24 Noyabr 2024

Bazar, 19:22

ÇƏTİN SEÇİM

Vaşinqton, Moskva və Pekin Fars körfəzi ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidirlər

Müəllif:

15.03.2022

Rusiya-Ukrayna böhranı Fars körfəzi ölkələrini heç üzləşmək istəmədikləri vəziyyətlə qarşı-qarşıya qoyub: onları tarixi tərəfdaşlıq əlaqələri olan ABŞ ilə iqtisadi-siyasi əlaqələri getdikcə dərinləşən Rusiya arasında seçimə məcbur edirlər. Körfəz Əməkdaşlıq Şurasının (GCC) üzvləri olan Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri isə öz növbələrində, bu prosesdən mümkün qədər uzaq durmağa çalışır, bu böhranın, ilk növbədə, ABŞ, Aİ və NATO-nun maraqlarına toxunduğunu bildirirlər.

 

Qəzəbləndirmə!

BMT Təhlükəsizlik Şurasının (TŞ) 10 qeyri-daimi üzvündən biri olan BƏƏ martdan quruma sədrliyə başlayıb. TŞ-nin Rusiyanın Ukraynaya hücumundan bir gün sonra - fevralın 25-də keçirilmiş iclasında o, Çin və Hindistanla birlikdə Moskva əleyhinə qətnaməyə səs verməkdən çəkinib. Sənəddə Rusiyadan «öz silahlı qüvvələrini Ukrayna ərazisi və onun beynəlxalq səviyyədə tanınan sərhədlərinin hüdudlarından dərhal, tam və qeyd-şərtsiz çıxarması» tələb olunur.

Halbuki Vaşinqton BƏƏ də daxil olmaqla, hamıdan bu təşəbbüsün dəstəklənməsini israrla xahiş etmişdi. Doğrudur, qətnamə onsuz da qəbul olunmayıb. Hər halda, Rusiyanın ona veto qoyacağı dər kəsə bəlli idi. Ola bilsin ki, BƏƏ məhz bu səbəbdən bitərəf qalaraq, Moskvanı qəzəbləndirmək istəməyib. Bundan başqa, cəmi 3 gün sonra BMT TŞ-də artıq BƏƏ tərəfindən hazırlanmış, Yəməndəki husi qiyamçıların terrorçu kimi tanınmasını nəzərdə tutan qətnamə səsverməyə çıxarılmalı idi. Bu halda Rusiya həmin sənədin qəbuluna imkan verməyə bilərdi.

Artıq martın 2-də BƏƏ BMT Baş Assambleyasının təcili toplantısında Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyən, Moskvadan qoşunlarını dərhal geri çəkməsini tələb edən qətnaməni dəstəkləyib.

Qeyd edək ki, Baş Assambleyanın qətnamələri icrası məcbur olan sənədlər deyil. Bu, yalnız BMT TŞ-nin qərarlarına aiddir. Odur ki, bu halda Rusiyanın qəzəblənəcəyindən çəkinməyə dəyməzdi.

 

İstəsələr bacararlar

Rusiya xam neft hasilatına görə dünyada ikinci yerdədir. 2021-ci ildə dünyadakı ümumi neft hasilatının, təxminən, 14%-i onun payına düşüb. Rusiya neftinin 60%-i Avropaya, təxminən, 10%-i isə ABŞ-a ixrac olunur. İndi Ukrayna böhranının dərinləşməsi fonunda Rusiya neft və qazının boykot olunması ilə bağlı çağırışlar xüsusi aktuallıq qazanıb. ABŞ artıq onlardan tam imtina ilə bağlı qərar qəbul edib. Böyük Britaniya isə eyni qərarı ilin sonunadək qəbul edəcəyini bildirir. Bu məsələdə ən çətin durumda olan, əlbəttə ki, Avropadır. Lakin o da Rusiyadan aldığı enerji daşıyıcıları həcminin ən azı üçdə ikisindən imtina edə biləcəyini göstərir. Lakin bunun üçün Rusiyanın enerji daşıyıcılarına alternativ tapılmalıdır və bu işdə əsas rol məhz Yaxın Şərq dövlətlərinin üzərinə düşə bilər. Məsələn, ABŞ hasilatı asanlıqla artıra biləcək Səudiyyə Ərəbistanı ilə BƏƏ-yə ümidlidir. Bəli, onlar istəsələr bu işin öhdəsindən gələ bilərlər. Lakin görünən odur ki, istəmirlər. «OPEK+»un martın 2-də keçirilmiş son toplantısı cəmi 13 dəqiqə davam edib. Qurumun 23 üzvünün hər biri sutkalıq neft hasilatını 400 min barelə yalnız apreldə qaldıra biləcəklərini deyiblər. Çünki bu haqda razılıq hələ ötən il əldə olunub. Lakin bu gün qiymətlərin sabitləşdirilməsi üçün bu, təbii ki, kifayət deyil. Üstəlik, yekun sənəddə neftin sürətlə bahalaşmasının səbəbi kimi Ukrayna müharibəsinə ümumiyyətlə toxunulmayıb.

 

Dəyişən prioritetlər

70 ildən artıq dövrdə Birləşmiş Ştatlar Yaxın Şərqin dağıdıcı münaqişələrində əsas rol oynayıb. O, xüsusilə Fars körfəzinin neftlə zəngin monarxiyalarının potensial təhlükələrdən, ilk növbədə, İrandan qorunmasında ciddi mövqe sərgiləyib. Lakin son illər Vaşinqton başqa bölgələrdə olduğu kimi, bu regionda da hərbi mövcudluğunu nəzərəçarpacaq dərəcədə azaldıb. Amma BƏƏ ilə Səudiyyə Ərəbistanı Amerikanın siyasətindən narazılığı bundan çox əvvəl ifadə etməyə başlamışdılar. Onlar bu mövqedən prezident Barak Obamanın 2011-ci ildəki «ərəb baharı» zamanı, daha sonra isə 2015-ci ildə İranla nüvə razılaşmasının imzalandığı vaxt əsrlik ərəb tərəfdaşlarının «maraqlarına etinasız yanaşmasından» sonra çıxış etməyə başlayıblar.

Donald Trampın dövründə əlaqələr bərpa olunub. Məlum olduğu kimi, Tramp ABŞ prezidenti kimi ilk xarici səfərini Ər-Riyada etmiş, Vaşinqtonu İranla nüvə razılaşmasından çıxarmış, Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin Qətərlə mübahisəsi zamanı birincilərin tərəfini tutmuşdu. «Washington Post»un müxbiri Camal Qaşıqçının qətlindən sonra Amerikanın xüsusi xidmət orqanları qətlə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən qərar verildiyini açıqlasa da, Tramp şahzadə ilə görüşdə onu «dost» adlandırmışdı. Halbuki Vaşinqton bu hadisə ilə əlaqədar, şahzadəyə rəsmən sanksiya tətbiq etmişdi. Prezidentliyinin son günlərində isə Donald Tramp Yəmən husiləri birliyini terror təşkilatı kimi tanımaqla, Fars körfəzi ölkələrinə əməlli-başlı hədiyyə etmişdi.

Lakin Co Baydenin hakimiyyətə gəlişi ilə tərəflər arasında münasibətlər yenidən pisləşib. Bayden hələ seçki təbliğatı zamanı Səudiyyə Ərəbistanına jurnalist qətli ilə əlaqədar izqoy dövlət kimi baxdığını deyib. Ağ Evə rəhbərliyə başladıqdan sonra isə o, Yəmənlə müharibənin uzanmasına görə Səudiyyə Ərəbistanını tənqid edib, Ər-Riyada onun husilərə qarşı istifadə edə biləcəyi bəzi silahları tədarükünü dayandırıb.

ABŞ prezidenti Trampın husilərin terrorçu kimi tanınması qərarını da ləğv edib. Bayden administrasiyası bu qərarı, yəqin ki, İranla nüvə razılaşmasının bərpasına dair danışıqların bərpası ilə əlaqədar verib. Bundan başqa, Vaşinqtonda hesab edirlər ki, husilərin terrorçu kimi tanınması Yəmən xalqına humanitar yardımların göstərilməsinə mane olacaq. Bu fikirlə bir sıra digər dövlətlər, hətta BMT və onun qeyri-hökumət humanitar təşkilatları da razıdır. Onların da fikrincə, bu vəziyyət Yəmən iqtisadiyyatının iflasını sürətləndirə bilər. Məsələ ondadır ki, bu ölkəyə ərzaq məhsulları tədarük edən şirkətlər bu halda Yəməndə biznesi dayandırmaq məcburiyyətində qalırlar. Çünki əks təqdirdə ABŞ sanksiyalarını pozmuş hesab olunurlar.

Bütün bunların fonunda husilərin Səudiyyə Ərəbistanı və digər region ölkələri ərazisində müxtəlif obyektlərə terror hücumları artıb. Onların Əbu-Dabidə yanvarın 17-də təşkil etdikləri terror aktı nəticəsində 3 neft tankeri partlayıb və bir neçə insan həlak olub. Bundan sonra BƏƏ ABŞ Baş Assambleyasından husilərin terrorçu kimi tanınmasını tələb edib.

Bu qətnamə Rusiya kimi, ABŞ tərəfindən də dəstəklənib. Lakin onlar sənədin mətni üzərində ciddi iş aparıblar. Yekun variantdan husilərə maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutan bənd çıxarılıb və Yəmənə kommersiya idxalının yüngülləşdirilməsinin vacibliyi haqda ifadə salınıb. Bundan başqa, qətnamədə husilərin sülh danışıqlarında iştirak hüququ tanınır. Məqsəd onların terrorçu kimi tanınmasının sülh prosesinə mane olmamasıdır.

Beləliklə, BƏƏ ilə Səudiyyə Ərəbistanının tələbləri qismən də olsa yerinə yetirilib. Lakin hər iki ölkənin hökuməti ABŞ-ın daha bir mövqeyindən narazılığını ifadə edib. Həm BƏƏ-də, həm də Səudiyyə Ərəbistanında hesab edirlər ki, Vaşinqton Rusiyanın Ukraynaya hücumuna daha sərt reaksiya göstərir, nəinki İranın Yəməndə illərdir apardığı proksimüharibəyə.

Beləliklə, GCC-nin Avropada qızışmaqda olan hərbi, siyasi və iqtisadi böhrana, həmçinin ABŞ-ın regiondan tədricən çəkilməsini şərh edən əksər ekspertlər prioritetlərin dəyişdiyini deyirlər. İndi Fars körfəzi ölkələri münasibətlərini yeni dünya düzəninə uyğunlaşdırmağa çalışırlar. Bu düzəndə onlar üçün Moskva ilə Pekin eyni dərəcədə əhəmiyyətlidir.

 

Qarşılıqlı «irəliləmə»

Fars körfəzinin əksər ölkələri enerji bazarının nəhəng oyunçusudur. Onlar Rusiya ilə yaxın münasibətləri dəstəkləməklə, onun «OPEK+»da qalmasına çalışır. «OPEK+» alyansına liderlik edən Ər-Riyad ilə Moskva qiymətin dəstəklənməsi üçün istehsala sərt nəzarət edirlər. Rusiya alyansı tərk edərsə, yəqin ki, bütün razılaşmalar ləğv olunacaq.

Doğrudur, Fars körfəzi ölkələrinin xarici ticarətində Rusiyanın payı 1%-dən də azdır. Lakin vacib olan kəmiyyət yox, keyfiyyətdir.

2018-ci ilə olan məlumata görə, GCC ölkələrinin Rusiyadakı investisiya layihələrində iştirakı 52% qiymətləndirilirdi. Krımı özünə birləşdirdiyi vaxtdan Qərbin öncül neft-qaz və neft-kimya texnologiyalarının idxalında məhdudiyyətlərlə üzləşmiş Rusiya bu istiqamətdə Fars körfəzi ölkələrinin imkanlarından fəal istifadəyə başlayıb. Məsələn, «Saudi Aramco» Moskva Dövlət Universtitetinin kəşfiyyat və hasilat texnologiyasının inkişafı üzrə tədqiqat mərkəzi ilə əməkdaşlıq edir.

Neft-qaz biznesinə qarşılıqlı nüfuz etmə prosesi şirkətlərin bir-birinin işində iştirakı, paya sahib olması ilə də həyata keçirilir. Məsələn, «Qatar Investment Authority» (QIA) «Rosneft»də 18,93%-lik paya malikdir. Əbu-Dabinin milli neft şirkəti olan ADNOC 9 neft-qaz yatağından ibarət «Ghasha» konsessiyası da «LUKOYL»a 5%-lik pay verib. «Saudi Aramco» isə neft-kimya sektorunda birgə müəssisənin yaradılması üçün «Rosneft» və «LUKOYL» ilə danışıqlar aparır. Belə nümunələr çoxdur.

Bu gün BƏƏ Rusiyadan qiymətli daşlar və metallar alan əsas dövlətlərdən, Səudiyyə Ərəbistanı isə Rusiya taxılının əsas alıcısıdır.

Moskva Suriyada hərbi imkanlarını nümayiş etdirməsi sayəsində regionun silah bazarında da mövcudluğunu artırıb. 2017-ci ildə o, BƏƏ ilə hərbi sənayedə əməkdaşlıq sazişi də imzalayıb. Dubay isə Rusiya biznesi üçün nəhəng maliyyə və kommersiya mərkəzidir.

Bütün bu layihələrdə iştirak GCC ölkələri ilə Rusiya arasında möhkəm siyasi bağlılıq yaradır və tərəflərdən heç biri bu bağı qoparmaq istəmir.

 

Uduzmaq olmaz

Rusiyanın hələ də tam və hərtərəfli sanksiyalarla üzləşməməsinin səbəbi onun neftinin vacibliyidir. Hökumətlər Rusiyadan neft alışını qadağan etmək qərarına gəlsələr, ona əvəz tapmaq çətin olacaq. Ən əsası və vacibi isə, bu halda neftin qiyməti nəzarətdən çıxacaq və onun bahalaşmasını əngəlləmək mümkün olmayacaq.

Belə bir vəziyyətdə Fars körfəzi ölkələri ilə yanaşı, vəzyyəti Venesuela, İran da xilas edə bilər. Lakin onların hər ikisi uzun illərdir ki, sanksiyalar altındadırlar. Odur ki, bu ölkələrdə hasilatın bərpası üçün vaxta və ən əsası, pula ehtiyac var. Onlarda isə bunun üçün lazımi vəsait yoxdur.

Odur ki, GCC ölkələri vəziyyəti real olaraq dəyişdirə biləcək yeganə gücdür. Onlar bunu yaxşı anlayır və vəziyyəti öyrənməklə məşğuldurlar. Uduzmamaq üçün.



MƏSLƏHƏT GÖR:

147