Müəllif: İlqar VƏLİZADƏ, politoloq
BMT Baş Assambleyasında bu yaxınlarda keçirilmiş səsvermədə Moskvanın əməllərini pisləməkdən çəkinmiş, bitərəf qalmış dövlətlərdən biri də Pakistandır. İslamabadın bu addımı, bəlkə də, çoxları üçün gözlənilməz olub. Çünki o, dövlətlərin daxili işlərinə güc tətbiqi ilə müdaxiləni hər imkanda açıq şəkildə pisləyən ölkələrdəndir. Bəli, indi Pakistanın bu qərarı çoxları üçün gözlənilməz ola bilər. Amma hamı üçün yox.
Sanksiyalara və xəbərdarlıqlara rəğmən
Nüvə dövlətləri sırasında yer alan Pakistan Azərbaycanın müttəfiqidir. O, islam dünyasında, o cümlədən Cənubi Asiya və Orta Şərq regionlarında son dərəcə fəal rol oynayır. Son illər isə İslamabad Moskva ilə dialoqu da fəal şəkildə inkişaf etdirir. İndiki çətin tarixi məqamda belə, bu ölkələr arasında dialoq davam edir. Bunun da öz səbəbləri, hətta demək olar ki, çox ciddi səbəbləri var.
Fevralın sonunda Pakistanın baş naziri İmran Xan Moskvaya işcüzar səfər edərək Rusiya prezidenti Vladimir Putin ilə görüşüb. O, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Moskvaya səfər edən ilk yüksək rütbəli xarici qonaq idi. Bundan başqa, bu, son 23 ildə Pakistan rəhbərinin Rusiyaya ilk səfəridir. Səfərə xüsusi əhəmiyyət qazandıran məqamlardan biri də məhz budur.
Səfərə hazırlıq, təxminən, 2 ay idi davam edirdi. Tərəflər onun tarixini əvvəldən müəyyənləşdirmişdi. Məlumdur ki, səfər çərçivəsində aparılmış danışıqlarda enerji sahəsində əməkdaşlıq məsələsindən də danışılıb, regional və beynəlxalq məsələlər də müzakirə olunub.
Ukraynada yaşananlara gəlincə, Pakistan lideri Moskvada sadəcə böhranın sülh yolu ilə həllinə ümid etdiyini deməklə kifayətlənib. Halbuki bundan əvvəl bir sıra Qərb liderləri Pakistan rəhbərini Rusiya ilə mümkün yaxınlaşmadan çəkinməyə çağırmışdı. Lakin bu, gözlənilən effekti verməyib. İmran Xan ilə Vladimir Putinin görüşü ABŞ lideri Co Bayden və digər Qərb liderlərinin Moskvaya sərt sanksiyalar tətbiq etməsindən cəmi bir neçə saat sonra baş tutub. Bu sanksiyalar İslamabadın Moskva ilə əməkdaşlıq marağını öldürməyib…
«Pakistan axını»nın xilası
Güman olunur ki, İmran Xan tikintisi təxirə salınmış «Pakistan axını» qaz kəmərinin inşasının sürətləndirilməsində israr edir. Dəyəri bir neçə milyard dollar olan bu kəmər Rusiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində çəkilməli idi. Onun ləngiməsinin əsas səbəbi kimi, Amerikanın podratçı rus şirkətlərinə sanksiyalar tətbiq etməsi göstərilir. Sanksiyaların daha da sərtləşdirildiyi indiki vaxtda isə artıq söhbət layihənin xilasından gedir.
1100 kilometr uzunluğunda boru xəttini illik ötürücülük qabiliyyəti 12,4 milyard kubmetr olmalıdır (sonradan onun 16 milyard kubmetrədək artırılması da nəzərdə tutulur). Kəmər Pakistanın cənubundakı Kəraçi terminalını ölkənin şimalında yerləşən Lahor şəhəri ilə birləşdirməlidir. Bu boru xətti ilə nəql olunacaq qazın əsasən Pakistanın daxili tələbatının ödənilməsinə yönəldilməsi nəzərdə tutulub. Rusiya tərəfinin məlumatına görə, boru xəttinin inşasına 1,5-2 milyard dollar vəsait tələb olunur. Pakistan isə onu 3,5 milyard dollar qiymətləndirir. Əldə olunmuş razılığa görə, onun 26%-i Moskva, 74%-i isə İslamabad tərəfindən maliyyələşdiriləcək.
Hazırda bu boru xətti Rusiyanın dövlətə məxsus «Qazprom» şirkəti olmadan iştirak etdiyi nadir nümunələrdəndir. O, polad boru istehsalçıları olan Boru Metallurgiya Şirkəti və Operativ Xidmətlər Mərkəzindən ibarət Avrasyia boru xətti konsorsiumunu birləşdirir. Adıçəkilən hər iki qurum Rusiyanın Energetika Nazirliyinə tabedir. Bununla yanaşı, rusiyalı səhmdarlar sərmayələrini qaz tədarükü ödənişləri hesabına qaytarmağı düşünür.
Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Rusiya KİV-nin məlumatına görə, «Pakistan axını» üzrə səhmdarlıq razılaşması yaxın zamanlarda imzalanmalıdır. Amma Rusiyanın görünməmiş sanksiyalarla üzləşdiyi bir vaxtda «yaxın vaxtlar» anlayışı klassik anlamını itirə də bilər.
İslamabadın qaz problemləri
Qaz ehtiyatları azalan Pakistan təchizat sahəsində ciddi problemlərlə üzləşir. Çünki ölkənin enerji balansının əsasını əvvəlkitək «mavi yanacaq» təşkil edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Pakistanda təbii qaz hasilatının piki 2009-cu ildə olub və o vaxtdan onun ümumi enerji təchizatı həcmindəki payı durmadan artır. Bu, asta-asta dərinləşməkdə olan böhrana yol açıb, çünki hazırda Pakistan var gücü ilə fərqi kompensasiya etməyə çalışır.
Ölkənin iri şəhərlərində qazın verilişində hələ də uzun fasilələr yaranır, bu isə istər əhaliyə, istərsə də sahibkarlığa ciddi zərbə vurur. Ötən ilin dekabrında hökumət ölkə qazının tezliklə tükənəcəyini, bunun isə xaricdən «mavi yanacaq» idxalına ehtiyacı artıracağını bəyan edib. Belə bir vəziyyətdə ölkənin təbii qazla təchizatı həm də vacib siyasi əhəmiyyət daşımağa başlayır. Ölkə daxilində getdikcə daha ciddi tənqidlərlə üzləşən İmran Xan bu sahədə ciddi nailiyyət qazanmağa çalışır.
Hazırda daxili tələbatın azalması ilə yaranmış enerji böhranının mümkün qədər tez aradan qaldırılması vasitəsi kimi mayeləşdirilmiş təbii qaz idxalı imkanları nəzərdən keçirilir. Ölkədə qaz ehtiyatının 9% azalması ilə mayeləşdirilmiş təbii qazdan istifadəyə keçən müəssisələrin sayı durmadan artır. Bu gün Pakistanda mayeləşdirilmiş təbii qazdan istifadənin 60%-i üç elektrik stansiyasının payına düşür. Qalan 40% sənaye sektoruna aiddir.
Əvvəllər Pakistan İrandan qaz kəməri çəkməyə cəhd etsə də, bu layihə ABŞ-ın sanksiyaları ilə üzləşib. Türkmənistandan qaz kəmərinin çəkilişinə isə Əfqanıstanda siyasi vəziyyətin pisləşməsi imkan verməyib. Belə bir vəziyyətdə indi «Pakistan axını»na nə vaxtsa gündəmdə olmuş layihələrə ən real alternativ kimi baxılır.
Pakistanda iki mayeləşdirilmiş təbii qaz terminalı var: «Engro Elengy Terminal Limited» (EETL) və «PGP Consorsium Limited» (PGPCL). Müvafiq olaraq 2015 və 2017-ci illərdə tikilmiş bu terminallar Kasim limanında yerləşir.
Ölkədə seçkinin yaxınlaşması ilə (2023) hökumət qaz çatışmazlığı probleminin həlli üçün əlindən gələni edir. Baş nazirin 2023-cü ilin sonunadək üçüncü terminalın inşası haqda göstərişini də belə qiymətləndirmək olar.
Hazırda Pakistanla uzunmüddətli müqaviləsi olan «Qatar Energy» şirkəti ildə 4,5 milyon ton mayeləşdirilmiş təbii qaz idxal edir. Əvvəllər bu ölkə İtaliyanın ENI neft-qaz nəhəngindən və «Gunvor» xammal treyderindən də böyük həcmdə qaz alırdı. Lakin hər iki şirkətin tədarük defoltu elan etməsindən sonra Pakistan bu qış tələbatını qarşılamaq üçün «Qatar Energy»dən qaz almağa başlayıb. O, bu şirkətdən qazı həddən artıq baha qiymətə alır - 1 milyon BTE 30,6 dollara..
Pakistanın arzuları ilə Rusiyanın planları üst-üstə düşərsə
Qərbə «mavi yanacaq» ixracı məsələsində ciddi problemlərlə üzləşmiş Rusiya yeni perspektiv bazarlar tapmağa, orada möhkəmlənməyə, potensial rəqiblərini sıradan çıxarmağa çalışır. Bunun üçün «Pakistan axını»nın gücü tamamilə kifayət edir. İndi iki ölkə tək qaz tədarükünün artırılması imkanlarını öyrənmir. Rusiya Pakistana perspektivdə özünün hərbi-texniki tərəfdaşı kimi də baxır. Keçmişdə o, bundan Hindistanla qarşıdurma üzündən imtina edib.
2016-cı ildən iki ölkə mütəmadi olaraq birgə hərbi təlimlər keçirir. 2021-ci il fevralın 15-də Rusiya ilə Pakistan HHM sistemlərinin, tank əleyhinə raket komplekslərinin və atıcı silahların tədarükünə dair bir neçə razılaşma imzalayıblar. Pakistan həmçinin Moskvadan «Mi-35» həmlə helikopterləri də alır. Xatırladaq ki, tərəflər hələ 2014-cü ilin noyabrında müdafiə sahəsində əməkdaşlıq razılaşması imzalayıb və hazırda bu istiqamət fəal şəkildə inkişaf etdirilir.
Bundan başqa, tərəflərin Əfqanıstandakı vəziyyət də daxil olmaqla, bütün əsas regional və beynəlxalq problemlərə yanaşması da üst-üstə düşür. Bu ölkədə «Taliban»ın hakimiyyətə gəlişindən sonra Pakistan Əfqanıstanla bağlı problemlərin, o cümlədən regional təhlükəsizlik problemlərinin həllində Moskvanın ən effektiv beynəlxalq tərəfdaşına çevrilib. Ukraynada davam edən hərbi əməliyyatların yaratdığı geosiyasi burulğan şəraitində Moskva ilə İslamabadın əməkdaşlıq planlarına ciddi düzəlişlər edəcəkləri istisna deyil.
Dünyanı çətin günlər gözləyir. Rusiya-Qərb qarşıdurmasının dərinləşdiyi bir vaxtda iki nüvə dövləti olan Pakistanla Rusiyanın proqnozlaşdırılan dialoqu Asiya qitəsində sabitliyin təmini baxımından həlledici olmasa da, vacib amildir.
MƏSLƏHƏT GÖR: