26 Dekabr 2024

Cümə axşamı, 21:15

İKİNCİ NƏFƏS

Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri regionu necə dəyişəcək?

Müəllif:

15.05.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 29-da Səudiyyə Ərəbistanına rəsmi səfər etdi. Bu, 5 illik fasilədən sonra, yəni 2017-ci ildən bəri ilk yüksək səviyyəli səfər idi. Təbii ki, uzun fasilədən sonra iki böyük dövlət arasında əlaqələrdə belə rezonans yaradan hadisə dünya mediasında qızğın müzakirələrə səbəb ola bilməzdi.

Qeyd edək ki, bu səfər aprelin əvvəlində Türkiyənin səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının cinayət işinin Səudiyyə Ərəbistanına verilməsi ilə bağlı məhkəmə qərarının ardınca baş tutdu. Başqa sözlə desək, tərəflər barışıq üçün lazımi addımları atdıqdan sonra səfər reallaşdı. Gözlənildiyi kimi, siyasətçilər arasında görüş müsbət ab-hava və qarşılıqlı anlaşma şəraitində keçdi. Amma bunu Səudiyyə Ərəbistanı mediası haqda söyləmək olmaz. Çünki bu ölkənin mətbuatı Türkiyə liderinin səfirini Ankaranın hazırda davam edən kəskin inflyasiyanı dayandırmaq üçün maliyyə yardımı almaq məqsədi ilə əlaqələndirməyə can atdı.

Əlbəttə, səfərin səbəbləri arasında bu amil də var idi. Sirr deyil ki, Qərblə münasibətlərin soyuması fonunda Türkiyə iqtisadiyyatı ehtiyac duyduğu sərmayəni əldə edə bilmir. Nəticədə, ölkədə milli valyutanın sürətli dəyər itirməsi baş verir. Odur ki, hazırda Türkiyə iqtisadiyyatının “isti pul” adlı sərmayəyə ehtiyacı var. Yeri gəlmişkən, “Reuters” agentliyinin məlumatına əsasən, Ankara Ər-Riyadla 10-20 milyard dollar dəyərində svop müqaviləsi ilə bağlı razılaşma əldə etmək istəyir.

Digər tərəfdən bu səfərin açıq-aşkar siyasi tərəfləri də var. Belə ki, bu səfər təkcə Türkiyənin Səudiyyə Ərəbistanından borc almaq kimi, birtərəfli maraqlarına əsaslanmır. Aydındır ki, Ər-Riyad da bu görüşün nəticələrinə az maraq göstərmir.

 

Çətin olsa da, mümkündür

Yaxın Şərqin iki qüdrətli müsəlman dövləti – Türkiyə və Səudiyyə Ərəbistanı arasında əlaqələr enişli-yoxuşlu olub. Amma xüsusən Ərdoğanın hakimiyyəti illərində iki dövlət arasında münasibətlər isti olub. Lakin bunu “ərəb baharı”ndan sonrakı ikitərəfli münasibətlər haqda söyləmək olmaz.

İlk dəfə Türkiyə və Səudiyyə Ərəbistanı arasında fikir ayrılığı Misir hadisələri zamanı müşahidə olunub. O vaxt Türkiyə “Müsəlman qardaşlar”ı dəstəkləməyə qərar vermişdi. Amma bu, Səudiyyə Ərəbistanı və Fars körfəzindəki monarxiyaların maraqlarına zidd idi. 2013-cü ildə isə marşal Əbdülfəttah Sisinin hakimiyyətə gəlməsi ilə nəticələnən hadisələr Ankara və Ər-Riyad arasında cəbhələşməni açıq şəkildə ortaya qoyub. Çünki Səudiyyə Ərəbistanı ordunu, Türkiyə isə açıq şəkildə “Müsəlman qardaşlar”ı və devrilmiş prezident Məhəmməd Mursini müdafiə edirdi. Lakin həmin vaxt belə, iki ölkə arasındakı münasibətlərin “soyuq” olduğunu söyləmək olmaz. Onlar xüsusən Suriyada indi də eyni cəbhədə yer alır.

İki dövlət arasında növbəti “cəbhələşmə” 2015-ci ildə Liviyanın faktiki olaraq ikiyə bölünməsi zamanı qeydə alınıb. Türkiyə Liviyanın qərbində Tripoli şəhərində qərarlaşan islamçı Milli Saziş Hökumətini dəstəklədiyi halda, Səudiyyə Ərəbistanı Tobrukda yerləşən Təmsilçilər Hökumətini müdafiə edib və bu hökumətin hərbi qüvvəsi olan general Xəlifə Həftərin rəhbərlik etdiyi Liviya Milli Ordusuna hər cür dəstək göstərib.

Bundan başqa, Türkiyə Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı hərbi əməliyyatı zamanı Ər-Riyadın tərəfində idi, amma yalnız sözdə.

Türkiyə və Səudiyyə Ərəbistanı arasında daha bir gərginlik 2017-ci ildə baş verdi. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreynin Qətərə qarşı embarqo elan etməsi iki ölkəni açıq olmasa da, faktiki olaraq üz-üzə gətirdi. O vaxt Səudiyyə Ərəbistanının Qətərə hərbi müdaxilə riskinin qarşısını almaq üçün Türkiyə bu ölkəyə hərbi qüvvə belə göndərdi.

Nəhayət, 2018-ci ildə Camal Qaşıqçı hadisəsi iki ölkə arasında münasibətlərdə qırılma nöqtəsi oldu. Türk əsilli olduğu güman edilən və Səudiyyə sarayında müxalif siyasi dairələrə yaxın təcrübəli jurnalist və analitik Camal Qaşıqçı vəliəhd-şahzadə Məhəmməd bin Salmanın dövründə həyata keçirilən “təmizləmələr” zamanı ölkəni tərk etmişdi. O, ABŞ-a köçmüş və burada “Vaşinqton Post” qəzetində məqalələr yazmağa başlamışdı.

Qaşıqçı tez-tez İstanbula səfər edər və burada Türkiyə vətəndaşı ilə nikah bağlamağa hazırlaşmır. Beləliklə, faktlar onu göstərir ki, Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı Baş Konsulluğunun binasına daxil olmuş və daha sonra binadan çıxmamışdı. Daha sonra məlum olub ki, məşhur jurnalist qətlə yetirilib, onun parçalanmış cəsədi isə konsulluqdan 500 metr məsafədə, Səudiyyə Ərəbistanı konsulunun iqamətgahının ərazisində yerləşən quyuda tapılıb. 

Bu hadisə Türkiyə və Səudiyyə Ərəbistanı arasında “iplərin qopmasına” səbəb oldu. Lakin Ankaranın prinsipial mövqeyi nəticəsində Ər-Riyad geri addım atdı. Doğrudur, o, əvvəlcə cinayəti tamamilə inkar etsə də, sonradan başlayan istintaq nəticəsində 20-dən çox insan, o cümlədən ordu və kəşfiyyat zabitləri həbs olundu.

Nəticədə, bu hadisə iki ölkə arasında münasibətlərə ağır zərbə vurdu. İslam Əməkdaşlıq Təşkilatı tədbirləri (İƏT) də daxil olmaqla, iki ölkə arasında təmsilçilik aşağı düşdü. Məsələn, Səudiyyə Ərəbistanı kralı Türkiyədəki İƏT tədbirlərinə qatılmadı. Həmin dövrdə Türkiyə prezidentinin Ərəbistana səfəri baş tutmadı.

 

Dəyişən şərtlər

Qeyd etdiyimiz kimi, Türkiyənin dövlət başçısının Səudiyyə Ərəbistanına səfərinin arxasında təkcə iqtisadi və ya maliyyə səbəbləri dayanmır. Əlbəttə, Ərdoğanı Ər-Riyad səfərində müşayiət edən heyətdə xəzinə və maliyyə, ticarət nazirlərinin olması, həmçinin səfərdən bir gün qabaq maliyyə nazirinin ərəbistanlı həmkarı ilə danışıqlar aparması bu səfərdə iqtisadi məsələlərin ciddi yer tutacağını göstərirdi. Amma Türkiyə prezidentinin gündəmində Səudiyyə Ərəbistanı rəhbərliyi üçün ciddi maraq kəsb edən digər mövzular da var idi. Razılaşmaq lazımdır ki, bu cür səfərlər təkcə birtərəfli maraqlara xidmət etmir.

Məsələ ondadır ki, Yəmən bataqlığında uğursuzluğa düçar olan, Livan və Liviyada istədiyi nəticəni ala bilməyən Səudiyyə Ərəbistanı da Türkiyə kimi regional siyasətini yenidən “formatlamağa” çalışır.

Bu arada, Səudiyyə Ərəbistanı və İran arasında İraqın paytaxtında danışıqların artıq 4-cü raundu baş tutub. Bir neçə il əvvələ qədər müharibə həddində olan Tehran və Ər-Riyad indi Yəmən münaqişəsi daxil olmaqla, bir sıra regional və ikitərəfli siyasi məsələlərdə təmas nöqtəsi tapmağa çalışır.

Bundan başqa, Qərblə əlaqələri soyuyan və ciddi tənqidlərlə üzləşən Səudiyyə Ərəbistanı regional oyunçularla yaxınlaşmaq və koordinasiyalı hərəkət etməyə çalışır. Belə ki, son aylarda ABŞ-la münasibətlərin soyuqlaşması fonunda Ər-Riyadın İsraillə sürətli yaxınlaşması, həmçinin Çinlə əlaqələrini inkişaf etdirməsi müşahidə olunur.

Beləliklə, Səudiyyə Ərəbistanı rəhbərliyi Türkiyə ilə barışıq əldə olunması üçün addımlar atır. Aydın məsələdir ki, Krallığın regional siyasətinin “dalana dirənməsi” həm də Türkiyə ilə davam edən soyuq münasibətlərlə əlaqədar idi. Buna görə də Türkiyə ilə barışda maraqlı olan Səudiyyə Ərəbistanı rəhbərliyi Ərdoğanı Ər-Riyadda xoş qarşılayıb. Digər tərəfdən İsraillə yaxınlaşmağa çalışan Səudiyyə Ərəbistanına ərəb-müsəlman dünyasında ciddi siyasi-psixoloji dəstək lazımdır. Bu dəstək isə Türkiyə tərəfindən verilə bilər.

Məlumdur ki, Səudiyyə Ərəbistanı yeni meqalayihələr icra etməyi, şəhərlərin, turizm mərkəzlərinin inşasını planlaşdırır. Odur ki, bu sahədə Türkiyə ilə yaxından əməkdaşlıq Səudiyyə Ərəbistanı hakimiyyəti üçün faydalıdır. Üstəlik, ərəb ölkələrindən olan ekspertlər hesab edirlər ki, Krallığın 2030-cu ilə qədər həyata keçiriləcək planlarının icrasında müəyyən mərhələdə Türkiyə şirkətlərinin iştirakı mövzusu gündəmə gələ bilər.

Bir sözlə, Ərdoğanın 5 illik fasilədən sonra Səudiyyə Ərəbistanına səfəri regionda yeni siyasi “formatlanmanın” xəbərçisidir. Ankara daha əvvəl BƏƏ ilə olduğu kimi, regionun aparıcı, varlı ərəb ölkələri ilə əlaqələri bərpa edir, son illərdə pozulan xarici siyasət konsepsiyasını bərpa etməyə çalışır. Məsələn, o, artıq BƏƏ, İsrail və Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə əlaqələri bərpa edib.

Üstəlik, Türkiyənin “Ərəb baharı” öncəsi regiondakı geniş əlaqələr və təsir dairəsini yenidən bərpa etdiyi görünür. Belə ki, “Ərəb baharı” zamanı formalaşan xaotik, ideoloji və siyasi münaqişələrdən təsirlənən siyasət artıq əhəmiyyətini itirərək öz yerini praqmatik, qarşılıqlı maraqlara söykənən siyasətə verir. Yaxın Şərq ölkələri bunu başa düşür. Odur ki, onlar öz siyasətlərini bölgədə cərəyan edən proseslərə uyğun olaraq qururlar. Bu, müəyyən mənada münasibətlərdə yeni mərhələyə keçidə hazırlığa bənzəyir.



MƏSLƏHƏT GÖR:

162