22 Noyabr 2024

Cümə, 21:13

BORCLU BORCLUNUN SAĞLIĞINI İSTƏYƏR

Dünyada dövlət borclarının son dərəcə artması və ölkələrin defoltla üzləşməsi fonunda Azərbaycan özünün xarici borcunu azaltmaqdadır

Müəllif:

15.04.2022

Son illərdə dünya dövlətlərinin borcu davamlı olaraq rekordlar qırır. Ölkələr bütün böhranlara, müharibələrə və nəhayət, pandemiyaya istinad edərək xarici borclanmanı artırırlar. Bununla onlar iqtisadi problemlərini həll edirlər. Məsələ ondadır ki, dövlətlər bir-birindən, fondlardan və beynəlxalq maliyyə institutlarından kreditlərin əldə edilməsi və ya qiymətli kağızların dövriyyəyə buraxılması yolu ilə borc alırlar. Nəticədə, bu “borc uçqunu” şar kimi şişir. Lakin bu, hər an partlaya bilər. Bu zaman dünya dövlətləri silsilə müflisləşmə ilə üzləşəcək.

Hər halda, bu proses artıq başlayıb. Beynəlxalq mətbuat və ekspertlər iddia edirlər ki, Rusiya son 100 ildə ilk dəfə defolt vəziyyətlə üzləşə bilər. Doğrudur, bu, daha çox texniki defolta bənzəyir. Amma bu da onun mahiyyətini dəyişmir. Şri-Lankanın artıq xarici borc öhdəlikləri ilə bağlı defolt elan etdiyini qeyd etmək yerinə düşər.

Rusiyanın borc böhranı isə digər ölkələrin hökumətlərini xarici borclanma siyasətinə yenidən baxmağa və onların azaldılması siyasətini yürütməyə vadar edə bilər. Qeyd edək ki, Azərbaycan artıq uzun müddətdir ki, bu istiqamətdə hərəkət edir. O, pandemiya və Ukrayna böhranından xeyli qabaq borc yükünü minimuma endirməyə start verib.

 

Sanksiyalar nəticəsində defolt

Rusiya Maliyyə Nazirliyi ilk dəfə aprelin 4-də istiqrazlar üzrə borcunu xarici valyutada ödəyə bilməyib. Belə ki, qurum xarici kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsi məqsədilə kupon gəlirlərinin ödənilməsi və avrobondların geri alınması üçün Milli Hesablaşma Depozitarına rublla 649,2 milyon dollar məbləğində vəsait köçürüb.

Bunun ardınca “Fitch” agentliyi Rusiyanın xarici valyutada emitentin cari uzunmüddətli defolt reytinqini “BBB”dən “B”yə endirib. “Moody's” isə onun kredit reytinqini birdən-birdə düz 6 pillə, yəni “Baa3”dən “B3”ə qədər endirib. “S&P Global Ratings” Rusiyanın xarici valyutada reytinqini defoltdan əvvəlki səviyyə qədər, yəni “C”dən “SD”yə qədər aşağı salıb. Üstəlik, ölkənin rublla ödəmə qabiliyyəti də “zəif” qiymətləndirilir. Bu baxımdan, Rusiyanın reytinqi “C” səviyyəsindədir. Bu, o deməkdir ki, analitiklər bu ölkənin defoltla üzləşməsinin qaçılmaz olduğunu hesab edirlər.

Bəs, belə vəziyyət Rusiya üçün niyə təhlükəlidir? Dövlətin defolt elan etməsi onun kredit reytinqlərinin aşağı düşməsinə səbəb olur. Nəticədə, onun yeni borclar götürməsi çətin və ya qeyri-mümkün olur. Xarici kapital qoyuluşunun məhdudlaşdırılması isə ölkənin iqtisadi inkişafını ləngidir.

Bu məqamda xatırladaq ki, Rusiya yaxın tarixində oxşar vəziyyətlə üzləşmişdi. 1998-ci il avqustun 17-də onun öhdəlikləri ilə bağlı texniki defolt baş vermişdi. Doğrudur, o vaxt Rusiya rəsmi olaraq texniki defolt elan etməyib. Amma o, mahiyyət etibarilə daxili borclarla bağlı defoltla üzləşmişdi. Xarici öhdəliklərlə bağlı defolta gəlincə, bu, uzaq 1917-ci ildə baş vermişdi.

Qeyd edək ki, 2021-ci ildə Rusiya dövlətinin və onun şirkətlərinin xarici borcu 150 milyard dollara çatıb. Amma indi bu borcları ödəmək çətindir, çünki Qərb sanksiyaları üzündən onun 350 milyard dollar dəyərində qızıl-valyuta ehtiyatları dondurulub. Bu, onun bütün ehtiyatlarının, təxminən, 60%-ni təşkil edir.

Rusiya bu il martın 16-da defolt həddinə çatmışdı. Həmin vaxt o, kupon gəlirlərinin dollarla ödənişini həyata keçirməliydi. Bir çox amillər martın 16-da Rusiyanın defoltla üzləşəcəyini göstərsə də, o, xarici valyutada ödənişləri həyata keçirə bilib. Bu, ABŞ-ın Rusiyaya qarşı mayın 25-dək qüvvədə olan sanksiyalarının aradan qalxması sayəsində baş verib. Lakin ABŞ Maliyyə Nazirliyi daha sonra bu boşluğu aradan qaldırmaq qərarına gəlib. Belə ki, o, Rusiyaya onun ABŞ banklarındakı qurumları hesabına suveren borcu üzrə dollar ödənişləri etməsinə icazə verməyəcək.

“Bu, defoltdur, ya yox? Biz öhdəliklərimizi yerinə yetiririk. Amma bizim qızıl-valyuta ehtiyatlarımızı donduraraq, mahiyyət etibarilə bizə defolt elan edən dövlətlər Rusiyaya öhdəliklərini yerinə yetirməkdə çətinlik yaradırlar. Odur ki, Rusiya Federasiyasının nöqteyi-nəzərində, biz öz öhdəliklərimizi yerinə yetiririk. Məsələ ondadır ki, Qərb dövlətləri yurisdiksiyamızda olmayan valyuta hesablarımızın silinməsi və maliyyə əməliyyatlarının aparılmaması ilə bağlı qərar qəbul ediblər”, - deyə Rusiyanın maliyyə naziri Anton Siluanov bu vəziyyəti şərh edib.

Hər halda, həm rusiyalı, həm xarici ekspertlər Rusiya hökumətinin defolt məsələsi ilə bağlı sakitliyini onunla izah edirlər ki, indiki şəraitdə defolt belə, ölkə iqtisadiyyatında dəyişikliyə səbəb olmayacaq. Onun üçün xarici kredit bazarı onsuz da bağlıdır. Üstəlik, sanksiyalar ümumdaxili məhsulun ciddi şəkildə azalması, inflyasiyanın yüksəlməsi, rublun real məzənnəsinin azalması və sair ilə nəticələnir.

Yeri gəlmişkən, “Bluebay Asset Management”in strateqi Tim Eşin sözlərinə görə, Rusiyaya qarşı çox sayda sanksiya tətbiq edilməsinə görə bu ölkədə iqtisadi vəziyyət sürətlə bərpa olmayacaq və heç kəs orada biznes qurmaq istəməyəcək: “Rusiya, bəlkə də, on illər ərzində defolt vəziyyətində olacaq. Bu, beynəlxalq kapital bazarlarına çıxışın olmaması, hətta Çindən belə, alınacaq borclar daxil olmaqla, borclanma üçün böyük xərclər, investisiyanın, artımın olmaması, aşağı həyat standartları deməkdir”.

 

Borcun dövr etməsi

Amma Rusiya hazırda borc böhranı yaşayan yeganə dövlət deyil. Şri-Lanka hakimiyyəti də xarici borc ödənişlərini dayandırıb. Məqsəd ərzaq və yanacaq idxalına ödənişlərin edilməsi üçün resurslara qənaət olunmasıdır. O, Beynəlxalq Valyuta Fondunun dəstəyi ilə borcun restrukturizasiyası planı hazırlamaq niyyətindədir. “Bloomberg”in məlumatına əsasən, aprelin 18-də Şri-Lanka 2023-cü ildə qaytarılmayan avrobondlar üzrə 36 milyon dollar məbləğində kupon ödənişləri etməlidir. Bundan əlavə, o, 2028-ci ildə ödəmə müddəti başa çatan qiymətli kağızlar üzrə 42,2 milyon dollar vəsait ödəməlidir. Şri-Lankanın Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, COVID-19 pandemiyasının nəticələri, həmçinin Ukrayna ətrafında cərəyan edən hadisələr büdcə resurslarını o qədər tükəndirib ki, dövlətin xarici borc öhdəliklərinin yerinə yetirilməsi artıq mümkün deyil.

Məsələ ondadır ki, Rusiyadan bəhs edən zaman söhbət süni sanksiyalar nəticəsində yaranan defoltdan gedir. Yəni bu sanksiyalar nəticəsində dərin iqtisadi problemlər yaranır. Bu da öz növbəsində borcun qaytarılmasını qeyri-mümkün edir. Belə vəziyyət, yəni hədsiz dərəcədə borc yükünün olması zəif inkişaf edən dövlətlər üçün (təkcə belə ölkələr üçün deyil) ilk həyəcan təbili deyil. Xatırladaq ki, Yunanıstan 2012-ci ildə düz iki dəfə - fevral və dekabr aylarında defolt elan edib. Söhbət ümumilikdə 177 milyardlıq borcdan gedirdi. Bu, Avropa İttifaqına (Aİ) ciddi zərbə vurmuşdu. Nəticədə, Yunanıstan hökuməti Aİ-yə müraciət etmiş, bu təşkilatın liderləri isə bütün avrozonanın əziyyət çəkməməsi üçün Afinaya yardım göstərmişdi.

Bir sözlə, qlobal “borc quyusu”nun daim dərinləşməsi ilə bağlı vəziyyət uzun müddətdir ki, bütün dünya iqtisadçılarının tənqid obyektinə çevrilib. Onlar hesab edirlər ki, qlobal maliyyə sisteminin şişməsi, qarşılıqlı borc asılılığı nəticəsində yaranan bir növ çoxsəviyyəli borc “toru” bütün ölkələr üçün təhlükəlidir.

Böyük Britaniyanın “Janus Henderson” idarəedici şirkətinin araşdırmalarına əsasən, 2022-ci ildə dünyanın bütün ölkələrinin dövlət borcunun həcmi 9,5% artaraq rekord həddə, yəni 71,6 trilyon dollara çatacaq. Xatırladaq ki, ötən il qlobal dövlət borcu 7,8% artaraq 65,4 trilyon dollar olub. Tədqiqatın əhatə etdiyi bütün ölkələrdə suveren borcun artdığı məlum olub.

Bu arada, dünya ölkələrində borcun ödənilməsi üçün ümumi xərclər 1,01 trilyon dollara düşüb. Yəni fatiki göstərici cəmi 1,6% təşkil edib. Bu barədə ABŞ-ın “CNBC” biznes televiziya kanalının araşdırmasında deyilir. 2022-ci ildə isə qlobal dövlət borcuna xidmət xərclərinin 14,5% artaraq 1,16 trilyon dollara çatacağı gözlənilir.

Maraqlıdır ki, qlobal borc yükünün növbəti artımına görə məsuliyyət “üçüncü dünya ölkələri”nin deyil, Avropanın üzərinə düşür. Belə ki, “Janus Henderson” şirkətinin analitikləri hesab edirlər ki, Böyük Britaniya digər ölkələrlə müqayisədə daha çox borclanma xərclərinin artması ilə üzləşəcək. Buna səbəb İngiltərə Bankının faiz dərəcəsini artırması və inflyasiya ilə əlaqəli olan üzən faiz dərəcələrinin və əhəmiyyətli miqdarda dövlət borcunun olmasıdır. Eyni zamanda Böyük Britaniyanın suveren borcu ümumdaxili məhsulun düz 144%-ni təşkil edir.

Ukraynada cərəyan edən hadisələr fonunda Avropa ölkələri də dövlət istiqrazlarını aktiv şəkildə genişləndirəcəklər. Bu, müdafiə sahəsində dövlət xərclərinin kəskin şəkildə artırmaq zərurəti ilə əlaqədardır.

Ümumiyyətlə, suveren borclar məsələsi ilə bağlı təəccüblənməli deyilik. Belə ki, hazırda qlobal suveren borcun düz üçdə biri dünyada ən güclü iqtisadiyyata malik ölkənin, yəni ABŞ-ın payına düşür. Əslində, bunun izahı var, çünki ABŞ-ın dövlət borcu Vaşinqtonun birbaşa nəzarət etdiyi emissiya üzərindəki valyutada ifadə olunur. Buna görə də ABŞ-ın Federal Rezerv Sistemi lazım gələrsə, çap maşınını hər zaman işə salmağa hazırdır. Əlbəttə ki, dünyanın heç bir ölkəsinin belə imkanı yoxdur. Odur ki, ABŞ onsuz da böyük olan suveren borc göstəricilərini artırmaqdan çəkinmir. Bu məqamda qeyd edək ki, onun kreditorlar qarşısında borcu artıq 30 trilyon dollara çatıb. 2020-ci ildə suveren borc ümumdaxili məhsulun düz 127%-ni təşkil edirdi.

Daha çox borcu olan dövlətlər siyahısına Yaponiya (dünyada ən çox borca malik olan ölkədir, onun borcu ümumdaxili məhsulun 234%-ni təşkil edir), Çin, Almaniya və İtaliya başçılıq edir. Beləliklə, dünyanın bütün ölkələrinin ümumi suveren borcu qlobal ümumdaxili məhsulun 105%-ni təşkil edir. Bir sözlə, dünya istehsal etdiyindən daha çox borc alır. Təbii ki, bu vəziyyətin normal olduğunu söyləyə bilmərik. Lakin bu məsələdə ən pis məqam odur ki, qlobal xəstəliklər, böhranlar və müharibələr üzündən tunelin sonunda işıq görünmür.

 

Azərbaycan: hədəf ÜDM-in 10%-dir

Bu qlobal xaos fonunda Azərbaycan nadir ölkələrdəndir ki, onun xarici dövlət borcunun həcmi artmır, əksinə azalır. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib ki, hazırda ölkənin xarici dövlət borcu ümumdaxili məhsulun 12,5%-ni təşkil edir, ötən ilin aprelində bu göstərici 18% səviyyəsində olub. Yəni Azərbaycan bir il ərzində xarici borcunu düz 600 milyon dollardan çox azaltmağa nail olub. Amma bu da son hədəf deyil. Məlum olduğu kimi, hökumətə borc öhdəliklərini ümumdaxili məhsulun 10%-dək endirilməsi tapşırılıb.

“Mən vaxtilə qarşıya vəzifə qoymuşdum ki, biz kreditlərin alınmasına çox böyük ehtiyatla yanaşmalıyıq. Eyni zamanda dövlət şirkətləri hansılar ki, vaxtilə heç kimdən soruşmadan özbaşına müxtəlif kreditlər götürürdülər. Sonra da bu kreditləri qaytara bilməyəndə bu ödəniş dövlətin üzərinə düşürdü. Eyni zamanda çox qeyri-şəffaf mənzərə müşahidə olunurdu. Buna da son qoyuldu. İndi heç bir dövlət qurumu hökumətin icazəsi olmadan bir manat kredit götürə bilməz. Hər götürülən kredit də hökumət tərəfindən təsdiqlənir və kreditləri biz ancaq vacib olan layihələrə cəlb etməliyik, yüksək texnoloji komponenti olan layihələrə, eyni zamanda azad edilmiş torpaqlarda həyata keçirilən layihələrə. Digər layihələrə kreditlərin verilməsinə ehtiyac yoxdur. Məhz buna görə biz xarici dövlət borcumuzu həm mütləq rəqəmlərlə, həm ümumdaxili məhsula nisbətdə azaltmışıq”, - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bir qədər əvvəl bəyan etmişdi ki, Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir, yəni cəmi 7,4 milyard dollardır və ölkə bu borcu cəmi bir gün ərzində sıfırlaya bilər. Amma hazırda buna ehtiyac yoxdur, çünki uzunmüddətli faydalı kreditlər hər zaman böyük layihələrin maliyyələşdirilməsi üçün ən yaxşı variant hesab edilib. Üstəlik, belə kreditlər iqtisadiyyat üçün də faydalıdır.

Məsələn, qeyd etdiyimiz iclasda maliyyə naziri Samir Şərifov bildirib ki, Aİ iki mənbə – Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı vasitəsilə Azərbaycana 2 milyard avro maliyyə vəsaiti ayırmağa hazırdır. Bundan başqa, Dünya Bankı və Asiya İnkişaf Bankı da ölkəmizə böyük həcmlərdə maliyyə vəsaiti ayırmağa hazırdır.

“Top bizim tərəfdədir”. Biz maliyyələşdirmə üçün layihələr seçə bilərik”, - deyə nazir bildirib.

Hər halda, indi Azərbaycan üçün prioritet məsələ məlumdur: azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına qayıtması üçün orada lazımi infrastrukturun və iqtisadi mühitin yaradılması. Lakin bu layihələr nə qədər təcili və əhəmiyyətli olsa da, 10% hədəfindən kənara çıxmamaq tapşırılıb. Yəni kredit şərtləri, onun həcmi və gələcək ödəmələr ölkə iqtisadiyyatı üçün yük olmamalıdır.

Beləliklə, Azərbaycan maliyyə sabitliyi baxımından imicini hələ uzun müddət qoruyacaq və nəticədə, o, investisiya nöqteyi-nəzərdən cəlbediciliyini daha da artıracaq.

 

Bizim arayış

Dövlət yerli və ya xarici kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirmədikdə defolt baş verir. Suveren borcun restrukturizasiyasının isə standartlaşdırılmış proseduru yoxdur. Yəni hər bir dövlət üçün fərdi ödəmə proqramı tərtib edilir. Bu ödəmə proqramı əksər hallarda bir neçə il üçün nəzərdə tutulur. Amma bu da kreditorlara borcalandan vəsaitlərin tam qaytarılmasına zəmanət vermir.

Texniki defolt isə dövlətin hazırda öz öhdəliklərini yerinə yetirə bilməməsidir, lakin o, öhdəliklərini gələcəkdə həyata keçirə bilər. Əgər konkret müddətlə məhdudlaşan texniki defolt çərçivəsində öhdəliklər yerinə yetirilməsə, nəticədə, adi və ya sadə defolt baş verir.


MƏSLƏHƏT GÖR:

155