24 Noyabr 2024

Bazar, 20:56

YENİLƏNMƏ-2022

İsraillə Türkiyə münasibətləri bərpa edir, gələcəklə bağlı perspektivli planlar qurur

Müəllif:

15.03.2022

İsrail prezidenti İsaak Hersoqun Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla bu günlərdə Ankarada keçirdiyi görüşü artıq tarixi görüş adlandırırlar. Onun iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı olacağı gözlənilir. Bu, İsrailin dövlət başçısının son 15 ildə Türkiyəyə ilk səfəri idi. Səfər çərçivəsində aparılmış danışıqlarda əsas mövzular enerji sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri olub. Rusiya ilə Ukrayna arasındakı müharibə nəticəsində yaşanmaqda olan ciddi geosiyasi təlatümlər fonunda bütün bunlar xüsusi aktuallıq qazanıb.

 

Düşmənimin düşməni mənim dostumdur?

İsraillə Türkiyə arasında münasibətlər 2008-ci ildə yəhudi dövlətinin Qəzza zolağında «Əridilmiş qurğuşun» əməliyyatına başlaması ilə kəskin pisləşmişdi. Qarşıdurmada kulminasiya isə 2010-cu ildə İsrail Hərbi Dəniz Qüvvələrinin Türkiyəyə məxsus «Mavi Mərmərə» gəmisini ələ keçirməsi olmuşdu. Gəmi «Azadlıq flotiliyası»nın heyətində Qəzza zolağının blokadasını yarmağa cəhd edərkən ələ keçirilmişdi. Bununla yanaşı, ötən illərdə iki ölkənin münasibətlərini yalnız ərəb-İsrail münaqişəsi yox, həm də Ankaranın Liviya ilə bağlı mövqeyi, Şərqi Aralıq dənizi ilə əlaqəli mübahisələr və s. də korlamışdı. Zaman-zaman vəziyyət o qədər qarışırdı ki, müşahidəçilər tərəflər arasında silahlı münaqişənin başlaya biləcəyini belə, istisna etmirdilər. Ölkələr qarşılıqlı olaraq səfirlərini geri çağırır, bir-birinin ünvanına son dərəcə sərt ittihamlar səsləndirirdilər.

Bütün bunların nəticəsində İsrail Yunanıstan və Kiprlə yaxınlaşmağa başlamışdı. Ötən dövrdə bu ölkələrin liderləri arasında mütəmadi görüşlərin keçirilməsi ilə yanaşı, birgə hərbi təlimlər də təşkil olunurdu ki, bu da Ankaranın hiddətinə səbəb olurdu. 2019-cu ildə isə İsraillə yanaşı, Misir, Yunanıstan, Kipr, İtaliya, İordaniya, hətta Fələstin Muxtariyyətindən ibarət Şərqi Aralıq dənizi Qaz Forumu belə, yaradılmışdı. Bu da son deyil. 2020-ci ildə BƏƏ də foruma dəvət olunmuş, Fransa isə özü belə istəyinin olduğunu bəyan etmişdi. İsrail, Yunanıstan və Kipr Şərqi Aralıq dənizindən Avropaya qaz nəqli üçün «EastMed» qaz borusunun tikintisinə dair razılaşma da imzalamışdılar. 1900 kilometrlik boru xəttinin illik ötürücülük qabiliyyəti 10 milyard kubmetr olmalı idi. Onun reallaşdırılmasına 7 milyard dolların xərclənməsi nəzərdə tutulmuşdu. Lakin sonradan ABŞ-ın faktiki olaraq layihəni dəstəkləməkdən imtina etdiyi məlum olub. Vaşinqton hesab edir ki, o, çox baha və riskli layihədir. Söhbət həm də ekoloji nöqteyi-nəzərdən risklərdən gedir. Bununla yanaşı, əksər ekspert və siyasətçilərin fikrincə, Ağ Evin layihəni dəstəkləməkdən imtinasının əsas səbəbi ətraf mühit yox, boru xəttinin Şərqi Aralıq dənizi regionunda gərginlik yaratmasıdır.

 

Türkiyə enerji habı kimi

Hər halda, indi Hersoqla Ərdoğan İsrail qazının Türkiyə vasitəsi ilə Avropaya nəqli imkanlarını müzakirə edirlər. Əslində, bu, yeni ideya deyil. Amma güman ki, onu Ukrayna münaqişəsi aktuallaşdırıb. Məlum olduğu kimi, bu münaqişə enerji bazarlarını görünməmiş təzyiqlə qarşı-qarşıya qoyub. Bu yerdə bir məqamı da qeyd etmək lazımdır: Hersoqun Türkiyə səfəri bu hadisələrdən bir neçə həftə əvvəldən planlaşdırılmışdı. İndiki vəziyyətdə bir çox KİV İsrailin Avropa İttifaqındakı sabiq səfiri, Knessetin xarici məsələlər komitəsinin eks-məsləhətçisi Oded Eranın fikirlərini gündəmə gətirib. O, bildirib ki, İsrail qazının Aİ-yə nəqli üçün Türkiyə marşrutu bütün imkanların ən yaxşısı hesab olunur.

Onu da qeyd edək ki, Hersoq Ankara səfərindən əvvəl Yunanıstan və Kiprə də baş çəkib və bu zaman onun əsas məqsədi, yəqin ki, köhnə tərəfdaşlarını sakitləşdirmək, bəlkə də onların razılığını almaq olub. Beləliklə, məsələni müxtəlif istiqamətlərdən şərh etmək olar. Dəqiq olanı budur ki, mümkün İsrail-Türkiyə razılaşması yalnız Ankaranın özünün deyil, bütünlükdə Avropa İttifaqının enerji təhlükəsizliyinin xeyrinə olacaq. Yaşananlara daha geniş baxsaq, demək olar ki, Ərdoğan Türkiyənin regional enerji habına çevrilməsi istiqamətində daha bir addım atır.

Ankara son zamanlar yalnız İsraillə deyil, digər Yaxın Şərq oyunçuları, xüsusilə Misir və BƏƏ ilə də yaxınlaşma siyasəti yürüdür. Öz növbəsində, İsrail də qonşularına qarşı eyni xətti tutub - «İbrahim anlaşması» yəhudi dövlətinə körfəz monarxiyaları ilə dialoq qurmaq imkanı yaradıb. Bu prosesə Co Baydenin prezident seçilməsindən sonra istər Türkiyəyə, istər İsrailə, istərsə də bütünlükdə Yaxın Şərqə münasibətdə fərqli siyasət yürütməsi də təkan verib. Bu mənada, yəhudi dövləti üçün əsas amillərdən biri Bayden administrasiyasının İranla nüvə razılaşmasını bərpa etmək cəhdləridir. Bu, israillilərdə ənənəvi narahatlıq yaradır və onu Tehranın qarşısının alınmasında yeni tərəfdaşlar axtarışına vadar edir. Bununla yanaşı, müşahidəçilər hesab edir ki, Ankara İsraillə əlaqələrini gücləndirməklə, həm də ABŞ ilə münasibətlərini yaxşılaşdırmağa çalışır.

Baş verənlər fonunda daha bir kritik hadisə ABŞ-ın gözlənilmədən qoşunlarını Əfqanıstandan çıxarması olub. Bu, Vaşinqtonun regionda hərbi mövcudluğunu azaltmaq istəyinin göstəricisidir. Belə olan təqdirdə, istəsələr də regionu tərk edə bilməyəcək dövlətlər burada asayişi qoruyub saxlamaq üçün səyləri birləşdirmək məcburiyyətindədirlər. Bunun üçün isə əlbəttə ki, ilk növbədə, hərbi və kəşfiyyat sahəsində əməkdaşlıq lazımdır. Aydındır ki, Türkiyə ilə İsrail bütün mənalarda Yaxın Şərqin ən güclü və iddialı dövlətlərindəndirlər. Əlbəttə, onların maraqları bütün məsələlərdə üst-üstə düşə bilməz, lakin hər iki tərəf anlayır ki, düşmənçilikdənsə, razılığa gəlməyi bacarmaq daha yaxşıdır. Üstəlik, iki ölkənin münasibətlərinin qədim tarixi var və yalnız siyasətə əsaslanmır. Onları mədəni, şəmçinin sıx ticarət əlaqələri də birləşdirir. Məsələn, 2020-ci ildə Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsinin həcmi rekord həddə çatıb - 5,75 milyard dollar. Həmin il Ankara yəhudi dövlətinin ən böyük 10 ticarət tərəfdaşı cərgəsinə daxil olub.

 

Sabitlik və tərəfdaşlıq kursu

«İsrail-Türkiyə münasibətləri, şübhəsiz ki, enişli-yoxuşlu olub. Son illər bu mənada çətin keçib. Lakin biz münasibətlərimizi yeniləməyə, daha diqqətli və ehtiyatlı davranmağa çalışırıq. Beynəlxalq vəziyyətin qarışdığı bir vaxtda regionumuzda sabitlik və tərəfdaşlığı dəstəkləmək daha düzgündür», - deyə prezident İsaak Hersoq hələ Ankaraya səfər ərəfəsində bildirib. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə bu səfəri «tarixi hadisə» adlandırıb. «Bu səfər iki ölkə münasibətlərində dönüş anı olacaq», - deyə o, qeyd edib: «Bizim İsraillə ümumi hədəfimiz ölkələrimiz arasında ümumi maraqlara, bir-birimizin hisslərinə hörmətə əsaslanan siyasi dialoqu dirçəltməkdir».

Bir məqamı da xüsusi vurğulamaq lazımdır: əksər ekspertlərin fikrincə, Türkiyə ilə İsrail arasında münasibətlər 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı da əhəmiyyətli dərəcədə yaxınlaşıb. O zaman hər iki dövlət Azərbaycanın haqlı mübarizəsində ona hərbi-texniki və siyasi sahədə dəstək olub. Şübhəsiz ki, Bakı üçün yaxın tərəfdaşları olan Türkiyə ilə İsrailin müttəfiq olması, beynəlxalq arenada bir-birini dəstəkləməsi çox sərfəlidir. Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də dediyi kimi, «Türkiyə Azərbaycana qardaş ölkə, İsrail isə strateji tərəfdaşımızdır. Biz istəyirik ki, dostlarımız bir-birlərilə də dostluq etsinlər».

İsrailli müşahidəçilər Türkiyə ilə yəhudi dövləti arasında məhsuldar dialoqun qurulmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu xüsusi vurğulayırlar.

Görünən odur ki, bu dialoq davam etdiriləcək: artıq məlumdur ki, Türkiyənin XİN başçısı apreldə İsrail və Fələstinə səfərə hazırlaşır. Türkiyənin energetika və təbii resursları nazirinin də İsrailə səfəri gözlənilir. İndi Ankara ilə Yerusəlim sözün ən böyük mənasında, strateji tərəfdaşlıq yolundadırlar. Bu ittifaqa İsrail-Türkiyə-Azərbaycan üçbucağı kontekstindən baxsaq, onun miqyası və imkanları yalnız genişlənə bilər. İsrail-Türkiyə münasibətlərindəki yenilənmə şübhəsiz ki, ümumilikdə beynəlxalq təhlükəsizliyə müsbət təsir göstərəcək. Çünki artıq qeyd olunduğu kimi, onlar bütün sahələrdə regionun ən güclü oyunçularıdırlar.



MƏSLƏHƏT GÖR:

138