22 Noyabr 2024

Cümə, 20:17

KÖNÜLLÜ ÖHDƏLİK

İcbari sığorta növləri Azərbaycanda sığorta bazarının inkişafının hərəkətverici qüvvəsi olaraq qalacaq

Müəllif:

15.06.2022

Son 10 ildə Azərbaycanın sığorta bazarı, təxminən, 4 dəfə böyüyüb. Lakin sığorta pulu hələ də mövcud potensialdan 2 dəfə azdır. Eyni zamanda dəyər göstəricilərinin müsbət dinamikasına baxmayaraq, sığorta sahəsinin ölkə iqtisadiyyatda rolu və əhəmiyyəti hətta iqtisadi, sosial və siyasi transformasiyalar fonunda belə dəyişmir.

Yeri gəlmişkən, Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) sığortanın payı 1%-i belə ötmür. Avropa ölkələrində isə bu göstərici 11-24%-dir. Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) orta göstəricisindən düz 10% geridə qalır.

 

Yolun başlanğıcı

Əhali və sahibkarlıq subyektləri arasında sığorta xidmətlərinə tələbatın azalması istər-istəməz dövlətin sosial məsuliyyətinin artmasına və texnogen və ya təbii fəlakətlər zamanı büdcəyə əlavə yükün yaranmasına gətirib çıxarır. Xatırladaq ki, 2011-ci ilin sonunda bir sıra icbarı sığorta növləri tətbiq edilib. Bu, sığorta sahəsində keyfiyyətcə mühüm dəyişikliklərə səbəb olub.

Bu məqamda qeyd edək ki, icbari sığorta növlərinin tətbiqi ilə sığorta bazarının inkişafı yeni təcrübə deyil. Avropa ölkələri bu yolu çoxdan keçiblər. Məsələn, İspaniyada təxminən 300 (korrida təşkil edənlərin və ya təhlükəli it cinsi saxlayanların məsuliyyət sığortası kimi bizə ekzotik görünən sığorta növləri daxil olmaqla), Fransada təxminən 100, Polşada 40, Almaniyada isə 30 icbari sığorta növü var. Azərbaycanda isə icbari sığorta növü 7-dən çox deyil. Onlardan beşi ənənəvi icbari sığorta növləridir. Bu icbari sığorta növləri ilə bağlı ödənişlər zamanı ölkənin ümumi sığorta bazarının ödənişləri nəzərə alınır. Bundan əlavə, hərbi qulluqçuların fərdi qəza sığortası da icbari sığorta növünə daxildir.

Ölkəmizdə icbari sığorta növlərinin tətbiqi istiqamətində ilk addım avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı idi. Bu icbari sığorta növü yollarda hərc-mərcliyə son qoyub. Əslində, onun tətbiqi təkcə avtomobil sahiblərinə sığorta kompensasiyası almağa zəmanət verməyib, həm də ümumilikdə, yollarda təhlükəsizliyi artırıb. İndi ağlı başında olan heç kəs avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının tətbiqinin əhalinin sığorta mədəniyyətinin inkişafı üçün müsbət amil olmadığını iddia edə bilməz. Üstəlik, bu, digər sığorta növlərinin inkişafına stimul verib. KASKO və daşınmaz əmlakın icbari sığortasını misal göstərmək olar. Bundan başqa, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının tətbiqi sığorta şirkətlərinin inkişafına, həmçinin onların fəaliyyətinin, texnologiyalarının və məhsullarının səmərəliliyinin yüksəldilməsinə təkan verib.   

 

İstifadə edilməmiş potensial

Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev hesab edir ki, avtomobillərin 97%-i risklərdən sığortalanmayıb və bunu qənaətbəxş hesab etmək olmaz: “Statistikaya görə, Azərbaycanda 1,2 milyon avtomobil istismardadır, lakin onlardan 36 minə qədəri, yəni mövcud maşınların təxminən 3%-i sığortalanıb (könüllü sığorta)”.

Baş direktor, həmçinin daşınmaz əmlakın icbari sığortası sahəsində vəziyyəti də qeyri-qənaətbəxş hesab edir, çünki ölkədə 1 milyondan artıq yaşayış obyektindən cəmi 100 minə yaxın mənzil və yaşayış evi (10%) sığortalanıb.

Onun sözlərinə görə, biznes sektorunda sığorta (əmlak) obyektlərin cəmi 30%-ni əhatə edir: “Bu göstəricilər onu göstərir ki, əmlakla bağlı böyük risk faizimiz var və biz bu risklərin sığortalanmasını artırmalıyıq”.

Beləliklə, Z.Əliyev bu məlumatlara əsaslanaraq hesab edir ki, xüsusilə əmlak sığortası, o cümlədən vətəndaşların daşınmaz əmlakının, nəqliyyat vasitələrinin, biznes risklərinin icbari sığortası sahəsində böyük potensial var.

Bu arada, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Azər Əliyevin fikrincə, hazırda Azərbaycan bazarında təmsil olunan icbari sığortanın ən populyar, lakin gəlir gətirməyən növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır.

Təəssüf ki, bu problemi tez bir zamanda həll etmək qeyri-real görünür. Amma bu icbari sığorta növü ilə bağlı ən yaxşı həll yolu tapmaq istiqamətində ciddi işlər həyata keçirilir.

Məlum olduğu kimi, 2011-ci ildən “İcbari sığorta növləri haqqında” qanun qəbul olunduqdan sonra bu sahə ilə bağlı tariflərdə heç bir dəyişiklik edilməyib.

ASA-nın rəhbəri hesab edir ki, tariflərin dəyişdirilməməsinin əsas səbəbi bu sahəyə nəzarət edən qurumların tez-tez dəyişməsidir: “Adıçəkilən qanun qüvvəyə minən zaman Azərbaycanda sığorta fəaliyyətinə nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilib. 2015-2016-cı illərdə bu funksiyalar Maliyyə Bazarlarına Nəzarəti Palatasına, 2019-cu ildə isə Mərkəzi Banka verilib. Buna görə də bu sahə yeni nəzarət orqanına veriləndə sığorta bazarındakı vəziyyəti başa düşmək üçün vaxt lazım idi. Bu, azı bir il, bəzi hallarda isə daha çox vaxt aparırdı. Nəzarət orqanı bu sahədə vəziyyəti anlamağa çalışdığı dövrdə isə bəzi sığorta növləri ilə bağlı vəziyyət daha da çətinləşirdi”.

Onun sözlərinə görə, bu sahədə tariflər birmənalı olaraq dəyişdirilməlidir: “Amma bunu ən yaxşı şəkildə necə edəcəyimizi anlamalıyıq. Əlbəttə, istisnasız olaraq hamı üçün tarifləri qaldırmaq yanlış və ədalətsizlik olardı. Sığortada ədalət prinsipi hər zaman olub. Qəzaya düşməyənlərə təşviqedici güzəştlər verilə bilər. Məsələn, onların sığorta müqavilələri yeniləndikdə endirimlər edilə bilər. Lakin tez-tez qəzaya düşən insanların sığorta tarifi əvvəlki illərlə müqayisədə, təbii ki, baha olmalıdır. Hesab edirəm ki, bu istiqamətdə dəyişikliklər barədə düşünmək lazımdır”.

A.Əliyev əlavə edib ki, hazırda bir çox ölkələrdə bu sahə ilə bağlı yanaşmalar, demək olar ki, eynidir: “Sığorta şirkətləri müxtəlif əmsallar üzrə sığorta haqqlarını artırmaqla insafsız sürücüləri idarə etməyə çalışır. Amma hazırda bu məsələ müzakirə edildiyindən, sığorta pulunun nə qədər artacağını dəqiq söyləmək çətindir”.

O, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının Azərbaycanın sığorta bazarının ən böyük problemi olduğunu düşünür: “Digər sığorta növləri üzrə tariflərin artırılmasına isə ehtiyac yoxdur”.

Bu məqamda qeyd edək ki, hazırda sığorta şirkətləri adı çəkilən icbari sığorta növü üzrə müraciət edən şəxsləri sığortalamaqdan imtina edir. Onlar bunu texniki səbəblərlə izah edir. Əslində, sığorta şirkətləri tariflərin artırılmasını gözləyir. Amma avtomobil sahiblərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmalıdır. Bu icbari sığortanın olmaması avtomobil sahibinin cərimə edilməsinə səbəb ola bilər. Odur ki, bütün bunları nəzərə alaraq bu sığorta növündə vəziyyətin qəlizləşdiyini söyləyə bilərik. Digər tərəfdən, sığorta sahəsini təmzimləyən qurum da qanunu pozan sığorta şirkətlərini də cəzalandırmağa hazırdır.

Bu arada, İcbari Sığorta Bürosu (İSB) məlumat verib ki, Azərbaycanın sığorta sektorunda risk nəzərə alınmaqla sığorta pulunun hesablanması metodunun tətbiqi planlaşdırılır.

Oxşar üsul dünya təcrübəsində geniş istifadə olunur. Yəni sığorta haqqının hesablanması zamanı nəqliyyat vasitəsinin istehsal tarixi, sürücünün yaşı, təcrübəsi və ya qəza yeri ilə bağlı statistik göstəricilər nəzərə alınacaq. İSB hesab edir ki, riskə əsaslanan mükafat hesablama metoduna keçid həm sığorta haqlarının ədalətlilik prinsipi əsasında yığılmasını asanlaşdıra bilər, həm də ümumi sığorta haqlarının yığılmasının müsbət dinamikasına töhfə verə bilər.

 

Nəzarət güclənir

Ümumiyyətlə, ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev hesab edir ki, Azərbaycanın sığorta bazarı inkişaf edir, sığorta pulunun həcmi artır və əhali bu növ maliyyə xidmətini daha yaxşı qəbul etməyə başlayıb. Hazırda Mərkəzi Bank Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu ilə birlikdə göstərilən xidmətin səviyyəsinin artırılması və təkmilləşdirilməsi, həmçinin əhali arasında maarifləndirmə işlərinin aparılması istiqamətində fəal iş görür. Məsələn, artıq bir ildən çoxdur ki, əhali arasında sığortanın təbliği istiqamətində fəal iş aparılır.

Yeri gəlmişkən, nəzarət funksiyaları AMB-yə verildikdən sonra sığorta bazarı iştirakçılarının prudensial normativlərə riayət etmələrinin monitorinqi və təhlili istiqamətində ciddi işlər görülüb. Üstəlik, sığorta münasibətlərini tənzimləyən normativ hüquqi aktların yenilənməsi mexanizmləri hazırlanıb.

Digər tərəfdən bu sahədə təbliğatın təbii fəlakət və ya fövqəladə hadisədən sonra deyil, davamlı şəkildə aparılması vacibdir. Buna misal olaraq, bu il aprelin 3-də Bakıda gecə klublarından birində baş vermiş partlayışı göstərmək olar. Nəticədə, klubun ətrafında olan insanların da sağlamlığına və əmlakına ziyan dəymişdi. Əslində, bu hadisə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının tətbiqi məsələsini aktuallaşdırıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasının eksperti Emil Ağabağırov qeyd edib ki, hazırda bu sığorta növü yalnız qeyri-yaşayış obyektlərinə aiddir: “Bu sığorta qeyri-yaşayış obyektlərinin istismarı ilə əlaqədar olaraq yanğın, partlayış, daşqın və digər hadisələrə görə 100 min manat məbləğində itkiləri əhatə edir. Bu məbləğin 50 min manatı sağlamlığa, 50 min manatı isə əmlaka dəymiş ziyana görə ödənilir. Amma bir nəfərin sağlamlığına dəymiş ziyana görə ödəniş maksimum 5 min manatdır. Yəni 5 nəfər xəsarət alıbsa, onlara 50 min yox, cəmi 25 min manat pul verilir. Lakin əmlaka dəyən zərərin ödənilməsinə görə heç bir məhdudiyyət yoxdur”.

Onun sözlərinə görə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 30-120 manatdır: “Konkert sığorta məbləği isə mülkiyyətin fəaliyyət növündən asılıdır. Məsələn, yanacaqdoldurma məntəqələrində risk yüksək olduğundan sığorta haqları da yüksəkdir. Lakin kiçik ticarətin - hüquq və ya mühasibat xidmətlərinin həyata keçirildiyi obyektlərin sığorta ödənişi daha aşağıdır”.

Qeyd edək ki, “İcbari sığortalar haqqında” qanuna əsasən, bu sığorta növündən yalnız hüquqi şəxslər istifadə edə bilərlər.

Yeri gəlmişkən, ekspert İlkin İbrahimov xatırladıb ki, obyektin sahibi olan şirkətlər bu sığorta növünü əldə etməsə, onlar İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaq və cərimə ödəyəcək: “Bu prosesə Fövqəladə Hallar Nazirliyi və onun strukturları da nəzarət edir”.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası məcburi olsa da, bəzi sığorta şirkətləri könüllü sığorta təklif edir. Yəni bu sığorta növündən fiziki şəxslər də istifadə edə bilərlər. Məsələn, qonşu mənzilindən axan su nəticəsində evi su basarsa, bu sığorta növü bu zərərin ödənilməsinə də zəmanət verir.

 

Bir il də gözləmək lazımdır

Sığorta bazarının inkişafı ilə bağlı gözləntilərə gəlincə, ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev bu mənada nikbindir: “Bu gün biz yüksək keyfiyyətli işin və sığorta bazarının bütün iştirakçılarının tam qarşılıqlı anlaşmasının şahidi oluruq. Bir az gözləmək lazımdır. Əminəm ki, gözlənilən islahatların həyata keçirilməsindən bir il sonra ölkəmizin sığorta bazarı yığılan sığorta haqları baxımından daha da genişlənəcək. Üstəlik, əhaliyə göstərilən xidmətlər isə xeyli yaxşılaşacaq”.

Qeyd edək ki, hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində köklü islahatlar planlaşdırılır. Ən mühüm əhəmiyyət kəsb edən məqam odur ki, sığorta hadisələrinin birbaşa tənzimlənməsi mexanizmi tətbiq olunacaq. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş avtomobil sürücüləri dəymiş ziyanın ödənilməsi üçün zərərin vurulmasında təqsirli olan və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olan şəxsin sığorta şirkətinə deyil, öz sığorta şirkətinə müraciət edə biləcəklər. Nəticədə, avtomobilinə zərər dəymiş şəxs subroqasiya qaydasında ödənilən məbləği ala biləcək.

Bütün bunlar bu sahədə avtonəqliyyat vasitələri sahiblərinin narazılığına səbəb olan mövcud neqativ halları, yəni dəymiş ziyanın qiymətləndirilməsində gecikmələri, onun məbləğini aşağı salmaq cəhdlərini və sairi aradan qaldıracaq. Yeni reallıqda sığorta şirkəti müştəriyə yüksək keyfiyyətli və operativ xidmət göstərilməsində maraqlı olacaq.

Beləliklə, sadalanan dəyişikliklər icbari sığortaya inam səviyyəsini yüksəldəcək. Üstəlik, bütün bunlar könüllü sığorta növlərinə, ilk növbədə, avtonəqliyyat vasitələrinin KASKO sığortasına marağı artıracaq, çünki avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı limitlər məhz qanunla məhdudlaşdırılıb.

Şübhəsiz, icbari sığorta növləri Azərbaycanda sığorta bazarının inkişafının hərəkətverici qüvvəsi olaraq qalacaq. Bu sahədə yeni sığorta növləri də tətbiq olunacaq. Məsələn, ilk növbədə, üçüncü şəxslərə zərər vurmağa görə məsuliyyətin müxtəlif növlərinin sığortası sahəsində.

Digər tərəfdən sığorta bazarının liderlərinin strategiyaları isə sığorta xidmətlərindən məcburi istifadəyə deyil, sığorta edən şəxslərin təcili ehtiyaclarının öyrənilməsinə və təmin edilməsinə yönəldilməlidir. Bu, daha çətin və məsrəfli inkişaf yoludur. Lakin bu, yeganə mümkün yoldur. Axı, sığortanın sosial əhəmiyyətinin azalmasının əsas səbəbi təkcə sığorta xidmətlərinin potensial istehlakçılarının aşağı və qeyri-sabit ödəmə qabiliyyəti deyil, həm də bəzi sığorta şirkətlərinin müştərilərin maraqlarını nəzərə almağa hazır olmaması səbəbindən mövcud olan inamsızlıqdır. Üstəlik, sığorta xidmətlərinin həyata keçirilməsi zamanı bu cür yanaşmanın qorunub saxlanılması sığorta bazarında yeni ziddiyyətlərin meydana gəlməsinə səbəb ola bilər.

Bu arada, Azərbaycan Mərkəzi Bankı sığorta biznesinin inkişafında bu sahənin rəqəmsallaşmasını əsas prioritet kimi nəzərdən keçirir. Bu, göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına və sığorta hadisələrinə operativ reaksiya verilməsinə kömək edəcək.

Bir sözlə, Azərbaycanın sığorta bazarı köklü dəyişikliklər yolundadır. Ümid edək ki, postpandemiya dövründə ölkədə iqtisadi fəallığın bərpası fonunda, yerli sığorta şirkətləri yeni iqtisadi reallıqlar çərçivəsində həm biznes ictimaiyyətinin, həm də sadə vətəndaşların ehtiyac duyduğu yeni məhsullar və həll yolları təklif edəcək.


MƏSLƏHƏT GÖR:

150