Müəllif: İlqar VƏLİZADƏ, politoloq
Azərbaycan-Qırğızıstan münasibətləri, yəqin ki, tarixinin ən maraqlı dövrünü yaşayır. İki ölkə arasında təmasların dinamikası getdikcə artır və bu, heç də təsadüf deyil. Bu gün son onilliklərin ən gərgin dövrünü yaşayan dünyada müxtəlif ölkələr özləri üçün bir-birlərinin maraqlarını daha böyük həssaslıqla anlayan və qəbul edən tərəfdaşlar tapmaq istəyirlər. Azərbaycanla Qırğızıstanın məhz belə ölkələr olduğuna şübhə yoxdur. Ümummilli lider Heydər Əliyev hələ «Manas» dastanının 1000 illik yubileyinin qeyd olunduğu vaxt demişdi: «Biz bir-birimizi qəlbimizlə duyur və anlayırıq».
Əlamətdar səfər
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri Heydər Əliyevin bu sözlərinin gözəl əksi sayıla bilər. Bu üzdən də onu bir sıra məqamları ilə əlamətdar səfər adlandırmaq olar.
Səfər, ilk növbədə, Qırğızıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi, həmçinin tərəflər arasında Dostluq və Əməkdaşlıq haqqında Müqavilənin imzalanmasının 25 illiyi ərəfəsinə təsadüf edib. İki ölkə arasında münasibətlərin uzun illərdir davam etməsinə, liderlərin onlarla qarşılıqlı səfərlərinə baxmayaraq, Azərbaycanla Qırğızıstan arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə yalnız bu səfər zamanı imzalanıb. Bu, Bakı-Bişkek münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəldib.
Qeyd olunmalıdır ki, Sadır Japarov hakimiyyətə gəldiyi ilk aylardan Qırğızıstan-Azərbaycan münasibətlərinə xüsusi münasibət göstərib. Bu, özünü ali səviyyədə əlaqələrin fəallaşmasında, müxtəlif sammitlər və digər ali tədbirlər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə ikitərəfli görüşlərin keçirilməsində də göstərib.
Qırğızıstanın hazırkı hökuməti Azərbaycanı torpaqlarını erməni işğalından azad etməsi işində açıq şəkildə dəstəkləyib, prezident Japarov isə həmkarı İlham Əliyevi Bakının savaşda qazandığı qələbə münasibəti ilə dəfələrlə təbrik edib. Halbuki Qırğızıstanın əvvəlki rəhbərliyi Ermənistanın Qarabağ və ətraf əraziləri işğal etməsi məsələsinə daha ehtiyatlı yanaşırdı. Bundan başqa, 2017-ci ilin martında Qırğızıstanın baş naziri İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən XIII sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı bəyanatı imzalamaqdan belə, imtina etmişdi. Bakının Qırğızıstanın bu demarşına reaksiyası, təbii ki, mənfi olmuşdu.
Beləliklə, hazırkı hökumətin bu məsələdəki mövqeyi əvvəlki hakimiyyətin mövqeyindən tam fərqlənir. Bunu Sadır Japarovun öz geosiyasi problemini öz imkanlarına arxalanaraq, müstəqil şəkildə həll etmiş Azərbaycana vacib regional güc kimi yanaşması ilə də izah etmək olar. Bundan başqa, Bakı Bişkek üçün potensial investisiya mənbəyi, regional və beynəlxalq təşkilatlarda vacib tərəfdaşdır.
Sabahın gündəliyi olacaq Bəyannamə
Bakıda imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə yalnız iki ölkə münasibətlərini yeni səviyyəyə yüksəltmir, həm də uzun müddət üçün ikitərəfli əməkdaşlığın prioritetlərini müəyyənləşdirir. Sənədin mətnindən aydın şəkildə görünür ki, tərəflərin istər regional, istərsə də beynəlxalq siyasətlə bağlı hədəfləri və prioritetləri var. Bakı ilə Bişkek türk əməkdaşlığı formatına öz maraqlarının reallaşdırılması, humanitar sahədə dayanıqlı dialoqun təmini imkanı kimi baxır. Sənəddə iqtisadi-ticari, investisiya, həmçinin nəqliyyat-logistika sahələrində əməkdaşlığın gücləndirilməsinə də diqqət çəkilir. Bu da təsadüf deyil – 30 il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 10 milyon dolları aşmayıb. Halbuki bu potensial ticarət dövriyyəsinin ən azı on milyonlara, bəlkə də, yüz milyonlara çatmasına imkan verir.
Azərbaycan Prezidenti İlham Əliyev həmkarı Sadır Japarovla görüşü zamanı bildirib ki, Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. S.Japarov isə sonradan Azərbaycanın iri biznes təmsilçiləri ilə görüşündə ölkəsinin məhz bu sektora Azərbaycan investisiyalarının cəlbində maraqlı olduğunu söyləyib. O, şirkətləri Kambar-Ata SES-1 və strateji əhəmiyyətli bir sıra digər kiçik və orta SES-lərin tikintisində iştiraka çağırıb.
Məlum olduğu kimi, son illər «Azərenerji» ASC-nin Layihə-Axtarış İnstitutu ölkədə yarımstansiyaların, həmçinin kiçik və orta güclü elektrik stansiyalarının yerli şirkətlərin cəlbi ilə tikintisi layihələrinin hazırlanmasında fəal iştirak edir. Beləliklə, Azərbaycanın enerji layihələrinin reallaşdırılması ilə bağlı təcrübəsi var və o, bu təcrübəsini Qırğızıstanla da bölüşə bilər.
Ümumilikdə iki ölkə arasında iqtisadi əlaqələrə əməkdaşlığın prioritet istiqaməti kimi baxılır. Qırğızıstan prezidentinin Bakı səfəri zamanı Qırğızıstanda Azərbaycan, burada isə Qırğızıstan ticarət evinin açılması məsələsi də qaldırılıb. Onların fəaliyyəti qarşılıqlı ticarəti stimullaşdırmalıdır. Qırğızıstan tərəfi artıq nizamnamə kapitalı 1 milyard dollar olacaq birgə investisiya fondunun yaradılması təşəbbüsü ilə çıxış edib və bu da qarşılıqlı ticarəti stimullaşdıracaq hadisə hesab olunur.
Azərbaycanlı investorlar üçün Qırğızıstan başqa səbəblərdən də cəlbedicidir. Məsələ ondadır ki, bu Mərkəzi Asiya ölkəsi ciddi təbii mineral xammal potensialına malikdir. Qırğızıstanın əsas faydalı qazıntıları qızıl, gümüş, civə, volfram və qalaydır. Ölkədə ehtiyatı 100 tondan artıq olan bir neçə qızıl yatağı, 20 min tondan artıq ehtiyata malik iki böyük civə yatağı var. Azərbaycana məxsus «Azergold» QSC daxili bazarda əhəmiyyətli iş təcrübəsinə malikdir. İndi o, Qırğızıstanın perspektiv qızıl yataqlarının işlənməsinə də maraq göstərə bilər.
Təhlükəsizlik - birləşdirir
Bütün bunlarla yanaşı, tərəflər hələ ki, bir-birinin investisiya imkanlarını öyrənmək mərhələsindədir. Nəqliyyat-logistika əlaqələrinə tam aydınlıq gətirilmədiyi şəraitdə böyük vəsaitlər yatırmağa tələsmirlər. Odur ki, tərəflər artıq nəqliyyat sahəsində koordinasiyanın gücləndirilməsi haqda da qərar qəbul ediblər.
Maraqlıdır ki, Bəyannamənin mətnində Qırğızıstan tərəfinin Azərbaycanın profilli təhsil ocaqlarının bazasında hərbi kadrların hazırlanması sahəsində əməkdaşlığa marağı da əks olunub. 44 günlük müharibədə özünü layiqincə göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin quruculuq təcrübəsi Bişkek üçün cəlbedici görünür.
Mərkəzi Asiya ölkələri üçün təhlükəsizliyin təmini heç də ikinci dərəcəli iş deyil. Bu mənada, Bişkekin Azərbaycanın ordu quruculuğu təcrübəsini öyrənmək istəyi təbiidir və bu, ikitərəfli münasibətlərdə əsas məsələlərdən biri ola bilər.
Vacib məqamlardan biri də bu səfərin türk inteqrasiyasının inkişafına önəmli töhfə verməsidir. Hər halda, türk qrupuna daxil olan dövlətlər üçün yalnız çoxtərəfli deyil, həm də ikitərəfli səviyyədə əməkdaşlığın inkişafı əvvəldən prioritet olub. Bakı ilə Bişkek ikitərəfli dialoqu gücləndirməklə, türk dünyası çərçivəsində də dialoqu gücləndirir, onu yalnız yeni cəhətlərlə zənginləşdirmir, həm də bu əməkdaşlığa praktik məzmun verirlər.
MƏSLƏHƏT GÖR: