26 Dekabr 2024

Cümə axşamı, 21:08

HƏM ÖZÜ, HƏM DƏ BAŞQALARI ÜÇÜN

Azərbaycan ixrac məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalını artırmağa hazırlaşır

Müəllif:

15.05.2022

Qlobal ərzaq böhranına və postsovet ölkələrində bazarların bağlanmasına baxmayaraq, Azərbaycan kənd təsərrüfatı ilə bağlı doktrinasını formalaşdırır.

Artıq 2 ildir davam edən ərzaq böhranı Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ilə daha da güclənib. Bu, postsovet məkanının kənd təsərrüfatı bazarında tarazlığın keyfiyyətcə dəyişməsinə səbəb olub. Odur ki, indi Rusiya və Avrasiya İqtisadi İttifaqının bir sıra ölkələrində ərzaq məhsullarının regionlaşdırılması tendensiyası güclənib və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər daxili bazarların bağlanması ilə nəticələnir.

Şübhəsiz, Azərbaycanın ticarət tərəfdaşlarında baş verən dəyişikliklər ölkəmizə də təsir göstərir. Qeyd edək ki, Azərbaycanda da bəzi ərzaq məhsullarının ixracına müəyyən məhdudiyyətlər qoyulub. Amma Bakının əsas məqsədi özünü gömrük məhdudiyyətlərində göstərmir. Belə ki, əsas hədəf Qarabağ regionundakı torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi, qabaqcıl kənd təsərrüfatı texnologiyalarının tətbiqi və bu sahənin rəqəmsallaşdırılmasıdır.

 

Nəzarət cəhdi

Koronavirus pandemiyasından və Rusiya-Ukrayna münaqişəsindən əvvəlki firavan dövrdə, yəni 2019-cu ilin oktyabrında Kölndə keçirilən “ANUGA 2019” ərzaq sərgisində Rusiya Baş nazirinin müavini Aleksey Qordeyev dünyanın aparıcı taxılçılıqla məşğul olan ölkələrinin təşkilatının yaradılması və bazarın birgə tənzimlənməsi ideyasını irəli sürmüşdü. Güman edilirdi ki, belə beynəlxalq təşkilat qlobal taxıl bazarında sabitliyi təmin edən “taxıl OPEC”inə çevriləcək. Bu quruma Rusiya ilə yanaşı, Qazaxıstan, Ukrayna, Avropa İttifaqının (Aİ) bir sıra ölkələri, ABŞ, Kanada, Argentina və Avstraliyanın daxil edilməsi təklif olunurdu. Təşkilat ölkələrin birgə səyləri sayəsində taxılın qiymətini koordinasiya etməli, ixrac kvotası ilə bağlı məsələləri və həyati əhəmiyyət kəsb edən sahədə digər mübahisəli məsələləri həll etməli idi. Lakin Aİ bu təklifi qəti şəkildə rədd edib. Brüssel hesab edirdi ki, taxıl kartelinin yaradılması ideyası əslində, Moskvanın beynəlxalq ərzaq bazarını nəzarətə götürmək cəhdidir.

Bundan əlavə, BMT, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) “taxıl OPEC”i ideyasına soyuq yanaşıb. Beləliklə, beynəlxalq birlik bu təşəbbüsə dəstək vermədi.

Bu arada, ötən ilin yazından etibarən dünyada ərzaq məhsullarının qiymətlərində sabit artım tendensiyası müşahidə olunur. 2022-ci ilin əvvəllində isə idxal inflyasiyası amili bütün dünyanı bürüyüb. Bu, ən yoxsul ölkələrdə isə aclıq təhlükəsinə çevrilib. Sadalanan problemlər Ukraynada müharibə başlayandan və Rusiyaya qarşı sanksiyalar tətbiq ediləndən bəri daha da artıb. İlk növbədə, bunu əsasən Afrika, Asiya və Yaxın Şərqdə yerləşən, iqtisadi nöqteyi-nəzərdən zəif olan 50-yə yaxın ölkə hiss edib. Xatırladaq ki, bu ölkələrin ərzaq balansında Rusiya və Ukrayna taxılının payı 30%-dən çoxdur. Bundan başqa, Şərqi Avropa, Asiya və Afrikanın bir çox ölkələri kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində ciddi çətinliklərlə üzləşə bilər. Onların mineral gübrələrə olan tələbatının təxminən 50%-i Rusiya və Belarusun payına düşür. Amma bu iki ölkədən tədarüklə bağlı məhdudiyyətlər 2023-cü ildə, hətta bundan sonrakı illərdə də saxlanıla bilər. Bu məqamda qeyd edək ki, 2021-2022-ci illərdəki qaz böhranı səbəbindən dünya bazarında azot gübrələrinin qiyməti üç dəfədən çox bahalaşıb.

Beləliklə, kifayət qədər çətin fonda Rusiyanın taxıl bazarının idarə edilməsi ilə bağlı təşəbbüsü artıq fərqli formaya çevrilib. Belə ki, Rusiya indi daxili ərzaq bazarını qorumağı hədəfləyir. Bu zaman o, hətta yaxın qonşularının və ticari tərəfdaşlarının maraqlarını belə, nəzərə almır. Məsələn, Rusiya hələ bir il əvvəl ixrac rüsumlarını iki dəfə artırıb və Avrasiya İqtisadi İttifaqı ölkələri istisna olmaqla, taxıl, meslin (buğda və çovdarın qarışığı)  və unun qlobal ixracına məhdudiyyətlər qoyub. Ukraynada hərbi eskalasiyadan sonra isə Rusiya bu ilin yazından günəbaxan və raps toxumlarının ixracını qadağan edib. Bu qadağa bu il aprelin 1-dən avqustun 31-dək davam edəcək. Üstəlik, Rusiya hökuməti martın 15-dən iyunun 30-dək Avrasiya İqtisadi İttifaqı ölkələrinə belə (Belarus istisna olmaqla) taxıl ixracına qadağa qoyub. Martın 15-dən avqustun 31-dək Rusiyadan şəkər tədarükünə qadağa qoyulub. Amma Avrasiya İqtisadi İttifaqı ölkələrinə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin xüsusi icazəsi ilə şəkərin ixracına icazə verilir.

Belarus da bu yolla gedir. O, qarabaşaq, un, şəkər və duzun ixracına məhdudiyyətlər qoyub. Rusiya isə bu məhdudiyyətləri belə izah edir: rüsumsuz ticarət qaydaları Avrasiya İqtisadi İttifaqı ölkələrinə strateji əhəmiyyət kəsb edən ərzaq məhsullarını kütləvi şəkildə almasına imkan verir. Moskvanın fikrincə, bu, daxili bazarda qıtlığa səbəb olur və üstəlik, Avrasiya İqtisadi İttifaqı ölkələrinə ərzaq məhsullarını qiymət fərqinə görə daha baha qiymətə xarici bazarlara ixrac etməyə imkan yaradır.

 

Ölkələrə rikoşet effekti

Sadalanan addımlar Avrasiya İqtisadi İttifaqının üzvlərinin ciddi reaksiyasına səbəb olub. Məsələn, Qazaxıstan və Qırğızıstan bu qərarları təşkilatın müqaviləsinin pozulmasının əlaməti kimi qiymətləndirib. Qazaxıstan da öz növbəsində daxili bazarı qorumaq məqsədilə taxıl və unun ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edib (aprelin 15-dən iyunun 15-dək). Buğda üçün ixrac kvotası bir milyon ton, un üçün isə 300 min tondan artıq deyil.

“Bu məhdudiyyətlər onunla bağlıdır ki, Qazaxıstanın ixracatçıları taxılı yerli un dəyirmanı müəssisələrinə satmaq istəmir, çünki onlar ixrac qiymətinin artmasını gözləyirlər”, - deyə bu yaxınlarda Qazaxıstanın kənd təsərrüfatı naziri Yerbol Karaşukeev qeyd edib.

Bir sözlə, Avrasiya İqtisadi İttifaqı ölkələrində ərzaq təhlükəsizliyi baxımından regionlaşma tendensiyası yaranıb. Bu qərarların multiplikativ effekti isə bu gün bütün postsovet məkanına təsir göstərir. Məsələn, Mərkəzi Asiyanın bir sıra ölkələrində strateji əhəmiyyət kəsb edən ərzaqların ixracına məhdudiyyət qoyulub və əksinə, onların idxalına görə gömrük rüsumları və ƏDV ləğv edilib. Müharibə alovunun bürüdüyü Ukraynada isə qıtlığın qarşısını almaq üçün buğda, qarğıdalı, iribuynuzlu mal-qara əti, yumurta və günəbaxan yağının ixracına lisenziya məhdudiyyətləri qoyulub. Bu günlərdə bu siyahıya qarabaşaq, düyü və yulaf əlavə olunub. Bundan əlavə, Kiyev duz, şəkər, çovdar, darı və ət subməhsullarının ixracı üçün kvota tətbiq edib. 

Bu arada, belə vəziyyətdə FAO-nun ekspertləri dünya dövlətlərinə, ilk növbədə, idxaldan asılı olduğuna görə daha çox risk altında olan inkişaf etməkdə olan ölkələrə tövsiyə edirlər ki, onlar ortamüddətli perspektivdə yerli istehsalçılara və emaledici müəssisələrə dövlət yardımının ayrılması üçün səy göstərsinlər. Belə ki, onların fəaliyyəti idxalın əvəzlənməsinə və ərzaq məhsulları baxımından daxili tələbatın ödənilməsinə, həmçinin istifadəsiz torpaq sahələrinin rekultivasiyası və istifadəsi hesabına kənd təsərrüfatı sahəsinin şaxələndirilməsinə istiqamətlənməlidir.

 

Cavab tədbirləri

Bu tövsiyələr Azərbaycanda tam şəkildə həyata keçirilir. Qonşuluqdakı MDB ölkələrində olduğu kimi Azərbaycanda da daxili bazarın qorunması üçün addımlar atılır. Məsələn, o, strateji əhəmiyyət kəsb edən buğdanın ixracını mümkün qədər asanlaşdırıb. Ötən ildən taxıl idxalçıları üçün ƏDV və rüsumların ləğvi müddəti uzadılıb. Üstəlik, Dövlət Ehtiyat Agentliyi yaradılıb, ərzaq ehtiyatlarının strukturu formalaşdırılır. Bu da son deyil. Həm fors-major hallar, həm də daxili bazarda qiymətlərin tənzimlənməsi üçün idxal və ölkədə istehsal edilən məhsulların bir hissəsi agentliyin anbarlarında saxlanılır.

Yeri gəlmişkən, bu ilin martında Nazirlər Kabineti daxili ərzaq bazarında sabitliyin qorunması məqsədilə “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərar imzalayıb. Bu sənədlə əsas ərzaq məhsullarının və xammalın, o cümlədən unüyütmə-yarma sənayesi məhsulları, səməni, nişasta, inulin, buğda özü, yağlı toxumlar və bar, bəzi dərman bitkiləri, yem otları, yem taxıllarının ölkədən ixracı məhdudlaşdırılıb.

Amma qlobal ərzaq böhranı və inflyasiya şəraitində gömrük güzəştləri, kvota və ixrac məhdudiyyətləri bütün problemləri həll edə bilməz. Buna görə də hökumət daxili bazarın sabitləşməsi ilə bağlı əsas vəzifəni kənd təsərrüfatı sahəsində istehsal və emalın artırılmasında görür. Bu məqsədlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının kənd təsərrüfatı potensialının inkişaf etdirilməsi, ən müasir kənd təsərrüfatı texnologiyalarının və qənaətcil suvarma sistemlərinin tətbiqi, həmçinin bu sahənin tamamilə rəqəmsallaşdırılması hesabına nail olunması planlaşdırılır.

 

Rəqəmsal kənd təsərrüfatı sektoru

Bu yaxınlarda Bakıda “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans keçirilib. Konfransda yerli kənd təsərrüfatı sahəsi ilə bağlı istehsalda informasiya texnologiyalarının tətbiqi, bu sektorda idarəetmə və nəzarət prosedurlarının rəqəmsallaşdırılması, həmçinin azad edilmiş ərazilərdəki torpaqların istifadə edilməsi perspektivləri geniş şəkildə müzakirə olunub.

“Biz kənd təsərrüfatının bütün sahələrinin rəqəmsallaşdırılmasını təmin etməliyik. Bu, kənd təsərrüfatı sektorunu gələcək transformasiyaya uyğunlaşdırmağa kömək edəcək. Azərbaycan kənd təsərrüfatının rəqəmsallaşdırılması sahəsində uzun yol qət edib. Bu iş Azərbaycanın bütün bölgələrində aparılır. Hazırda azad edilmiş ərazilərdə də ən yeni texnologiyalar tətbiq olunur”, - deyə Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov beynəlxalq konfransda bildirib.

Bu məqamda qeyd edək ki, son illərdə Azərbaycan kənd təsərrüfatı istehsalının idarə edilməsi və nəzarəti prosesində müasir informasiya texnologiyalarının tətbiqində nəzərəçarpan irəliləyişə nail olub. Fermer təsərrüfatının əksəriyyəti, həmçinin ixtisaslaşmış emal müəssisələri və xidmət strukturları bu mexanizmə qoşulub. Söhbət, xüsusilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılmış “Elektron kənd təsərrüfatı” (EKTİS) avtomatlaşdırılmış informasiya sistemindən gedir.

Bu sistemin elektron məlumat bazası (BigData) yetişdirilən məhsulların həcmi və strukturu, həmçinin məhsul proqnozları barədə aydın təsəvvür yaradır. Üstəlik, bu sistem fermerlərə cari tələb və təklif barədə məlumat verməyə imkan verir və onlara məhsul yığımı mövsümü üçün ən perspektivli və gəlirli məhsulların seçilməsinə kömək edir.

Yeri gəlmişkən, EKTİS mexanizmi 450 mindən çox fermerə subsidiyaların verilməsi prosesinin qaydaya salınmasında, nəzarətin gücləndirilməsi və bu prosesdə şəffalığın təmin edilməsində misilsiz rol oynayıb. Bundan əlavə, fermerlər bu sistem vasitəsilə öz sahələri üçün məhsuldarlıq proqnozu və bir çox digər faydalı məlumatlar əldə edirlər. EKTİS-in şəffaf və zəngin məlumatlar olan bazası son 3 ildə səmərəliliyi nəzərəçarpacaq dərəcədə artan güzəştli kreditlərin verilməsi mexanizmi və kənd təsərrüfatı sığorta sisteminə əsaslanır.

“2015-2020-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalında 22,3% artıma nail olmuşuq. Rəqəmsal və innovativ yanaşmalar bu uğurun əsasını təşkil edir”, - deyə nazir İnam Kərimov vurğulayıb.

Xüsusilə, “Elektron kənd təsərrüfatı” sistemi istifadəsiz torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə şərait yaradıb. Üstəlik, bu sistem  əkinçi fermerlərin gübrə və yanacaqlar alması üçün səmərəli subsidiyalarla təmin olunmasına, həmçinin regionlarda su sərfiyyatının optimallaşdırılmasına yardım göstərib. Bütün bunlar isə istifadəsiz torpaqların məhsuldarlığının artmasına kömək edib. Fermer təsərrüfatlarının fəaliyyətində praktiki olaraq informasiya texnologiyaları tətbiq edilib. Məsələn, “Aqrolizinq”in biçin texnikasında GPS sensorlar quraşdırılıb. Bu, nəzarətin optimallaşdırılmasına və aqrotexniki işlərin sürətləndirilməsinə imkan verib. Bundan əlavə, bir sıra aqroparklarda qənaətcil suvarma sistemin tətbiqi ilə bağlı pilot layihələrə start verilib. Üstəlik, artezian quyularının iş prosesi avtomatlaşdırılıb. Bütün bunlar IoT sisteminin (əşyaların interneti), telemetriya mexanizmlərinin və sairin tətbiq edilməsi ilə istifadə olunur.

 

Hədəf – ixracyönümlülükdür

Nazir İnam Kərimovun sözlərinə görə, rəqəmsal kənd təsərrüfatı alətləri və enerjiyə qənaət edən “yaşıl” texnologiyalar Qarabağ regionunun kənd təsərrüfatı sahəsinin inkişafının əsasına çevriləcək. O, Zəngilan və Füzuli rayonlarında “ağıllı kəndlər”in yaradılması ilə bağlı pilot layihələri xatırladıb. Yeri gəlmişkən, bu kəndlərdə bərpa olunan enerji mənbələrindən fəal şəkildə istifadə olunması nəzərdə tutulur. Üstəlik, “ağıllı kəndlər”də data və analitik mərkəzlər, həmçinin suvarma və qaz sistemlərinin, avtomatlaşdırılmış təsərrüfatların və emal sexlərinin “ağıllı” idarəetmə sistemi yaradılır.

Bundan başqa, məhsula nəzarət və əkin sahələrinin tozlandırılması üçün dronlardan fəal şəkildə istifadə olunacaq. Quşçuluq və akvakultura təsərrüfatlarının inkişafında rəqəmsal sistemlərin tətbiq edilməsi planlaşdırılır.

Bu arada, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər ki, zamanla minatəmizləmə işlərində irəliləyişə nail olunduqdan sonra Qarabağın münbit və rütubətlə zəngin torpaqları Azərbaycana ərzaq təhlükəsizliyində əsas problemin öhdəsindən gəlməyə yardım göstərəcək. Söhbət ölkənin özünü taxılla təmin etməsindən gedir. Ekspertlərin fikrincə, ortamüddətli perspektivdə Azərbaycan ərzaq buğdasına olan tələbatının 80%-dən çoxunu daxili resurslar hesabına ödəyə bilər. Azərbaycanın buna qənaətcil suvarma sistemlərinə malik ixtisaslaşdırılmış taxıl aqroparklarının sayının artırılması və elit, yüksək məhsuldar buğda növlərinin əkilməsi hesabına nail olması mümkündür.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı üçün ümumilikdə, təxminən, 1 milyon hektar məhsuldar torpaq, o cümlədən 128 min hektar suvarılan torpaq var. Bu torpaqlarda işlərə qismən başlanılıb. Məsələn, bu il təxminən 100 min hektar əraziyə buğda və arpa səpilib.

Bundan əlavə, ortamüddətli perspektivdə Ağdam, Füzuli və Cəbrayıl rayonlarında pambıq, üzüm, şəkər çuğunduru, qarğıdalı, tərəvəzlər, bostan və yem bitkilərinin əkilməsi, həmçinin geniş meyvə bağlarının salınması nəzərdə tutulur. Dağlıq rayonlarda - Kəlbəcər, Laçın və Qubadlıda isə heyvandarlıq təsərrüfatlarının yaradılması planlaşdırılır.

Beləliklə, Azərbaycan bazarı bağlamaq və ya məhdudlaşdırmaq yolu ilə ərzaq təhlükəsizliyi sistemini qurmaq fikrində deyil. Əksinə, ixracyönümlü kənd təsərrüfatı prioritet məsələlərdən biri kimi müəyyən edilib. “Bizim əsas hədəfimiz iqtisadiyyatı şaxələndirməklə milli ərzaq təhlükəsizliyi sistemini inkişaf etdirməkdir. Bu isə öz növbəsində kənd təsərrüfatı sahəsinin yeni çağırışlara adaptasiyası üçün rəqəmsal və “yaşıl” texnologiyaların, yeniliklərin və nou-hau texnologiyalarının tətbiqinə əsaslanır”, - deyə Azərbaycanın kənd təsərrüfatı naziri bu sahənin transformasiyası ilə bağlı əsas hədəflərdən danışan zaman vurğulayıb.


MƏSLƏHƏT GÖR:

149