lazım olacaq. Üstəlik, bu, avropalı istehlakçılara baha-başa gələcək. Belə ssenaridə əsas zərərçəkənlər məhz onlar olacaq”.
Bu arada, “Rystad Energy”nin analitiklərinin hesablamalarına əsasən, əgər Vaşinqtonun Qərb müttəfiqləri ABŞ-ın Rusiyanın enerji idxalına tamamilə qadağa qoyulması ilə bağlı qərarını dəstəkləsələr, bu, bazara gündəlik 4,3 milyon barel az neftin daxil olmasına gətirib çıxaracaq və bunu tez bir zamanda başqa mənbələrlə doldurmaq mümkün olmayacaq.
İndi Vaşinqton Rusiya yanacağından rəsmən imtina etdiyinə görə, ABŞ-ın İranla sazişin imzalanması ilə bağlı razılığa gələcəyini gözləmək olar. Bu, İslam Respublikasından neft ixracı ilə bağlı sanksiyaları aradan qaldıracaq. Son zamanlar tərəflər danışıqlarda irəliləyişə nail olublar. Bu danışıqlar hər an uğurla başa çata bilər. Nəticədə, bu, İrana yaxın bir neçə ay ərzində bazara gündəlik 1-1,5 milyon barel neft tədarük etməyə imkan yaradacaq. Doğrudur, bu həcmdə İran nefti Rusiya enerji resursunu əvəz etməyəcək. Amma bu, bazardakı vəziyyəti bir az sakitləşdirə bilər.
Digər variant isə Kanadadır. O, ABŞ-a gündəlik 1 milyon barel ağır neft ixrac etməyə hazırdır. Lakin ABŞ-ın qonşusunun şərtləri var: Vaşinqton Kanada-ABŞ sərhədindən keçən “Keystone XL” neft boru kəmərinin tikintisinə qadağanı aradan qaldırmalıdır. Xatırladaq ki, prezident Co Bayden bu kəmərin tikintisini 2021-ci ilin yanvarında dayandırıb.
Başqa variantlar da var. Buraya ABŞ daxilində, həmçinin Meksikada hasil edilən daha ağır neft növləri daxildir. Bundan əlavə, Vaşinqton 2019-cu ildə diplomatik əlaqələri kəsdiyi Venesuelanı belə, nəzərdən keçirir. Yeri gəlmişkən, ötən həftə amerikalı diplomatlardan ibarət nümayəndə heyəti Karakasa səfər edib. Ekspertlər hesab edirlər ki, onlar Venesueladan neft ixracının mümkün bərpasını müzakirə edə bilərdilər. Vaşinqton ilə Karakas arasında son illər ərzində ilk yüksək səviyyəli bu görüşdən sonra tərəflərin növbəti görüşü planlaşdırılır. Bu haqda Venesuela Prezidenti Nikolas Madura məlumat verib.
ABŞ hazırda OPEC ölkələri ilə də danışıqlar aparır. BƏƏ neft hasilatını artırmaq təşəbbüsü ilə çıxış edib. Bu ölkənin Vaşinqtondakı səfiri Yusef əl-Otayba bildirib ki, BƏƏ OPEC-ə üzv olan digər dövlətlərə neft hasilatını artırmağı tövsiyə edəcək, çünki Rusiyanın Ukraynadakı hərbi əməliyyatı son on ildə neft qiymətinin ən yüksək səviyyəyə qalxmasına səbəb olub.
Digər tərəfdən BƏƏ-nin energetika naziri Süheyl əl-Mazrui “Twitter”də yazıb ki, ölkəsi neft hasilatının tənzimlənməsi ilə bağlı OPEC+ razılaşmasının şərtlərinə əməl edəcək. Qeyd edək ki, hazırkı plana əsasən, OPEC+ ölkələri hər ay gündəlik neft hasilatını 400 min barel artırır.
Məcburi endirimlər
Rusiyalı rəsmilərin açıqlamalarının əksinə olaraq, ölkənin neft ixracına qoyulan məhdudiyyətlər Rusiya üçün son dərəcə ağrılı olacaq. Böyük Britaniyanın “Capital Economics” analitik şirkəti hesab edir ki, belə sanksiyalar Rusiyanın ümumdaxili məhsulunun 25% azalmasına, dolların məzənnəsinin isə 200 rubla qədər artmasına səbəb olacaq. Belə təqdirdə, ölkədə inflyasiya 30%-ə çata bilər.
Əgər Avropa ölkələri Rusiya neftindən imtina edərsə, Rusiya Çində “qara qızıla” olan böyük tələbatı nəzərə alaraq, öz enerji resursunu Asiyaya istiqamətləndirə bilər. Doğrudur, bu zaman Moskva nefti endirimlə satmalı olacağı faktını nəzərə almalıdır. Axı, yeni alıcıların cəlb edilməsi üçün müəyyən motivasiyaya ehtiyac duyulur.
Lakin təbii qaz məsələsi istər Rusiya, istərsə də Avropa ölkələri üçün çox qəliz olacaq. Birincisi, ona görə ki, Avropa dövlətlərinin hətta başqa ölkələrdən mayeləşdirilmiş qaz əldə etsə də, indiki məqamda Rusiyadan idxal etdiyi qazı əvəz etməsi mümkün deyil. Rusiyaya gəlincə, onun ixrac infrastrukturu əsasən Avropa bazarına istiqamətlənib.
Hazırda Rusiya neftinə bir başqa qadağa olmasa da, bir çox şirkətlər Rusiyadan neft almaqdan imtina edir. Nəticədə, Rusiyanın “Urals” markalı nefti digər etalon neft markaları ilə müqayisədə böyük endirimlə satılır. Treyderlər isə Rusiya banklarına qarşı sanksiyalar üzündən böyük miqdarda “Urals” markalı neftin alışının qeyri-mümkün olduğunu deyirlər. Bu faktı Rusiya hökuməti də təsdiqləyir.
“Böyük çıxış”
Xarici şirkətlərin kütləvi şəkildə Rusiya bazarından çıxması ilk növbədə bu ölkənin investisiya imicinə daha bir zərbə idi. BP, “Shell”, “ExxonMobil” və “Equinor” kimi ən böyük neft-qaz şirkətləri bu prosesdən kənarda qalmayıb. Onlar Rusiyadakı layihələr və birgə müəssisələrlə bağlı fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər. Üstəlik, bəzi şirkətlər Rusiyanın neft-qazını almaqdan belə, imtina ediblər. Qeyd edək ki, bu şirkətlər Rusiyadakı birgə müəssisələrin bəzilərində təkcə passiv investor rolunu oynamır: ayrı-ayrı layihələrin həyata keçirilməsi məhz xarici şirkətlərin texnologiyalarından və işçilərindən asılıdır. Məsələn, BP şirkəti bəyan edib ki, o, Böyük Britaniya hökumətinin təzyiqi üzündən nəhəng neft şirkəti olan “Rosneft”dəki təxminən 19,75%-lik payından imtina edəcək. Xatırladaq ki, BP 2013-cü ildən bəri “Rosneft”də paya malikdir.
Bundan əlavə, BP elan edib ki, o, Rusiyaya məxsus olan və ya bu ölkənin istismar etdiyi gəmiləri mümkün olduğu qədər kirayə götürməyəcək. Üstəlik, Böyük Britaniya şirkəti Rusiyadan yeni neft-qaz alışı həyata keçirməyəcək. Amma o, xəbərdarlıq edib ki, əgər enerji təchizatının təhlükəsizliyinə təhdid yaranarsa, o, son vədindən (Rusiyadan yanacaq alışından) imtina edə bilər.
Norveçin neft-qaz şirkəti “Equinor” isə Rusiyaya yeni investisiya qoyuluşunu dayandırmaq və bu ölkədəki birgə müəssisələrlə bağlı fəaliyyətinə son qoymaq prosesinə başlamaq qərarına gəlib. “Equinor” artıq 30 ildən çoxdur ki, Rusiyada fəaliyyət göstərir. Onun “Rosneft” şirkəti ilə əməkdaşlıq sazişi belə imzalayıb. Bu sənədə əsasən, şirkətlər Şərqi Sibirdəki yataqların birgə istismarı ilə məşğuldurlar.
ABŞ-ın ən böyük neft-qaz şirkəti olan “Exxon Mobil” şirkəti də Rusiyadakı fəaliyyətini dayandırdığını rəsmən açıqlayıb. O, operatoru olduğu “Saxalin-1” layihəsi üzrə fəaliyyətini dayandırdığını və Rusiyaya investisiya qoymayacağını elan edib.
İngiltərə-Niderland neft-qaz korporasiyası “Shell” də neft, neft məhsulları, qaz və mayeləşdirilmiş qaz daxil olmaqla, Rusiyadakı karbohidrogen layihələrində iştirakdan tədricən imtina edəcək. Şirkət “Qazprom” ilə birgə müəssisələrdən çıxır. Buraya 27,5% paya malik olduğu “Saxalin-2” maye qaz zavodu və 50% paya sahib olduğu “Salym Petroleum Development” və “Qazpromneft”lə birgə müəssisəsi olan “Qıdan Enerji” daxildir. Üstəlik, “Shell” şirkəti “Şimal axını - 2” layihəsində iştirakını dayandırır.
“Şirkət dərhal ilk addım kimi Rusiya neftinin spot alışını dayandıracaq. O, həmçinin Rusiyada yanacaqdoldurma məntəqələrini bağlayacaq və bu ölkədə aviasiya yanacağı və sürtkü yağlarının istehsalını dayandıracaq”, - deyə “Shell” şirkətinin bəyanatında bildirilir.
Fransanın “Total”, İtaliyanın “Eni” və İsveçrənin “Glencore” şirkətləri də Rusiyada yeni layihələrə sərmayə qoyuluşunu dayandırdıqlarını elan ediblər. “Qazprom”un uzun müddətdir ki, tərəfdaşı olan Almaniyanın “Wintershall Dea” şirkəti belə, Rusiyadakı fəaliyyətini yenidən nəzərdən keçirməyi qərara gəlib.
Nəhəng neft-qaz şirkətlərinin Rusiyanı tərk etməsi fonunda Rusiya şirkətlərinin səhmləri xeyli ucuzlaşıb. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri isə ölkədən xarici şirkətlərin “böyük çıxışı”nı sırf siyasi addım kimi qiymətləndiriblər, buna sərt və prinsipial cavab verəcəklərini vəd ediblər. Rusiyalı parlamentarilər isə ölkəni tərk edən şirkətlərin əmlaklarını milliləşdirməyi təklif ediblər. Üstəlik, əmlaklarının milliləşdirilməsi təklif edilən 60 şirkətin daxil olduğu siyahı belə yaradılıb. Amma Rusiya hökuməti cavab tədbiri kimi, xarici biznesin Rusiya aktivlərindən çıxarılmasına müvəqqəti qadağa tətbiq etməklə kifayətlənməyi planlaşdırır.
Bir sözlə, Moskvanın sərt, adekvat cavab tədbirləri həyata keçirəcəyi ilə bağlı təhdidlərinə baxmayaraq, xarici şirkətlərin Rusiya bazarını belə açıq şəkildə boykot etməsi əslində, sanksiyaların uzunmüddətli olacağını söyləməyə əsas verir. Doğrudur, belə böyük həcmdə sanksiyalar təkcə Rusiyaya deyil, həm də onu tətbiq edən ölkələrə ciddi ziyan vurur. Lakin bu vəziyyətin nə qədər davam edəcəyini heç bir ekspert proqnozlaşdıra bilməz.
MƏSLƏHƏT GÖR: