24 Noyabr 2024

Bazar, 18:13

DÜŞMƏNİMİN DÜŞMƏNİ MƏNİM DOSTUMDUR

Çin Ukrayna müharibəsinə münasibətdə manevr etməyə çalışır

Müəllif:

15.04.2022

Rusiya-Ukrayna müharibəsinin əvvəlində ABŞ siyasətçiləri bir mövzu ətrafında da mübahisə edirdilər – Amerikanın əsas rəqibi Rusiyadır, yoxsa Çin?

Onlar iddia edirlər ki, Ukraynadakı real və sərt savaş Birləşmiş Ştatların Moskvaya bir nömrəli rəqibi kimi yanaşmağa vadar edir. Digərləri isə düşünür ki, Vladimir Putinin davranışları nə qədər təhlükəli olsa da, ABŞ üçün əsas və hərtərfli çağırış Çindən gəlir.

Çin Birləşmiş Ştatlarla yalnız Asiyada deyil, həm də onun hüdudlarından çox uzaqlarda mübarizə aparmaq üçün kifayət qədər iqtisadi gücə, texnoloji inkişafa və sürətlə artmaqda olan hərbi potensiala malikdir. Pekinin iddiası müxtəlif sahələrdə qlobal qaydaları yenidən yazmaqdır: texnoloji standartlardan tutmuş, beynəlxalq institutların normalarınadək.

Rusiya iqtisadiyyatı isə müharibəyə qədər də dünyanın ən güclüləri sırasında deyildi. İndiki sanksiyalar şəraitində isə Moskva ümumiyyətlə bu statusa iddia etmir. Hərbi gücə gəlincə, əksər ekspertlərin fikrincə, son savaş Rusiyanın bu sahədə də o qədər də qorxulu olmadığını üzə çıxarıb. Siyasi və iqtisadi təcrid vəziyyətində isə bu güc daha da zəifləyəcək. Hər halda, «Foreign policy» nəşrinin analitiklərinin fikrincə, heç bir ciddi müşahidəçi rusmərkəzli dünyanın yarana biləcəyindən narahat olmur.

Bütün bunlarla yanaşı, Pekin ABŞ ilə qarşıdurmada əsas müttəfiqi kimi hələ də Moskvaya arxalanır. Çinin hökumət mətbuatının məşhur icmalçılarından olan Xu Siczin yazır ki, «Rusiya ilə tərəfdaş olan Çin ABŞ-ın enerji blokadasından qorxmayacaq, ərzaq, bir çox xammal tədarükü daha təhlükəsiz olacaq». Onun fikrincə, Pekin Putini Ukraynada geri çəkilməyə məcbur etmək məqsədi ilə Vaşinqtonla əməkdaşlığa getməyəcək, çünki Birləşmiş Ştatların hansı prinsiplə yaşadığını yaxşı bilir. Bu prinsip isə belədir: dostunla apardığım mübarizədə mənə kömək et ki, sonra diqqətimi səninlə mübarizəyə cəmləyə bilim.

 

Sərhədsiz dostluq

Fevralın əvvəlində Pekində Si Cinpin ilə Vladimir Putin ölkələri arasında dostluğun «sərhəd tanımadığını» bəyan ediblər. Ondan bir müddət əvvəl isə Cinpin Putinə «yaxınlığı və effektivliyinə görə, bu münasibətlər müttəfiqlikdən də öndədir» demişdi.

Çin və Rusiya liderləri birgə iddialarını açıq şəkildə ortaya qoyurlar. Bu, Birləşmiş Ştatların hökmran mövqeyində olmayacağı daha ədalətli və sabit dünya düzəninin formalaşdırılmasıdır.

Rusiya qoşunlarının Ukrayna sərhədinə toplandığı bir vaxtda Çin rəsmiləri Moskvanın NATO-ya qarşı irəli sürdüyü tələblərə açıq dəstək ifadə edirdilər. Söhbət Rusiyanın öz maraq dairəsi saydığı hüdudlardan NATO-nun geri çəkilməsi ilə bağlı tələblərindən gedir. Onlar Qərbin müharibə ilə bağlı xəbərdarlıqlarına rişxənd edir, Vaşinqtonu Rusiyanı təhrik etməkdə təqsirləndirirdilər. Müharibədən cəmi bir gün əvvəl – fevralın 23-də isə Çinin Xarici İşlər Nazirliyi ABŞ-ı «təlaş yaratmaqda» günahlandırırdı.

Pekin fevralın 24-dən sonra da ABŞ və müttəfiqlərini Rusiyaya təzyiq gstərməkdə günahlandırır, buna görə onu tənqid edirdi. Yalnız müharibənin başlamasından bir neçə həftə sonra çinlilərin tonunda müəyyən neytrallıq hiss olunmağa başlayıb: «İstənilən ölkənin qanuni təhlükəsizlik maraqlarına hörmət olunmalıdır». Amma onlar hələ də «müharibə» və «hücum» sözlərinin əvəzinə «Ukrayna ilə Rusiya arasında münaqişə» ifadəsindən istifadə edirlər.

Hər halda, indi Çin özünü bitərəf ölkə kimi göstərir, tərəfləri sülh danışıqlarına, müharibəyə tezliklə son qoymağa çağırır.

 

Dostu xilas etməlimi?

İqtisadiyyat üzrə Nobel mükafatçısı Pol Kruqmanın fikrincə, Çinin Rusiya iqtisadiyyatını xilas edə bilməməsinin ən azı 3 səbəbi var. Birincisi, Çin nəhəng iqtisadiyyat olsa da, Rusiyaya lazım olan bəzi malları tədarük etmək iqtidarında deyil. Bu, Qərb istehsalı olan təyyarələr üçün ehtiyat hissələri və yüksək texnologiyalı yarımkeçirici çiplərdir.

İkincisi, Çin sanksiyalara qoşulmasa da, dünya iqtisadiyyatına ciddi inteqrasiya edib. Demək, Çin bankları və müəssisələri müstəqil şəkildə də sanksiyalara əl ata bilər. Yəni Pekinin istehlakçıların, həmçinin daha vacib bazarların tənzimləyici orqanlarının mənfi reaksiyasından ehtiyatlanaraq, Rusiya ilə işləməkdən çəkindiyi istisna deyil.

Üçüncüsü, Çinlə Rusiya bir-birindən coğrafi baxımdan uzaqdırlar. Bəli, onların ümumi sərhədi var, lakin Rusiya iqtisadiyyatının böyük hissəsi Uraldan qərbdə yerləşir, Çin isə onun şərqində yerləşir. Bu nəhəng məkan vasitəsi ilə yük daşımaları üçün yeganə praktik variant dəmir yoludur, bu yol isə onsuz da həddindən artıq yüklənib.

 

Cinpinə risk lazım deyil

Bununla yanaşı, Rusiyaya açıq dəstək də Çin üçün fəsadlara yol aça bilər. Pekin Ukraynada baş verənlərə görə Moskvanı açıq şəkildə pisləmədiyi üçün artıq bəzi probelmlərlə üzləşir. Hər halda, Ukrayna müharibəsini açıq şəkildə Çinin Tayvana və digər ərazilərə iddiaları ilə eyni cərgəyə qoyurlar. Yaxın perspektivdə bu, Pekinin əsas ticarət tərəfdaşları ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Halbuki onun inkişaf etmək üçün hələ də investisiyalara və texnologiyalara ehtiyacı var. Artıq xarici kapitalın risklə üzləşmək istəmədiyi üçün Çindən getmək haqda düşündüyünün əlamətləri var.

Əcnəbilər öz yerində. «Bloomberg» yazır ki, Çinin ticarət hüquqşünasları və risklər üzrə konsultantları yerli müştərilərin də çoxsaylı narahatlığı ilə üz-üzə qaldıqlarını deyirlər. Onlar ABŞ, Avropa İttifaqı və digər ölkələrin sanksiyalarına əməl etdiklərinə əmin olmaq istəyirlər. Onlar əsasən Rusiyaya Amerika texnologiyalı məhsulların satışı, ABŞ dolları ilə ödənilən ixrac əməliyyatları ilə maraqlanırlar. Çin şirkətlərinin əksəriyyəti sanksiyaların pozulması hallarından qaçmaq üçün tədbirlər görür, bu məqsədlə daxili uyğunluq proqramlarına dəyişiklik edir, tədarükçüləri dəyişir, hətta müqavilələri pozur.

Çinin dövlətə məxsus neft emalı zavodları isə Rusiya ilə mövcud neft müqavilələrinə əməl etsələr də, ciddi endirimlərə rəğmən, yeni müqavilələr imzalamaqdan boyun qaçırırlar. «Reuters» xəbər verir ki, onlar buna Pekinin Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı ehtiyatlı olmaq çağırışına (söhbət gizli çağırışlardan gedir) əsasən edirlər.

ABŞ-ın sanksiyaları ilə bağlı spekulyasiyalar Çin səhmlərinin kəskin şəkildə ucuzlaşmasına yol açıb. Nəticədə, xarici işlər naziri Van İ Çinin «böhranın tərəfi olmadığı və sanksiyaların Pekinə təsir göstərməsini istəmədiyi» haqda bəyanat vermək məcburiyyətində qalıb.

Pekin Rusiyaya hərbi yardım göstərdiyinə dair fikirləri də təkzib edir. Bu, ABŞ üçün daha bir həssas məqamdır və təbii ki, belə vəziyyət dünyanın ən nəhəng iqtisadiyyatı ilə münasibətlərdə gərginliyə səbəb ola bilər. Üstəlik, bu, Si Cinpinin riskləri minimuma endirməyə çalışdığı bir vaxtda baş verir. Cinpin partiyasının bu ilin sonuna təyin olunmuş qurultayında səlahiyyət müddətini artırmağı düşünür və belə bir vəziyyətdə risk ona lazım deyil.

«Çin şirkətləri ABŞ-ın sanksiyalarına əməl edəcək. Lakin onlar, yəqin ki, bu haqda danışmayacaqlar. Çünki bu, Çin bazarı üçün pis reklamdır», - deyə Amerika-Çin işgüzar hüququ üzrə mütəxəssis Tszi Li bildirib: «Onlar ABŞ-ın tələblərinə əməl edən tərəf kimi görünmək istəmirlər».

Beləliklə, ölkədə Rusiya ilə münasibətləri «mümkün qədər tez» kəsmək çağırışları təsadüfən baş qaldırmayıb. Belə düşünənlər hesab edir ki, bu, Çinin «təcrid vəziyyətinə düşməməsi» üçün vacibdir. Eyni çağırışla Dövlət Şurası yanında analitik mərkəzin direktor müavini Xu Vey də çıxış edib. Ancaq bu, hələ ki, “meynstrim” deyil. Çünki onun bəyanatı Çinin media məkanından dərhal silinib.

 

ABŞ hədələyir

Vaşinqton isə öz növbəsində, Pekinə kifayət qədər sərt, bəzi müşahidəçilərin fikrincə isə hətta son dərəcə kobud xəbərdarlıq edir. Amerika tərəfi bildirir ki, Pekin ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları pozarsa, bu, onun üçün ciddi fsadlara yol açacaq. Çinin Rusiyaya birbaşa iqtisadi və hərbi yardım göstərməsi qadağan olunub. Bununla yanaşı, bildirilir ki, o, sanksiyaların yaratdığı imkanlardan öz biznesinin inkişafı üçün istifadə etməməli, Moskvanın ixrac nəzarətindən yayınmasına yardım göstərməməli və ya gizli maliyyə əməliyyatları aparmamalıdır.

Prezident Co Bayden Si Cinpinlə onlayn görüşdə həmkarını hədələməkdən çəkinməyib. Ağ Ev sahibi bildirib ki, Çin rəhbəri Vladimir Putinə yardım edərsə, «özü üçün ciddi təhlükə yaradacaq». Bununla yanaşı, Bayden bildirib ki, ABŞ və müttəfiqləri «sanksiyaları pozanlara» ciddi nəzarət edəcək, onların bunu «nə vaxt və necə edəcəyini» diqqətdə saxlayacaq.

 

Hər şey göründüyü qədər sadə deyil

Lakin Çini sanksiyalarla hədələmək başqa, başqalarını bu sanksiyalara qoşulmağa məcbur etmək isə başqa. ABŞ-ın Aİ və Böyük Britaniya kimi əsas müttəfiqləri Çin şirkətlərinə təkrar sanksiyaların tətbiqinə imkan verən normativ-hüquqi bazaya malik deyillər. Bundan başqa, Ukrayna müharibəsinədək Aİ ABŞ sanksiyalarına yanaşmada, az qala, Çinlə həmrəylik nümayiş etdirirdi.

Bu gün fövqəladə vəziyyətin yarandığını və bu üzdən qeyri-standart qərarlara ehtiyacın olduğunu hər kəs qəbul edir. Lakin iki problem var. Birincisi, Çinə ciddi əsaslar olmadan sanksiyaların tətbiqi riskli presedent yarada bilər. Bu halda belə çıxacaq ki, istənilən vaxt istənilən dövlətə əvvəllər sanksiya tətbiqi zərurətini yaratmayan mübahisələr zamanı belə, məhdudiyyətlər tətbiq etmək olar. «Ticari əməkdaşlığ»ın suveren dövlətə qanunsuz hərbi müdaxiləyə yardım və təhrikçilik olub-olmadığını hansı qurum və hansı haqla müəyyən edəcək?

İkincisi, formal olaraq neytrallığını qoruyub saxlayan ölkəyə əsassız sanksiyanın tətbiqi dünyada inamın itirilməsinə yol açacaq. Bu isə liderlik üçün mənəvi haqqın da itirilməsi demək olacaq. Neytral dövləti onu sanksiyalar təhlükəsi ilə üz-üzə qoyan psevdoneytral dövlətdən nə fərqləndirir?

BMT Baş Assambleyasında Ukrayna ilə bağlı hər səsvermədə Çinlə yanaşı onlarla ölkə neytral qalır. Odur ki, Pekinə sanksiyaların tətbiqinə razılıq verən ölkə həmin dövlətlərlə də münasibətlərini riskə atacaq.

Nəzərə alsaq ki, Pekin qlobal idarəçilikdə daha fəal rol oynamağa, ABŞ-ın rəhbərlik etdiyi dünya düzənini nüfuzdan salmağa çalışır, G7 ölkələri, yəqin ki, Çinin “əlinə oynamaq” istəmirlər.

 

Çinin istədiyi sülh

Aprelin əvvəlində keçirilmiş Çin-Aİ sammitində Si Cinpin ölkəsinin Ukraynada sülhə nail olunmasına çalışdığını bildirib. Amma o, Pekinin buna «öz istədiyi kimi»» nail olmaq niyyətini dilə gətirib. Aydındır ki, Çin tərəflərdən hər hansını dəstəkləmədən, öz maraqlarını güdəcək. Bəs bu, kənardan necə görünəcək?

Bir yandan Çin istər ölkə daxilində, istərsə də asiyalı tərəfdaşları ilə ünsiyyətdə anti-Amerika və anti-NATO ritorikasını gücləndirib. Ukrayna münaqişəsinə NATO-nun genişlənmə qərarının yol açdığını iddia edən Pekin qonşularına israrla bildirir ki, «Quad» kimi kiçik və çoxtərəfli hərbi qruplaşmaların yaradılması və ya böyüməsi Hind-Sakit okean regionunda zorakılıqlara yol aça bilər. Digər tərəfdən Çinin sanksiyalar şəraitində Rusiyaya birbaşa maddi yardım göstərmək istəməməsi onun Qərblə işgüzar əlaqələrə böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Pekin ölkədə iqtisadi inkişafın zəiflədiyi, həmçinin qlobal bazarda enerji daşıyıcılarının, xammal və ərzağın bahalaşdığı bir vaxtda ABŞ və Avropa ilə vacib iqtisadi əlaqələri qoruyub saxlamağa çalışır.

Güman ki, Çin Moskva ilə sanksiyaların tətbiq olunmadığı mal və xidmətlərlə ticarəti bundan sonra da inkişaf etdirəcək, həmçinin Rusiyanın dağılmış maliyyə sahəsinə məhdud da olsa dəstək verəcək. Amma o, bunu elə edəcək ki, özü də Qərbin sanksiyaları ilə üzləşməsin.

Pekində hesab edirlər ki, Ukraynada yaşananlara ziddiyyətli ritorik, diplomatik və işgüzar yanaşma Çinin öz maraqlarını qoruması üçün yaxşı imkan yaradır.



MƏSLƏHƏT GÖR:

150