24 Noyabr 2024

Bazar, 19:03

ZƏFƏR QURULTAYI

Şuşa dünya azərbaycanlılarının möhtəşəm forumuna ev sahibliyi edib

Müəllif:

01.05.2022

Erməni işğalından azad olunmuş Şuşada – Azərbaycanın mədəniyyət paytaxtında Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Bu möhtəşəm tarixi hadisə Azərbaycan xalqının və dövlətinin 44 günlük Vətən müharibəsində qazandığı böyük zəfərin növbəti rəmzi oldu.

Zəfər Qurultayında dünyanın, təxminən, 65 ölkəsindən Azərbaycan diasporunun 400-dək üzvünün qatıldığı qurultayda dünya azərbaycanlılarının gələcək fəaliyyət istiqamətlərindən danışılıb, Azərbaycanın yaratdığı yeni regional reallıq – postmünaqişə dövrünün reallıqları şəraitində həllini gözləyən məsələlərdən bəhs olunub.

 

Diaspor birliyin ayrılmaz hissəsi kimi

Qurultayda müzakirə olunan məsələlərə əsas tonu Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimindəki təbrik çıxışı ilə verib. «Bu qurultayın adı Zəfər Qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq», - deyə o, bildirib.

Bununla yanaşı, Zəfər Qurultayına aparan yol çox uzun və ağır olub. Azərbaycanın müasir diaspor hərəkatının tarixi 1989-cu il dekabrın 31-dən başlayıb. İstanbulda ilk Dünya Azərbaycanlıları Konqresi məhz həmin vaxt keçirilib. Təsadüf deyil ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsindən 2 ay sonra Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Soveti dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Sonradan bu bayram hər il ümumxalq səviyyəsində qeyd olunmağa başlanıb, dünya azərbaycanlılarının milli birliyi ideyası isə Azərbaycan dövlətində müvafiq siyasi-hüquqi şəkil alıb.

Azərbaycanın güclü, özünü təmin edən dövlət kimi təsdiqlənməsi ilə azərbaycançılıq ideyası da möhkəmlənib, dünya azərbaycanlılarının şüurunda əsas elementə çevrilib. Azərbaycan xalqının, dövlətinin və xaricdə yaşayan soydaşlarımızı birləşdirən diaspor təşkilatlarını birləşdirən ideya kimi.

Dünya Azərbaycanlılarının Qurultayı kimi nadir hadisənin meydana çıxması da bu birliyin təşkili, bütün həmvətənlərin Azərbaycan dövləti ətrafında birləşməsi zərurətindən irəli gəlir. İlk belə qurultay Bakıda hələ 2001-ci il noyabrın 9-10-da Azərbaycanın ovaxtkı Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə baş tutub. Sonradan 2006, 2011 və 2016 illərdə belə qurultaylar artıq indiki dövət başçısı, özünü tamamilə haqlı olaraq «bütün dünya azərbaycanlılarının prezidenti» adlandıran İlham Əliyevin rəhbərliyi altında keçirilib.

Bu forumların son dərəcə ciddi əhəmiyyət kəsb etməsi, ilk növbədə, Ermənistanın hərbi təcavüzü ilə mübarizə kontekstində ortaya çıxırdı. Məlum olduğu kimi, bu təcavüz nəticəsində Azərbaycan ərazisinin beşdə biri işğal olunmuş, erməni işğalçılarının həyata keçirdikləri etnik təmizləmə nəticəsində, təxminən, 1 milyon azərbaycanlı məcburi köçkünə çevrilmişdi. Odur ki, diaspor fəaliyyətinin əsas hədəfi Qarabağ münaqişəsi haqda həqiqətlərin dünyanın diqqətinə çatdırılması, Azərbaycana qarşı həyata keçirilmiş təcavüzün beynəlxalq birlik tərəfindən dəstəklənməsinə çalışan yalan erməni təbliğatının ifşası idi.

Azərbaycanlıların yaşadığı praktik olaraq bütün ölkələrdə azərbaycanlı icmalarının yaradılması bu vəzifənin öhdəsindən uğurla gəlinməsinə imkan verib. Maraqlıdır ki, Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətində ilk dövrlərdən yalnız etnik azərbaycanlılar deyil, Azərbaycanda doğulmuş və böyümüş başqa xalqların nümayəndələri də fəal rol oynayıblar. Söhbət yəhudilərdən, ukraynalılardan, ruslardan və s. gedir.

Dünya azərbaycanlılarının birliyinin əsas zəfəri 2020-ci ildə yaşanıb. Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməyə məcbur olduğu iyul döyüşləri zamanı müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar tarixi vətənlərinin maraqlarını qorumaq naminə bütün imkanlarını səfərbər etmişdilər. Onların müxtəlif səviyyələrdə gördükləri işlər, o cümlədən kütləvi aksiyalar daha yaxşı təşkilatlanmış, daha nüfuzlu hesab olunan erməni diasporunu çaş-baş salmışdı. Belə olan təqdirdə, qarşı tərəf təxribatlara əl atmaqdan, azərbaycanlı nümayişçilərə fiziki güc tətbiqindən başqa heç nə edə bilmirdi. Amma onların bu cəhdləri də ümumilikdə Azərbaycan diasporu tərəfindən uğurla dəf edilir, Azərbaycan xalqının işğalçılar üzərində qələbə əzmini daha da artırırdı.

Əminliklə demək olar ki, 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibədə qazanılmış qələbədə fundamental amillərdən biri də dünya azərbaycanlılarının beynəlxalq aləmdə nümayiş etdirdiyi sarsılmaz birlik olub. Ona, ilk növbədə, bütün Azərbaycan xalqının misilsiz birliyi və həmrəyliyi sayəsində nail olunub. Bəli, bütün azərbaycanlılar üçün müqəddəs savaş olan bu müharibədə qələbə naminə diasporumuz da sıx birləşmişdi. Onlar müxtəlif ölkələrdə Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün çoxsaylı aksiyalar keçirirdilər və belə aksiyalara azərbaycanlıların praktik olaraq yaşadıqları hər yerdə rast gəlinirdi. Azərbaycanın taleyinə biganə olmayan hər kəs bu cür aksiyalarda iştirak edirdi. Bir sözlə, dünyanın istənilən yerində yaşayan azərbaycanlılar yaşadıqları ölkədən, milli və dini mənsubiyyətindən asılı olmayaraq, Qələbə uğrunda birləşmişdilər.

Bu yerdə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayının açılış mərasimindəki çıxışından daha bir fikri yada salmaq yerinə düşər: «Mən dəfələrlə, o cümlədən birinci Qurultaydan sonra keçirilmiş Dünya Azərbaycanlılarının qurultaylarında çıxış edərkən deyirdim ki, biz heç vaxt bu işğalla barışmayacağıq, nəyin bahasına olursa-olsun öz dədə-baba torpaqlarımızı işğaldan azad edəcəyik... Hesab edirdim ki, Ermənistanda nəhayət anlayacaqlar ki, XXI əsrdə qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamaq mümkün deyil. Ancaq əfsuslar olsun ki, həm Ermənistan rəhbərliyi, eyni zamanda beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar fərqli fikirdə idi və uzun sürən – 30 ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz heç vaxt buna razı ola bilməzdik və Vətən müharibəsindəki göstərdiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi. Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur».

 

Qarabağ şüarı altında

Azərbaycanın günlük müharibədə ərazi bütövlüyünü bərpa etməsi ilə diasporumuz da yeni inkişaf mərhələsinə qədəm qoyub. Bunun ilk səbəbi Qarabağın azad olunması fonunda Azərbaycan diasporunun qarşısında duran vəzifələrin dəyişməsidir. Bu fakt Dünya Azərbaycanlılarının V Qurultayının gedişində də ifadə olunub. Elə bu forumun Şuşada keçirilməsinin özü Qarabağ şüarı altında təşkil olunmuş toplantıda müzakirələrin leytmotivini müəyyənləşdirirdi. Regional dəyişikliklər şəraitində Azərbaycan diasporunun qarşısında duran vəzifələrin dəyişməsi anlaşılandır. Əgər günlük müharibəyədək onun əsas işi Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı həqiqətlərin dünya birliyinin diqqətinə çatdırılması idisə, indiki şəraitdə hədəf, ilk növbədə, beynəlxalq ictimaiyyətin azad olunmuş Qarabağdakı vəziyyət haqda məlumatlandırmaqdır. Buraya 30 illik işğaldan azad olunmuş Azərbaycan rayonları, şəhərləri və kəndlərinin durumu da daxildir. Bu, Ermənistanın həmin ərazilərdə həyata keçirdiyi analoqsuz vandallıqdır. Bütün bu illərdə ermənilərin Azərbaycan xalqının maddi-mənəvi irsini məqsədyönlü şəkildə məhv etdiyi ortadadır.

Qarşıdakı illərdə Azərbaycanın diaspor təşkilatlarının görməli olduğu əhəmiyyətli işlər arasında azad olunmuş ərazilərin bərpasına beynəlxalq investisiyaların cəlbinə yardım göstərilməsi də var. Azərbaycan bu torpaqlarda miqyasına görə görünməmiş bərpa-tikinti işləri aparır. Eyni zamanda ərazilərin minalardan təmizlənməsi kimi vacib iş də davam edir. Hər halda, yüz minlərlə köçkünün bz torpaqlarına qayıtması üçün bu, vacibdir. Azərbaycan diasporunun qarşısında duran vəzifələr arasında maraqlı dairələrin diqqətinin bu problemə cəlbi də var. Dünya erməniliyinin və müxtəlif ölkələrdəki ermənipərəst dairələrin bitmək bilməyən antiazərbaycan təbliğatının qarşısının alınması işləri də öz yerində.

Hazırkı postmünaqişə şəraitində Azərbaycanın regionla bağlı təklif etdiyi gündəmin diaspor tərəfindən dəstəklənməsi də son dərəcə vacibdir. Bakının formalaşdırdığı və ilk növbədə, Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımasına hesablanmış 5 baza prinsipi ikitərəfli münasibətlərin normallaşdırılmasına, regionda dayanıqlı sülhün yaradılmasına yönəlib. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirdiyi görüşdən sonra İrəvanın bu prinsipləri münasibətlərin normallaşdırılması prosesinin əsas kimi qəbul etməyə hazır olduğunu bildirib. Lakin bununla yanaşı, erməni tərəfinin Azərbaycana ərazi iddiaları hələ də qalmaqdadır. İrəvanın Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamənin bəzi prinsipial əhəmiyyət daşıyan maddələrini yerinə yetirməməsi bunu təsdiqləyir. Söhbət, ilk növbədə, müharibənin başa çatmasından ilyarım keçməsinə rəğmən, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmamasından gedir. Bəli, Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərində belə qüvvələr hələ də qalmaqdadır.

Bundan başqa, istər Rusiya, istərsə də Aİ-nin vasitəçiliyi ilə imzalanmış üçtərəfli sənədlərdə Ermənistan üzərinə regionda nəqliyyat əlaqələrinin açılması, həmçinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası haqda öhdəliklər götürüb. Lakin bu istiqamətlərdə də hələ ciddi irəliləyiş yoxdur. Eyni sözü sülh müqaviləsinin imzalanması məsələsi haqda da demək olar. Ermənistanın bu cür destruktiv mövqe tutmasının səbəbi isə eynidir – Azərbaycana qarşı ərazi iddiaları.

Qarşı tərəfin mövqeyinə baxmayaraq, Prezident İlham Əliyev Şuşada keçirilən qurultayda əminliklə deyib ki, «biz postmüharibə dövründə göstərdiyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik».

«Hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi qrupları formalaşdırır», - deyə İlham Əliyev vurğulayıb: «Hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də, son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq».

Ümumilikdə Azərbaycanın diaspor təşkilatlarının qarşısında duran kompleks vəzifələrin icrası üçün onlar arasında koordinasiyanın gücləndirilməsi, mövcud ölkələrdə siyasi, iqtisadi və informasiya təsirlərinin artırılması, lobbiçilik fəaliyyətinin fəallaşdırılması vacibdir. Onların Azərbaycanla, Azərbaycan dövləti ilə daimi əlaqə rejimində olması bu işə yardım edəcək.

Prezident İlham Əliyev bu məsələyə də toxunub: «Əlbəttə, mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir. Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. İndi bu gün biz qurultayı Şuşada keçiririk. Ancaq azad edilmiş ərazilər 10 min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq».

Beləliklə, Azərbaycan dövləti ilə diasporunun birliyinin, dünya azərbaycanlılarının həmrəyliyinin daha da gücləndirilməsi gündəmdədir. Azərbaycanın işğaldan azad olunmuş müqəddəs məkanı – Şuşa şəhərində keçirilmiş qurultayda hədəf olaraq müəyyənləşdirilmiş kompleks işlərin uğurla həyata keçirilməsinin əsas şərti budur.



MƏSLƏHƏT GÖR:

150