Müəllif: Nigar ABBASOVA
Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları başlamasından üç ay ötür. Bu müddət ərzində Avropa İttifaqı (Aİ) Moskvanı dayandırmaq məqsədilə beş sanksiya paketi qəbul edib. Hazırda Brüsseldə tətbiq edilən tədbirlərin nə dərəcədə effektli olması ilə bağlı qızğın müzakirələr gedir. Aİ ölkələri artıq yeni, altıncı sanksiya paketini qəbul etməyə hazırlaşır. Yeri gəlmişkən, “Politico” qəzeti öz mənbələrinə istinadən xəbər verib ki, bu sanksiya paketinə Rusiya neftinin idxalını məhdudlaşdıracaq müəyyən tədbirlər daxil ediləcək. Üstəlik, o, çox sayda Rusiya bankının SWIFT-dən ayrılmasına yönələ bilər.
Xatırladaq ki, hələ aprelin 7-də qəbul edilmiş beşinci sanksiya paketinə Rusiya gəmilərinin Avropa limanlarına çıxışına qadağa qoyulması və digər tədbirlərlə yanaşı, Rusiya kömürünün və digər növ bərk yanacağın Aİ-yə ixracına qadağa qoyulması daxildir. O vaxt “Region plus” jurnalı proqnozlaşdırmışdı ki, Rusiyanın enerji resurslarına qarşı sanksiyaların növbəti hədəfi, güman ki, neft olacaq. Amma Brüsselin Rusiyadan neft tədarükünə necə qadağa qoyacağı, yəni bu ölkədən “qara qızıl”ın idxalından imtina edilməsinin nə qədər sürətli və əhatəli olacağı hələ də aydın deyil.
Bundan başqa, Rusiyadan neft-qazın tədarükü ilə bağlı Avropa İttifaqının üzvləri arasında hələ də mövcud olan ciddi fikir ayrılıqlarını nəzərə alsaq, bununla bağlı tədbirlərin tam şəkildə həyata keçiriləcəyi çətin görünür. Ən mümkün ssenaridə belə, Rusiyadan neft asılılığı mərhələli şəkildə azaldıla bilər.
Neft embarqosu
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen aprelin 17-də altıncı sanksiyalar paketinin hazırlandığını elan edib. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya neftinin tədarükündən imtina etməyə yardım göstərəcək “ağıllı mexanizmlər hazırlamaq prosesində”dir. Üstəlik, o, əlavə edib ki, yeni sanksiya tədbirləri bank və enerji sahəsinə təsir etməlidir. “Sberbank”a qarşı da sanksiyalar tətbiq edilə bilər.
Sirr deyil ki, enerji resursları tədarükündən əldə edilən gəlirlər Rusiya dövlət büdcəsinin əsas maliyyə mənbəyidir. Avropa təhlil mərkəzi “Bruegel”in məlumatına əsasən, enerjidaşıyıcılarının qiymətinin artmasına görə Aİ Rusiya nefti və qazı üçün gündəlik, təxminən, 1 milyard avro vəsait ödəyir. Buna görə də Avropa İttifaqı Rusiyanın enerji resurslarına qarşı məhdudiyyətləri “həyati əhəmiyyət kəsb edən vacib addım” kimi təqdim edir. Bununla, o, bu addımın elə Avropa üçün də “həyati əhəmiyyət kəsb edə biləcəyi”nə açıq-aşkar eyham vurur. Bu məqamda qeyd edək ki, Avropadakı neftayırma zavodları əsasən “Urals” markalı Rusiya neftini emal etmək üçün nəzərdə tutulub.
Bu arada, yeni mümkün sanksiyalardan danışan Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis bildirib ki, Avropa İttifaqına dəyəcək zərəri minimuma endirmək üçün sanksiyalar üzərində işlər gedir və onlar razılaşdırılır. Üstəlik, o, təsdiq edib ki, Avropa Komissiyası neft tədarükü məsələsinin nəzərdə tutulduğu növbəti sanksiyalar paketi hazırlayır. Söhbət Rusiyadan neft idxalından imtina etmək və ya əlavə tarif və ya rüsumlar tətbiq etmək imkanlarını əhatə edəcək sanksiyalar paketindən gedir.
“Bloomberg”in məlumatına əsasən, ABŞ və Avropa İttifaqı hazırda Rusiyadan Aİ-yə neft idxalını məhdudlaşdırmaq üçün üç variantı müzakirə edir: neft tədarükünün tamamilə qadağa edilməsi, qiymət həddinin təyin edilməsi və hesablaşma mexanizmindən istifadə olunması. Qeyd edək ki, üçüncü variant Rusiyanın Ukraynada müharibəyə başlamasından bəri əldə etdiyi gəlirləri saxlamağa imkan verəcək.
Digər tərəfdən Vaşinqton ehtiyat edir ki, Aİ-nin Rusiya neftinə tam qadağa qoyması bu enerji resursunun qiymətinin kəskin artması və Kremlin daha çox gəlir əldə etməsi ilə nəticələnə bilər. ABŞ-ın maliyyə naziri Canet Yellenin sözlərinə görə, neft tədarükünə tam embarqo Rusiyaya böyük təsir göstərmədən Avropa iqtisadiyyatına ciddi ziyan vura bilər. Dünyanın aparıcı KİV-i isə gözləyir ki, Aİ-nin Moskvaya qarşı neft embarqosu Rusiya neftinin növlərindən və çatdırılma üsullarından – tankerlər və ya boru kəmərləri ilə – asılı olaraq fərqli olacaq.
Bu arada, ABŞ-ın investisiya bankı “JP Morgan” proqnozlaşdırır ki, əgər Aİ Rusiyaya qarşı neft embarqosu tətbiq edərsə, “Brent” markalı neftin bir bareli 185 dollara yüksələ bilər. İnvestisiya bankı hesab edir ki, embarqo nəticəsində 4 milyon bareldən çox Rusiya nefti Avropa bazarından çıxacaq və onu digər bazarlara yönləndirməyə vaxt olmayacaq. Doğrudur, “JP Morgan” daha yumşaq ssenarini də nəzərdən keçirir. Söhbət Rusiya neftinin mərhələli şəkildə qadağa edilməsindən gedir. Bu zaman enerji resursunun qiyməti kəskin şəkildə bahalaşmayacaq.
Hər halda, son qərarı Aİ-yə üzv olan ölkələr verəcək. Rusiya neftindən güclü asılılığı olmayan Almaniya kimi ölkələr bununla bağlı qərarı daha rahat və tez verəcək. Məsələn, Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib ki, Rusiyadan ölkəsinə neft idxalı yaya qədər iki dəfə azaldılacaq, ilin sonuna kimi isə tamamilə dayandırılacaq. Görünür, Berlin bununla Aİ-yə üzv olan ölkələrə nümayiş etdirib ki, o, Rusiyadan neft tədarükünü dayandırmağa hazırdır, amma qaz idxalını deyil.
Reputasiya neftdən daha dəyərlidir
Müzakirələrin davam etdiyi dövrdə Aİ-nin bəzi ölkələri fərdi qaydada Rusiyadan neft idxalını azaltmaq, hətta ondan tamamilə imtina etmək qərarına gəliblər. Məsələn, Avstriya Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra bu ölkədən neft tədarükündən imtina edib. “OMV Group”un adının açıqlanmasını istəməyən nümayəndəsi bəyan edib ki, Rusiyadan neft idxalı hər zaman aşağı həcmdə olub: “Müharibə başladıqdan sonra isə biz onu bazardakı başqa neftlə əvəz etdik”.
Bundan əlavə, Litvanın energetika naziri Dainius Kreivis bəyan edib ki, Litvanın neft emalı zavodu “Orlen Lietuva” (Polşanın “Orlen” neft konserninə daxildir) də Rusiya neftindən imtina edir və Səudiyyə Ərəbistanının enerji resursuna keçir. Qeyd edək ki, son illərdə “Orlen Lietuva” zavodunun emal etdiyi neftin, təxminən, üçdə ikisi məhz Rusiyanın enerjidaşıyıcısının payına düşüb. Polşa konserni bəyan edib ki, Rusiya ilə mövcud müqavilələr başa çatdıqdan sonra bu ölkədən neft tədarük etməyəcək.
Ümumiyyətlə, müharibə və Moskvaya qarşı sanksiyalar bir çox böyük neft şirkətlərinin (BP, ENEOS, ENI, “Equinor”, “Galp”, “Neste”, “Preem”, “Repsol”, “Shell” və sair) Rusiyadan neftin yeni alışını dayandırması ilə nəticələnib. Bu da son deyil. “Trafigura” və “Vitol” kimi böyük treyder şirkətləri də tətbiq edilmiş sanksiyalara əməl edərək Rusiya neftini almaqdan imtina ediblər. Üstəlik, onlar nüfuzlarına xələl dəyməməsi və ya mümkün hüquqi problemlərdən yayınmaq üçün bu addımı atıblar.
Ümumilikdə, bu il martın əvvəlindən aprelin ortalarına qədər “Urals” neftinin qiyməti düz 30% aşağı düşüb. Yəni bu neft növünün bir bareli 111 dollardan 78 dollaradək ucuzlaşıb. Amma bu zaman Rusiya nefti ictimaiyyətin qınağından çəkinməyən alıcılar üçün cəlbedici olub.
İstiqamət Asiyadır
Brüsselin Moskvaya qarşı maliyyə sanksiyaları və avropalıların Rusiya neftindən könüllü şəkildə imtina etməsi onun enerji resursunun qiymətinin ucuzlaşmasına səbəb olub. Əlbəttə ki, bu, asiyalı istehlakçıların maraqlarına xidmət edib.
“Refinitiv”in neft tankerlərinin izlənilməsinə əsaslanan məlumatına görə, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından, yəni fevralın 24-dən aprelin 18-dək Rusiyadan 380 neft tankeri çıxıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur (357). 115 tanker Asiya ölkələrinə istiqamətlənib. Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə Hindistana tədarüklər 8 dəfə, Çinə isə 33% artıb. Amma digər ölkələrə neft ixracı 16% azalıb.
Beləliklə, analitiklər hesab edirlər ki, Hindistan və Çin Rusiya neftini almaqda davam edəcək. Məsələn, “Petro-Logistics” şirkətinin meneceri Deniel Qerber bildirib ki, “martda bu iki ölkənin neft idxalının həcmi əhəmiyyətli dərəcədə artmasa da, biz yaxın iki və ya üç ay ərzində onların neft tədarükünü artıracağını müşahidə edəcəyik”.
Doğrudur, hazırda Çin üçün vəziyyət ən əlverişli şəraitdə davam edir. COVID-19-a yeni yoluxma hallarının kəskin artması üzündən ölkədə yanacağa tələbatın azalacağı gözlənilir. Beləliklə, analitiklərin proqnozlarına əsasən, apreldə benzin, dizel və aviasiya yanacağına tələbatın aşağı düşməsi ötən ilin eyni ayı ilə müqayisədə, təxminən, 20% azalmaya səbəb olacaq. Söhbət gündəlik 1,2 milyon barel daha az neft istehlakından gedir.
Yeri gəlmişkən, neftin diskont satışı Rusiya iqtisadiyyatına təsir edib. “Alfa-Bank” ekspertlərinin hesablamalarına əsasən, Rusiya təkcə martda neft gəlirlərindən 3 milyard dollar itirib. Buna səbəb “Urals” markalı neftin qiyməti ilə “Brent” markalı neftin qiyməti arasında fərqin yaranmasıdır.
“Rusiya Maliyyə Nazirliyi bəyan edib ki, martda Rusiya nefti “Brent” markalı neftin qiyməti ilə müqayisədə 20% diskontla satılıb. Bu da ölkənin ixrac gəlirlərinin ayda 3 milyard dollar azalmasına səbəb olub. Bundan başqa, neft və metal ixracının həcmlərinin azalması yaxın aylarda əlavə itkilərlə nəticələnə bilər. İstisna etmirik ki, əgər xüsusilə ABŞ-ın strateji ehtiyatlarından neftin satışı qiymətin aşağı düşməsinə səbəb olarsa, Rusiyanın 2022-ci ilin yanvarında 45 milyard dollarlıq ixrac gəliri, qarşıdakı aylarda cəmi 30 milyard dollar olacaq”, - deyə bankın icmalında deyilir.
İsrail Azərbaycana yönəlir
Rusiyaya qarşı neft embarqosu təhlükəsi, xüsusən də onun karbohidrogenləri ilə sıx bağlı olan ölkələr üçün enerji ehtiyatlarının şaxələndirilməsi məsələsini yenidən gündəmə gətirir. İstənilən halda, bir təchizatçıya bağlı olmaq, hətta sülh dövründə belə, müxtəlif ölkələrin iqtisadiyyatı üçün böyük problemlər yarada bilər. Məsələn, Ukraynadakı müharibə Aİ-ni bu sadə həqiqəti dərk etməyə sövq edib. Hətta hərbi əməliyyatlar başa çatsa da, Brüsselin Moskva ilə enerji sahəsində tərəfdaşlığı əvvəlki səviyyədə olmayacaq. Odur ki, Aİ Rusiyanın enerji resurslarından imtina anını yaxınlaşdırmaq üçün hər şey edəcək.
Qeyd edildiyi kimi, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan qazının cəlbediciliyi və “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa ölkələri üçün əhəmiyyəti artıb. Bunu əminliklə Azərbaycan neftinə də aid etmək olar. Bu mənada İsrailin maliyyə naziri Aviqdor Libermanın aprelin 25-də Azərbaycana səfəri xüsusi diqqət çəkib.
İsrail mediası xəbər verir ki, Rusiya indiyədək İsrailin ən böyük neft və neft məhsulları tədarükçüsü olub. Lakin bu ölkənin hökuməti yaxın aylarda Rusiyadan neft idxalını dayandırmaq niyyətindədir. Odur ki, o, digər satış bazarlarına, xüsusən də Azərbaycana yönəlmək istəyir. Xatırladaq ki, ərəb ölkələrinin məhsulların tədarükünə tətbiq etdiyi embarqoya və onların gəmiçilik sahəsində İsraillə əlaqələrinin olmamasına görə İsrail uzun illər ərzində Yaxın Şərq ölkələrindən neft idxal etməkdən məhrum olub. Təl-Əviv hazırda neftin böyük hissəsini Rusiya, Azərbaycan və İraq Kürdüstanından alır.
A.Libermanın Bakıya səfəri ərəfəsində İsrail mətbuatı xəbər verib ki, bu səfərin əsas məqsədi Azərbaycandan İsrailə böyük miqdarda neft tədarükü ilə bağlı Bakının razılığını almaq olub. Bundan əlavə, İsrail əvvəllər Rusiyadan tədarükü etdiyi karmabidi Azərbaycandan idxal etmək niyyətindədir. Karbamidin dizel yanacağının istehsalı üçün istifadə olunduğunu qeyd etmək yerinə düşər. Onun çatışmazlığı isə ictimai nəqliyyatda fasilələrə səbəb ola bilər.
Yeri gəlmişkən, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, İsrail Azərbaycan neftini idxal edən 3 əsas ölkədən biridir. Təkcə bu ilin yanvar-mart aylarında bu ölkə Azərbaycandan 328 milyon dollar dəyərində 521 min ton “qara qızıl” idxal edib. 2021-ci ilin sonuna qədər isə İsrail Azərbaycandan 887,5 milyon dollar dəyərində 1,7 milyon tondan çox neft alıb. Bu ilin yerdə qalan 9 ayının statistikası açıqlandıqdan sonra tərəflərin Azərbaycan neftinin tədarükünün artırılması ilə bağlı necə razılığa gəldiyi məlum olacaq. Azərbaycan ilkin mərhələdə İsrailə illik 2-2,5 milyon ton neft ixrac etməyin öhdəsindən gələ bilər.
MƏSLƏHƏT GÖR: