Müəllif: İrina XALTURİNA
Macarıstanda aprelin 3-də keçirilmiş parlament seçkisi beynəlxalq ictimaiyyətin görünməmiş diqqəti altında baş tutub. Doğrudur, artıq 12 ildir hakimiyyətdə olan Viktor Orbanın seçkidən qalib çıxacağını çoxları gözləyirdi. Lakin baş nazirin sağ-mühafizəkar «Fidesz» partiyasının balaca müttəfiqi Xristian-Demokrat Xalq Partiyası (KDNP) ilə koalisiyasının bu qədər inamlı qələbəsi Orbanın qatı tərəfdarları üçün belə, gözlənilməz olub. Beləliklə, Orban ölkə parlamentində konstitusion çoxluğu (135 deputat yerinin 53%-i) ələ almaqla, seçkidən ardıcıl olaraq dördüncü dəfə qalib ayrılıb. Üstəlik, səsvermədə seçici fəallığı da rekord həddə olub – təxminən, 73,5%.
Səbəblər və nəticələr
«Fidesz»-KDNP koalisiyası seçkidə özündə 6 partiyanı birləşdirən böyük Avro-Atlantik güc – «Macarıstan üçün birlik» ilə mübarizə aparırdı. Müxalif koalisiya özündə solçu Sosialist Partiyası, sosial-liberal «Demokratik koalisiya», solçu-yaşıl «Macarıstan üçün dialoq», yaşıl-liberal «Siyasət fərqli ola bilər», Sorosla əlaqəli olduğu deyilən liberal «Momenum» və sağ-mühafizəkar «Yobbik» partiyalarını birləşdirirdi. Rəsmi olaraq bu siyasi qüvvələrin başında əyalət burqomistri Peter Marki-Zay dayansa da, yerli KİV onların faktiki liderlərinin sabiq baş nazir Ferents Dyurçan ilə Budapeşt meri Gergey Karaçon olduğunu yazırdı. Liderlik məsələsində bu qədər parçalanmanın səbəbi müxalifətin seçkini uduzmasından sonra məlum olub. Bu cür darmadağını heç kim gözləmirdi – bu, Orbanın 2010-cu ildə hakimiyyətə gəlişindən bu yana ən pis nəticədir.
«Macarıstan üçün birlik» əsasən paytaxt əhalisinə arxalanırdı. Həqiqətən də, o, Budapeştdəki 18 dairənin 16-da qələbə qazanıb. Lakin ümumilikdə ölkə miqyasındakı nəticə iflas sayıla bilər – cəmi 35% (56 yer). Marki-Zay rəhbərlik etdiyi blokun məğlubiyyətini son dərəcə emosional şəkildə etiraf edib: «Mən də hamı kimi sarsılmışam. Məyusluğumu, kədərimi gizlətmək istəmirəm. Biz nəticənin belə olacağını ağlımıza gətirmirdik». Bununla yanaşı, Marki-Zayın silahdaşları məğlubiyyətin məsuliyyətini məhz onun üzərinə atıb. O, ehtiyatsız fikirlər səsləndirməkdə və sosial məsələlərə etinasız yanaşmaqda ittiham olunur. Amma istənilən halda, günahkar axtarışı və yaşananlar haqda yenidən düşünmək, nəticələr çıxarmaq qaçılmaz, bəzən isə nəticə gətirən prosesdir.
Marki-Zay özü baş verənlərdə hökuməti günahlandırır. O, hökuməti əsas dövlət kanalları və KİV-dən təbliğat üçün geniş istifadədə ittiham edir. Amma bu yerdə ortaya kifayət qədər maraqlı məqam çıxır – Orbanın koalisiyasına əsasən Macarıstanın əyalətləri səs verib. Baş nazir 106 dairənin 88-də seçkini udub. Bu elektoratın əsas hissəsini kənd əhalisi, yaşlı nəsil təşkil edir və onların rifah halı paytaxtla müqayisədə zəifdir. Maraqlıdır ki, 2018-ci ildə 19% səs toplamış «Yobbika» partiyasının seçicilərinin, təxminən, üçdə biri partiyanın Avro-Atlantika xəttini seçməsini bəyənməyib və nəticədə, onlar da Orbanı dəstəkləyib. Bu, yekun nəticəyə, təbii ki, öz təsirini göstərib.
Sözə baxmayan uşaq
Lakin Macarıstanda keçirilmiş seçkinin intriqası, əlbəttə ki, şəhər və kənd əhalisi arasındakı qarşıdurma ilə bitmir. Ölkədə ideoloji və mədəni qütbləşmə daha dərindir. Bu isə ümumilikdə Aİ və xarici siyasətlə bağlıdır. Viktor Orban Avropa İttifaqı üçün çoxdan «enfant terrible» («sözə baxmayan uşaq») hesab olunur. Bu cəhət onu digərlərindən çox fərqləndirir. Brüsselin Orbandan narazılıqlarının sayı-hesabı yoxdur. O, hakimiyyətin digər qanadları ilə müqayisədə hökumətin səlahiyyətlərini artırması fonunda az qala avtoritarizmdə ittiham edilir. Orbanla bağlı digər iddialar onun müxtəlif dövlət institutları və KİV-ə nəzarəti gücləndirməsi, Budapeştin Yaxın Şərqdən olan qaçqınları Aİ kvotasına uyğun qəbul etmək istəməməsi, aşkar şəkildə LGBT-yə qarşı çıxması, həmçinin Corc Sorosa məxsus strukturlara «yad münasibət» göstərməsi ilə bağlıdır. Orban məhz bu üzdən seçkidən dərhal sonra kəskin sayıla biləcək bəyanatla çıxış edib: «Qələbəmiz o qədər əzəmətlidir ki, onu Aydan da görmək mümkündür. Brüsseldən isə o, daha aydın görünər».
Macarıstandakı seçkiyə əlavə intriqa qazandıran məqam Budapeştlə Kiyev arasında münasibətlərin kifayət qədər gərgin olması idi. Ukraynaya və onun hökumətinə bütün dünyanın yekdilliklə dəstək verdiyi bir vaxtda bu, kifayət qədər qeyri-adi görünür. Macarıstanda hər şey əksinədir. Ukrayna prezidenti Vladimir Zelenski özü Orbanı açıq şəkildə tənqid edir. Macarıstanın xarici işlər naziri Peter Siyyarto isə Ukrayna hökumətinin onun ölkəsində keçirilmiş parlament seçkisinin nəticələrinə təsir göstərməyə çalışdığını bildirib.
Macarıstan-Ukrayna qarşıdurmasının kökləri dərindir. Bu, ilk növbədə, macarların Zakarpatyadakı haqları ilə bağlıdır. Məsələn, Budapeşt Ukraynanın Zakarpatyada macar dilinin tətbiq dairəsini məhdudlaşdıran təhsil qanununu sərt şəkildə tənqid edib. Bununla yanaşı, macarlar bir neçə il Ukrayna-NATO Şurasının fəaliyyətinə imkan verməyiblər. İndi isə Kiyevi Orbanın Rusiyaya sanksiyaların tətbiqinə münasibəti də qane etmir.
Siyasi eqoist
Moskva ilə həddindən artıq yaxınlıqda, Kremlə mütəmadi səfərlər etməkdə çoxdan məzəmmət olunan Orban bu məsələdə, həqiqətən, fərqli mövqe nümayiş etdirir. Lakin o, Rusiya ilə münasibətlərdə maraqlı olmasını sırf praqmatikliklə izah edir və burada hər hansı ideoloji məqamın olmadığını bildirir. Məsələ ondadır ki, bu gün Macarıstan 80% Rusiya qazından asılıdır. Üstəlik, onun Pakşda AES-in genişləndirilməsi ilə bağlı «Rosatom» ilə müqaviləsi də var. Bu da son deyil. Macarıstanın dənizə çıxışı, mayeləşdirilmiş qaz qəbulu üçün terminalları, həmçinin ölkə ərazisindən keçən boru xətləri yoxdur. Belə bir vəziyyətdə Orbanı, əlbəttə ki, başa düşmək olar. Baş nazirin fikrincə, Aİ Rusiya qazından imtina edə bilməz, imtina edərsə belə, bu, onun özünün iqtisadi maraqlarına zərbə olacaq. Budapeşt Rusiya qazına görə ödənişi rubl ilə edə biləcəyini belə, bildirir. Təbii ki, Orbanın avropalı həmkarlarının buna reaksiysı da son dərəcə kəskin olub. Almaniyanın iqtisadiyyat naziri Robert Xabeq bu qərarın Macarıstanı təcrid duruma salacağını bəyan edib.
Bəs Orbanı Rusiya KİV-nin bir hissəsinin təqdim etdiyi kimi, Moskvanın dostu saymaq olarmı? Əlbəttə ki, yox. Macarıstanın baş naziri belə demək mümkünsə, siyasi eqoistdir. Məsələn, o, davamlı olaraq NATO və AT-yə sadiq olduğunu bildirir, lakin bunu yalnız öz maraqlarına uyğun edir. Orban güclü milli dövlətin vacibliyinə inamını heç zaman itirmir. O, əmindir ki, Budapeşt Rusiya-Ukrayna müharibəsi ilə bağlı məhz bu səbəbdən sərt neytrallıq nümayiş etdirməlidir. Müxtəlif nöqteyi-nəzərlərdən bu mövqeyin nə qədər haqlı olduğu başqa məsələdir. Məsələ ondadır ki, hazırda Orbanın bu mövqeyini Macarıstan ictimaiyyətinin böyük hissəsi də bölüşür və görünür, baş nazirin siyasi rəqibləri məhz bu məqamı nəzərdən qaçırıblar. Amma «Macarıstan üçün birlik» koalisiyasında yer alan siyasi qüvvələrdən yalnız «Macarıstan üçün dialoq» və «Momentum» Ukrayna böhranı ilə bağlı konkret mövqe sərgiləyirlər. Orban isə artıq bu «neytrallıq»dan siyasi dividendlər qazanmağa çalışır – o, Rusiya prezidenti Vladimir Putinə ukraynalı həmkarı Vladimir Zelenski ilə məhz Budapeştdə görüşməsini təklif edib…
Bütün bunları nəzərə alsaq, Orbanın uğurunun xüsusilə Fransadakı prezident seçkisi fonunda Avropadakı ümumi siyasi tendensiyaya necə təsir göstərəcəyi maraqlıdır. Orban bu seçkinin nəticəsini səbirsizliklə gözlədiyini deyir… Avropada «qatı sağçı populizm» adlandırılan əhvalın yüksəlib-yüksəlməyəcəyini yaxın gələcək göstərəcək. İndi bunun üçün zəmin çox əlverişlidir. Macarıstan, Fransa, Aİ və ümumiyyətlə bütün dünya növbəti iqtisadi burulğana daxil olur – inflyasiya, bahalaşma, artan qaçqın axını və deyəsən, enerji və ərzaq böhranı…
MƏSLƏHƏT GÖR: